Azərbaycan Dövlət Televiziyasının (AzTV) Ukrayna və Şərqi Avropa bürosunun rəhbəri Mövsüm Aslanovun (Qədiroğlu) jurnalistikadan kənar fəaliyyəti artıq kriminal dram ssenarilərinə mövzu olacaq dərəcədə irəli gedib.

Yenicag.Az xəbər verir ki, 10 ildən çoxdur ki, AzTV-nin Kiyev ofisinə rəhbərlik edən Aslanovun adı Ukraynadakı Azərbaycan diasporasının parçalanmasına səbəb olan intriqalarda və müxtəlif qanunsuz əməllərdə hallanır.
Xarici ölkələrdəki Azərbaycan diasporalarından söz düşəndə, say tərkibi və təşkilatlanma səviyyəsi baxımından xüsusi seçilən Rusiya ilə Ukraynada fəaliyyət göstərən soydaşlarımızın vəziyyəti diqqəti daha çox cəlb edir. Ancaq təəssüf ki, postsovet məkanının bu iki nəhəng ölkəsində min bir əziyyətlə qurulub-yaradılan diaspora təşkilatlarımız barəsində müsbət tonda danışmaq imkan xaricindədir. Bu sırada Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsini deyilən fikrin təsdiqi kimi göstərmək mümkün olsa da, yazının əsas məqsədi Ukraynadakı diasporumuzun durumudur.

Daha doğrusu, o ölkədə kifayət qədər oturuşmuş Azərbaycan diasporasının indiki vəziyyətinin oradakı soydaşlarımızın malik olduqları imkan və potensiala uyğun gəlməməsidir. Ukraynadakı diasporamızın son illərdə xeyli zəifləməsi, ölkənin iqtisadi-siyasi həyatında fəallığının əhəmiyyətli dərəcədə azalması inkarolunmaz faktdır. Azərbaycan mediasının müntəzəm diqqətdə saxladığı bu problem diasporanın nüfuzlu simaları tərəfindən də etiraf olunur. Təbii, problem varsa, onun obyektiv və subyektiv səbəbləri mövcuddur. Ancaq konkret olaraq, Ukraynadakı diasporamızın zəifləməsində subyektiv amillərin üstünlüyü ötəri baxışa da açıq görünür.

Vurğulanan məsələdə subyektiv faktorların qabardılması təsadüfi və əsassız deyil. Hər halda, son bir ildə Ukraynadakı diasporamızın fəaliyyətini əks etdirən media materiallarına nəzər saldıqda, bu amilin nə qədər həlledici təsirə çevrildiyini görməmək mümkün deyil. Daha maraqlısı isə həmin ölkədəki diasporamızın vəziyyətinin tanınmış ictimai-siyasi xadim, alim, yaxud da iş adamı statusunda olan hansısa soydaşımızın deyil, təəccüblənməyin, AzTV-nin Ukrayna və Şərqi Avropa bürosunun rəhbəri Mövsüm Aslanovdan (Qədiroğlu) asılı duruma düşməsidir.
Mediada yazılanlara inansaq, ötən illərdə də öz fəaliyyəti üçün hər hansı hüquqi-mənəvi çərçivə müəyyənləşdirməyən Aslanov meydanını bir qədər də genişləndirib. Bildirilir ki, artıq əlinin üstə əl, sözünün üstə söz görməyən xüsusi müxbir Ukrayna diasporamızın tərkibində bir neçə meyar üzrə “təsnifat” da aparıb. Yəni Aslanov yalnız özünün seçdiyi, münasibət qurduğu və planlarına hər hansı formada dəstək verən diaspora təmsilçilərini teletribuna ilə təmin edir. Onun seçim kriteriyaları arasında regional faktorun önə çıxması isə Aslanovun hansı təhlükəli işə baş vurması haqda təsəvvür yaradır. Özünün əslən Qərbi Azərbaycandan olduğu bildirilən Aslanov digər bölgələrdən çıxmış həmvətənlərimizi az qala “qanundankənar” elan edib. İş o həddə çatıb ki, Ukraynanın müxtəlif vilayətlərində yaşayıb, fəaliyyət göstərən diaspora qurumlarımızın rəhbərləri Aslanovun bu volyuntarizminə qarşı etirazlarını ictimailəşdirmək məcburiyyətində qalıblar. Onlar Aslanovun bu diskriminasiyasına son qoyulması xahişi ilə hətta prezident İlham Əliyevə müraciət ediblər.

Ancaq bu günə qədər özünü cəzasızlıq mühitində tam sərbəst hiss edən Aslanovun adının başqa və bu dəfə artıq kriminal elementli məsələlərdə hallanması xüsusi müxbiri az-çox tanıyanlar üçün təəccüb doğurmadı. Qeyd olunur ki, Aslanov və onun yaxın çevrəsində yer alan şəxslər azərbaycanlı abituriyentlərin Ukraynanın müxtəlif ali məktəblərinə “yerləşdirilməsi” kimi onların nəzərincə, gəlirli biznesə da baş vurublar. Məlumata görə, Aslanov bu sahədə “uğur”unu davam etdirərək, bir neçə şəxsdən “ödəniş haqqı”nı əvvəlcədən alsa da, onları ali məktəblərə qəbul etdirə bilməyib. Həmin şəxsləri “Kiyev turizm, iqtisadiyyat və hüquq Universiteti”nə yerləşdirmək öhdəliyini yerinə yetirməyən Aslanov onlardan aldığı pulu (söhbət yetərincə böyük məbləğdən gedir) da geri qaytarmaq haqqında fikirləşmir. Müxbirin bu fırıldağının qurbanı olanlar isə üzləşdikləri vəziyyətlə bağlı mətbuat konfransı keçirtməyə hazırlaşırlar.

Aslanovla əlaqədar daha mühüm və son proseslər fonunda çox əhəmiyyətli görünən məqam onun FETÖ terror şəbəkəsinin Azərbaycan qolunun rəhbərliyi ilə yaxın münasibətlərinin üzə çıxmasıdır. Bildirilir ki, Aslanov bu fəaliyyətini keçmiş operatoru, “Ukrayna Gənclər Birliyi” təşkilatının sabiq rəhbəri, “gülənçi” kimi tanınan Anar Tahirovla birlikdə həyata keçirməkdədir. Həm Aslanovun, həm də Tahirovun Prezident Administrasiyasının keçmiş şöbə müdiri, FETÖ-nun Azərbaycandakı imamı Elnur Aslanov və sabiq deputat Ceyhun Osmanlı ilə dost olmaları müxbirin dövlətə qarşı təxribatlarını çəkinmədən ideoloji müstəviyə keçirtdiyini göstərir. Aslanovun FETÖ mənsubluğunu belə nümayişkar tərzdə qabartması nə az, nə çox – dövlətə meydan oxumaqdan başqa bir şey deyil. O baxımdan, yerinə düşən bu sualın cavabı hamını maraqlandırır: Aslanovun ipini çəkən, heç olmasa, ona “DUR” deyən tapılacaqmı?

Yeniçağ.Az

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 145
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."