İsveçrə səfiri BAMF sədri ilə görüşüb

Müəllif: Redaktor

Editor

unnamed“Eurasia Diary” xəbər verir ki, bu gün İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevlə görüşüb.

BAMF-ın ofisində baş tutan görüşdə tərəflər səfirliklə təşkilat arasında əməkdaşlıq perspektivləri, Dağlıq Qarabağ münaqişəsi və başqa məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

U. Mirzəyev təşkilatın yaranma tarixi, müxtəlif sahələri əhadə edən fəaliyyəti və həyata keçirdiyi çoxsaylı layihələr barədə səfirə məlumat verib. O, deyib ki, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF 1992-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. BAMF sədri bildirib ki, rəhbərlik etdiyi təşkilat BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

İki ölkə arasında iqtisadi, siyasi və ticarət əlaqələrinin inkişaf etdiyini söyləyən səfir bildirib ki, İsveçrə Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Təşkilatın bu günə kimi həyata keçirdiyi layihələri yüksək qiymətləndirən F. Ştalder qeyd edib ki, İsveçrə səfirliyi BAMF-ın gələcək təşəbbüslərində onunla əməkdaşlıq etmək niyyətindədir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan BAMF sədri qeyd edib ki, problemin nizamlanması prosesində beynəlxalq aləmin, eləcə də, Avropanın passiv mövqe sərgiləməsi Azərbaycan xalqını məyus etmişdir. U. Mirzəyev bildirib ki, bir milyondan çox insanın didərgin düşməsinə səbəb olmuş Ermənistanın işğalçılıq siyasətinə dünya ictimayyəti biganəlik nümayiş etdirir. O, Azərbaycanın bu məsələ ilə bağlı Avropadan obyektiv münasibət gözlədiyini dilə gətirib.

Azərbaycan xalqının narahatlığını bölüşdüyünü ifadə edən isveçrəli diplomat deyib ki, münaqişə tezliklə həll edilməlidir. Səfir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması yolverilməzdir və bu, sülh prosesinə maneçilik törədir.

 

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır