İranla PKK-nın “Sincar əməkdaşlığı” – Bölgədə yeni kirli ittifaq

Müəllif: resul

Editor

15801422_10210194294606574_1365709749_nİran Iraq və Suriya vasitəsilə Aralıq dənizinə qədər uzanan dəhliz yaratmaq cəhdini davam etdirir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İran bu “dəhliz”ə daxil olan Sincar bölgəsində öz təsirini gücləndirməyə çalışır. İranın Aralıq dənizinə doğru yaratmağa səy göstərdiyi zonanın digər istiqaməti isə Sincardan Suriya sərhədindəki Rabiə keçidinə qədər uzanaraq, Suriyanın şimalında PKK\PYD-nin nəzarətində olan Kamışlı, Kobani və Afrin xəttinə birləşir. İran bu məqsədinin reallaşması üçün və Sincara nəzarəti əlinə keçirtmək üçün terrorçu PKK ilə əməkdaşlıq etməkdədir.

Məlumata görə, İranın İslam İnqilabının Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymani noyabrda İraqın Süleymaniyyə şəhərində hazırda PKK-nın lideri funksiyasını daşıyan Cəmil Bıyıkla görüşüb. Qeyd olunur ki, Q.Süleymani PKK terrorçularının Sincara göndərilməsini və orada saxlanılmasını istəyib. Q.Süleymani bunun əvəzində PKK-ya maddi və hərbi yardımı artıracaqlarını vəd edib. Bundan başqa, Q. Süleymani ilə C.Bıyıkın Bağdadda PKK üçün hərbi və siyasi mərkəzlərin qurulması məsələsini də müzakirə etdikləri bildirilir.

Bu çərçivədə yayılan digər xəbərə görə isə PKK-nın İran tərəfindən dəstəklənən Cəlal Tələbaninin Kürdüstan Vətənpərvərlər Partiyası (PUK) ilə Celevlə bölgəsində əməkdaşlığı genişləndirməkdədir. PKK Hamrin dağı və İran sərhədindəki Hanekin bölgəsi arasında yerləşən Celevləyə nəzarəti ələ keçirtmək üçün PUK-la birlikdə hərəkət edir. Tərəflər Hanekin-Celevlə yolu ilə şimal-qərbdəki Mahmura, oradan da Sincar bölgəsinə çıxış əldə edərək, İraq Kürdüstanı sərhədlərinə paralel zonada PKK-PUK dəhlizi yaratmaq niyyətindədirlər. İranın bu dəhliz vasitəsilə Suriyanın şimalındakı PKK/PYD nəzarətində olan Rojovaya uzanan xətt üzrə PKK-nın İrandan Suriyaya maneəsiz hərəkətini təmin edəcəyi bildirilir. Tehranın bu plan əsasında PKK və PUK-la qurduğu əməkdaşlıq İraq Kürdüstanı Muxtariyyatının beynəlxalq miqyasda Müstəqil Kürd dövləti kimi tanınmasına mane olmaq cəhdi kimi qeyd olunur.
Lakin bölgədə cərəyan edən proseslərdə fəallığını xeyli artıran Türkiyənin PKK-nın həmin ərazilərdə sərbəst hərəkətlənməsinə imkan verməyəcəyi də deyilir. Türkiyənin bu prosesə münasibəti isə prezident Rəcəb Tayyib Ərdoğanın fikirləri ilə tam açıq formada ifadə edilib: indi Qəndilin yanında Sincarı da terror zonasına çevirmək istəyirlər. Onlara bu imkanı verməyəcəyik, bu cəhdlərinə görə hesab da istəyəcəyik”.

Eyni zamanda, İraqdakı kürd muxtariyyatının baş naziri Neçirvan Bərzani də bəyan edib ki, PKK Sincarı tərk etməyəcəyi təqdirdə, ona qarşı güc tətbiq olunacaq. ABŞ da bununla əlaqədar açıqladığı mövqeyində PKK-nın Sincarda mövcudluğunun əleyhinə olduğunu bəyan edib.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır