www.sinerjipro.net

SinerjiProWide
Reklam

11903482_10206428479183542_1038827849_nOn il nə tez gəlib çatdı? 2005-ci ilin bir yay günündə qapımızı döyüb evimizin əziz qonağı olan İctimai Televiziyanın 10 yaşı tamam olur. Yarandığı gündən indiyə qədər böyük yaradıcılıq yolu keçən İctimai Televiziya və Radio Şirkətinin fəaliyyətini tamaşaçılar davamlı olaraq yaxından izləyir. İctimai Televiziya və Radio xeyli müddətdir efirdədir, mavi ekran və efir dalğaları vasitəsilə könül dostumuza çevrilib.

Azərbaycan teleradio məkanında yeni bir üfüq açan İTV müxtəlif yaş kateqoriyalarına mənsub insanların zövqünə uyğun proqramlar, verilişlər təqdim edir. Fərqli dəst-xəttə, rəngarəng proqramlara, maraqlı ideyalara, layihələrə geniş meydan verildiyindən, İTV tamaşaçıların arzu və istəklərini əhatə etməkdədir. Yayıma başladığı ilk vaxtlardan başlayaraq, indiyə kimi, yeni yaradıcılıq axtarışları, aktual məsələlərə köklənən layihələr, ərsəyə gətirilən proqramlar diqqətəlayiqdir. İctimai Televiziya respublikamızın zəngin, ətraflı, qərəzsiz informasiya, eyni zamanda da maarifləndirici, tolerantlığın üstünlük təşkil etdiyi, xeyli dərəcədə də əyləncə telekanallarından biri kimi, Azərbaycan ərazisində 24 saat ərzində Azərbaycan dilində proqram yayımlayır. İctimai Televiziyada həmçinin ingilis və rus dillərində “Carçı” informasiya verilişi də yayılır.

10 illik böyük bir yolu qət etməyi bacaran İctimai Televiziya və Radio Yayımları Şirkəti “İctimai Televiziya və Radio Yayımı Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb. Həmin Fərmana əsasən, Azərbaycan Dövlət Televiziyasının 2-ci kanalı və Azərbaycan Dövlət Radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti “İctimai Televiziya və Radio Yayımı Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Müstəqillik dövründə yaranan bir neçə teleradio şirkəti arasından İTV seçilir. İTV 2005-ci il 29 avqust tarixində evlərimizə daxil olub, həmin tarixdə İTRYŞ-nin açılış mərasimi keçirilib. İctimai Televiziya 2007-ci ildən Avropa Yayım Birliyi(EBU)-nin üzvü seçilib və 2007-ci ildə “Avroviziya” Mahnı Müsabiqəsini yayımlayıb. 2008-ci ildə isə Azərbaycan “Avroviziya” Mahnı Müsabiqəsində Samir və Elnur dueti, “Day after Day” mahnısı ilə təmsil olunub. İctimai Televiziyada yaradıcılıq mühitinin sağlam olmasının kökündə dayanan amillər odur ki, burada peşəkarlar çalışır. Peşəkarlıq olan yerdə isə yaradıcılıq və nailiyyət olur. Məlumdur ki, 2013-cü ildən etibarən telekanal rəhbərliyinə görkəmli kino xadimi Cəmil Quliyev rəhbərlik edir, onun gəlişi İTV-nin həyatında yeniliklərə səbəb olub. Onu da qeyd edək ki, artıq bir ildən artıqdır İctimai Televiziya (4 avqust 2014-cü il tarixindən) 16:9 (geniş ekran) formatla yayıma keçib.

Xəbər proqramı olan “Carçı” on ildir tamaşaçıların informasiya almaq tələbatını ödəməyə çalışır, buna nail olur da. Fərqli xəbər təqdimatı ilə görüşümüzə gələn “Carçı” ölkə və dünya gündəmini tutan məlumatları operativ şəkildə çatdırır. İTV yarandığı gündən ictimai-siyasi proqramlar, analitik təhlillər, mədəniyyət, təhsil, əyləncə, intellekt, respublikamızda yaşayan azsaylı xalqların həyat tərzi ilə bağlı verilişlər nümayiş etdirir. Musiqi mədəniyyətimizin ən müxtəlif istiqamətləri haqqında hazırlanan verilişlər mövsümi xarakter daşımır, uzunömürlü olur. Bu televiziyada elə proqramlar var ki, İTV ilə yaşıddır. İTV-də təqdim olunan “Yeni gün”, “Haqqım var ki, öyünüm”, “Ozan məclisi”, “Addım-addım”, “Tibb dünyası”, “Biri var imiş, biri yox imiş” (uşaq verilişi), “Səhər sovqatı”, “TVR klub”, “Çarpaz baxış”, “Bir kəndin nağılı”, “Qadın dünyası”, “Xəmsə”,”Açıq dərs”, “Bakı vaxtı”, “Yeni dalğa”, “Kreativ”, “Ortaq məxrəc”, “Diqqət mərkəzi”, “Muzey şəhər”, “Odlar yurdu”, “Yadigarlar”, “Vətən səsi”, “El sənəti”, “Ötən əsrin nəğməsi” və digər verilişlər tamaşaçıların davamlı izlədiyi proqramlardır. Tamaşaçıların böyük maraqla izlədiyi “Ortaq məxrəc” tok-şousu cəmiyyəti narahat edən ən aktual mövzuların müzakirə edildiyi proqram kimi özünə kifayət qədər tamaşaçı auditoriyası toplaya bilib. Bu verilişdə çeşidli mövzular, fərqli məsələlər çözülür. Mənəvi-əxlaqi, milli-mədəni, ictimai, sosial və s. mövzular bu proqramda özünə yeni, fərqli yanaşma qazanır. Təbii, hər mövzunun özünün təqdimat biçimi var və hesab edirik bu, “Ortaq məxrəc”də alınır. Bu məzmunlu verilişlər tamaşaçının maraqlarına uyğundur və bu baxımdan da ona tamaşa edənlər az deyil.

İntellekt proqramlarından söz düşəndə bizim telekanallarda bir vaxtlar bu istiqamətin qəhətə çıxdığının ağrısını çəkirdik. Yalnız Azərbaycan Televiziyasında bu məzmunda proqramlar vardı. Son illər bu sıraya İTV də qoşulub. Bu telekanalın efirində nümayiş olunan “Xəmsə” və “Ailəm aləm” kimi intellektual verilişlər Azərbaycan gənclərinin maarifləndirilməsi kimi ali bir məqsədə xidmət edir. Ölkənin bütün bölgələrindən belə yüksək intellektual səviyyəli ailələrin yarışması paytaxtdan uzaqda yaşayan insanların unudulmadığına, elmə, biliklərə yiyələnməyin həmişə üstünlük olduğuna inam yaradır. Onu da müşahidə edirik ki, İctimai Televiziya təhsil və maarifçilik məsələlərinə xüsusi diqqət yetirir və bu sahədə layihələrini davam etdirir və ərsəyə proqramlar, tok-şoular gətirir. Artıq bir neçə ildir təqdim edilən “Açıq dərs” proqramı özünə tamaşaçılar toplaya bilib. Bildiyimiz kimi, bu tok-şouda müasir təhsilin ən mühüm istiqamətləri qabardılır, insanları düşündürən problemlər ətrafında açıq müzakirələr gedir.
Neçə ildir Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarında ən yüksək bal toplayan gənclərin əldə etdiyi nailiyyətlərin təbliğinə həsr edilmiş videoçarxlar tamaşaçıların marağına səbəb olur, istedadlı gənclər cəmiyyətə nümunə kimi təqdim edilir.

İTV-də tamaşaçıların diqqətini çəkən istiqamətlərdən biri də burada tarix, mədəniyyət və incəsənətin ayrı-ayrı sahələrinin inkişafına xidmət edən verilişlər, vətənpərvərlik mövzusunda proqramların hazırlanmasıdır. Qədim mədəniyyətimizi özündə əks etdirən, onu təbliğ edən verilişlərin çoxluğu təqdirəlayiqdir. Azərbaycanda çox az tarixi abidə, qədim şəhər, Azərbaycan və dünya əhəmiyyətli nümunələr tapılar ki, İTV-nin efirindən kənarda qalsın. Xalqın sərvətinə, əjdadlarımızın əmanətinə burada özəl münasibət və qayğı var. Qayğı olan yerdə isə qədirbilənlik var. Bəllidir ki, dünya televiziya məkanında proqramlar əsasən kommersiya maraqlarına xidmət edir, yüksək gəlir gətirməyən layihələr efirə yaxın belə qoyulmur. Təəssüf ki, bizim bəzi telekanallarda da kommersiya maraqları milli-mənəvi dəyərlərə, musiqimizə, tariximizə, soykökümüzü öyrənib təbliğ etməyə əngəl olur. Xoşbəxtlikdən İctimai Televiziyada bu belə deyil. Bu kanalda əyləncəli proqram da maarifləndirməyə xidmət edir. Bayağı şou proqramlarına, şit danışıqlara burada rast gəlmək mümkün deyil. Telekanalın əsas missiyası maarifləndirmək, dövlətçilik və ictimai maraqlara xidmət etmək, bir sözlə, ictimaiyyətin televiziyası olmaqdan ibarətdir. Tamaşaçı hiss edəndə ki, televiziya və radio kanalları onu düşünüb verilişlərini məhz zövqlü tamaşaçı üçün hazırlayır, onda ondan ayrılmır. Musiqili proqramlar tamaşaçıların ən çox izlədiyi, zövq və enerji aldığı verilişlərdir. İllah da ki, o musiqi verilişi tamaşaçını nostalji notlara kökləyir, əhvalını dəyişir, həyəcanlandırır, onda tamam başqa bir aləm olur. İctimai Televiziya və İctimai Radioda belə proqramlar çoxdur. O verilişlərdə həm günümüzün səviyyəli hit mahnıları, həm də keçən onilliklərdə yaranan nəğmələr, həm aşıq musiqisi, həm muğam, həm də xalq mahnısı və təsniflər, bəstəkarların əsərləri təqdim edilir. Tarixi, ədəbi, sənət mövzusunda olan verilişlər də həmçinin. Hər iki istiqamətdə yayımlanan “Ötən əsrin nəğmələri”, “Bir mahnının tarixçəsi”, “Bakı vaxtı” “Bakı sirləri” kimi silsilələr mədəniyyətimizin və tariximizin nisbətən az öyrənilmiş səhifələri ilə bizi tanış edir. Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimlərinin həyat və yaradıcılığına yeni formada, yeni prizmadan baxış var İTV-də. Diqqətçəkən məsələlərdən biri də odur ki, proqramlara ekspert qismində əsasən ziyalılar, xalqa söz deməyə haqqı çatan insanlar dəvət edilir. Yazının əvvəlində qeyd etmişdik ki, İTV-də dini, milli tolerantlığın təbliği ilə bağlı proqramlar, azsaylı xalqların həyat tərzini, folklorunu, etnoqrafiyasını, tarixini təbliğ və tərənnüm edən proqramlar burada nümayiş olunur. Onların Azərbaycanın bir parçası olduğu bu verilişlərin qayəsini təşkil edir. Ölkədə yaşayan azsaylı xalqların mədəniyyəti, musiqisi, folkloru və ədəbiyyatı İctimai Televiziyanın proqram siyasətində xüsusi yer tutur. Müxtəlif millətlərin paytaxtdan uzaqda – ucqar dağ kəndində yaşayan nümayəndələrinin – nənələrin laylası, babaların hikməti İctimai Televiziya vasitəsilə hamının, bütün xalqın malına, sərvətinə çevrilir. Respublikanın yaşam tərzinin göstəricisi olan bu fərqlilik İctimai Televiziyanın efirinin rəngarəngliyini təmin edir.

İTV-də Milli Qəhrəman və şəhidlərimiz barədə, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların xatirəsinə həsr edilən veriliş və sənədli filmləri xüsusi qeyd etmək istəyirik. Bu layihə ictimaiyyət tərəfindən müsbət qarşılanır. İTV-nin efirində yayımlanan siyasi, politoloji, analitik proqramların da tamaşaçısı az deyil. İTV-də on il müddətində təqdim edilən siyasi verilişlərin adlarını da qeyd etmək yerinə düşərdi. “Gerçəyin özü”, “Yekun”, “Diqqət mərkəzi”, “Aktual mövzu”, ” Xalq seçir” və digər proqramlar ictimai-siyasi, analitik təhlillərin geniş yer verildiyi verilişlər kimi tamaşaçını cəlb edir. İctimai yayım proqramlarında siyasi baxışların birtərəfli qaydada üstünlüyünə və ya təbliğatına yol verilmir. Plüralizm və dözümlülük prinsipinə uyğun olaraq cəmiyyətdəki müxtəlif nəzər nöqtələri, problemlərə yanaşma, şərhlər və analitik təhlillər alternativ əsaslarla və müzakirə formasında aparılır. Ümumiyyətlə, hər bir televiziya və radionun öz proqram siyasəti, tamaşaçını cəlb etmək üçün xüsusi maneraları olmalıdır. İctimai Televiziya və İctimai Radio bu baxımdan xeyli üstünlüyə malikdir.

İTV-nin efirində aşıq sənətinə həsr edilən “Ozan məclisi” (İctimai Radioda da həftənin dörd günü “Telli saz” proqramı efirə gedir-İ.S.), dünyadan köçən elm, mədəniyyət, ədəbiyyat, musiqi, ictimai və siyasi xadimlərin xatirəsinə ayna tutan “Yadigarlar”, Azərbaycan xalq sənətinin ən müxtəlif sahələrini işıqlandıran “El sənəti”, qürbətdə yaşayan soydaşlarımıza vətəndən xoşməramlı ideya və fikir mesajları ötürən “Vətən səsi” və digər proqramları tamaşaçılar yaxından izləyir. On yaşlı İTV-nin ömürlüyünə çox proqramların, çox müəlliflərin adı yazılıb, hərəsi də özünəməxsus şəkildə tamaşaçı qəlbinə yol tapmağı bacarıb. On il bir televiziya və radio üçün özünü təsdiqləməsində yetərli bir rəqəmdir. Bu təkcə quru rəqəm kimi anlaşılmamalıdır, zəngin, maraqlı, dəyərli zaman kimi İTV-nin aktivinə yazılmalıdır. Təbii ki, yazılıb da. Tamaşaçı ekranın o üzündən boylanan müəllif və aparıcıların, kadr arxasında qalan redaktor və texniki heyətin istiliyini, səmimiliyini hiss etməyə bilmir. Biz tamaşaçılar bu 10 illik müddət ərzində İTV-nin obrazını elə bu şəkildə də görə bildik-səmimi, qərəzsiz, tolerant, maarifçi və qədirşünas(bakı-xəbər).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 420
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."