www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bakıda çoxmənzilli yaşayış binalarının yeni formada idarə edilməsinə başlanılıb.

Yenicag.az xəbər verir ki, artıq bu məqsədlə Bakının ayrı-ayrı rayonlarında onlarla Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri (MMMC) yaradılıb və dövlət qeydiyyatına alınıb.

Bu barədə əməkdaşımıza İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsindən məlumat verilib. Məlumatda bildirilib ki, bu ilin ikinci yarısından başlayaraq, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin balansında olan binalarda ümumi əmlaklar mülkiyyətçilərə təhvil verilməyə başlanılıb. Yəni binalarda olan liftlər, çardaqlar, obyektlər və s. mülk sahiblərinin ixtiyarında olacaq. Qeyd edək ki, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin balansına Bakının 8 rayonu olmaqla, Sumqayıt və Xırdalan şəhərindən ümumilikdə, 41 bina daxil edilib. Bu 3 şəhər üzrə 27 MMMC yaradılması istiqamətində işlər aparılır.

Məlumat üçün bildirək ki, adıçəkilən qurum yaradılmaqla mənzil fondunun idarə olunmasında yeni bir mərhələ başlanılıb. Bununla əlaqədar, Mənzil Kommunal İdarələrinin (JEK) icra səlahiyyətləri azaldılacaq. Amma bu MMMC-lərin yaranması JEK-lərin ləğvi mənasına gəlmir. Çünki MMMC-lər təkcə binanın saxlanılmasına görə xidmətlər təklif etdiyi halda, JEK-lər digər əlavə xidmətləri də göstərirlər. JEK-lər əsas xidmətləri həyətləri, yaşayış binalarının pilləkən boşluqlarını təmiz saxlamaq, zibilləri vaxtında daşıtdırmaq, evləri pasportlaşdırmaq, əsaslı və cari təmirin vaxtı məsələsini yoluna qoymaq, köhnələn su və kanalizasiya borularını vaxtlı-vaxtında dəyişdirmək, liftləri saz vəziyyətdə saxlamaqdan ibarətdir. Şübhəsiz ki, hazırda JEK-lərin mənzillərin idarə olunmasında rolu böyükdür. Amma, bununla belə vətəndaşlar onlara ikinci tərəfin xidmət göstərməsini özləri müəyyən edə bilərlər. Yəni hər şey mülkiyyətçilərdən asılıdır.

Əlavə edək ki, Mənzil Fondunun yeni idarəetmə üsuluna keçilməsi beynəlxalq təcrübəyə əsaslanır. Bir sıra Şərqi Avropa ölkələrində isə mülkiyyətçilərin çoxmərtəbəli mənzil idarəçiliyini formalaşdırması məcburi tələbdir. Əgər hər hansı bina idarəetmə üsulunu seçməyibsə, həmin binadakı sakin öz mənzilini özəlləşdirə bilməz. Çünki özəlləşdirmə zamanı ümumi əmlakdan ona düşən pay mənzilin texniki pasportunda əksini tapmalıdır. Başqa sözlə, kondominiumlara üzvlüyə mülkiyyətə sahibliyin hüquqi baxımdan ayrılmaz tərkib hissəsi kimi baxılır.

Sonda əlavə edək ki, 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsində ölkədə çoxmənzilli binaların idarə edilməsinin bir neçə üsulu nəzərdə tutulub. Bunlardan ən mühümü isə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (MMC) yaradılmasıdır.

Məhəbbət Orucov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1023
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."