www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Ermənistan Azərbaycan ərazilərindən çəkilməyənə qədər Qarabağ cəbhəsində müharibənin yenidən alovlanması ehtimalı yüksək olacaq”.

Bu fikirləri Yeniçağ.Ru-ya müsahibəsində rusiyalı politoloq Əbdül Nağıyev səsləndirib.

Qarabağ cəbhəsində hərbi əməliyyatların bərpa olunması ehtimalını dəyərləndirən Nağıyevin fikrincə, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməsə, münaqişənin təkrar alovlanması çox gözləniləndir:

“Qarabağ münaqişəsi başlandığı andan bu günə kimi heç vaxt dondurulmuş vəziyyətdə olmayıb. Qoşunların təmas xəttində hər gün atışma olur, hər iki tərəf itki verir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməyənə qədər Qarabağ cəbhəsində müharibənin yenidən alovlanması ehtimalı yüksək olacaq. Lakin regional güclərin təsiri vəziyyəti hələ ki nəzarətdə saxlamağa imkan verir.

2016-cı ildəki “Dördgünlük müharibə” dünyanın diqqətini Qarabağ münaqişəsinə yönəltdi. Ancaq Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmalara əməl olunmadı. Ermənistan cəmiyyətində ciddi mövqeləri olan “Müharibə partiyası” münaqişənin sülh yolu ilə mərhələli həllinə yönələn bütün təşəbbüsləri əngəlləyir.
Ermənistan apreldə keçirilmiş parlament seçkiləri ilə bağlı güzəştli qərarlar qəbul edə biləcək dayanıqlı hakimiyyətin formalaşdırılması üçün danışıqlar prosesində taym-aut götürməyin vacibliyinə beynəlxalq vasitəçiləri inandıra bilib. Əgər 2017-ci ilin sonuna qədər danışıqlar prosesində ciddi irəliləyişlər olmasa, müharibənin “aşağı dərəcəli intensivlik” səviyyəsində yenidən alovlanması ehtimalı artacaq”.

ABŞ-İran münasibətlərinin pisləşməsinin Azərbaycana və regional proseslərə təsirinə toxunan politoloq bunları deyib:

“ABŞ-ın yeni administrasiyası üçün İranla münasibətləri sadəcə, nüvə anlaşması ilə məhdudlaşmır. Bu münasibətlərin məhək daşı İranın raket proqramı, o cümlədən, Tehranın Livandan Yəmənə uzanan geopolitik mövqeyidir. Tramp və komandası belə hesab edir ki, bütün bu məsələlər bir-birilə sıx bağlıdır. İran isə nüvə anlaşmasını xüsusi mövzu kimi görür. Tramp administrasiyası artıq İranla yeni münasibətlərin qurulmasına başlayıb və Tehranın sıxışdırılması üçün beynəlxalq prosesə start verilib.

“Kollektiv təhlükəsizlik” prinsipi əsasında ərəb dövlətlərindən ibarət antiİran koalisiyası yaradılır, bu ölkəyə qarşı hərbi əməliyyatlara hazırlıq görülür. ABŞ və İsrail həmin koalisiyaya rəsmən qoşulmasa da, hər kəs bilir ki, o alyansın əsas gücünü məhz bu ölkələr təşkil edəcək.
Azərbaycan bu qarşıdurmanın tərəfləri olan ABŞ, İran və İsraillə yaxın münasibətlər saxlayır. Lakin Aəzrbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olmasına baxmayaraq, Azərbaycan ərazilərindən İrana qarşı istifadə planı strateji dərinliyə malik deyil. İrana hücum bu ölkə ilə sıx münasibətləri olan Rusiyanı da çətin vəziyyətə salacaq. Azərbaycanın yerləşdiyi coğrafiyanı nəzərə alsaq, bu proseslərin Azərbaycana təsiri Rusiyanın İranı nə dərəcədə dəstəkləməsindən asılı olacaq. Rusiya ilə İranı birləşdirən Şimal-Cənub dəhlizi Azərbaycandan keçir və hərbi-strateji əhəmiyyət daşıyır.

İrana qarşı mümkün quru əməliyyatlarının başlaması İran dövlətçiliyinə təhlükə yaradacaq. Rusiya isə 1914-cü ildə olduğu kimi bu proseslərdən kənarda qalmayacaq. İrana qarşı hərbi əməliyyatların başlaması Cənubi Qafqaz ölkələrində sabitliyi poza və regionda humanitar fəlakətə səbəb ola bilər. İran çox “narahat” düşməndir və İsrailin cəhdlərinə baxmayaraq, Vaşinqton İranın sıxışdırılması üçün yekun planı hələ də qəbul etməyib”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."