Kərəm Həsənov Oğuzda vətəndaşları qəbul edib

Kərəm Həsənov Oğuzda vətəndaşları qəbul edib

Müəllif: Redaktor

Baş Redaktor

f9fd385a-a70b-4bc3-9c21-aed064b1d918Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 18 iyul 2016-cı il tarixində Oğuzda vətəndaş qəbulu keçirib. Qəbulda Oğuz, Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edib. Müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar öz müraciətlərini komitə sədrinə çatdırıblar.

Qəbulda mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, dövlət əmlakının idarə edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin müəyyən edilməsi, torpaqların təyinatı üzrə istifadəsi ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar onlara məxsus fərdi həyət evləri və mənzillər, torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı komitə sədrinə müraciət ediblər.
Qəbulda səsləndirilən bir sıra müraciətlər komitə sədri tərəfindən verilən göstərişlər nəticəsində dərhal həllini tapıb. Müraciətlər və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub.
Komitə sədri qəbulda diqqətə çatdırıb ki, daşınmaz əmlakın və torpaq sahələrinin, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların dövlət qeydiyyatı daha rahat və çevik qaydada aparılır. Komitənin həyata keçirdiyi yeniliklər və “bir pəncərə” prinsipinin tətbiqindən sonra bütün bu işlər daha da sadələşib və operativ olub. Qeyd olunub ki, dövlət başçısının tapşırığına uyğun olaraq əlçatanlığı təmin etmək üçün qeydiyyat xidmətləri vətəndaşların ünvanına çatdırılır. Şəhər və rayonlarda, habelə ucqar məntəqələrdə və cəbhəyanı bölgələrdə sosial kampaniyalar təşkil edilir. Bu kampaniyalar çərçivəsində vətəndaşların torpaq sahələri, o cümlədən pay torpaqlarına dair çıxarışlar təqdim olunur. Vətəndaşlar üçün geniş hüquqi məsləhət xidmətləri göstərilir.

Qəbul zamanı komitə sədri dövlət başçısının Nazirlər Kabinetinin son iclasında torpaqların səmərəli istifadəsi və mühafizəsi ilə bağlı tapşırıqlarına toxunub. Bildirilib ki, Azərbaycan Respublikası prezidentinin rəhbərliyi ilə son dövrlər torpaq münasibətlərinin tənzimlənməsi sahəsində mühüm islahatlar həyata keçirilib. Torpaqların dəqiq uçotu, torpaq idarəçiliyi və inzibatçılığında yeni çağırışların və müasir yanaşmaların tətbiqi ilə bağlı Fərman və tapşırıqlar verilib. 13 iyul tarixində daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı da təsdiq olunub. Proqramın məqsədi ölkədə torpaq münasibətlərinin inkişafına, torpaq ehtiyatlarının dövlət idarəetməsinin təkmilləşdirilməsinə nail olmaqdır.

Komitə sədri bildirib ki, torpaqların səmərəli istifadəsinə nəzarət torpaqların iqtisadi dövriyyəyə qaytarılmasını təmin edir və səmərəsini artırır. Qeyd olunub ki, torpaq idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bütün kateqoriyalı torpaqların elektron uçotu sisteminin yaradılması işi aparılır. Bu tədbirlərin məqsədi torpaqların vahid elektron uçotunu formalaşdırmaq, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların dəqiq həcmini müəyyənləşdirmək, faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaqdır.
Qeyd edək ki, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və müraciətlərinə baxılıb.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti