“İranın Azərbaycandakı ermənipərəst adamları…” – Politoloqdan xəbərdarlıq

Müəllif: Redaktor

Editor

“İsrail nazirinin səfərinin heç kimə mənfi təsiri yoxdur. İsrail-Azərbaycan münasibətləri İran- Ermənistan əməkdaşlığından sonra yaranıb”.

Yeniçağ.az-ın verdiyi məlumata görə, bu fikirləri politoloq Mübariz Əhmədoğlu keçirtdiyi mətbuat konfransında deyib. O, İranın “Səhər” telekanalının apardığı anti-Azərbaycan təbliğatına sərt reaksiya verib. Politoloqun sözlərinə görə, İranın Dağlıq Qarabağ məsələsini başımıza vurmağa ixtiyarı yoxdur:

“Əgər belədirsə, İran itirdiyi Bəhreyni geri qaytarsın. Onlardan fərqli olaraq, biz Qarabağı tez qaytaracağıq. İranın müsəlman təəssübkeşliyindən çıxış edərək, Dağlıq Qarabağ məsələsinə yardım etmək istəyirsə, bununla bağlı bir neçə təklifim var.

1. İran Cəbrayıldan, Zəngilandan, Qubadlıdan, Laçından olan dindarlara öz rayonlarında namaz qılmaq üçün şərait yaratsın. O cümlədən, Şuşa məscidində şuşalıların namaz qılmasını təmin etsin. İnanmıram ki, hansısa şuşalı bunu istəməsin. İran “islami yol” demir? Bu da onun üçün “islami yol”.

2. Müsəlman ölkəsi kimi İran Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının Tehranda görüşünü təşkil etsin.

3. Ermənistandan 1987-ci ildə qovulmuş azərbaycanlıların öz Vətənlərinə qayıdışını təmin etsin.

4. İranla Ermənistan arasında Mehri-Nordüstlə bağlı müqavilə imzalanıb. Yaxşı olar ki, bundan əvvəl təklif kimi irəli sürülmüş Araz iqtisadi zonası ilə bağlı məsələni reallaşdırsın.

5. Nəhayət, İran Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılmasını istəyirsə, məsələnin əsaslı həlli üçün 1000-1500 Azərbaycan hərbçisinin Araz çayı boyunca işğal olunmuş ərazilərə daxil olub, hərbi əməliyyat keçirtməsi üçün şərait yaratsın”.

M.Əhmədoğlu deyib ki, İranın Azərbaycan daxilində hansı addımlar atmasından hər kəsin xəbəri var:
“Dövlətimizin də xəbəri var, sadəcə, qonşuluq prinsipləri baxımından hələ ki gözləmə mövqeyindədir. Buradan İranı xəbərdar edirəm ki, Azərbaycana göndərdiyi adamlara nəzarəti gücləndirsin. Çünki İranın Azərbaycandakı adamları ermənipərəst mövqedən çıxış edirlər. Əks halda, Azərbaycan dövləti siyasi addım atarsa, bu, heç də İran üçün yaxşı olmayacaq. Əvvəllər İranla qardaşlıq və qonşuluq prinsipləri əsas götürülürdüsə, indi sadəcə, qonşuluq siyasəti mövcud olacaq. Ona görə də İran Azərbaycanla dinc qonşuluğa məhkumdur”.

BƏXTİYAR
Yeniçağ.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır