www.sinerjipro.net

SinerjiProWide
Reklam

İraq Türkman Cəbhəsinin lideri Ərşad Salihi “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, Kərkükdə türkman varlığı və reallığını dəyişdirməyə imkan verməyəcəyik:

“Kərkükdə kürd siyasi partiyaları bayraq böhranı yaradıblar və bununla fitnəni başladıblar. Təktərəfli qərarlar və əmrlərlə türkman varlığını Kərkükdən silmək olmaz. Bu cür mövqelər sayəsində tərəflər arasında yalnız ölümlər olacaq. Kərkükün təhlükəsizliyi üçün birgə yaşamalıyıq”.

Məsələni Yeniçağ.az-a şərh edən sabiq millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, hər halda bu toqquşmalar sayı 3 milyona yaxın olan İraq türkmanlarını təşkilatlanmağa sövq edir:

“Türkmanlar kürdlər kimi silahlanmayıb, təşkilatlanmayıblar deyə, onların arxasında heç bir güc dayanmır. Çox təəssüf ki, son illər Kərkük və Mosul kimi türkman şəhərlərinə kənardan gəlmə kürdlərin hesabına əhalinin tərkibi dəyişdirilib. Faktiki olaraq, artıq türkman varlığı getdikcə inkar edilir. Belə olan halda şübhəsiz ki, türkman xalqı, İraq türkmanları bununla barışa bilməzlər. Bununla bağlı müəyyən təşkilati işlər görülür. Təəssüf ki, beynəlxalq miqyasda onların ciddi müdafiələri yoxdur. Məncə, vaxtında Türkiyə Amerika hissələri ilə İraqa getsəydi, indi bu problemlər olmazdı. Amma son vaxtlar Türkiyə də Kərkük məsələsinə həssas yanaşmağa başlayıb. Güman edirəm ki, kürdlərin taleyinin müsbətə doğru həllində bunun da təsiri olacaq”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, İraqda vəziyyət həddindən artıq ağırdır:

“O dövrdə İraqda bu proseslər gedəndə Türkiyə ABŞ-ın müdaxiləsinə görə türkmanları müdafiə edə bilmədi. Hətta türkmanlar dəfələrlə Azərbaycana səfər edən zaman bizimlə də görüşmüşdülər. Türkiyədə də çox saylı görüşlər keçirilmişdi. Türkiyəyə son səfərim zamanı Türkman Dərnəkləri ilə də görüş keçirtdik. Onlar çox məyus əhval-ruhiyyədədirlər. Kürdlər İraqda hər şeyi ələ alıblar və tam nəzarətdə saxlayırlar. Onların pulu var deyə torpaq alırlar, seçkilər zamanı hakimiyyətə əsasən kürdlərdən seçirlər. Artıq türkman amili tamamilə arxa plana keçirilib. Onlar çox çətin həyat yaşayırlar, çıxılmaz vəziyyətdədirlər. Hətta Azərbaycana da şikayətlənirlər ki, “siz tərəfdən dəstək yoxdur”. Türkmanlar əgər bir yerə toplanmasalar, təşkilatlarını ciddi şəkildə ortaya qoya bilməsələr, onların kimlik məsələsi tamamilə silinəcək. Demək olar ki, artıq proses də ona doğru gedir. Məncə, dünya da onların bu vəziyyətinə biganə yanaşır. Türkmanların müdafiəçisi yoxdur, ancaq kürdlərin kürd olduqlarına görə daha çoxdur. Onlar da öz-özlərini müdafiə etməyə çalışırlar. Bu məsələdə Türkiyə və Azərbaycan türkmanlara ciddi şəkildə dəstək olmalıdırlar”.

Qeyd edək ki, bir müddət öncə Kərkük valiliyi şəhərdə İraq bayraqları ilə yanaşı, kürd bayraqlarının da asılması haqqında qərar qəbul edib. Bu, türkmanların və ərəblərin etirazına səbəb olub. Üstəlik, İraq Kürd Muxtar Vilayəti yenidən Kərkükün öz ərazisi olduğunu iddia etməyə başlayıb. Hazırda bölgə de-yure Bağdada, de-fakto isə Ərbilə tabedir.

Xatırladaq ki, türkmanlar Azərbaycan türkləridir.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 97
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."