Yazı İçi 468×60

Son vaxtlar sosial şəbəkə və saytlarda bu cür xəbərlərin sayı durmadan artır: “Köhnə dərmanları qanına yeritdilər, oğlumu öldürüb, morqa atdılar. Qızım ana olmaq üçün xəstəxanaya getdi, pula görə qanını tökdülər. Uşağım əməliyyatdan sağ çıxmadı, həkimlər əllərini qana batırdılar”…

Bu dəhşətli faktlar özəl klinikalarda baş verir…

Allah heç kəsin yolunu xəstəxanadan salmasın. Xüsusən də özəl klinikalardan… Qiymətlərin od tutub yandığı bu klinikalarda xəstənin cibini soymaq bir yana, bəzən onu ya ölümcül vəziyyətə salır, ya da birbaşa o dünyaya yollayırlar…

Görəsən özəl klinikalarda nə vaxtadək vətəndaşın cibi soyulacaq? Nə vaxt kəmiyyət keyfiyyətlə əvəzlənəcək?

Yeniçağ.az problemi araşdırıb.

Əvvəlcə kiçik bir araşdırma aparıb, özəl xəstəxanalardakı ultrasəs müayinəsinin qiymətlərini öyrəndik:

Leyla Şıxlinskaya Klinikası – 70 AZN
Ankara Tibb Mərkəzi- 75 AZN
Vital Klinika – 70 AZN (süd vəzisi 35 AZN)
Oksigen Klinika – 60 AZN
Medi Haus Tibb Mərkəzi – 70 AZN
Loğman Tibb Mərkəzi -75 AZN
ELMED Klinikası – 56 AZN

“Qiymətlər əhalinin gəlirlərinə uyğun deyil”

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev özəl klinikalarda baş alıb gedən soyğunçuluq hallarının qarşısının alınması üçün çıxış yollarını göstərib:

“Bu gün özəl klinikalarda keyfiyyət aşağı, qiymətlər isə çox yüksəkdir. Bunun qarşısını almaq üçün yeganə çıxış yolu, ölkə ərazisində icbari tibbi sığortanın geniş şəkildə tətbiq olunmasıdır. Başqa yolu yoxdur. Desəm ki, dövlət xəstəxanalarında keyfiyyət yüksəlsin və bununla da özəl klinikalarda qiymətlər tənzimlənsin, bu da doğru olmayacaq. Çünki dövlət klinikalarının təminatı nə qədər yaxşılaşsa da həkimlərin məvacibi qənaətbəxş olmayınca, onlar lazımi xidməti göstərməyəcəklər. Yaxud da xəstələrini özəl klinikalara yönəldib, haqqlarını alacaqlar. Nəticədə, bütün ağırlıq vətəndaşın üzərinə düşəcək”.

Komitə sədrinin müavini problemin həllini eyni zamanda sağlam rəqabətin formalaşmasında görüb:

141990“Özəl klinikaların əksəriyyətində qiymətlər çox yüksəkdir. Mən bilmirəm onlar bu qiymətləri hansı qaydalar əsasında tətbiq edir. Bəlkə də bahalı aparatlara qoyulan xərcləri qısa müddət ərzində çıxartmaq istəyirlər, deyə bilmərəm. Amma həqiqətən də qiymətlər əhalinin gəlirlərinə uyğun deyil. Amma bunu başqa cür də tənzimləmək olmaz. Bazar iqtisadiyyatıdır, hər bir sahibkar öz xidmətinin qiymətini özü müəyyənləşdirir. Buna görə də icbari sığorta işini sürətləndirmək lazımdır. Eyni zamanda dövlət xəstəxanaları ilə özəl klinikalar arasında sağlam rəqabət formalaşmalıdır. Belə olan halda, həm keyfiyyət yüksələr, həm də qiymət aşağı düşər. Amma bu gün o qənaəti hələlik görə bilmirik. Görünür, dövlət klinikalarının da maddi təminatı yaxşılaşdırılmalıdır”.

“Dövlət xəstəxanaları ilə danışığa girib, xəstə göndərirlər”

M.Quliyev artıq iki bölgədə icbari tibbi sığorta ilə bağlı işlər görüldüyünü bildirib:

“Mingəçevir və Yevlaxda olduq. Bəlli oldu ki, ay ərzində xəstəxanalara 1500 nəfər gəlirdisə, artıq bu rəqəm 15 min nəfərə çatıb. Əvvəl analizlər, ultrasəs, həkim baxışı və digər qeyri-rəsmi ödəmələr vardı. Amma indi bunun qarşısı alınıb. Əgər icbari tibbi sığorta tətbiq olunsa özəl klinikalar da məcbur olub qiyməti aşağı salacaq, keyfiyyəti təmin edəcək”.

Komitə sədrinin müavini özəl klinikalarda problemin yalnız qiymətlərlə bağlı olmadığını da deyib:

“Özəl klinikalarda keyfiyyət də aşağıdır. Həmin klinikalarda lazım olmayan əməliyyatlar, müayinələri aparılır, yerli dövlət xəstəxanaları ilə danışığa girib, xəstə göndərirlər. Belə problemlər də var və bunlar aradan qaldırılmalıdır. Söz yox ki, Səhiyyə Nazirliyi belə hallarla mübarizə aparır, əmrlər imzalayır, tövsiyələr verir. Amma nə qədər ki, sistem dəyişməyib bu, mümkün olmayacaq. Səhiyyə Nazirliyi kimisə cəzalandırıb işdən çıxartsa da onun yerinə gələn eyni işi davam etdirəcək. Amma icbari-tibbi sığorta tətbiq olunsa, işləyən kadrlar qalacaq, işləməyənlər uzaqlaşdırılacaq. Yəni idarəetmə sistemində dəyişikliklər olacaq”.

“Xəstə MRT müayinəsinə gələndə fikir etməməlidir ki, nə qədər pul ödəyəcəm”

Həkim-ekspert Adil Qeybulla da problemin həllini icbari tibbi sığortanın tətbiqində görür:

“Xaricdən gətirilən bahalı tibbi avadanlıqların qiyməti çıxarılmalıdır, buna görə də sahibkarın müayinə metodları üçün tətbiq etdiyi qiymətlər vətəndaşın çiynində qalır. Bunun qarşısını almaq üçün icbari-tibbi sığorta tətbiq olunmalıdır. Özəl sektorda müayinə xərclərinə dövlət müdaxilə etməməlidir. Bunun üçün icbari sığorta mütləq şəkildə təmin olunmalıdır. Azərbaycanın hər bir vətəndaşı sığorta vəsiqəsinə sahib olmalıdır. Ən azı doğuş və təxirəsalınmaz tibbi yardım dövlət tərəfindən təmin olunmalıdır. Ağır xərclər vətəndaşın boynuna düşməməlidir. Xəstə MRT müayinəsinə gələndə fikir etməməlidir ki, nə qədər pul ödəyəcəm. Bu problemlər həll olunarsa, o halda başqa ölkələrdə olduğu kimi bizim özəl klinikalara da tələbat artacaq və keyfiyyət təmin olunacaq”.

Səhiyyə Nazirliyi hansı halda işə qarışır?

Məsələyə Səhiyyə Nazirliyinin də münasibətini öyrəndik. Qurumun mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova qiymətlərlə bağlı nazirlik tərəfindən özəl klinikalara nəzarət olunmadığını bildirdi:

“Səhiyyə Nazirliyi özəl klinikalarda qiymətlərin tənzimlənməsinə nəzarət etmir. Çünki sahibkarlar bazar iqtisadiyyatına uyğun olaraq qiymətləri özləri tənzimləyir. Səhiyyə Nazirliyi bir halda özəl klinikaların fəaliyyətinə müdaxilə edə bilər. Həmin klinikada müalicə alan xəstənin hər hansı şikayət xarakterli müraciəti daxil olarsa, o halda, nazirlik işə baxa bilər”.

6b136dad-a272-4f58-b2b6-dc629437f3fdBelə… Araşdırmadan bəlli oldu ki, nə qədər icbari-tibbi sığorta tətbiq olunmayıb, özəl xəstəxanalardakı qiymət artımı və keyfiyyətsiz xidmət aradan qalxmayacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Prezidentin fərmanı var. Bu, işin reallaşması isə Nazirlər Kabinetinə həvalə olunub. Prezident İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari-tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

 

Cəvahir Səlimqızı

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 282
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."