!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kampaniya aparanlara alət olmayaq

!Reklam – Yazi

Azər HƏSRƏT, [email protected]

Prezident İlham Əliyevin başçılığı altında mümkün qədər uğurla icra edilmiş bir təşəbbüs daha yekunlaşdı. 255 media təmsilçisinə Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin lütfüylə mənzillər təqdim edildi. Özü də qarşılıqsız. Özü də minnətsiz və heç bir öhdəliksiz. Yəni dövlət və başçısı öz vətəndaş-jurnalistinə heç bir şərt-fərq qoymadan onun sosial probleminin həllində yenə də öz sözünü dedi.

Dövlət edəcəyini ən yaxşı şəkildə etdi və kənara çəkildi. Lakin biriləri ortaya çıxıb dövləti kənara çəkilməyə qoymadılar. İddia etdilər ki, bu işə haram qatıldı, bütün mənzillər satıldı və s.

Doğrudanmı belə oldu? Prosesə birbaşa dəxlim olmasa da media cameəsinin önündə olanlardan biri kimi qısa və qəti şəkildə deyə bilərəm ki, əsla! Mənzil almış bəzi həmkarlarımın adlarının mənfi yöndə hallandırılmasını nəzərə alaraq bu cür qəti qənaətə gələ bilmişəm.

Hələ iyulun 19-da, artıq mənzil alanların adları tək-tək açıqlananda Facebook-da öz sevincimi qeyd etmişdim. Çünki açıqlanan hər ad təsdiq edirdi ki, bu prosesi idarə və icra edənlər maksimum səy göstəriblər ki, doğrudan da haqqı və ehtiyacı olanlar qazansın.

Təbii ki, bəzən haqqı və ehtiyacı olmayanların da adları gözə dəyirdi. Amma bunu biz belə düşünürük. Məsələ ondadır ki, mənzillərin bölgüsünü həyata keçirən komissiya və bu işin icraçısı olan dövlət qurumları kimin nəyə layiq olduğunu bizdən daha yaxşı araşdırmağa qadirdir. Ona görə də bizə haqsız görünən seçim onlar üçün tam haqlıdır və bunu bizə sübut etməkdən ötrü yetərincə dəlillər təqdim edə bilərlər. Yəni biz bu seçimə şübhəylə yanaşmaqda heç də haqlı deyilik.

Adlar var. Konkret adları yazıb iddia edirlər ki, o adamların mənzili var, amma yenə də mənzil alıblar. Doğrudurmu? Əlbəttə elədir. Amma niyə bəzi adamlar unudur ki, mənzili olmaq heç də mütləq şəkildə insanı tam qane edəcək bir yuvaya sahib olmaq demək deyil?

Ad çəkmək istəmirəm. Dostlarımızdan biri də mənzil alıb. 3 otaq veriblər ona. Amma özünün mənzili də var. İndi belə baxanda sual yaranır ki, niyə ona yeni mənzil verilib? Cavabını dövlət deyil, elə mən də verə bilərəm. Çünki həmin dostumuzun hazırkı mənzili cəmi 1 otaqdan ibarətdir. Adam 30 ildən çoxdur jurnalistdir, peşəsinə, dövlətinə vicdanla xidmət edir. Üstəlik bu 1 otaqlı mənzildə 1 tələbə oğlu, 1 yuxarı sinifdə oxuyan qızı və xanımıyla yaşayır. Yadımdadır, hətta bir dəfə mənə danışırdı ki, uşaqlar çox da sıxılmasınlar, dərslərini hazırlaya bilsinlər deyə axşamlar evə gec gedirəm. Kövrəlmişdi bu sözü deyəndə mənə. Mən də duyğulanmışdım. İndi bu adama “mənzili var” deyə mənzil verilməməlidir?

Yaxud da hansısa kənddə evi olan birisini göstərib deyirlər ki, ona niyə mənzil verilib? Məgər aydın deyilmi ki, kənddəki evi Bakıya daşımaq olmur? Adam Bakıda jurnalistika sahəsində külüng çalır, təbii ki, burda da yaşamalıdır. Ona görə də dövlət ona mənzili halal edir.

Başqa və çirkin deyə biləcəyimiz bir iddia da atıblar ortalığa. Deyirlər ki, mənzillər pulla satılıbmış. Hətta qiymətlər də yazırlar. Hər otağa görə 10 min manat. Açığı, eşidib gülmək də olardı. Amma gülmürəm. Sadəcə belə iddiaları tirajlayanlara acıyıram. Çünki bu adamlar özləri də bilir ki, ortaya atdıqları iddialar şayiədir. Bu şayiəni yayanların məqsədi dövləti, onun başçısını və ən əsası da bu nəcib təşəbbüsü gözdən salmaqdır.

Yenə də şəxsən tanıdığım mənzil almış həmkarlarımı göz önünə gətirirəm. Onların nəinki 10 min manatı, heç 10 qəpiyi də yoxdur ki, tapıb kiməsə versinlər və mənzil alsınlar. O adamlar bu pulu tapacaq qədər imkanlı olsaydılar çoxdan özlərinə mənzil alardılar və dövlətin lütfünə sığınmazdılar.

Bu arada Həbib Müntəzir adlı parazit yenə də meydana çıxıb. Bir siyahı yayınlayıb. İddia edir ki, ona bu siyahını deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov verib. Təbii ki, inanmadıq, inanmarıq da. Çünki bu ünsürün nə yuvanın quşu olduğunu çoxdan və yaxşı bilirik. Zatən Amaşov özü də onun bu böhtanını təkzib edib.

