www.sinerjipro.net

SinerjiProWide
Reklam

2015-04-23-13-29-58sabir-rustemxanliTarixi şəxsiyyətlərin heykəlləri, rəssam əliylə yaradılan portretləri , fotoları zamanın axarından qoparılan anların ifadəsidir, ömür okeanından damladır, illər boyu yaşananların xırdaca bir həniri, əsintisidir. İnsanın həyatı boyu keçdiyi yolların, çəkdiyi əzabların, duyduğu sevincin və kədərin bütün mürəkkəb mənzərəsini hansısa donuq şəkil və ya qranit əks etdirə bilər. Buna görə də hər hansı heykəldə yaradılan xarakterin ən ümumi cəhəti ifadə olunur; kimsə orda axtardığını tapır, kimsə tapmır.

Böyük rus yazıçısı Vasili Şukşinin doğma kəndi Srostkada qoyulmuş heykəli də onun ömrünün qısa bir parşasını, bu kəndlə bağlı günlərinin bir görüntüsünü əks etdirir, lakin heykəltaraş onun xarakterini o qədər dəqiqliklə duymuş, təbiətlə, bu yerlərlə bağlılığını, burda keçirdiyi yaşantıları-abidənin ümumi fəlsəfəsi, seçildiyi yer və forması ilə o qədər ustalıqla ifadə etmişdir ki, bu möhtəşəm abidəyə həyəcansız, ürəyin titrəmədən baxa bilmirsən.

Şukşinin anası üçün aldığı, özünün çox az yaşadığı evin yanından ötüb kəndin üstünə, Piket dağına qalxdıq. Maşınları saxlamağa ayrılan meydançada yol bitir, sonra məxmər kimi bir çəmənlik başlayır. Yenicə yağmış yağış çəmənliyə milyonlarla göz bağışlayıb. Elə bilirsən bu gözlərin hamısı sənə baxır. Qotaz bağlamış iri yarpaqlı maral yoncasının tünd qoxusu vurur adamı. Ancaq göz önündə açılan mənzərə fikrini yerdən ayırır, diqqətini –uzaq üfüqlərə doğru çəkir. Birdən elə bilirəm çəmənliyin o başında iri gövdəli bir adam oturub, bu mənzərəyə tamaşa edir. Heykəlin gözəlliyi də elə bundadır. Məşhur yazıçı, kinorejissor, aktyor, Rusiyanın əməkdar incəsənət xadimi, Dövlət və Lenin mükafatı laureatı- yazdığını və çəkdiyini bürokratiya meneələrindən keçirənəcən əldən düşmüş halda doğma kəndə qayıdıb, anasıyla qucaqlaşıb, göz yaşını onun göz yaşına qatdıqdan, qohumlarına baş çəkdikdən sonra dəlicəsinə sevdiyi doğma mənzərəni seyr etmək, saf havadan doyunca udmaq, yaşıllıq dənizində gözlərini dincəltmək üçün kəndin üstündəki dağa qalxıb. Ayaqyalın, baş açıq… bir daşın üstündə oturub. Üzünü çöllərə, göz önündə sonsuz genişlik və yaşıl bir dəniz kimi dalğalanan meşələrə tutub; Dağlıq Altaydan enib Sibirə, ordan böyük dünyaya uzanan Çuy şossesi görünür. Bu, Şukşindir. Onun öz yazdıqları vurğunu olduğu yurduna- kiçik vətəninə bağlılığının ən gözəl ifadəsidir. “…Və olduqca gözəldir mənim vətənim- Altay: elə ki orda oluram, sanki göylərə yüksəlirəm. Dağlar, dağlar və elə bir genişlik ki, adamın ürəyi sızıldayır. Çox nadir, bənzərı olmayan bir gözəllikdir. Onu təsəvvür etmək imkansızdır. Onunla köksünü doldurmaq da olmur, nə qədər istəsən yenə azdır, ancaq baxasan və bu genişliyin havasını udasan.”

“Vətən … De nədən ürəyimdə bir fikir yaşayır ki, nə vaxtsa mən həmişəlik orda qalacağam. Hə vaxt?” Yəqin indi oturduğu bu yamacda dəfələrlə buna bənzər düşüncələr keçib ürəyindən. Bütün ömrü boyu bura can atmışdı, rejissorluqdan, aktyorluqdan əl çəkib, doğma Altaya qayıtmaq, anasının yanında ancaq yazıçılıqla məşqul olmaq istəmişdi. Ömrünün sonuna yaxın əcnəbi jurnalistə verdiyi müsahibəni oxumuşdum.

“Bu yaşımda anladım ki, hər yerə çatmaq olmaz, anladım ki, mənim yerim yazı masasının arxasıdır. “ Bu arzusunu məktubla anasına da bildirir:

“ Ana, bir xahişim var, mən gəlməmiş, evlə bağlı heç nə düşünməyin, yəni evi (sənin evini nəzərdə tuturam) satmayın. Gələrəm, nə etməli olduğumuzu düşünərik… Bu böyük filmdən sonra kino ilə az məşğul olmağı düşünürəm, lap az, ən yaxşısı yazmaq və evdə olmaqdır… Öz doğma yurdumda yaşayıb işləmək arzusundayam”

Söz yox ki, o öz qonorarıyla, anasına hədiyyə kimi aldığı evə qayıtmağı nəzərdə tuturdu. Heykəltaraş böyük yazıçının ürəyinin yurd sevgisiylə, Altay dağlarının qutsal ruhu ilə, insani təmizləyən, ucaldan saf havayla dolduğu yeri seçib. Elə bilirəm Şukşin deyil, özüməm, kəndin qırağındakı təpədə oturmuşam. Dünyanın bütün alçaqlıqlarının, riyakarlıqlarının, ədalətsizliklərinin içində sıxılan, xıncım-xıncım olan bədənim, haqsızlıqlara üsyan eləyən ürəyim burda yavaş-yavaş dincəlir, torpaq ağrıların ağrısını sorur, hava düşüncələrimi nizama salır. Adətən heykəllər kəndin içində, həyətdə, məktəb önündə, yol qırağında qoyulur… Yox, heç yerdə bu rahatlıq yoxdur. Yazıçınının sevdiyi yer buradır. Çünki, şəhərlərin biganəlik və qeybət zəhəri yavaş-yavaş kəndin damarlarına da yol tapır, doğmalıq və təmənnasız sevgilər azalır. Öz-özüylə və təbiətlə baş-başa qalmaqdan başqa çarə yoxdur. Tanış olsaq onu nə qədər dərindən duyduğumu bilərdi. Biz, kənd uşaqları bir-birimizə bənzəyirik. Arada minlərlə kilometr məsafə olsa da! O ana sevgisi də, təbiətə, gözəlliyə, düzlüyə, ədalətə, halal zəhmətə bağlılıq da insanlığın şərtlərindəndir. Burda məsafə və millət, dil fərqi unudulur! Ana sevgisinin, təbiətin və dərdin dili birdir! Bəlkə elə bu birlik duyğusudur adamaları uzaq məsafələrin üstündən bir-birinə bağlayan, məni bura gətirən də qəribə bir “yazıçı həmrəyliyidir”

Altay respublikası El qurultayının- məclisinin sədri – Diman Biləkov da yazıçıdır. Dağlıq Altayı görmək və köhnə dostumla görüşmək istəmişdim. Başqa bir Dağlıq Altay şairi- xalq lideri, Rusiya yazıçılar birliyinin katibi Brontoy Berdyayevlə dağları gəzib dolaşmışdıq. Geriyə -Novasibiriskə qayıdarkən Şukşini ziyarət edəcəyimi deyəndə Brontoy məndən ayrılmamış, “ora kimi səni ötürüm, bərabər gedək!”-demişdi. Yol üstü “Sibiriski oqni” jurnalının əməkdaşı ilə də tanış olmuşduq. Mən ona son vaxtlarda “Literaturnaya qəzeta”nın Moskvada yaşayan Azərbaycan şairlərinin şeirlərinə və Azərbaycan folkloruna geniş yer ayrılan layihələrini örnək gətirərək Sibirdə yaşayan azərbaycanlılara diqqəti artırmalarını xahiş etmişdim. Çünki zaman keçir, dünyada xalqları üz-üzə qoyan, insanın həyatını zindana çevirən gərginliklər artır və bəlli olur ki, bu xaosun içində öz mövqeyini dəyişməyən, görülməz sülh elçisi olan, heç bir düşmənçilik siyasətinin sındıra bilmədiyi bir qüvvə var: O da ədəbiyyatdır, qələm sahibləridir. Şukşinlə görüşə bizi çəkən bu mənəvi qardaşlıq duyğusu idi! Onun rus ədəbiyyatındakı yerini, Sibirin yetirməsi olan başqa bir məşhur rus yazıçısı Balentin Rasputin dəqiq ifadə etmişdir.

“Bu gün … həyatımızda namuslu, heç bir havada sınmayan, dəyişilməyən, sənətkar səsi -başdan ayağa yalnız ağrılardan, sevgi qanadlanmalarından və istedadından yoğrulmuş, öz taleyində Rusiyanın bütün iztirablarını daşıyan, onun üçün nəyin gərəkli, nəyin məhv edici olduğunu bilən rus insanı –Vasili Şukşin çatışmır” Havanın tutqun olmasına baxmayaraq heykəli ziyarətə gələnlər, burdan onun baxmaqdan yorulmadığı genişliklərə baxan, yanında şəkil çəkdirənlər çoxdur. Adamların əli yalnız ayaq barmaqlarına çatır, şəkil çəkdirəndə bu barmaqlardan o qədər tutublar ki, tuncun rəngi gedib, sanki ayaqlardan uzun yolların tozu təmizlənib. Mən bilmirəm sağlığında Şukşini bu kənddə nə qədər anlayıblar, nə qədər seviblər, bu kənddə çəkdiyi filimlərə nə qədər yardım ediblər. Ancaq o indi bu kəndin şöhrətinə çevrilib. Ona görə kənd abadlaşdırılır, gəlib-gedənin ayağı kəsilmir. Şukşinin balaca vətəninin adlı dillərdə dolaşır. Hər il burda Şukşin bayramı keçirilib. Yazıçı taleyi belədir. Müqayisə eləmək və bu kövrək mövzuya acılıq qatmaq istəmirəm; əlbəttə böyük ölkənin yazıçısı olmağın üstünlüyünü də bilirəm, lakin bir anlığa onu da düşünürəm ki, görəsən bizdə əsl ədəbiyyata, doğru sözə, xalq ideallarına xidmətdə Şukşinin mənəvi bənzərləri, tale ortaqları olan yazıçılarımızdan, məsələn İsmayıl Şıxlıya, İsa Muğannaya, Ənvər Məmmədxanlıya, Sabir Əhmədliyə nə vaxt buna bənzər, daha doğrusu onların öz taleyinə bənzər heykəllər qoyulacaq, ev muzeyləri yaradılacaq. Bir çox heykəllərin məzarların üstündən doğma yurdumuzun çeşidli qəsəbələrinə, Kür qırağına, dağ-aran torpaqlarımıza addımlamasını görmək istərdik. Şukşin 1933-cü ildə atası güllələnəndən sonra anasıyla birgə qalmışdı, anasının söhbətləri ilə böyümüşdü. Öz dediyi kimi əsl kəndçi idi, Rusiyada kənd nəsrinin ən görkəmli nümayəndələrindən biri idi. Əsərlərinə də əyalət danışığının bütün kaloritini gətirmişdi. Eyni dil novatorluğunu biz Sabir Əhmədlinin əsərlərində də görürük. İsa Muğannanın da əsərlərinə Şukşində olduğu kimi bir çox filmlər çəkilib. Sabir Əhmədlinin Cəbrayılı düşmən işğalındadır, amma İsmayıl Şıxlı, İsa Muğanna kimi yazıçılarımızın kəndlərində onların belə canlı heykəlləri qoyulmalı, muzeyləri yaradılmalıdır. Onların da xatirə günləri keçirilməlidir. Bizdə yazıçıların cəmi üç-dörd ev muzeyi var, halbuki, çağdaş ədəbiyyatımız Səməd Vurğun və Rəsul Rza ilə bitmir. Bu düşüncələrlə Şukşinin heykəlinə yaxınlaşır, üzündəki qeyri-adi narahatçılığa baxa- baxa, xəyalən əsərləri ilə göz önündə açılan mənzərələrin ruhunu tutuşdurmağa çalışıram. Yadıma düşür ki, Şukşini mənə onun kəndin mənəvi və maddi dəyərlərinə amansız hücumların ağrıları ilə yazılmış hekayələri və əlbəttə, “Qırmızı Başınağacı” (“Krasnaya Kalina”) filmi sevdirmişdi. Həmin filmə ilk dəfə 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kino festifalında baxmışdım. Film festivalın baş mükafatını almışdı və haqlı olaraq kinematoqrafiyada yeni bir mərhələ sayılırdı. Yağış gurlaşır və heykəllə vidalaşıb Şukşinin evinə, anası üçün aldığı və anasının tək yaşadığı həmən evə doğru endik. İndi ev səliqəlidir. Pəncərələrin yaşmaqları və taxta qapaqları ağappağ rənglənib. Asfalt yol düz qapıya kimi uzanır. Sağlığında necə olub, bilmirəm. Balaca otaqlar, sadə, kasıbyana mebellər, özünün və anasının otaqları əbədi bir ana- bala mehri içindədir. Bu mehrə bir də rus sobasının bərəkəti qatılıb. Yəqin yazıçı öz halal puluyla kəndin gözəl yerində, seçilən evlərdən birini alanda çox xoşbəxt imiş. Amma bura qayıtmaq ona qismət olmadı. İş-güc anasına tez-tez baş çəkməsinə imkan verməyəndə, həyət-bacaya, saraya, təsərüffat tikililərinə baxmaq, evi yığışdırmaq yaşlı qadın üçün artıq əziyyətə çevriləndə, anasını şəhərdəki kooperatıv evə köçürmək məcburiyyətində qalıb. Evin qabağındakı alma ağacı cırdır, amma arxadakı alma ağacları yaxşı bar gətirib və yağışda yuyulan almaların qızaran yanaqları uzaqdan diqqəti çəkir. Zarafata “Şukşin sağ olsa, bizi meyvəyə qonaq edərdi”- deyirəm. Diman Biləkovun bu səfər boyu məni müşaiyyət etmiş köməkçisi Əjdər sözümə bənd imiş kimi, hasarın üstündən uzanıb iki alma qoparır. V.M. Şukşin bu kəndin kalxozçu gənclər məlktəbində oxuyub.1989-cu ildə məktəb yenidən qurularaq Şukşin muzeyinə çevrilmişdir. Təəssüf ki, biz gedəndə bağlı idi və muzeyə baxmaq qismət olmadı. Ancaq o möhtəşəm abidəni, evini və bütün ömrü boyu can atdığı və nə vaxtsa qayıdacağına ümid bəslədiyi yerləri görəndən sonra muzeyə baxmağa ehtiyac da qalmadı. Altay diyarı ucsuz-bucaqsızdır, zəngindir, gözəllikləri göz oxşayır, amma yamacda oturub bu genişliyə tamaşa edən Şukşin olmasa buralar çox kasıb görünərdi.

Sabir Rüstəmxanlı

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 121
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."