www.sinerjipro.net

SinerjiProWide
Reklam

1447849415_publika.az144784725583538_srcQubad İbadoğlu: «Bizneslə məşğul olan məmurlar islahatların həyata keçirilməsində ciddi əngələ çevriləcəklər»

«Dövriyyədə manat kütləsinin azalması Mərkəzi Bankın iqtisadiyyata təsir imkanlarının məhdudlaşmasına gətirib çıxarıb»

qubass9Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Qubad İbadoğlu bayram ilə əlaqədar vətəni Azərbaycana qayıdıb. Q.İbadoğlu uzun müddət ABŞ-da yaşamasına baxmayaraq, ölkəmizdəki iqtisadi və siyasi prosesləri izləyir və bununla bağlı mülahizələrini, təkliflərini sosial mediada bölüşür. 2016-cı ilə böyük iqtisadi problemlərlə qədəm qoyan Azərbaycanı nələr gözləyəcəyinə dair proqnozlarını öyrənmək üçün Q.İbadoğlundan müsahibə götürdük.
– Qubad bəy, 2016-cı ilə ağır iqtisadi-sosial problemlərlə keçdik; devalvasiya, bahalaşma, iqtisadi geriləmə davam edir. Sizin bu ildə baş verəcək proseslərlə bağlı gözləntilərinizi öyrənmək maraqlı olardı…

– Təəssüf ki, Azərbaycanın 2016-cı il üçün çıxış nöqtəsi o qədər də uğurlu deyil. Həm manatın sabitliyini qoruması istiqamətində atılan addımlar lazımi səviyyədə öz effektini vermədi. Yenə də manat etibarını itirmiş valyutalardan biri sayılır. Təəssüf ki, iqtisadiyyatda dollarlaşma sürətlə davam edir və demək olar ki, əhali arasında manat cari ehtiyacların ödənməsində istifadə olunan tədavül vasitəsinə çevrilib.

2015-ci ildə baş verənlər eyni zamanda 2016-cı il üçün ciddi çağırışların əsasını qoyub. Çünki ölkədə manatın dəyərdən düşməsi gəlirlərin dəyərsizləşməsinə, əmlak, avtomobil və digər bazarlarda qiymətlərin düşməsinə, istehlak bazarında isə bahalaşmanın davam etməsinə gətirib çıxardı. Daşınar və daşınmaz əmlak sahibi olan insanlar devalvasiyadan sonra təkcə gəlirlərin dəyərsizləşməsindən deyil, habelə əmlaklarının ucuzlaşmasından da müəyyən qədər ziyana məruz qaldılar. İstehlak bazarında isə qiymətlərin bahalaşmasının davam edəcəyini düşünürəm. Bu, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı üçün ciddi çağırış ola bilər. Ölkədə qiymətlərin bahalaşması, gəlirlərin isə dəyərsizləşməsi fonunda əhalinin yoxsullaşması miqyası getdikcə genişlənə bilər. Bu baxımdan 2016-cı il üçün Azərbaycan Mərkəzi Bankının resursları vasitəsilə bu istiqamətdə daha ciddi proqramlar tərtib olunmalıdır. Nəzərə almaq lazımdır ki, dövriyyədə manat kütləsinin azalması Mərkəzi Bankın həm də iqtisadiyyata təsir imkanlarının məhdudlaşmasına gətirib çıxarıb. Bu baxımdan Mərkəzi Bankın da monetar üsullarla inflyasiyanın qarşısının alınması istiqamətində atacağı addımların təsir imkanları getdikcə aşağı düşə bilər. O ki qaldı bu il üçün qiymətlərin bahalaşmasının qarşısının alınması üçün görüləcək tədbirlərə, bu yöndə müəyyən addımlar atılıb. Amma həmin addımlar vaxtında atılsaydı daha çox effekt verərdi. Məlumat verim ki, monopoliyalar yığışdırılır, brokerlər kənarlaşdırılır. Birbaşa olaraq idxalatçı və ya ixracatçı ilə gömrük orqanları arasında münasibət qurulur. Əslində,həmin brokerlər institutu monopoliyanın yaranmasında xidmət etməsəydi, bu gün onlar vasitəsilə orqana çevrilə bilərdi. Və bu, sahibkarların işgüzar imkanlarını genişləndirə bilərdi. Amma təəssüf ki, ötən illər ərzində hətta əhəmiyyətli bazar institutlarında özünü doğrultmadı.

Digər sahələrdə də islahatların aparılması çox vacibdir. Nəzərə almaq lazımdır ki, bu gün islahatları aparacaq və ona nəzarət edəcək siyasi hakimiyyətin rəhbər vəzifələrində təmsil olunan nazirlər və məmurların bir çoxu birbaşa biznesə bağlıdır. O baxımdan mən inanmıram ki, biznesə bağlı olan məmurlarla Azərbaycan iqtisadiyyatının yeniləşməsi, modernləşdirilməsi və liberallaşdırılması istiqamətində islahatlar aparmaq mümkün olsun. Burada yenə də önə biznes, fərdi və korporativ maraqlar önə çıxacaq. Həm biznesə, həm də iqtisadi siyasətə xidmət edirlər, onlar islahatların həyata keçirilməsində ciddi əngələ çevriləcəklər. Hesab edirəm ki, 2016-cı ilin ən böyük gözləntilərindən biri də bu istiqamətdə dəyişikliklərin olmasıdır. Siyasi hakimiyyət, biznes hakimiyyətindən ayrılmalıdır. Kimlərsə bizneslə məşğul olmaq istəyirsə, siyasi hakimiyyətdən imtina etməlidir. Əksinə, kimsə siyasi hakimiyyətdə qalmaq istəyirsə, o zaman biznesindən imtina etməlidir. Bu prosesə nəzarət etmək üçün məmurların gəlirləri ilə bağlı deklorasiya qəbul olunmalıdır. Yəni bilinsin ki, proses nə dərəcədə şəffafdır.

Hökumətin hesabatlılığının artırılması istiqamətində ciddi işlər görülməlidir. Parlament zəif olsa da, hökumət Milli Məclis qarşısında daha da hesabatlı olmalıdır. Ən azı parlament vasitəsilə hökumətin fəaliyyəti haqqında ictimaiyyətin məlumatı olsun. Təbii ki, ciddi dəyişiklər fonunda yaxşı nəticələr proqnozlaşdırmaq olar. Əgər dəyişiklikliklər olmazsa, vəziyyət getdikcə pisləşə bilər. Azərbaycan istehlakçısı və iş adamı bundan ciddi təsirlərə məruz qala bilər. Bu da iş yerlərinin bağlanması və yoxsulluğun artması kimi sosial fəsadlara gətirib çıxara bilər.

– Necə düşünürsünüz, maliyyə amnistiyasının vaxtı çatıbmı?

– Mən maliyyə amnistiyası deyil, ümumi vergi amnistiyasını təklif edirəm. Çünki vergi orqanlarından çoxlu sayda şikayətlər vardır. Əsassız vergi cərimələri biznesin fəaliyyət imkanlarını məhdudlaşdırır. Odur ki, onların böhran qabağı start vəziyyətini düzəltmək üçün belə bir tədbiri məqbul hesab edirəm.

– Brokerlərin uzaqlaşdırılması Azərbaycanda sahibkarlığın inkişafına, inflyasiyanın qarşısının alınmasına təkan verə biləcəkmi?

– Təbii ki, müəyyən dərəcədə müsbət effektlər yaradacaq. Onlar inhisarçılığın yaranmasında əsas vasitəçiyə çevrilmişdi. Amma indi idxalın özü aşağı düşməkdədir. Çünki ölkədə yaranan bahalaşma əhalinin alıcılıq qabiliyyətini aşağı salır. Bu isə idxal məhsullarının həcminin getdikcə azalmasını şərtləndirir. İndi onsuz da idxala müraciət edənlər çox azdır. Amma istənilən halda bu istiqamətdə gec də olsa müəyyən qərarların verilməsini alşıqlamaq lazımdır. Belə bir qərarın verilməsini çoxdan gözləyirdik. Xeyli müddətdir ki, brokerlərin fəaliyyəti ilə bağlı, onların yaratdığı əngəllər barədə fikirlərimi bölüşmüşdüm və təkliflərimi də vermişdim ki, bu proses dəyişməlidir. Bu funksiya ilə onlar idxala mane olacaqlar.

– Hazırda əhalini ən çox narahat edən məsələ bahalaşmadır. Sizcə, ölkədə inflyasiya 2007-2008-ci illərin 28-20 faizlik həddini yenidən təkrarlaya bilər?

– Ondan da yüksək bir həddə çata bilər. Əgər real statistika olsa görərik ki, ölkədə iki rəqəmli inflyasiya hazırda mövcuddur. İl ərzində inflyasiya səviyyəsinin artımı da davam edə bilər. Buna xüsusilə, monetar amillərdən olan manatın dəyərsizləşməsi təsir göstərir. Bundan əlavə devalvasiyanın əsas neqativ təsirlərindən biri də idxal mallarının bahalaşmasıdır. Birinci devalvasiyadan sonra sahibkarlar idxal mallarında cüzi dəyişikliklər etsələr də, ikinci devalvasiyadan sonra iş adamları birincinin də fərqini nəzərə almaqla ciddi şəkildə qiymət artımına qərar veriblər.

– Sizcə, Mərkəzi Bank bundan sonra manatın kursuna nisbətən sabit saxlamaq imkanına malik olacaqmı?

– Əfsuslar olsun ki, Mərkəzi Bankın resursları bunun üçün yetərli deyil. Və manatın dollar qarşısında dəyərsizləşməsini müşahidə etmək məcburiyyətində qalacağıq. Ola bilər ki, bu əvvəlki formatda-bir gün ərzində kəskin faizlə baş verməsin. Mümkündür ki, manatın ucuzlaşması il boyu ardıcıl prosesə çevrilsin. Yəni manatın hər gün dəyərdən düşməsini müşahidə edə bilərik.

– Azərbaycanda belə bir vəziyyət sonuncu dəfə 90-cı illərin ortalarında yaşanmışdı. Eyni vəziyyət təkrarlana bilərmi?

– Təəssüflər olsun ki, mövcud situasiya ölkənin iqtisadiyyatını geri aparır. Hazırda orta aylıq əmək haqqı 300 dollardır. Sonuncu dəfə 300 dollar əmək haqqı 2008-ci ildə qeydə alınmışdı. O vaxt orta aylıq əmək haqqı 230 manat idi və həmin dövrün məzənnəsi ilə 293 dollara yaxın idi. İndi baş verən proseslər ölkənin 10-15 il bundan əvvəlki iqtisadi problemlərin təkrarlanmasına gətirib çıxara bilər.

– Devalvasiya davam edəcəyi təqdirdə manatın kəskin dəyərsizləşməsinin maliyyə və iqtisadiyyatın real sektoruna nə kimi təsirləri olacaq?

– Sahibkarların fəaliyyəti üçün mənfi təsirləri var. Onlar biznes xərclərini ödəyə bilməyəcək. Bu isə iş yerlərinin ixtisarına gətirib çıxaracaq. Eyni zamanda sahibkarların vergi öhdəliklərinin yerinə yetirilməsində ciddi problemlər olacaq. Bu baxımdan büdcənin formalaşmasında çətinliklər olacaq.
Bank sektorunda isə əsas problemlərdən biri müştərilərin banklar qarşısında öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır. Bu il problemli kreditlərin həcmi çoxalacaq. Bir çox banklar müflis vəziyyətindədir. Çox güman ki, onların müflisləşməsinin rəsmiləşdirilməsi bu ilə təsadüf edəcək.

– Hazırda özəl və dövlət sektorda işçilərin ixtisarı sürətlənib. İşsizliyin yarada biləcəyi sosial fəsadlar da yəqin ki, qaçılmaz olacaq.

– İşsizliyin artması nəinki iqtisadi vəziyyətə, eyni zamanda kriminogen hadisələrin də artmasına təsir göstərəcək. Yuxarıda dediyimiz kimi, əhalinin banklar qarşısında öhdəliklərini yerinə yetirməsində çətinliklər yaranacaq. Bu baxımdan işsizliyin artmasının fəsadları çoxdur. Ona görə də ən azı özəl sektorda iş yerlərinin azalmasının qarşısını almaq üçün hökumət yardım paketləri ilə çıxış etməlidir.

– Hökumətin anti-böhran proqramı yoxdur. Əgər belə bir proqram hazırlanarsa, sizcə, ilk olaraq hansı prioritet məsələlər daxil edilməlidir?

– Birinci, islahat paketi olmalıdır. Hesab edirəm ki, islahat aparan orqan, institut, struktur ona uyğunlaşdırılmalıdır. Biznes və siyasi hakimiyyət arasında əlaqələr kəsilməlidir. İslahatçı komanda formalaşmalıdır. Bu komanda vasitəsilə həmin proqram işlənilməlidir. Əks halda ən ideal islahat proqramını belə indiki komanda ilə reallaşdırmaq mümkün deyil. Çünki maraq konfliktləri var. Biznes, korporativ və şəxsi maraqlar islahatlar üçün problemlər yaradacaq.

– 2016-cı ildə hökumət ümid edir ki, dövlət büdcəsində neft gəlirlərini qeyri-neft gəlirləri ilə əvəzləyə biləcək. Azərbaycanda qeyri-neft sektorunda elə bir potensial mövcuddurmu ki, itkiləri sığortalaya bilsin?

– Büdcədə neft sektorunun həcmi təbii olaraq getdikcə kiçilir. Dünya bazarlarında qiymətlərin aşağı düşməsi neft sektorunun maliyyə potensialının azalması deməkdir. İstənilən halda bu il ümumi daxili məhsulda avtomatik olaraq qeyri-neft sektoru geniş paya sahib olacaq.
İndiki şərtlərlə büdcəni qeyri-neft sektoru hesabına icra etmək çətin görünür. Amma yenə də hökumətin anti-böhran proqramından və islahatlarından asılıdır.

– İslahatlar demişkən, əgər hökumət sizə anti-böhran proqramında iştirak etməyi və ya hökumətdə iqtisadi sektorda hansısa vəzifədə təmsil olunmağı təklif etsə, qəbul edərsinizmi?

– Mən Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan güclü olmasının tərəfindəyəm. Bunun üçün üzərimə düşən istənilən vəzifəni layiqincə həyata keçirməyə həmişə hazıram.

Vüsalə RÜSTƏMOVA

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 68
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."