!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın “Şiə ayparası”: Tehranın planı baş tutacaqmı?

!Reklam – Yazi

15592053_840960516047253_1193487113_nİran Yaxın Şərqdə cərəyan edən proseslər fonunda özünün imperiya ambisiyasını açıq çəkildə ortaya qoyur.

Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyanın Hələb şəhərinin hökumət qüvvələrinin nəzarətinə keçməsində həlledici rol oynayan İranın Əfqanıstan sərhədindən Aralıq dənizinə qədər uzanan coğrafiyada “Şiə ayparası” qurmaq hədəfinə yaxınlaşdığı bildirilir. Məlumata görə, Hələbin süqutundan sonra İranın dini-hərbi elitası Tehranın Yaxın Şərqdə əsas rəqibi kimi gördüyü Səudiyyə Ərəbistanının “burnunun ovulmasını” bayram etməkdədir.

Qeyd olunur ki, İran Hələbdə müvəqqəti atəşkəs razılaşmasına da məhəl qoymayaraq, şəhəri tərk edən mülki əhaliyə qarşı hücumlara ara vermir. Suriya müxalifəti mənsublarının açıqlamalarına görə, şiə milislərin dinc əhalinin 20 avtobus və 10 təcili yardım maşınından ibarət köç karvanını atəşə tutması nəticəsində 4 nəfər həlak olub. Göründüyü kimi, hətta müttəfiqi Rusiyanın xəbərdarlığı da İranı qeyri-insanı davranışlardan çəkindirmir. Təhlilçilərin fikrincə, İranın Hələbin süqutundan sonra bölgədə fəallığını artırması İraq və Suriya ərazisi vasitəsilə çoxdan hazırladığı planı həyata keçirmək istəyi ilə bağlıdır. Bildirilir ki, bu plan Əfqanıstan sərhədindən Livana kimi uzanan geniş ərazidə “Şiə ayparası”nın yaradılmasından ibarətdir.

Livanın paytaxtı Beyrutda fəaliyyət göstərən Amerika Universitetinin professoru Hilal Xaşan bildirib ki, İran bu planın həyata keçirilməsi üçün münbit şəraitin yaranmasını uzun müddət səbrlə gözləyib:

“İranlıların çox səbrli olduğunu bilirik, mükafatı o dəqiqə almağa tələsmirlər. Səbr edirlər və və səbrlərinin meyvəsini toplayırlar. Şübhə etmirəm ki, “Şiə ayparası” yaranacaq və İran öz nüfuz zonasını quracaq”.

Xatırladaq ki, “Şiə ayparası” Yaxın Şərqdəki şiə əhalisinin məskunlaşdığı ərazini nəzərdə tutan geosiyasi termindir. Şiələrin əhalinin mütləq hissəsini təşkil etdiyi ölkələr İran, Azərbaycan, İraq və Bəhreyndir. “Şiə ayparası” ifadəsi ilk dəfə İordaniya kralı Abdulla tərəfindən 2004-cü ildə verdiyi müsahibə zamanı işlədilib.

İranın haqqında danışılan planını Yeniçağ.Az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Tehranın regionda fəallığını artırmasına baxmayaraq, bu niyyətin həyata keçməsinə imkan verilməyəcək:
“Suriyada baş verən proseslərdə İranın aktivliyi müşahidə olunsa da, bu fəallıq sadəcə, Tehranın öz maraqlarından qaynaqlanır. Yəni İranın Suriyadakı hərbi fəallığı haradasa, imitativ xarakter daşıyır. Yəni İran Suriyada öz maraqlarının həyata keçirilməsinə çalışır. Digər tərəfdən, İranın Yaxın Şərqdə şiə zolağı yaratmaq ideyası İslam inqilabının qələbəsi ilə eyni vaxtdan başlayır. Hazırda Tehran Suriyada mövqeyini möhkəmləndirməklə, “Hizbullah”ın timsalında Livanla birbaşa quru yolunun əldə olunmasına cəhd göstərir. Ancaq İranın bu məqsədə çatması qətiyyən real görünmür. Çünki Suriyada proseslərin hansı yöndə inkişaf edəcəyi hələ ki, qeyri-müəyyəndir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Suriyada İrandan başqa da xeyli oyunçu – ABŞ, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı – var və onlar da öz maraqlarının qorunmasına çalışırlar. Belə bir şəraitdə İranın şiə zolağı yaratmaq ideyasının iflasa uğrayacağı şübhəsizdir”.

 

Araz Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

717
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv