!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalistin yazısı Qırğızıstan mətbuatında

!Reklam – Yazi

big_1474021288_mg-20160916-wa002

Tele-jurnalist Ramal Hüseynovun Qırğızıstan-Azərbaycan münasibətləri haqqında yazdığı “İtirilmiş İllər” adlı məqaləsi Qırğızıstanın “Bişkek Axşamları” adlı dövlət qəzetində dərc olunub.

Qırğızıstan prezidenti Almazbek Atambayevin Azərbaycana son səfərindən sonra iki ölkənin siyasi-iqtisadi əlaqələri və ölkələrarası münasibətləri haqqında tele-jurnalist, interpress.az saytının baş redaktoru Ramal Hüseynovun yazdığı “İtirilmiş İllər” adlı yazısı, bu gün Qırğızıstanın dövlət qəzetində yayımlanıb.

Qeyd edək ki, yazı, rus dilində, “Veçernıy Bişkek” adlı dövlət qəzetində dərc edilib.

Yazını Azərbaycan dilində təqdim edirik:

İtirilmiş illər

Qırğızıstan prezidenti Almazbek Atambayevin 2013-cü ildə Azərbaycana səfəri zamanı iki ölkə prezidentinin mətbuat konfransında Azərbaycan prezidenti cənab İlham Əliyev bu ili hər iki ölkə üçün yeni mərhələ adlandırdı. Və o gun imzalanmış sənədlərin sayı, hər iki ölkə müstəqilliyinin bütün 20 ili ərzindəki imzalanmış sənədlərin sayından çox oldu. İlham Əliyev bu vəziyyəti münasibətlərdə itirilmiş vaxtın göstəricisi kimi qiymətləndirdi və bundan sonra ölkələr arasında münasibətləri yenidən qurmaq əzmini nümayiş etdirdi.

İtirilmiş illərə görə Almazbek Atambayev də əslində təəssüflənirdi. Onun ölkədə qarşılanmasından təsirlənən Qırğızıstan prezidenti hisslərini bu şəkildə dilə gətirdi: “Bu, həqiqətən əsl qardaşlıq münasibətidir. Mənim üçün bu, bəlkə də taleyin qismətidir, lakin çox əlamətdardır. Fəxr edirəm ki, Qırğızıstanın 20 ildə Azərbaycana ilk dəfə rəsmi səfərə gəlmiş birinci Prezidentiyəm. Sizin haqlı olaraq qeyd etdiyiniz kimi, biz 20 ili itirmişik. Ancaq düşünürəm ki, biz bu 20 ilin əvəzini çox tez bir vaxtda çıxacağıq.”

20 ildə ilk dəfə rəsmi səfərə gəlmiş Qırğızıstan prezidenti etiraf etdi ki, 20 il ərzində imzalanan sənədlərdən həm daha çox, həm də daha real sənədlər imzalandı. Dəfələrlə “itirilmiş vaxta” vurğu edərək hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini, energetika, investisiyalar, investisiya fondunun yaradılması və digər sahələrdə real əməkdaşlığın ediləcəyini deyirdi.

Əslində Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx bağlıdır. Bu iki xalq arasında münasibətlər daha qədim tarixə söykənir. Qırğızıstanda 20 mindən çox azərbaycanlı yaşayır. Orada yaşayan azərbaycanlıların əksəriyyəti 30-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Bu ikili görüşdə də Azərbaycan prezidenti iki ölkənin bir-biri ilə bağlarından danışdı. Xalqların dostluğundan, yaşanmış hadisələrdən…
Ümumi tarixi bağlardan söhbətin düşməsi Qırğız prezidenti Almazbek Atambayevin əslində necə Türkçü olduğunu da göstərmiş oldu. Çixışında unudanlara xatırlatdı ki, “Sibirdən başlamış Qara dənizə qədər nəhəng bir ərazidə yaşayan xalqlar həmişə, gah xaqanlıq – türk, qırğız, uyğur xaqanlığı, gah Qızıl Orda, gah Rusiya imperiyası, gah Sovet İttifaqı adı altında birləşməyə çalışıblar. Ona görə ki, bütün bu ərazidə qardaş xalqlar yaşayır. Elə həmin Rusiyada, məncə, əhalinin təxminən 20 faizi türkdillidir. Rusiyanın tarixi, istər hərbi, istərsə mədəni tarixi Turgenev, Aksakov, Kuprin və başqa xeyli türk mənşəli görkəmli şəxsiyyətlərlə zəngindir. Buna görə düşünürəm ki, bu birləşmə, keçmişi unutmamaq üçün də lazımlıdır. Belə bir söz var: Əgər kim keçmişə tapançadan atəş açsa, gələcək onu top atəşinə tutacaq.”
Bəli, bu gün türk olduğumuzu, türklüyümüzü unutsaq hələ çox zaman itirmiş olacağıq. Zaman çox dəyərlidir. Çünki, Hər şey bu zamanın içindədir. Tarix, Mədəniyyət, Ədəbiyyat, elim, sənət və s…

Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar intensivliyi ilə seçilməyib. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

Azərbaycanın mərhum prezidenti Heydər Əliyev, istər Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı, istər Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iki ölkə arasında münasibətləri möhkəmlətmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğunu, zamanı iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsinə ciddi ehtiyac duyulduğunu bildirilib.

Ticari əlaqələ gəldikdə isə 1997-ci ildə Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında, ticarət-iqtisadi əməkdaşlığı haqqında Sazişlərin imzalanmasına, tərəflərin iqtisadi sahədə münasibətləri genişləndirmək niyyətlərinə baxmayaraq, Azərbaycanla Qırğızıstan arasında iqtisadi münasibətlər yüksək səviyyədə olmayıb. Lakin, son görüşdə bütün istiqamətlər üzrə irəliləmək üçün neft emalı zavodundan başlamış bank, turizm sahələrinə, Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun yaradılmasına qədər qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib. Qırğızıstan İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, iki ölkə arasında xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-oktyabr aylarında 12,9 milyon dollar təşkil edib. Azərbaycana ixrac 3,4 milyon, idxal isə 9,5 milyon dollar olub. Təhlil göstərir ki, 2014-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi Qırğızıstan şəkərinin, zeytun və günəbaxan yağının, bitki yağlarının hesabına 25,8 milyon dollaradək artıb. Azərbaycan tərəfinin hesabatına əsasən isə iki ölkə arasında ticarət dövriyyəsi 2015-ci ilin ilk 4 ayı ərzində 18,5 milyon dollar olub. Azərbaycana ixrac 4,4 milyon, Qırğızıstana ixrac 14,1 milyon dollar təşkil edib.

Qırğızıstan və Azərbaycanı birləşdirən ən böyük dəyərlərdən biri türk köklərinin olmasıdır. Qırğız prezidenti Azərbaycanda səfərdə olduğu zaman jurnalistlərin suallarına cavab verərkən, son 20 ildə Qırğızıstanda iki dəfə -1990-cı ildə və 2010-cu ildə olmuş separatçılıq cəhdlərini xatırlatdı və bu cəhdləri məhz insanların öz köklərinin unutması ilə bağladı. “Qırğızlar da, özbəklər də türkdürlər. Keçmişi xatırlamaq yalnız sülh işinə xidmət edir.” Bəli, Türkün Türkdən başqa dostu yoxdur çünki.

Son illər Azərbaycan və Qırğızıstan arasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, qurumun Ağsaqqallar Şurası, TürkPA, Türksoy, Türk akademiyası və türkdilli ölkələrin yeni mədəni irs Fondu çərçivəsində səmərəli əməkdaşlığın fəallığı müşahidə olunur. İki ölkə prezidentinin türkdilli ölkələrin Qəbələdə, Bodrumda, Astanada keçirilən sammitləri zamanı görüşləri baş tutub və bu görüşlər türkdilli ölkələrin əməkdaşlığının, o cümlədən Qırğızıstan- Azərbaycan münasibətlərinin inkişafı üçün böyük əhəmiyyətə malikdir.

Qırğızıstanın Dağlıq Qarabağın münaqişəsi ilə bağlı mövqeyinə gəldikdə isə hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllini dəstəkləyib. Azərbaycana dəstək məqsədilə 1993-cü ildə Qırğızıstan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin lehinə səs verib. Qırğızıstan Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi hesab edir, 2004-cü il BMT Baş Assambleyasının iclası zamanı Qırğızıstan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyib. Qırğızıstan BMT Baş Assambleyasının gündəliyinə bu məsələ ilə bağlı yeni maddənin daxil edilməsinə tərəfdar çıxıb. Maddə baş Assambleyanın 29 oktyabrı 2004-cü tarixli iclasında təqdim olunub.

Əlbəttə, türkdilli dövlətlərin qarşılıqlı dəstəyi bütün məsələlərdə əksini tapmalıdır. Bu, iqtisadi, siyasi dəstək, beynəlxalq qurumlarda qarşılıqlı fəaliyyət, beynəlxalq təşkilatlarda bir-birinin xeyrinə səsvermə deməkdir. Azərbaycan və Qırğız xalqları digər türkdilli xalqlar kimi ortaq mədəniyyətə malikdirlər. Bu xalqlar arasında sadəcə siyasi-iqtisadi əlaqələr deyil həm də mədəni əlaqələrin də bundan sonra inkişafına ehtiyac var.

Sonda da yazımı mərhum president Heydər Əliyevin sözü ilə yekunlaşdırmaq istəyirəm. “Manasın dili bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”.

Jurnalistin yazısı Qırğızıstan mətbuatında

Jurnalistin yazısı Qırğızıstan mətbuatında

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv