İŞİD-ə Azərbaycandan kimlər pul göndərib? – Suriyada neçə azərbaycanlı ölüb?

Müəllif: Baş Redaktor

Baş Redaktor

img1943681Dünyanı qorxuya salan terrorçuların “pul kisəsi” kəsilməsə…; Rusiya nəşri Azərbaycandan İŞİD terror qruplaşmasına pul köçürmələrinin qeydə alınması barədə sensasion xəbər yayıb; rəsmi Bakı hər hansı bir terror təşkilatına göndərildiyi şübhəsi olan ən cüzi məbləği belə ciddi araşdırmalıdır; Avropadakı teraktlar göstərdi ki, bu terror təşkilatının qanlı ideolojisini daşıyan bir nəfər belə istənilən ölkə üçün ciddi təhlükədir…

 
Dünyanın hətta ən qüdrətli ölkələrinin gözünü amansız terror aktları ilə qorxudan İŞİD-ə qarşı  birgə mübarizə strategiyası hazırlanır. Hətta ABŞ kimi superdövlət belə indi ölkədə təhlükəsizlik tədbirlərini artırıb. Rusiya da noyabrın 20-də qanunverici orqanlar-Dövlət Duması və Federasiya Şurası birgə tədbir keçirərək, İŞİD-ə qarşı tədbirlər planını razılaşdırıblar. Noyabrın 19-da isə Azərbaycan prezidenti İlham Əliyev də terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin sərtləşdiriməsinə dair fərman imzalayıb.
Bu arada Rusiya xüsusi xidmət orqanları Azərbaycandan İŞİD terror qruplaşmasına pul köçürmələrinin qeydə alınması barədə sensasion xəbər yayıb.  “İzvestiya” qəzetinin İŞİD-in maliyyə qaynaqlarının kəsilməsi üçün göstərilən səylərdən bəhs edən məqaləsində deyilir ki, noyabrın 18-də Rusiya prezidenti Vladimir Putin bu məqsədlə xüsusi komissiya yaradıb.
Türkiyədə keçirilən G20 sammitində isə Putin deyib ki, Rusiyanın əldə etdiyi məlumatlara görə, terrorçulara maliyyə 40 ölkədən daxil olur.
Və belə ölkələrin arasında Rusiyanın özünün də yer aldığı dəqiqdir. “Rosfinmonitorinq”dən “İzvestiya” qəzetinə daxil olan məlumatlara əsasən, 2013-2014-cü illər ərzində Rusiyanın 80 regionundan 3500-ə yaxın rusiyalı terrorçu qruplaşmalara pul vəsaitləri göndərib. Bu il isə xüsusi xidmət orqanları İŞİD-ə 300 milyon rubl göndərildiyini qeydə alıb.
Rusiya xüsusi xidmət orqanları müəyyən edib ki, İŞİD-ə yardımın toplanılması əsasən sosial şəbəkələr üzərindən həyata keçirilir. Pullar sürətli pul köçürmələri sistemləri üzərindən ötürülür. Maliyyə araşdırmaları göstərir ki, pul vəsaitlərinin xeyli hissəsi münaqişə zonalarına yaxın ölkələrdə nağdlaşdırılır. Hazırda Rusiya xüsusi xidmət orqanları Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belçikanın maliyyə kəşfiyyatlarının iştirakı ilə bir sıra maliyyə araşdırmaları aparır. Eyni zamanda İŞİD-ə bağlı olan şəxslərin aşkara çıxarılıb zərərsizləşdirilməsi üçün MDB ölkələri ilə birgə əməliyyat hazırlanır.
“İŞİD-in fəaliyyət zonaları ilə həmsərhəd olan ölkələrə pul köçürmələri sistemi ilə ötürülmüş maliyyə vəsaitlərinin analizi aparılır. İlkin analizə görə, biz əhəmiyyətli həcmdə əməliyyatların həyata keçirildiyini görürük. MDB ölkələrindən birinci yerdə Qazaxıstandır, ikinci Azərbaycandır, üçüncü yerdə isə Türkmənistan gəlir” deyə, “İzvestiya”ya danışan mənbə qeyd edib.
***
Azərbaycanda İŞİD-in və digər  terror qruplaşmalarının ideoloji daşıyıcılarının olması artıq təsdiqlənmiş faktdır. 2011-ci ildən Suriyada Bəşər Əsədə qarşı başlamış “cihad”a Azərbaycandan da qoşulanlar var. Məlumatlara görə, azərbaycanlılar Suriyada daha çox “Əl-Nüsra” yaraqlılarına qoşulsalar da, ölkədən gedən azərbaycanlıların 60 faizə qədəri İŞİD-in tərkibində vuruşmağa üstünlük verirlər. Qeyri-rəsmi məlumata görə, indiyədək terror qruplaşmalarına qoşulan azərbaycanlılar arasında ölənlərin sayı 250-dən çoxdur. Döyüşənlərin sayının isə 500 nəfər olması barədə xəbərlər var. Türkiyə mətbuatı bu mövzudan yazarkən Azərbaycandan bu ölkə vasitəsilə gedənlərin məhz İŞİD-ə qoşulduqlarını qeyd edib.

Təsadüfi deyil ki, Türkiyədə sonuncu anti-İŞİD  əməliyyatında saxlanılanların əksəriyyəti Azərbaycan vətəndaşları olublar. Onlar İŞİD-ə qoşulmaq üçün Türkiyə sərhədini keçmək istəyirmişlər. Məlumdur ki, azərbaycanlılar İraqda İŞİD-in “Qafqaz əmirliyi”nin  tərkibində döyüşürlər. 
Suriyada döyüşən azərbaycanlı İŞİD-çilər isə heç bir əmirliyin tərkibinə daxil deyil. Ayrıca “Azəri camaatı” qruplaşması adı altında fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, “Azəri camaatı” bir neçə dəfə müraciət yayaraq “İŞİD-in düz yolda olduğunu” bəyan edib. Bəzi mənbələr İŞİD-ə qoşulan azərbaycanıların sayının 500 yox, təxminən 200-dən artıq olduğunun iddia edir. Azərbaycanda bunun rəsmi statistikası təəssüf ki, bu günədək də açıqlanmayıb.
***
Azərbaycan hüquq-mühafizə orqanları radikal qruplaşmaların tərkibində döyüşənləri zaman-zaman həbs və məhkum etsə də, onların sırasında İŞİD-çilər azdır. Amma bu heç də o demək deyil ki, dünyanı vahimə içərisində saxlayan İŞİD-də qoşulan azərbaycanıların sayı da azdır. Avropadakı teraktlar bir daha sübut etdi ki, İŞİD sıralarını genişləndirmək planından daha çox, bu terror ideologiyasına bağlılığa üstünlük verir. İŞİD Fransaya ordu yeritmədi, amma üç-dörd terrorçu-kamikadze ilə ölkəyə sağalmaz yaralar vurdu.  Bu bir daha göstərir ki, İŞİD-ə qoşulan, bu terror təşkilatının qanlı ideoljisini daşıyan bir nəfər belə istənilən ölkə üçün ciddi təhlükədir.
***
İŞİD-in maliyyə qaynaqları Türkiyədə keçirilən G-20 sammitində bir daha gündəmə gəldi. İraqda zəngin neft yataqlarını ələ keçirən İŞİD-in, məsələn, Azərbaycanda bir neçə tərəfdarının qəpik-quruşuna ümid edə biləcəyi absurddur. Məlumdur ki, müxtəlif radikal silahlı qruplaşmalar öz tərəfdarları vasitəsilə maliyyə qaynağı yaradırlar. Radikal dini qruplaşmaların üzvlərinin Azərbaycanda da iqtisadi baza yaratdıqları sirr deyil. Onlar Azərbaycanda hətta böyük ticarət obyektlərinə də nəzarət edirlər ki, əldə olunan gəlirin böyük hissəsi ən müxtəlif üsullarla döyüşən radikallara ötürülür. Onlar əldə etdikləri vəsait hesabına radikal mərkəzlər yaradaraq yeni üzvlər də cəlb edirlər və sair.
Bir müddət əvvəl bu mövzudan danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bu faktların olduğunu təsdiq etmişdi. “Bununla  aidiyyəti qurumlar artıq məşğul olur. Çünki radikal, ekstremizmə meylin qarşısını almaq üçün onların iqtisadi bazasını sarsıtmaq lazımdır. Biz imkan verməyəcəyik ki, kimlərsə Azərbaycanda müxtəlif vasitələrlə maliyyə vəsaiti toplayıb bunu hansısa terrorçu qrupa və terrorçu niyyətlərə yönəltsinlər. Əgər kimlərsə burada vəsait əldə edib bundan Suriyaya, İŞİD-ə və başqa yerlərə gənclərimizi göndərmək üçün istifadə edəcəksə, bunun qarşısı alınacaq və dərhal bu vəsaitin mənbəyi məhv ediləcək” deyə, komitə sədri bildirmişdi.
Rusiya mətbuatının İŞİD-ə maliyyə dəstəyi ilə bağlı məsələdə Azərbaycanın da adını çəkməsi rəsmi Bakını ciddi düşündürməlidir. Dünyada pulköçürmə sistemi nə qədər modernləşsə və kodlaşsa da, maliyyəyə nəzarət  mexanizmi aradan götürülməyib. Azərbaycanın bəzi banklarının adı bir neçə dəfə müəmmalı maliyyə əməliyyatlarında, çirkli pulların yuyulmasında hallanıb. 
Mərkəzi Bankı terrorçuluqla məşğul olan şəxslərə maliyyə ötürülməsinə qarşı mübarizəni gücləndirib  və “qara siyahı” da tərtib edib. Amma belə görünür ki, bütün bunlar yetərli deyil və hökumət hər hansı bir terror təşkilatına göndərildiyi şübhəli olan ən cüzi məbləği belə ciddi araşdırmalıdır. Bu, həm də İŞİD kimi dəhşət saçan terror qruplaşmaları ilə gizli bağları olanların ifşası üçün ən ciddi ip ucudur. Çünki İŞİD-in tərkibində vuruşan azərbaycanlılar terror təşkilatı ilə sıx əlaqəsi olan, döyüş təcrübəsi, amansız öldürmək təcrübəsi olan, silaha, terrorun digər resurslarına çıxışları olan təhlükəli adamlardır. 
“Yeni Müsavat”

Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir