İraq türkmənləri Xocalını andılar – Ankarada

Müəllif: Baş Redaktor

Baş Redaktor

Ankarada “İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyi” Ankara şöbəsi tərəfindən Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş anım konfransı təşkil olunub.

Bu barədə Yeniçağ.Az-a tədbirin təşəbbüsçüsü, tarixçi Cavid Mövsümlü bildirib.

Onun sözlərinə görə, “İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin” təşkilatçılığı ilə gerçəkləşən “Xocalı Soyqırımının” anma proqramında Ankarada yaşayan İraq türkmənləri, azərbaycanlılar, ayrı-ayrı təşkilat və media qurumlarının təmsilçiləri iştirak edirdilər.

Xocalı Soyqırımını anlatan qısa-metrajlı film izlənildikdən sonra Türkmeneli TV-in Ankara təmsilçisi, Türkməneli şairi Qanim Qəssaboğlunun aparıcılığı ilə davam edən konfransda “Təlafər Mədəniyyət Mərkəzinin Ədəbiyyat və İncəsənət” şöbəsinin müdiri, Türkməneli şairi Miqdət Həvdioğlu, Azərbaycanlı tarixçi Cavid Mövsümlü, “İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyi” Ankara şöbəsinin sədri Abbas Türkmən Xocalı Soyqırımı ilə bağlı çıxış etdilər.

Cavid Mövsümlü öz çıxışının sonunda İraq Türkmənlərinə qardaşları olan Azərbaycanlıların acısına şərik çıxdıqları üçün öz xalqı adına təşəkkür edib və bu yaxşılığı Azərbaycanlıların heç bir zaman unutmayacağını söyləyib.

Dərnəyin Ankara şöbəsinin sədri Abbas Türkmən isə bildirib ki, İraq türkləri hər zaman canı bir, qanı bir azərbaycanlı qardaşlarının yanında olmağa hazırdılar.

Tədbir sonunda “Türkməneli TV” konfransda iştirak edən Azərbaycanlı qonaqlardan müsahibə alıb. Müsahibədə iştirak edən tarixçi-jurnalist Mehparə Sultanova düzənlənən tədbirin əhəmiyyətindən, əslən Şuşadan olub, Ankarada təhsil alan Humay Nəsibova isə Qarabağla bağlı faciəli xatirələrindən danışıblar.

Foto Qalereya:


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir