Kiçik və orta sahibkarlığı necə inkişaf etdirməli? – Ekspert danışır

Müəllif: resul

Editor

15683248_1711359232512590_266183471_nMəlum olduğu kimi, Prezidentin fərmanı ilə təsdiqlənən iqtisadiyyatın müxtəlif sahələri üzrə inkişafa dair strateji yol xəritələrindən biri də “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”dir.

Bu gün ictimaiyyətə açıqlanan sənəddə ölkədə kiçik və orta sahibkarlığın(KOS) inkişafı ilə əlaqədar müəyyənləşdirilən strateji məqsədlərə nail olmaq və müvafiq imkanlardan maksimum istifadəni təmin etmək istiqamətində aşağıdakı strateji hədəflər müəyyənləşdirilib – uzunmüddətli perspektivdə KOS-un Azərbaycanın ÜDM-nə təsirini artırmaq məqsədilə ölkədə biznes mühitinin və tənzimləyici bazanın daha da yaxşılaşdırılması; – KOS subyektlərinin dayanıqlı şəbəkəsinin yaradılması məqsədilə maliyyələşmə resurslarına sərfəli və səmərəli çıxışın təmin edilməsi; – ölkənin valyuta ehtiyatlarının artırılması və ölkədə istehsal olunan malların beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi məqsədilə KOS-un fəaliyyətinin beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması; – ixtisaslı işçi qüvvəsinin hazırlanmasına və KOS subyektlərinin bacarıqlarının inkişafına xüsusi diqqət ayırmaqla, regional bazarlarda keyfiyyətli məhsul və xidmətlər təklifinin artırılması; – KOS subyektlərinin rəqabət qabiliyyətinin artırılması üçün innovasiyaların təşviqi, bu sahə ilə bağlı araşdırma və inkişaf fəaliyyətinin gücləndirilməsi. Əsas fəaliyyət Azərbaycanda KOS subyektlərinə münasibətdə qanunvericilik bazasının təkmilləşdirilərək maliyyə və vergi siyasətinin stimullaşdırıcı təsirinin gücləndirilməsi, maliyyə resurslarına əlçatanlığın artırılması, texniki və informasiya bazasının gücləndirilməsi və KOS subyektlərinin ərazi üzrə optimal yerləşdirilməsi, daxili bazarın qorunması, bazar infrastrukturlarının inkişaf etdirilməsi, zəruri sənədlərin alınmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsi, bu sahəni təmsil edən subyektlər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi və s. kimi istiqamətlərə yönəldiləcək. Sənədə görə, müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün təxminən 700 milyon manat investisiya tələb olunur ki, nəticədə 2020-ci ildə iqtisadiyyatda təxminən 1 milyard 260 milyon manat əlavə dəyərin və 34240 yeni iş yerinin yaradılması gözlənilir.

Sənədi Yeniçağ.Az-a şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabət qabiliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir və olduqca vacib xarakter daşıyır:

“Məsələ bundadır ki, indiyədək sahibkarlığın inkişafına çox böyük dəstək həyata keçirilib. Onlara güzəştli şərtlərlə 1,7 milyard manat həcmində kreditlər verilib, bu ili də nəzərə alsaq bu, 2 milyard manat təşkil etməlidir. Nəticədə, düzdür, sahibkarlıq xeyli inkişaf edib və bu sahədə əhəmiyyətli nəticələr əldə edilib, hansı ki, proses yenə davam etdirilir. Ancaq təəssüf ki, tam müsbət effek əldə edildiyi haqda danışmaq çətindir. Məsələn, nəzərə alsaq ki, Sahibkarlığa Kömək Mill Fondu vəsaitləri daha çox regionlarda paylanıb, üstəlik ,regionların mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrini və kənd təsərrüfatının inkişafını sürətləndirmək və bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq, ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək hökumətin neçə illərdir əsas vəzifəsi sayılıb, bütün bunlara rəğmən, bölgələrimizin 80-90 faiziinin yenə də dövlət büdcəsindən, yəni mərkəzdən asılı vəziyyətdə olması, şübhəsiz ki, təəssüf doğurmaya bilməz. Yeri gəlmişkən, 2016-cı ildə Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı, Naftalan şəhəri də xərclərini öz gəlirləri hesabına təmin edirdi. Ancaq məlum olduğu kimi, növbəti ildən, yəni 2017-ci ildən bu sıraya birdən-birə 27 rayon və şəhər də qoşulacaq… Amma təəssüf ki, məhz imkanlı olduqlarına görə deyil, dövlətin maliyyə vəziyyətinin pisləşləşməsiylə əlaqədar… Başqa sözlə desəm, mərkəzi dotasiyanı həyata keçirtmək artıq mümkün olmadığına görə… Bütün bunlar da onu göstəricisidir ki, konkret olaraq sahibkarlığa dəstək, onun inkişafı əslində, təkcə malliyyədən asılı hesab edilməli deyil. Eyni zamanda, əlavə tədbirlər də görülməli idi”.

Ekspert bildirir ki, ümumiyyətlə, ölkədə sahibkarlığa maliyyə dəstəyi göstərilməsində getdikcə, kəmiyyətə deyil, keyfiyyətə daha çox diqqət yetirilməli idi:

“Bütün bu deyilənlər baxımından, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinə böyük ümidlər bağlanıb. Ölkədə kiçik və orta sahibkarlığın inkişafı mühüm vəzifə təşkil etməlidir. Bu, qeyri-neft sektorunun inkişafında əsas hədəf sayılmalıdır. İnkişaf etmiş ölkələrdə ÜDM istehsalında kiçik və orta sahibkarların böyük payı vardır. Bizdə isə neçə illərdir kənd təsərrüfatına dövlət tərəfdən mühüm güzəştlər tədbiq edilsə də, müvafiq maliyyə dəstəyi göstərilsə də, kreditləşdirmə həyata keçirilsə də kiçik və orta sahibkarlığın inkişaf səviyyəsi qənaətbəxş deyil. Təsadüfi deyildir ki, adıçəkilən Xəritədə də qeyd edilib ki, inkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlığın ÜDM və məşğulluqdakı xüsusi çəkisinə nəzər saldıqda Azərbaycanda da davamlı iqtisadi inkişafın təmin edilməsində onun əsas hərəkətverici amilə çevrilməsi qarşıda duran əsas çağırışlardan olduğu qənaətinə gəlinir. Strateji Yol Xəritəsi çərçivəsində görüləcək tədbirlərə mərkəzləşdirilmiş agentliyin yaradılması, xüsusi sənaye zonalarının və klasterlərin təşkili, fəaliyyətə xitam verilməsi və müflisləşmə məsələlərinin həlli sahəsində islahatların aparılması, sözgedən sahibkarlıq subyektlərinin beynəlxalq ticarət əməliyyatları üçün maliyyə xidmətlərinin genişləndirilməsi və birbaşa xarici investisiyaların təşviqi, ayrı-ayrı sektorlar üzrə ixrac assosiasiyalarının yaradılması və biznes inkubatorları, startap layihələrinin inkişaf etdirilməsi, model müəssisələrin təsisi kimi işlər daxildir ki, bunların hər biri ayrı-ayrılıqda mühüm və olduqca ciddi məsələlərdir. Müəyyən edilən strateji hədəflərə və qeyd olunan məsələlərin həllinə çatmaq üçün əsas şərt tələb olunan vəsaitlərlə bağlı deyil. Bu, medalın görünən tərəfidir. Yəni maliyyə tapmaq özlüyündə çətin iş sayılmır, hər şey məhz görüləcək işlərdən asılı olacaq!”.

Gülnarə Eynullaqızı
Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır