İtkin düşən Təranənin ailəsinin DRAMI: “Acıq, dərman yoxdur, ölmək istəyirik…”

Müəllif: Redaktor

Editor

– Bu qız xəstədir, qorxumdan evdən bayıra qoymuram. O biri xəstə qızım sahədə işləyir. Günü 2 manata, 3 manata. Onu da düz-əməlli vermirlər. Hərdən, o da olanda. Bir gün onun da başına nəsə gələcək, itəcək. O biri qız da elə. Elmira öldü getdi, mən ölə bilmirəm. Amma elə ölmək istəyirəm…

Danışır, hıçqırır, səsi tutulur, göz yaşı bir an da olsa dayanmır. Və danışdıqca da başına döyür.

– Elmira o qızın dərdindən öldü. Düz 3 il gözlədi. 3 il. Elə burada, bax, bu yataqda keçindi. Başını tutub “oy” dedi, öldü. Dərman da verə bilmədim. Dərman da ala bilmədik. Haradan alaq? Nəynən alaq? Başıma döyə-döyə qaldım. İndi də başım ağrıyır. Qoy ağrısın, bir “oy” deyib mən də ölüm. Bu nə dərddir Allah bizə verib?

Yenə göz yaşı, yenə hönkürtü. Bayaqdan otağın o başında səssiz-səmirsiz dayanmış Tərifə də atasına qoşulur. 34 yaşı var Tərifənin. Anlaqsızdır. Heç nə başa düşmür, anlamır. Yox, əstəğfürullah, bacısının şəklini gətirib bizə verəndə hönkürdü o da… Çox pis ağladı, çox pis… Sanki kimsə, bəlkə də Tanrı, sərt bir sillə çəkdi ona, həmin vaxt. Hönkürtüdən çox, bağırtıya oxşayırdı o səs.

Hə, adına Tanrı dediyimiz o gözəgörünməz, insan faciəsinin hansı şəkildə olduğunu təkcə Nərimanabada, Lənkərana deyil, bütün Azərbaycana göstərmək üçün məhz bu ailəni seçib, deyəsən. İnsana hansı əzabı vermək gərəkirsə, bu ailənin, Ağayevlərin üzərində sınaqdan çıxarılıb.

***

Lənkərandayıq. Nərimanabad kəndində. Kənddə yaşayan Ağayevlər ailəsinin dramı neçə vaxtdır, mətbuatın gündəmindədir. Ailənin qızı Təranə Ağayeva 4 il əvvəl itkin düşüb. 2012-ci il iyunun 16-da. 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın itkin düşməsi barədə axtarış elan olunub. İndi harada olduğu belə bilinmir. 4 ildən sonra qardaşı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ifadəsində F.Ağayev “ailə münaqişəsi zəminində bacısını daşla döyərək öldürdüyünü və meyitini qəsəbə ərazisində yaşayış olmayan yerdə basdırdığını” deyib. Amma iş bununla da bitməyib. Sən demə, Fuad yalan danışırmış. İstintaq sübut edib bunu. Bəs Fuad niyə boynuna alıb, bu “cinayətini”? Hə, bu, başqa məsələdir, buna qayıdacağıq.

***

10 uşağı var Polad Ağayevin: 5 qız, 5 oğlan. Qızların ikisi, Tərifə və Mətanət ruhi xəstədir. Bir qızı Nazəndə ərindən boşanıb, bir uşaqla atasının üstünə qayıdıb. Bir qızı Təranə isə artıq 5-ci ilə keçir ki, itkin düşüb. Və bu ailə atanın, Polad kişinin gündəlik qazandığı 5 manatla dolanır. Bəli, 5 manat!

Bu evə, Nərimanabad kəndində yerləşən, qapısı, pəncərəsi, döşəməsi olmayan bu evə girəndə lap başda elə Təranənin şəkli asılıb. O Təranənin ki, 2012-ci il iyunun 16-da evdən çıxıb və geri qayıtmayıb.

– Kartof çıxarmağa getmişdi balam. Anasına demişdi ki, oradan da dayısıgilə gedəcək. Axşama kimi gözlədik, gəlmədi. Səhər polisə getdik. Dedik, qızımız itib. Polis gəldi, hamımızı dindirdi, getdi.

Təranə Polad kişinin ortancıl qızıdır. Heç bir təhsili yoxdur. Sahədə, onun-bunun qapısında işləməklə ailəyə gündəlik çörəkpulu gətirirmiş. Elə kartof sahəsində də buna görə işləyirmiş.

Həmin gün, iyunun 16-da anası Elmira xanıma deyib ki, ona 100 manat pul versin. Atası 124 manat pensiyasını alıbmış. Həmin pulu isə anası elə həmin gün dükan-bazardan götürdükləri nisyə ərzağa görə ödəyəcəkmiş. Bu səbəbdən qızına “yox” deyir. Amma Təranə israr edir, deyir ki, sahə sahibindən 150 manat alacağı var, qaytaracaq. Ana qızına inanır, pulu verir. Və Təranə o gedən gedir…

Təranə bir dəfə də evdən gedibmiş. Atası Polad kişinin dediyinə görə, Ağdamdan olan Pərvin adlı oğlan onu qaçırıbmış.

– Gecə kəndin məscidində qalıblar. Səhəri isə həmin Pərvin qızımı Porta (Liman qəsəbəsi – S.M.) aparıb. Orada çöldə atıb qaçıb. Qızımı polislər tapıb gətirmişdilər. Bizə bir söz demirdi. Rəhmətlik Elmirayla bölüşürdü hər sirrini. Anasına elə beləcə də deyibmiş, ölsəm də o oğlana ərə gedəcəm.

Bəs kimdi o oğlan, Pərvin dedikləri şəxs?

Maraqlıdır ki, Təranə itəndən sonra həmin müəmmalı Pərvinin özü də yoxa çıxıb. Təranəylə telefonla danışırmış tez-tez. Və bir gün ona deyibmiş ki, arxasınca gələcək. Gəlib də, Təranənin aparıb da… Və hər ikisi müəmmalı şəkildə yoxa çıxıb. Biri həmin gün, biri ondan iki ay sonra.

***

Qardaşı Xudaverdi danışır:

– Axşam qardaşım Fuada zəng edib. Təlaşla, ağlaya-ağlaya deyib ki, məni qaçırdılar. Bundan sonra ona zəng çatmayıb. Hara, kim qaçırıb, bilinmir. O gedən gedib. (Kövrəlir)

Polad kişinin hönkürtüsü yenə otağı başına götürür. Göz yaşları beton döşəməyə tökülür.

Fuad həmin gün kəndin başqa tərəfindəymiş. Qaça-qaça evə gəlir. Anasından Təranəni soruşur. Anası deyir ki, dayısıgildə qalacağını demişdi. Əslində, həmin gün dayısıgildə olub da. Oradan çıxıb, elə dayısıgilin eviylə üzbəüz yerləşən, başqa bir qohumları – Xatiməgilə gedib. Oradan hara getdiyi isə bəlli deyil. Amma bəlli olan bilirsinizmi nədir? Təranənin paltarları həmin evdən tapılıb. Xatiməgildən. Evdən çıxanda geydiyi paltar. Bəs nə geyinib çıxıb həmin evdən? Hara gedib, niyə gedib, bu müəmma hələ də davam edir, düz dörd ildir.

Düz dörd ildən sonra Ağayevlərin evinə yenə polis gəlir. Təranənin qardaşı 28 yaşlı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılır. İstintaqa verdiyi ifadəsində F.Ağayev ailə münaqişəsi zəminində bacısını daşla döyərək öldürdüyünü və meyitini qəsəbə ərazisində yaşayış olmayan yerdə basdırdığını “boynuna alır”.

Atası deyir ki, düz dörd ildən sonra kimsə polisə Təranəylə bağlı məlumat verib.

– Əvvəl oğlum Xudaverdini apardılar, ardınca Fuadı. Hər ikisi 5 sutka polisdə qaldı. Sonradan hər ikisini buraxdılar. Bu dəfə məni çağırdılar. Ardınca qızlarımı, gəlinimi. Sonuncu dəfə – onda Fuad Bakıdaydı – yenə məni çağırdılar. Fuad bunu eşidib gəldi və polisə getdi. Orda dedi ki, guya Təranəni öldürüb, əvvəl basdırıb, sonra çıxarıb Boladi çayına atıb. Polis basdırdığı yeri soruşub. Fuad da evimizin qabağındakı uçuq evi göstərib. Gəldilər, qazdılar, meyit yoxdur. Fuad deyib çaya atmışam, sonra deyib dənizə atmışam. Axırda polis görüb ki, bu yalan deyir, buraxdılar balamı.

Həyətdə bir nəfər görünür. Yerli dükan sahiblərindən biridi. Ev sahibi ağlaya-ağlaya bayıra çıxır, elə ağlaya-ağlaya da geri qayıdır. 70 manat borcu var dükana.

– Çörəyə görədir təkcə, çörəyə yığılıb qalıb, verə bilmirəm.

Yenə ağlaşma, yenə göz yaşları. Adam bir dəqiqə də olsa susmur. Su veririk, azca toxtayır.

– Bir gözüm görmür, 124 manat pensiya alıram, onu da bank əlimdən alır. O gün yalvarmışam ki, heç olmasa 50 manatını saxlayın, iki xəstə qızım var, onların dərmanlarına qalsın. Onu da saxlamırlar.

Krediti isə kefindən götürməyib Polad kişi.

– Qız itəndən sonra Elmira dərdə düşdü. Ona dava-dərman almağa imkan yox idi. Sonra da öldü. Bir borc oradan yarandı, bir borc da yasa görə. İndi nə Elmira var, nə qız, bunlar da belə xəstə. Bu boyda ailə mənim gündəlik 5 manatımın umuduna qalıb.

Evdə quru çay da yoxdur ki, gələnin qabağına qoyaq. Yavan çörəyi ilıq suya qatıb şirinçay edib uşağa veririk. Lap çayı nədə qaynadaq, qazı da kəsiblər. Borca görə qırılıb öləcəyik bu soyuqda. Çörək olanda yeyirik, olmayanda yox. Xəstə qızımı sahəyə göndərmişəm ki, evə 1-2 manat pul gətirə bilsin. O qız da heç nə gətirə bilmir, özü də itəcək bir gün sahədən. Bir də görəcəyik o da yoxa çıxıb. Ağlı kəsmir axı, evi güclə tapır. Nə ölə bilirəm, nə də borcu verə bilirəm. Amma elə ölmək istəyirəm…

Bu dəfə hamısı bir-birinə qoşulub ağlaşır.

Dözmək, sakitcə seyr etmək olmur bu səhnəni. Siqareti siqaretə calamağın da xeyri yoxdur. Adamı qanı donur, bu ailəyə baxdıqca.

– Bir dərmanım var, başım tutanda onu atıram sakitləşirəm. O da qurtarıb. Aptekə nəylə gedim, nə edim, ora da borcluyam. Amma cəhənnəmə hər şey, təki balam qayıtsın evə. Harada olub, başına nə gəlib, nə gətiriblər, qəbulumdu. Təki qayıtsın. Ac qalaq, ac yaşayaq, amma tapılsın Təranə.

Qardaşı Xudaverdinin dediyinə görə, bacısı qeyri-sağlam həyat tərzi keçirən şəxslərlə münasibətdə olub və böyük ehtimalla, onlar Təranəni yoldan çıxarıb. Elə Təranənin paltarlarını başqa evdə tapılması, oradan yoxa çıxması kimi müəmmalar da bundan xəbər verir. Xudaverdi “qeyri-sağlam həyat tərzi keçirən şəxslər” məsələsində hansısa qohumlarının ünvanına eyhamlar vurdu, Təranənin yoxa çıxmazdan qabaq harada gecələməsini, sonuncu izin – paltarlarının hardan, kimin evindən tapılmasını araşdırmaq lazım olduğunu söylədi.

– Təranə deyirdi ki, ölsəm də Pərvinə ərə gedəcəm. Anasına deyirmiş ki, əynim-başım pis gündədi, Pərvininin xoşuna gəlməz birdən. Bəlkə həmin 100 manata da özünə paltar alıbmış, yazıq balam. Bəlkə heç düz-əməlli geyinmək də qisməti olmadı. Nə bilim haradadır, kimin yanındadır, amma qara torpaqda deyil. Ürəyimə damıb ki, haradasa sağdır. Tapılacaq.

Təranənin bir neçə fotosunu gətirir atası. Şəkli üzünə sürtüb, ağlayır. Bayıra çıxırıq. Əslində ev də elə bayır kimidir. İstiliyi-filanı yoxdur. Üç otaqdır, üçünün də döşəməsi betondan. Həsir salıblar otağa. Mətbəx isə elə şəkildə gördüyünüz o stoldan və oradakı qablardan ibarətdir. Vəssalam. Qazana-filana da ehtiyacları yoxdur. Bu evdə sonuncu dəfə qazanının nə vaxt qaynadığını da xatırlamırlar. Ən yaxşı halda elə Mətanətin, hə, həmin ruhi xəstə qızın sahədən topladığı kartofun qızardıldığı tavadır bu ailənin yeganə biş-düş əşyası.

***

Biz həyətdən ayrılanda Polad kişi yenə ağladı. “Balamı tapın, mənə kömək edin” – dedi.

Mən və ya işlədiyim media qurumu Təranəni tapmaq iqtidarında deyil. Təranənin ya ölüsündən, ya da dirisindən mütləq xəbər çıxacaq. 4 il yox, lap 40 il keçsə də. Amma…

Amma indilikdə bu ailənin özünün xilasına ehtiyac var. Çox yox, Bakının 270 kilometrliyində, Lənkəranın Nərimanabad kəndində bir ailə yaşamaq, sağ qalmaq savaşı aparır. Çörək qabı, qazanı, çay qutusu olmayan bir ailə. Onları, Ağayevləri xilas etmək, yaşatmaq lazımdır. Bəlkə Təranə də tapıldı…(Lent.az)

 

Yenicag.az

Foto Qalereya:


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir