İŞİD Türkmənistana girdi: sərhəddə qanlı döyüşlər

Müəllif: Redaktor

Editor

114244_res_01Türkmənistan-Əfqanıstan sərhədində vəziyyət son dərəcə gərgindir.

Rusiyalı politoloq Aleksandr Knyazev “Nezavisimaya qazeta”da yazıb ki, Əfqanıstan ərazisindən “İslam Dövləti” (İŞİD) qruplaşmasına məxsus yaraqlılar Türkmənistanın sərhədyanı yaşayış məntəqələrindən bir neçəsini ələ keçirib.

“Şahidlərin bildirdiyinə görə, Türkmənistanın Marı şəhərinə hər gün sərhəddə həlak olan hərbçilərin cəsədləri daşınır. Marı aerodroumundan hərbi aviasiyanın sərhədə doğru intensiv uçuşları müşahidə olunur. Ümumiyyətlə, Türkmənistan istiqamətində situasiya pisləşməkdədir”- deyə Knyazev yazır.

Türkmənistan İŞİD təhdidinə qarşı müttəfiq axtarır və özünün neytral statusundan imtina etməyə hazırlaşır.

Lakin ehtimal olunur ki, bu təhdidə qarşı Aşqabad Rusiya ilə yox, ABŞ-dan kömək istəyi nəzərdən keçirir. Belə ki, bu günlərdə prezident Qurbanqulu Berdıməhəmmədovun tapşırığı ilə xarici işlər naziri Rəşid Meredov Vaşinqtona uçub.

Qazaxıstandakı MDB sammitinə isə Berdıməhəmmədov daha aşağı ranqlı məmuru – baş nazirin müavinini və xarici işlər nazirinin müavinini göndərib.

Rusiyalı politoloq deyir ki, elə bu fakt Aşqabadın müttəfiq kimi kimi seçdiyini göstərir.

Digər rusiyalı politoloq Arkadi Dubnov isə hesab edir ki, Aşqabad Rusiyanın Xəzərdən onunla razılaşdırmadan Suriyaya raket zərbələri endirməsindən narazıdır.

Digər tərəfdən, Rusiya Türkmənistan qazının Transxəzər marşrutu ilə Avropaya və TAPİ marşrutu ilə Əfqanıstan, Pakistan və Hindistana nəqlinə imkan vermək istəmir. Vaşinqton isə hər iki layihədə Türkmənistanın tərəfindədir.

Maraqlıdır ki, Aşqabadın özündə Əfqanıstanla sərhəddə döyüşlərin getdiyini təsdiqləmirlər.

“Nə İŞİD? Nə “Taliban”? Bizdə Türkmənistanda bu haqda heç nə məlum deyil”- deyə Aşqabaddakı mənbə “Rosbalt”a bildirib.

Həmçinin Türkmənistan XİN Qazaxıstana rəsmi etiraz notası göndərərək bildirib ki, oktyabrın 15-də Astanadakı MDB sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Mərkəzi Asiyada təhlükəsizliklə bağlı situasiyadan danışarkən “guya Türkmənistan sərhədində hansısa insidentlərin baş verdiyini” bildirməsindən narazılıq ifadə edib.

“Türkmən tərəfi Qazaxıstanın mövcud vəziyyətə uyğun olmayan bu bəyanatlarından olduqca narahatdır”-notada bildirilir.

Belə görünür ki, Aşqabad Əfqanıstanla sərhəddə baş verənləri təkcə dünya ictimaiyyətindən deyil, öz vətəndaşlarından da gizlədir. Belə ki, Rusiya və Orta Asiya KİV-lərində Əfqanıstan-Türkmənistan sərhədində döyüşlərin getdiyinə dair xəbərlərin yayılmasından sonra Aşqabad həmin saytlara girişi bağlayıb.

Həmçinin xüsusi xidmət əməkdaşlarının nəzarəti altında çoxmərtəbəli binalardan peyk antenalarını sökməyə başlayıblar. Həmçinin əmək kollektivlərində işçilərə başa salınır ki, “antihökumət saytlarına” girməsinlər(virtualaz).



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır