Ads by Google

hightechnic
Ads by Google

Dağlıq Qarabağ probleminin həlli istiqamətində uzun illərdir ki, danışıqlar gedir. Danışıqların predmeti də Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər və konkret Dağlıq Qarabağın özü ilə bağlıdır. Amma Ermənistan tərəfindən işğal olunan bir sıra anklav ərazilər də var. Məsələn, Qazaxın anklavda yerləşən 7 kəndi və Naxçıvanın Sədərək bölgəsində bir kənd hələ də erməni işğalı altındadır.

Görəsən, danışıqlarda bu anklavlar məsələsinə də yetərincə diqqət ayrılırmı? Danışıqlar prosesinin gedişində görəsən bu anklavların taleyi necə olacaq?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, işğal olunmuş anklavlar məsələsinə indilikdə yetərincə diqqət ayrılmır:

“Nüvədi və başqa yerlər də var ki, onlar da işğal edilmiş ərazilər siyahısına daxil edilməli, hər dəfə də vurğulanmalıdır. Məsələn, Naxçıvanda Kərki kəndi və ətrafı işğal olunub. Qazaxda da belə problem mövcuddur. Ona görə də danışıqlar prosesində bu məsələ də gündəmə gətirilməlidir. Amma fikrimcə, bu məsələyə yetərincə diqqət ayrılmır. Ancaq Dağlıq Qarabağ və ətraf rayonlar söhbəti edilir. Həmin anklavlar sanki unudulmuş bir ərazi kimi qalır ki, bu da maraqlarımıza uyğun deyil. Bu səbəbdən həmin işğal olunan anklavlarla bağlı məsələni də gündəmdə saxlamalıyıq”.

Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, hələlik, anklav ərazilər danışıqlar mövzusu deyil:

“Bu gün söhbət Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun erməni işğalından azad olunmasından gedir. Prezidentimiz dəfələrlə xəbərdarlıq edib ki, təkcə Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonları deyil, tarixi torpaqlarımız olan Zəngəzur, Göyçə, Dərələyəz və İrəvanı da azad edəcəyik. Hər şeyin zamana ehtiyacı var. Tədricən bu məsələlərin hamısı yəqin ki, həllini tapacaq. İndilikdə isə anklavla bağlı məsələlər gündəlikdə deyil”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da vurğuladı ki, danışıqlar prosesində anklav məsələsi də gündəmdə olmalıdır:

“Naxçıvan tərəfdən Sədərək rayonunun Kərki kəndi Ermənistanın işğalı altındadır. Qazaxın isə 7 kəndi ermənilər tərəfindən işğal edilib.

Hesab edirəm ki, danışıqlar prosesində bu anklavlarla bağlı məsələ də gündəmdə saxlanılır. İnanmıram ki, Azərbaycan tərəfi onu gündəliyə salmasın. Bu, baş verməyibsə, Azərbaycan diplomatiyasının çox böyük yanlışlığıdır. Bütün danışıqlarda o məsələ də qabardılmalı, həmin ərazilərin qeyd-şərtsiz azad olunması tələbi qoyulmalıdır. Eyni zamanda, həmin əraziləri işğal etdiyinə görə Ermənistan cavab verməli, onun qarşısında təzminat məsələsi qaldırılmalıdır. Dağlıq Qarabağın inzibati sərhədlərindən uzaq bir məsafədə də torpaqlarımız ermənilər tərəfindən işğal olunub. Güman edirəm ki, Azərbaycan tərəfi o məsələni də diqqətdə saxlayır”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1174
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."