Onun siyahısındakı bəzi adamları şəxsən tanıyıram. Özü də onların mənzil şəraitini çox yaxşı bilirəm. Kiminin ümumiyyətlə heç vaxt Bakıda evi olmayıb, kimi də bu şəhərdə illərdir kirayədə yaşayır. Amma bu Həbib paraziti iddia edir ki, həmin adamların mənzili var. Özü də dəqiq ünvan göstərir. Yaxşı ki, həmin ünvanların bəzilərinin sahibləri ortaya çıxıb bu yalan maşınına dünyanın neçə bucaq olduğunu sübut edirlər. Yoxsa bu şayiə dağarcığı insanlarımızın səmimiliyindən sui-istifadə edib az qala hər kəsi inandıracaqdı.

Yəni qısa desək, kimlərinsə qaralama cəhdlərinə baxmayaraq mənzillərin bölgüsündə maksimum həssaslıq göstərilib. Düzdür, haqqı çatanların hamısı mənzillə təmin edilməyib. Edilə də bilməzdi. Amma əsas odur ki, prosesi mümkün qədər ədalətli aparmağa çalışıblar və böyük hesabla da buna nail olublar.

İndi isə sual edək ki, niyə bu qaralama kampaniyası aparılır? Ümumiyyətlə, kimdir bunun arxasında dayanan? Doğrudanmı bu nəcib əməl başdan ayağa günaha bulaşdırılıb?

Suallara bir-bir cavab verək.

Sonuncudan başlayaraq təkrar qeyd edim ki, bu nəcib əməl yüzlərlə ailəyə sevinc bəxş edib. Hardasa nəyinsə diqqətdən qaçması mümkündür və bunu da məqsədli şəkildə etməyiblər. Dedik axı, istər komissiya, istərsə də bu prosesə başçılıq edən konkret dövlət görəvliləri hamımızdan çox çalışıblar ki, geniş, əhatəli, ciddi mübahisə doğurmayacaq bir siyahı alınsın.

Qaralamanın niyə aparılmasına gəlincə. Bunu adi hal kimi qəbul edərdim. Anlaşılandır. Amma kampaniya aparanların dərdinin heç də mənzilə haqqı olub kənarda qalanların olmadığını bilməsəydim.

Onların dərdi Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin daha bir nəcib təşəbbüsünü gözdən salmaqdır. Bu adamlar dövlətimizin belə uğurlu və vətəndaşa yönəlik təşəbbüslərini həzm edə bilmirlər. Çünki anlayırlar ki, belə təşəbbüslər vətəndaşın dövlətə güvənini daha da artırır, vətəndaş-dövlət bağlarını daha da möhkəmləndirir.

Bu qaralamanın arxasında dayananların kim olmasına gəlincə, çox aydın bir cavabı var. Hər şeydən öncə Azərbaycanın uğurlarını istəməyənlər. Əhatə dairəsi genişdir bunların. Ermənilərdən başlamış onlara bənzər başqa ünsürlərə qədər hər kəs var bunun içində. İkinci qrup isə Azərbaycan Prezidentinin nəcib təşəbbüslərinin onun siyasi hakimiyyətini möhkəmləndirməsindən qorxanlardır. O adamlar və onların mənsub olduqları qurumlar yaxşı anlayır ki, belə təşəbbüslər nə qədər çox olarsa, Prezident İlham Əliyevin hakimiyyəti bir o qədər uzunömürlü olar. Bu isə onların işinə yaramır. Ona görə də “dövlət niyə jurnalistə ev verməlidir” kimi mənasız bir sualı ortaya atıb insanların fikrini qarışdırmaq istəyirlər.

Bütün bunlara baxmayaraq proses baş tutdu və indiki mərhələ üçün uğurla tamamlandı. Öz doğmaca dövlətimiz, Prezidentimiz və onun ən sadiq komandası mənzil bölgüsünü mümkün qədər ədalətli şəkildə həyata keçirdi.

Haqlı narazılar da qaldı. Həqiqətən də elə həmkarlarımız oldu ki, onların bu mənzillərə ciddi ehtiyacı vardı. Amma nə edəsən ki, mənzil sayı məhdud, onlara iddia edənlərin sayı isə bir neçə dəfə artıq olduğundan indiki mərhələdə hamını razı salmaq mümkün olmadı. Lakin hər şey itirilməyib. Rəsmən elan edilib ki, artıq təməli atılmış 3-cü binada hazırda daha çox haqqı olub kənarda qalanların hamısına mənzil veriləcək. Cəmi 2 il sonra binanın hazır olması gözlənilir. Uzun müddət deyil. Məncə, aralarında şəxsən xətrini çox istədiyim, özləri qədər mənzil ehtiyaclarını anladığım əziz həmkarlarımın da olduğu kəsim bir qədər təmkinli olub bu müddəti gözlərsə, işin xeyrinə olar.

Bir də çox istərdim ki, bu prosesi gözdən salmaq, ümumiyyətlə hər şeyi qara rəngdə göstərmək istəyənlərə alət olmayaq. O kəslər ki, cənab Prezidentin bu nəcib təşəbbüsünü gözdən salmaq üçün dəridən-qabıqdan çıxır, əmin olun ki, onların məqsədi heç də sizin sosial problemlərinizin həlli deyil. O adamlara Azərbaycanın Suriyanın, İraqın, Ukraynanın gününə düşməsi lazımdır. Bizə bu lazımdırmı? Əlbəttə ki, yox.

Sonda yeni mənzil sahibi olan bütün həmkarlarımı ürəkdən təbrik etmək istərdim. O insanların az qala 70 faizini şəxsən tanıyıram və çoxunun da bu mənzillərə haqqının olduğuna heç bir şübhəm yoxdur. Ona görə də, gəlin, elliklə bu insanlara yeni mənzillərdə xoşbəxt həyat arzu edək.

Yenicag.az

www.yenicag.az

1027
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv