www.sinerjipro.net

SinerjiProWide
Reklam

79993Ad insanın həyatına bir şəkildə təsir edir deyilənə görə. Nə dərəcədə doğru olduğunu demək, təbii ki, mümkün deyil. Ömrünə düşən payı adı ilə doğrulda bilən tanınmış jurnalist Mir Şahin “Naşir” jurnalının qonağı olub.

Yenicag.az anspress-ə istinadən  müsahibəni təqdim edir:

– Gözümüzü açdığımız andan yumacağımız ana kimi bir yol gedirik. Siz də Mirşahin Ağayev olaraq bəlli bir yol qət etmisiniz. Geri dönüb bu yola nəzər salanda sizi daha çox nələr sevindirir və nələr incidir? Bəlkə, ömrünüzün ötən çağına qısa bir səyahət edək.

– Hamının ömrü kimi mənə də bu ömrü Allah verib. Mən də öz alnıma yazılanları yaşayıram. Amma alına yazılma və necə yazılma hələ hər şey deyil, əsas məsələ budur ki, o yazını necə oxuyuruq. Məncə, bunu oxumağa savadım çatır. Yardımlının Pirenbel kəndində bir ruhani-iqtisadçı ailəsində doğulmuşam. Atam həm bu dünya, həm də o dünya üçün saymağı öyrədib. Ailəmizdə mən qarışıq 10 uşaq olub. Yazmağı anam, düşünməyi atam öyrədib. Çətin günlərimiz də, asan günlərimiz də olub. Amma geri dönüb baxanda görürəm ki, məni bunlar nə kədərləndirib, nə də sevindirib. Sevinc və qüssə səbəblərim tamam başqadır. İnanmazsınız, amma mən ona kədərlənirəm ki, yaş keçir… “Hayıf bir iş görməyə macal tapmadım, daha çox iş görə bilərdim və s.”lər kimi boğazdan yuxarı sözlər deyib ətinizi tökməyəcəm. Yaş keçir. Mən bu dünyadan o dünyaya doğru gedirəm. Və nə qədər qəribə səslənsə də… deyim ki, bunu istəmirəm. Yaşamaq və çoxlu yaxşılıqlar etmək istəyirəm. Özü də ona görə yox ki, o dünyada Allah mənə əvəzini cənnətlə-filanla verəcək. Ay nə bilim, “yaxşılıq et, balığı at dəryaya, balıq bilməsə də xaliq biləcək!” Qətiyyən yox. Mən yaxşılığı yalnız ona görə etmək istəyirəm ki, bunu etmək mənim xoşuma gəlir. Deyəsən, cənnətin də, cəhənnəmin də nə olduğunu başa düşmüşəm. Vicdan rahatlığı – cənnət, vicdan əzabı – cəhənnəmdi. Hər şey bu qədər sadə… Tərcümeyi-halım o qədər də zəngin deyil. Üç cümlədən ibarətdir: Doğulmuşam. Yaşayıram.. Öləcəyəm.

– Niyə jurnalistikaya gəldiniz və bu gün jurnalistika sizin üçün nədir?

– Görünür ona görə ki, bunu çox istəyirdim. İlk reportajım “YAUZA-207” maqnitofonuna yazılıb. Mart ayının 21-i ərəfəsində atam hədiyyə almışdı. 1975-ci ildə… Novruz bayramı münasibətilə ailə üzvlərimizdən müsahibə almışdım. Səsimi ilk dəfə eşitdiyim o gün dəqiqliklə yadımdadır. Bir az batıq, kəndimizin montyoru Səxavətin ortancıl oğlu Nadirin səsinə oxşar bu səsə öyrəşmək çox çətin idi mənə. Amma sonradan öyrəşdim. Deyəsən, elə mənim kimi başqaları da. Necə deyərlər, səsim özümə xoş gəlir… Jurnalistika mənim üçün ilk növbədə ünsiyyət vasitəsidir. Həm cəmiyyətə verə biləcəyim fayda, həm də vura biləcəyim ziyan arasında səndələyən məşğuliyyət. Yaşımın bu həddini – 52-ci ilimi və sözün həqiqi mənasında, daha bundan sonra istəsəm də əlimdən başqa bir işin gəlməyəcəyini nəzərə alsaq, belə də demək olar: jurnalistika mənim həyatımdır, yəni bəlkə də, verdiyim reportajları bir yerə yığmaq mümkün olarsa, ömrümün videoversiyasını qismən bərpa etmək olar.

– Mirşahin müəllim, mən də Jurnalistika fakültəsini bitirmişəm, elə bu günün özündə də o fakültəyə, universitetə qəribə bir nostaljiyam var. Bəlkə, bizi o illərə qaytarasınız …

– Jurnalistika fakültəsi nadir fakültədir ki, oranı heç vaxt bitirmirsən. O həmişə davam edir və sən sadəcə olaraq, günlərin bir günü o fakültəyə, auditoriyaya baş çəkəndə görürsən ki, müəllimlərinə – Şirməmməd müəllimə, Cahangir müəllimə, Akif müəllimə imtahan verməyə gəlirsən… O illərdən mənim yadımda o qədər fraqmentlər qalıb ki… Şirməmməd müəllimin fantastik zəkası və şəxsiyyəti, Zinyət xanımın amansız və məsum tələbkarlığı, Tofiq Rüstəmovun həmişə “bığ yeri yenicə tərləyən” ziyalı həyası, Cahangir müəllimin səmimi təbəssümü arxasında gizlənən geniş intellektual baqaj…

– Universitetin Jurnalistika fakültəsində, hələ mən tələbə olan illərdən, Cahangir müəllim peşəkar telejurnalistdən söhbət düşən kimi misalları sizdən gətirirdi. Mən elə indi də hiss edirəm ki, o fakültədə ən çox misal sizdən gətirilir. Mirşahinin bir telejurnalist kimi peşəkarlığını – özünüzü necə qiymətləndirirsiniz?

– Bu sual, yəqin ki, mənə deyil – mənim haqqımda olsa da. Mən öz müəllimlərimin tələbəsiyəm. Və yəqin ki, Mirşahini tərifləmək əslində, özünü tərifləməyin diplomatik üsuludur. Deyim ki, pis üsul deyil və bu mənim xoşuma gəlir… Peşəkarlıq və tələbkarlıq bir-birini doğurur. Hər kəs öz sahəsinin peşəkarı olanda faydalı olur. Mənə görə peşəkarlıq vətənpərvərlikdən də vacibdir. Məsələn, təsəvvür edək ki, əsgər vətənini dəli kimi sevir. Amma atəş açmağı bacarmır, ya da peşəkar atıcı deyil… Və ya həkim vətənpərvərdir, amma peşəkar deyil… Allah göstərməsin, mən nə pis vətənpərvər əsgər, nə pis vətənpərvər həkim, nə də pis vətənpərvər jurnalist olmaq istərdim. Heç istəmirəm də.

– Siz neçə illərdir ki, taleyinizi ANS-lə bağlamısınız. Bu telekanala tamaşaçı gözü ilə necə baxırsınız?

– Yaxşı. Çox yaxşı. Lazımlı. Etibarlı kanal kimi. Azərbaycanın ən yeni tarixinin dürüst salnaməçisi kimi. Mən Azərbaycanı ANS-siz təsəvvür belə edə bilmirəm. Məncə, ANS olmasaydı, Azərbaycanda çox şeylər başqa cür olardı. Bizim kanal vətəndaşın dövlətlə rabitə yaratmasında mühüm rol oynayıb. ANS xəbərin və xəbərçiliyin mahiyyətini dəyişib. Amma məni bağışlayın, mən kanalımıza tamaşaçı kimi baxıb onu, bəlkə də, düzgün qiymətləndirə bilmərəm… Ona görə ki, mən onun tamaşaçısı deyil, işçisiyəm və ona da öz işim kimi baxıram.

– Siz telemüsahibələrinizdə respondentinizə çox “ərk” edirsiniz, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla müsahibənizdə ilk sualınız çoxlarının yadındadır: “Cənab səfir, – dediniz. – Siz bu Azərbaycanın daxili işlərinə niyə qarışırsınız?” Yaxud mərhum Çingiz Aytmatovla qısa bir müsahibədə onun “ermənilər və siz” deyərək, sizin fikrinizcə, özünü türklükdən ayırmasına iki dəfə irad tutdunuz… Bunu başqa jurnalist etsəydi, respondent, özü də o boyda respondentlər, yəqin ki, çox narazı qalardılar. Sizdən niyə incimirlər?

– Bəlkə də, inciyirlər. Amma bu, önəmli deyil. Axı mən bu sözləri deyəndə kiminləsə öcəşmirəm, sadəcə, soruşuram. Həm də müsahibə aldığım insanların böyük əksəriyyəti ilə tarixdaşıq. Bu mürəkkəb zamanı onlarla birlikdə yaşamışıq. Məni aldatmaq o qədər də asan deyil. Məsələn, mən Şuşa şəhər İcra Hakimiyyətinin başçısından işğal ərəfəsində şəhərin bankında qalmış külli-miqdarda pulun aqibətinin necə olduğunu soruşuramsa, o, “pul hesabdan hesaba keçirilir, o boyda pul necə mənimsənilə bilərdi?” – deyə cavab verərkən bilməliydi: həmin pullar şəhərdən yük maşınında kisələrlə çıxarılıb və təsadüfən də mən o kisələrdən birinin üstündə oturmuşam… Və belə təsadüflər çoxdur…

– Sizin “Milli metr” proqramınızın adı dil faktı kimi son dərəcə böyük bir tapıntıdır. Bu ad necə yarandı?

– Sadəcə. Düşündüm və tapdım. Metr – fransızca “müəllim”, “öyrədən” deməkdir. Millini də ki, bilirsiniz. Yaxşı ki, lazım olanda lazımi sözlər yadıma və yerinə düşür…

– Müsahibələrinizi izlədikcə diqqət etdiyim məqamlardan biri də budur ki, həmişə sözlərdən qənaətlə və yerində istifadə etməyi məharətlə bacarırsınız. Sətiraltı sözləriniz və cümlələriniz üstünlük təşkil edir… Bunun zəminində nə durur?

– Bilmirəm. Mən, sadəcə, bacardığım işi görürəm. Sətiraltılar isə Azərbaycan dilini və məntiqi pis bilməməyimdən irəli gəlir. Həm də mən televiziyada çalışan qəzet jurnalistiyəm. Yəni naturamda qəzetçi, publisist birisi dayanır. Mən yaxşı bilirəm ki, məsələn, “texnikanın dərdi” nədir, “dərdin texnikası” nə. Birində taxıl sahələrində ilişib qalmış kombayn, o birisində isə Füzulinin Məcnunu dağınıq görkəmi ilə dayanıb….

– Sizin ədəbi dairələrə yaxınlığınız ədəbiyyata sevginizi göstərir. Çox müxtəlif üslublu şair və yazıçılar sizin müsahibləriniz olur: Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Vaqif Səmədoğlu… Sizcə, ədəbiyyatsız cəmiyyətin mövcudluğu hansı problemlərə və xaosa yol aça bilər?

– Ədəbiyyat, ilk növbədə, adamı ədəbə öyrətmək üçündür. Sonrakı məsələlər, janrlar, üslublar, müxtəlif məktəblər təfərrüatdır. Mən ədəbiyyatı qəlizləşdirənləri, özünü fərqli göstərən ən böyük yazıçı və şairləri əsl mahiyyətdən və hədəfdən müxtəlif adlarla uzaqlaşmağa çalışan adi hoqqabazlar adlandırıram. Təbii ki, bunu dahiyanəliklə edənlər də olur. Onları da qeyri-adi hoqqabazlar adlandıraq. Məncə, böyük ədəbiyyat cəmiyyəti bəşəriyyətə çevirməyin ən ümumişlək yoludur. Bu yol sevgiyə, azadlığa, inkişafa və mübarizəyə aparmalıdır. Ədəbiyyat insanı heyvanlaşmağa qoymayan bir neçə səbəbdən və vasitədən biridir.

– Mirşahin Ağayev təvazökar insandımı? Müsahibələrinizin birində demisiniz ki, təvazökarlıq riyakarlıqdı əslində. Bunun alt qatını, bəlkə, açasınız bir az…

– Təvazökarlıq pis xüsusiyyətdir. Ona görə ki, bu olan deyil, görünən, daha doğrusu, göstəriləndir. Əslində, təvazökar insan yoxdur. Hətta kimsə “mən təvazökaram!” deyirsə, bu artıq özündən deməkdir. Məncə, təvazökarlıq Sovet İttifaqında doğulmuş və onunla bərabər ölməli olan, amma heç cür ölə bilməyən mənəvi xortdanlıqdır. Axı necə ola bilər ki, nəsə edəsən və əvəzində sənə xoş sözlər desinlər, sən də qayıdıb etiraz edəsən ki, yox, nə danışırsınız, mən bu sözlərə, bu mükafata layiq deyiləm?! Təsəvvür edin. Messi qol vurur və sakit şəkildə yerində durur. Onu qucaqlamaq istəyənləri də özündən itələyir ki, “yaxın gəlmə!” Gülməlidir axı. Mən qol vururamsa, ondan doğan sevincimi də layiqincə nümayiş etdirməliyəm… Amma bu zaman maykamı soyunub hansısa qadağan olunmuş jestə yol verirəmsə, bu başqa məsələ… Qoy sarı kart göstərsinlər…

– Dünyanın ruhsuz halını təsəvvür edə bilirsiniz?

– Hə. Amma gərək bunun üçün dünya fırlanmaya, dayana və biz ona baxaq.

– İstənilən cəmiyyət mənfiliklərdən xali deyil. Günümüzdəki problemlərin mənbəyini nədə və harada görürsünüz?

– İnsanların özlərinin yaratdığı qanunlarla barışmaq bacarığına malik olmamasında. Bu hər yerə aiddir. Misirə də, Birləşmiş Ştatlara da, Azərbaycana da. Və bir də tamahda. Tamahkar insan elə bilir ki, “Allah” “Al!” sözündəndir…

– “Kaş ki”ləriniz oldumu heç?

– Əlbəttə. O qədər. Elə biri bu: kaş ki, bu sualı mənə verməyəydiniz…

– Yaş üstünə yaş gəldikcə nə baş verir, artan çox olur, yoxsa azalan?

– Yaş həmişə azalır. Onun üstünə heç nə gəlmir. Yaş azalmaqdan başqa heç nəyi bacarmır. Ona görə də bir klassikin fikri ilə razıyam: “Dünyada ən pis şey həyatdır, ona görə ki, ondan ölürsən…”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 68
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."