"Köçkün soydaşlarımızın bu addımı milli cəsarət nümunəsidir" - Rafael Cəbrayılov

Müəllif: Redaktor

Editor

Millət vəkili erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə ilkin mərhələdə 50 ailənin köçürüləcəyini deyib.

Bu barədə Yeniçağ.Az-a açıqlama verən millət vəkili Rafael Cəbrayılov 2016-cı ilin aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi məsələsinun gündəmdə olduğunu bildirib:

“Bəli, həmin kəndin yenidən qurulması və soydaşlarımızın ora köçürülməsi ilə bağlı məsələ gündəmdədir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da mətbuata bildirib ki, 250 ailə könüllü olaraq Cocuq Mərcanlıya köçmək barədə müraciət edib. İlkin olaraq, 50 ailənin köçürülməsi nəzərdə tutulub. Həmin şəxslərin bu addımı vətənpərvərlik nümunəsidir. Bu, milli cəsarətin nümayişidir. Bəzi insanlarımız pessimist mövqe tutaraq deyirdilər ki, işğal altında olan torpaqlarımız azad olunandan sonra ora heç kim qayıtmayacaq. Amma bu hal göstərdi ki, yurd yeri həsrətli soydaşlarımız xalqımızın vətənpərvər bir hissəsidir. Onlar öz ata-baba torpaqlarına köçməyə, habelə, Ali Baş Komandanın əmri olarsa, erməni ilə əlbəyaxa döyüşə də hazırdırlar. Mən bu əhval-ruhiyyənin dəfələrlə şahidi olmuşam”.

Millət vəkili Cocuq Mərcanlı kəndinin dövlət vəsaiti hesabına yenidən qurulacağını deyib:

“Əlbəttə, bu kənd dövlət hesabına yenidən qurulacaq və orada məskunlaşacaq insanlar yeni tikilmiş, müasir evlərlə təmin olunacaqlar. Bildiyiniz kimi, bu məqsədlə ölkə başçısı İlham Əliyev cənabları tərəfindən ilkin olaraq, 4 milyon manat vəsait ayrılmışdır. Düşünürəm ki, qısa müddət ərzində həmin kənd bərpa ediləcək və soydaşlarımızın həmin kəndə köçürülməsi həyata keçiriləcəkdir. Cocuq Mərcanlı müasir infrastruktura malik kənd kimi yenidən qurularaq, soydaşlarımızın ixtiyarına veriləcək”.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır