yenicag.az

“Kefli” Bakı gecələrindən REPORTAJ – İçki məclisləri, masaj salonları… – Foto-Video

“Kefli” Bakı gecələrindən REPORTAJ – İçki məclisləri, masaj salonları… – Foto-Video

Müəllif: Redaktor

Editor

img1909436Gündüzlərdən fərqli olaraq, gecələr Bakı sanki başqa bir şəhərə çevrilir. Gecə saat 00:00-dan sonra ictimai nəqliyyat, bir çox obyektlər və idarələr işlərini durdursa da, bu hal paytaxt sakinlərinin gecə həyatı yaşayan qisminin fəaliyyət ritmini pozmur. Əksinə onlar, gecələr özlərini daha rahat hiss edirlər.

Gecə həyatı yaşayanlara xarici qonaqlar da daxildir ki, onların haqqında birazdan danışacağıq.

Paytaxtımızda gecə saatlarında nələrin baş verdiyini sizlərə çatdırmaq üçün Bakı küçələrinə çıxdıq. Bakı küçələrində quraşdırılan işıqlandırma sisteminin sayəsində, xüsusilə də hündür bir yerdən durub paytaxta baxdıqda, insan özünü Avropanın ən qabaqcıl şəhərlərindən birində hiss edir.

Adama elə gəlir ki, bu ölkənin heç bir problemi ola bilməz. Burada ac, küçədə yatan, qəpik-quruşa görə səhərdən axşama qədər işləyən tapmaq olmaz. Ancaq bu, bizim Bakıya Dağüstü Milli Parkdan baxarkən gördüklərimiz və düşündüklərimiz idi.

Orada olarkən öyrəndik ki, parka gecələr daha çox Bakının gənc cütlükləri gəlirlər. Rast gəldiyimiz cütlüklərin də bir çoxu özlərini fotosessiya etdirirdilər. Qısası, gecələr bu park sanki fotosessiya meydanına çevrilir. Orada hər kəs şəndir. Onlar da bizim kimi Bakıya yuxarıdan baxıb, paytaxtımızı xoşbəxtlər şəhərinə bənzədirlər.

Dağüstü Milli Parkda, özünün təbirincə desək, saat 22:00-dan 23:00-a qədər işləyən Fərrux isə bu cütlüklərin verdiyi 20 qəpik hesabına yaşayır. Fərrux söylədi ki, anası və atası rəhmətə gedib. Qardaşını və özünü dolandırmaq üçün Bakı küçələrində insanlardan, əsasən də gənc cütlüklərdən 20 qəpik istəyir.

Onunla söhbətimizdən sonra Bakı haqqında yuxarıda düşündüklərimiz məhv oldu və reallığa geri döndük. Reallıq isə aşağıda – şəhərin mərkəzində daha aydın şəkildə sezilir.

“Tarqovu” ziddiyyətləri…

Paytaxtın ən qaynar nöqtələrindən olan, “Tarqovu” kimi tanıdığımız Nizami küçəsi gecə saat 00:00-dan sonra başqa bir məkana çevrilir. Elə həmin saatdan sonra “Tarqovu”nun məşhur al-əlvan çıl-çıraqları da söndürülür. Bununla da “gecə Bakısı”nın arxa fonu önə çıxmaq üçün hazır olur.

Qeyd etdiyimiz saatdan sonra Bakı metrosunun günlük iş vaxtının bitməsi insanları tələsdirir. Saat 23:55-də sanki insanları “Tarqovu”nun metronun “Sahil” stansiyası tərəfinə uzanan hissəsi boyunca nə isə maqnit kimi özünə cəzb edir. Hər kəs o istiqamətdə hərəkət edir. Ancaq “maqnit”dən yayınanlar da olur. Onlar isə Bakının gecə sakinləridir.

Gecə “Tarqovu”da xaricilərin kef məclisləri başlayır. Açıq və qapalı məkanlarda spirtli içkidən içib, bir-biriləri ilə sarmaş-dolaş olan xarici cütlüklər yalnız özlərini görürlər. Ətrafda baş verənlər və dolaşanlar onlar üçün maraqlı deyil. Ətrafda isə neft ölkəsinin ac sakinlərinə rast gəlirik. Bəli, evsiz və pulsuz sakinlər…

Onlardan ömrünün ahıl çağını yaşayan İradə xanımla söhbət etdik. O, deyir ki, hər gün bu məkana gəlir. Gözündəki eynəyin qalınlığından görmə faizini təxmin etmək olur. Elə o özü də bildirdi ki, gözlərinin zəif görməsi genlərindən gələn xəstəlikdir və bir oğlunun isə gözü tamamilə heç nə görmür. Beləcə ahıl yaşında ailəsini dolandırmaq onun üzərinə düşür.

İradə xanım ahıl yaşında bunun heç də asan olmadığını söyləyir: “250 manat kirayə pulu verirəm. Səhərlər dilənmirəm. Utanıram. Gecələr isə məcburiyyət qarşısında qalıb, bura çıxıram. Başqa yolum yoxdur. İşləməyə də nə iş var, nə də mənim səhhətim ona imkan verir. Həyat mənim üçün çox ağırdır. Bakı işıqlıdır, gözəldir. Ancaq bu işığın heç biri mənim və mənim kimilər üçün deyil”.

Onun kimilər isə, yuxarıda da qeyd etdiyimiz kimi heç də az deyil. Orada olarkən söhbət etdiyimiz taksi sürücüləri də təsdiqlədilər ki, Bakının gecə camaatı ilə gündüz insanları arasında fərq böyükdür.

Sürücü Rəsul bildirdi ki, gecə camaatının üzündən rahatlıq yağır: “Gündüz buradan keçənlər işə tələsənlər, tələbələr və sairə bu kimi şəxslərdir. Onlar isə məlumdur da nə edirlər. Yəni işləyirlər də… Ancaq gecələr burada elə adamlar olur ki, belə çox qəribə… Adam elə bilir ki, gecələr bu məkan ayrı planetdir. Kişilər daha çox kostyumda, qadınlar isə yarım metr parçadan tikilən yubkada gəzirlər”.

Gündəlik qazancını Bakı küçələrində axtaranlardan biri də gül satışı ilə məşğul olan 74 yaşlı ağsaqqaldır. Gecələr gül dükanları bağlı olduğundan gənc cütlüklərə gülü o satır, həm də bu yolla 5-10 manat çörəkpulu qazanır (ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz).


Bakının masaj salonları: Barlar və ya fahişəxanalar…

Bakının müxtəlif köşə və bucaqlarında, dar küçələrində fəaliyyət göstərən masaj salonlarının bar və ya fahişəxana kimi fəaliyyət göstərməsi ilə bağlı artıq ictimaiyyət məlumatlıdır. Bunu sizlərə təqdim etməyi borc bilsək də, bu barədə ətraflı yazıb, şərh vermirik. Şərhi aşağıdakı videoya baxdıqda özünüz verə bilərsiniz.

Ancaq onu da qeyd edək ki, gecələr Bakıda “karaoke”lər, barlar və digər bu kimi ictimai-iaşə obyektləri öz fəaliyyətlərinin ən qızğın saatlarında olurlar. Demək olar ki, Bakının gecə sakinlərinin böyük bir qismi səhərə qədər bu məkanlarda olurlar.

Lakin şəhəri daş səkilərin, skamyaların üzərində yataraq keçirənlər də az deyil. Gecə Bakısı ilə tanış olarkən, yolumuzu Səməd Vurğun parkından da saldıq.

Burada isə “gey”lərdən tutmuş, küçədə yaşayan ahıllara qədər hər kəsi görmək mümkündür. Bəzi hallarda isə, səhərlər parklarda gəzərkən müxtəlif yerlərdən sidik qoxusunun gəldiyini hiss edirik.

Bu qoxunun səbəbkarları evləri kimi ayaqyolları da olmayanlar – küçədə yaşayanlardır. Bunu biz demirik, elə onların özləri də etiraf etdilər.


Bəzi məşhurlar da Bakını gecə saatlarında gəzirlər

Tanınmış insanlar da gecələr Bakı küçələrinə çıxaraq, gəzirlər. Onlar “şəhərin dadı”nı məhz insanların əksəriyyətinin yuxuda olduğu zamanlarda çıxarırlar. Elə bizim də qarşımıza onlardan biri çıxdı.

Belə ki, Bakı küçələrində gəzdiyimiz zaman şair, oftolmoloq Paşa Qəlbinurla rastlaşdıq. O, bizə bildirdi ki, adətən, gecələr Bakını gəzməyə üstünlük verir. Bununla da o, sağlamlığının qayğısına qalır.

Beləliklə də musavat.com olaraq, biz Bakının bir gecəsini sizə təqdim etməyə çalışdıq(musavat)

 

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti