Yazı İçi 468×60

yenicag_ziya_eldar_mtnEldar Mahmudov keçmiş Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edərkən, mərhum Heydər Əliyevin təbiri ilə desək, əksər konyukturaya meyilli insanlar sabiq nazirin atasını tərifləməklə, işlərini keçirirdilər. Ölümündən sonra akademik adı alan nadir şəxslərdən biri olan Əhməd Mahmudov barədə canfəşanlıq edənlərdən biri də Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə idi. Bu gün keçmişdə olanları inkar etsə də, məqalələri onu haqsız çıxarmaqdadır.

 Yenicag.az olaraq, deputatın sabiq nazirin atası olmaqdan savayı fövqəladə heç bir özəlliyi olmayan Əhməd Mahmudov barədə məqaləsini olduğu kimi təqdim edirik:

 

“Akademik Əhməd Mahmudov Azərbaycanın gələcəyini düşünən bir vətəndaş ziyalı idi”

Azərbaycan iqtisad elminin müdrik ağsaqqalı, böyük alim və elm təşkilatçısı barədə düşüncələrim

Akademik Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri

 

 

 

Azərbaycan iqtisadi fikrinin tarixi çox qədimdir. Bu diyarın idarə olunması, inkişafı, iqtisadi həyatına dair şahların, hökmdarların əmrləri, fərmanları olub. Azərbaycanın iqtisadi həyatı ilə bağlı elmi araşdırmalar və bu sahədə çalışmış mütəfəkkirlər haqqında danışarkən Şərq iqtisadi fikrinin formalaşmasına mühüm təsiri olan Nəsrəddin Tusi (1201-1274) xüsusi qeyd olunur. N.Tusi “Əxlaqi Nasiri” əsərində islam dini və fəlsəfi-elmi dünyagörüşünü əsas götürərək göstərmişdir ki, cəmiyyətin həyatında əmək aparıcı rol oynayır və insanlar arasında iqtisadi əlaqələri zəruriləşdirir. Tusi dövrün bütün iqtisadi hadisə və proseslərinə – əmək bölgüsü, istehsal, təkrar istehsal, mübadilə, istehlak və s. kateqoriyalara öz münasibətini bildirir. O, hər bir iqtisadi hadisə və anlayışa konkret, yığcam və aydın təriflər verməyə səy göstərir. İqtisadi fikir tarixində Tusinin ən böyük xidməti iqtisadiyyatın bir obyekt kimi öyrənilməsinin zəruriliyini göstərməsidir. Böyük mütəfəkkir burada iqtisad elmi anlayışını işlətmir, lakin iqtisadiyyatı “ictimaiyyət” adlandırdığı elmin obyekti hesab edir.
Tusi özünün dövlət maliyyəsi və vergilər sisteminə dair nəzəri və əməli təkliflərində bu sahədə özünü doğrultmayan qaydalara qarşı çıxış etmiş və bir sıra iqtisadi islahatlar keçirilməsini zəruri hesab etmişdir. O, Hülakü xanın oğlu Abaqa xanın (1265-1282) sifarişi ilə yazdığı “Maliyyə haqqında traktat” əsərində göstərir: “hökmdar mənə tapşırıq verdi ki, qədim dövrlərdə bu əyalətlərdə öz qayda-qanunu ilə ölkəni abad, rəiyyəti və ordunu yüksək səviyyədə saxlaya bilən hakimiyyət başçılarının adət-ənənələrini, idarə üsulunu öyrənib ona təqdim edim. Bu göstərişə görə də mən həmin əsəri tərtib etdim”. Onu da qeyd etməyi vacib sayıram ki, Dədə Qorqud, böyük Nizami və digər mütəfəkkirlərin yaradıcılığında yaşadıqları dövrün iqtisadi həyatına dair də maraqlı fikirlər söylənilir.
Azərbaycanın çox çətin şəraitdə formalaşan iqtisadçı alimlər Sovet dövrünün qadağalarına baxmayaraq, Azərbaycanda iqtisadi fikir tarixinin öyrənilməsi üçün çox böyük zəhmət çəkmişlər. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun yaradılması respublikamızın elmi həyatında böyük hadisəyə çevrildi.
Azərbaycanda iqtisad elminin inkişafında müstəsna xidmətləri olan Əhməd Mahmudovun zəngin elmi və təşkilatçılıq fəaliyyəti bütünlüklə Azərbaycan SSR EA İqtisadiyyat bölməsi və 1958-ci ildə bu bölmənin əsasında yaranan İqtisadiyyat İnstitutu ilə bağlı olmuşdur. O, Azərbaycan SSR EA İqtisadiyyat bölməsi tərəfindən təhsilini davam etdirmək məqsədilə SSRİ EA İqtisadiyyat İnstitutunda aspiranturaya təhsil almaq üçün göndərilir. Əhməd Mahmudov dəfələrlə qeyd edirdi ki, onun bir gənc alim kimi formalaşmasında və inkişafında o zaman sosialist düşərgəsində iqtisadi fikrin mərkəzi sayılan SSRİ EA İqtisadiyyat İnstitutunda çalışan, adları nəinki ölkəmizdə və eyni zamanda onun hüdudlarından çox-çox uzaqlarda məşhur olan görkəmli iqtisadçı alimlərlə daim təmasda olması çox böyük rol oynamışdır. Əhməd Mahmudov 1956-cı ildə SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda namizədlik dissertasiyasını, 1967-ci ildə doktorluq dissertasiyasını müdafiə edir. 1972-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilir. Əhməd Mahmudov 1955-ci ildən fasiləsiz olaraq 25 il Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda direktor vəzifəsində çalışır.
Əhməd Mahmudovun Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi illərdə bu elmi mərkəz nəinki respublikada, eləcə də keçmiş Sovetlər məkanında böyük nüfuzu olan elmi-tədqiqat mərkəzinə çevrildi.
Akademik Əhməd Mahmudov və onun həmkarları respublikada iqtisadçı alimlər hazırlanması üçün çox zəhmət çəkdilər. Keçən əsrin 60-cı illərinin ortalarından başlayaraq SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan Elmlər Akademiyasında doktorluq dissertasiyası üzrə ixtisaslaşdırılmış şura yaradıldı. Uzun illər bu şuraya başçılıq edən akademik Əlisöhbət Sumbatzadə və akademik Əhməd Mahmudov əsl ziyalı, böyük şəxsiyyətlər kimi Azərbaycanın iqtisadçı alimlərinin yetişməsində müstəsna fəallıq göstərdilər. Hər iki böyük alim gənc tədqiqatçılara xüsusi qayğı ilə yanaşır, onlara meydana çıxan çətinliklərin həllində kömək edir, dissertasiyalarının vaxtında müdafiəyə təqdim edilməsinə çalışırdılar. Onu da xüsusilə qeyd etmək istərdim ki, SSRİ Ali Attestasiya komissiyasının tələblərinə tam cavab verən bu ixtisaslaşdırılmış şurada Moskva, Kiyev və digər müttəfiq respublikalardan gələn elmi işçilər namizədlik və doktorluq dissertasiyaları müdafiə edirdilər.
Görkəmli alim və elm təşkilatçısı olan Əhməd Mahmudov institutun elmi istiqamətləri hazırlanarkən Azərbaycanın xalq təsərrüfatının inkişafı ilə bağlı problemlərə üstünlük verir, yeni şöbələr açır, iqtisad elminin Azərbaycan xalqının mənafeyinə uyğunlaşdırılması istiqamətində cəsarətli addımlar atırdı. Artıq 70-ci illərdə Azərbaycanda iqtisad elminin bir neçə mühüm istiqaməti üzrə elmi məktəblər formalaşır.
Bu dövrdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət heyətinin nəzdində akademik Əhməd Mahmudovun sədrliyi ilə iqtisad elmləri üzrə Əlaqələndirmə şurası yaradılır.
Əhməd Mahmudov iqtisad elmləri üzrə Əlaqələndirmə şurasının fəaliyyətini səmərəli şəkildə təşkil edir, respublikamızın müxtəlif elm, təhsil ocaqlarında iqtisad elmi ilə bağlı yerinə yetirilən tədqiqatların zamanın, xalq təsərrüfatının maraqlarına uyğunlaşdırılmasına çalışır və bu sahədə sözün əsl mənasında əsl qayda yaradır.
Sovet sisteminin müəyyən çətinliklərinə, məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan xalqı, onun iqtisadiyyatı bu dövrdə böyük inkişaf yolu keçdi. Azərbaycan ölkənin əsas neft bazasına çevrildi. Neft sənayesi ilə yanaşı, digər sahələrin inkişafına, iqtisadiyyatın birtərəfli strukturunun aradan qaldırılmasına xüsusi fikir verildi. Respublikamızda əlvan və qara metallurgiya sənayesinin əsası qoyuldu, kimya, neft kimyası müəssisələri istifadəyə verildi, iqtisadiyyatın energetika bazası möhkəmləndi. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-ci illərində sənayenin mütərəqqi sahələrinin üstün inkişafı ilə bağlı xüsusi proqram hazırlandı. On minlərlə yeni iş yerləri yaradıldı, respublikanın orta və kiçik şəhərlərində yüngül və yeyinti sənaye müəssisələri iri maşınqayırma zavodlarının filialları və s. yaradıldı.
Kənd təsərrüfatı da böyük inkişaf yolu keçdi. 1970-1980-ci illərdə respublikanın xalq təsərrüfatına ayrılan vəsaitin artımının 30 faizi aqrar sektorun payına düşdü. Kənd təsərrüfatına dövlət himayəsi artdı. Azərbaycan torpağının hər yerində böyük quruculuq işləri görüldü. Bütün bunların nəticəsində aqrar bölmənin sürətli və dinamik inkişafı təmin edildi. Kənd əhalisinin sosial həyatında böyük dəyişikliklər baş verdi. Respublikamız ittifaqda birinci yerə çıxdı. O sərt sovet sistemi daxilində Azərbaycan xalqı inkişaf edirdi, onun sosial-iqtisadi həyatında böyük keyfiyyət dəyişiklikləri baş verirdi. Sovet dövründə, xüsusilə də 70-ci illərdə elm, təhsil, mədəniyyət və incəsənətin inkişafı ilə bağlı görülən tədbirlərin miqyası da çox geniş idi.
Azərbaycanın iqtisadçı alimləri respublikanın xalq təsərrüfatının ayrı-ayrı sahələrində baş verən iqtisadi prosesləri ətraflı təhlil edir, müxtəlif iqtisadi problemlərə dair monoqrafiyalar çap etmişdir, elmi-konfranslar seminarlar təşkil edir, bir sözlə, real iqtisadi həyatla sıx təmasda Azərbaycan iqtisad elmini inkişaf etdirirdilər. Bu vacib, mən deyərdim ki, bu müqəddəs işə istər elmi, istərsə də təşkilatçılıq baxımından akademik Əhməd Mahmudov başçılıq edirdi. Onun həqiqətən də çox dəyərli dostları, həmkarları var idi.
Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu onun üçün doğma vətənin bir hissəsi idi ki, bu elmi mərkəzdə də Azərbaycanın çiçəklənməsinə xidmət edən əsərlər yazılır, dərin tədqiqatlar aparılırdı. Bu gün Sovet sistemi yoxdur. Onun bərpası da mümkün deyildir. Bu gün müstəqil Azərbaycan dövləti var və sovet dövründə iqtisadçı alimlərimiz tərəfindən yerinə yetirilən işlər bu günkü Azərbaycanın daha keyfiyyətli yaşaması üçün edilibdir.
Biz vaxtilə görülmüş işləri layiqincə qiymətləndirməliyik. Bu bizim müqəddəs borcumuzdur. Əlbətə, bu dövrün problemləri də olmuşdur. Yaddan çıxarmamalıyıq ki, Azərbaycan iqtisadiyyatı SSRİ kimi nəhəng bir dövlətin mərkəzləşdirilmiş planlaşdırma, inzibati-amirlik sisteminin tərkib hissəsiydi və bütünlükdə bu sistemin məlum nöqsanları sosial-iqtisadi inkişafa da təsir edirdi.
Biz bunu da qeyd etməliyik ki, keçmiş Sovetlər sistemində İttifaq mənafeləri üstünlük təşkil edirdi, yəni hər şey ilk növbədə vahid xalq təsərrüfatı kompleksi baxımından qiymətləndirilirdi. Bütün bunlara baxmayaraq sovet rejimi şəraitində Azərbaycan xalqı əsrlərə bərabər böyük inkişaf yolu keçmişdir və bunu inkar edənlərin, “sovet sistemi xalqımıza yalnız əzab-əziyyət verib” – deyənlərin tarixdən, dünyanın inkişaf səhifələrindən xəbərləri yoxdur.
Bir daha qeyd etmək istəyirəm ki, sovet sistemi dağılıb, onun yenidən bərpası üçün heç bir əsas yoxdur. Ancaq o dövrdə, ondan da qabaqkı dövrdə tikilən binalar, zavod və fabriklər, yaradılan elm, təhsil ocaqları, hazırlanan ixtisaslı kadrlar qalır. Onlar bu günün, sabahın tərəqqisi üçün çox lazımdır.
Bu nailiyyətlərin əldə olunmasına elmin, o cümlədən iqtisad elminin də samballı töhfəsi olmuşdur. Qeyd edək ki, respublikamızda iqtisad elmi xüsusilə 70-ci illərdə real həyatla daha sıx əlaqəli şəkildə inkişaf edirdi ki, bu tədqiqatların da mərkəzi Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu sayılırdı. Bu elm ocağında intensivləşdirmə, əmək məhsuldarlığı, iqtisadi inkişafın sürəti və proporsiyaları, aqrar, demoqrafiya, məşğulluq, məhsuldar qüvvələrin yerləşdirilməsi və s. problemlər kompleks şəkildə tədqiq edilirdi. Bütün bu işlərə də akademik Əhməd Mahmudov rəhbərlik edirdi.
Əhməd müəllim XX əsrin 70-ci illərində Azərbaycan iqtisadiyyatında, xüsusən kənd təsərrüfatında mövcud olmuş və bu gün də aktual olan bir çox problemlərin həllində həmin illərdə Azərbaycan dövlətinin birinci şəxsi olmuş, ümummilli liderimiz H.Əliyevin müstəsna istiqamətləndirici təşkilatçılıq qabiliyyətini, bacarığını, onun yeritdiyi uzaqgörən iqtisadi siyasəti çox yüksək qiymətləndirərək Akademiyanın Xəbərləri (iqtisadiyyat seriyası) jurnalında “Azərbaycan onuncu beşillikdə” adlı 1980-ci ildə dərc etdirdiyi məqalədə yazırdı: “Respublika xalq təsərrüfatının inkişafının mühüm problemlərinin həlli, ictimai istehsalın intensivləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi üçün istehsala yaradıcı iqtisadi rəhbərlik metodlarının ardıcıl tətbiq edilməsi, plan intizamının möhkəmləndirilməsi, dövlət planlarının sosial-siyasi mahiyyətinin yüksəldilməsi, sənayenin quruluşunun təkmilləşdirilməsi, aqrar-sənaye inteqrasiyası əsasında kənd təsərrüfatının ixtisaslaşdırılması və təkmilləşdirilməsi, məhsuldar qüvvələrin inkişafı və ərazi üzrə düzgün yerləşdirilməsi, ictimai əmək məhsuldarlığının yüksəldilməsi sahəsində son illərdə tədbirlər sistemi həyata keçirilir. “Xüsusilə qeyd etmək lazımdır ki, bütün bu elmi istiqamətlər ümumən müasir dövrdə ölkəmizdə sosial-iqtisadi inkişafın dinamik və tarazlı inkişafının təmin edilməsi baxımından çox əhəmiyyətlidir”.
Tarix boyu Azərbaycan xalqının həyatında kənd təsərrüfatının rolu çox böyük olub. Torpaq, kəndli münasibətləri şairlərin də, tarixçilərin də, din xadimlərinin də, filoloqların da, sərkərdələrin də həmişə diqqət mərkəzində olub. Qeyd edək ki, respublikamızın iqtisadçı alimləri tədqiqatlarını çox çətin bir şəraitdə aparmışlar. Çünki 50-60-cı illərdə kolxozlarda sadə bir iqtisadi təhlil aparmaq üçün informasiya hədsiz məhdud idi, hətta bu gün hər bir müəssisənin, şirkətin fəaliyyətinin əsas göstəriciləri sayılan mənfəət, maya dəyəri, əmək məhsuldarlığı, digər iqtisadi göstəricilər hesablanmırdı. Bu sahədə mövcud olan geriliyi aradan qaldırmaq, iqtisadi işi qurmaq üçün iqtisadçılar kolxozlarda olur, sahələrdə, fermalarda xronometraj aparır, sözün əsl mənasında kənd təsərrüfatı iqtisadiyyatı elminin əsasını qoyurdular. Respublikamızın aqrar iqtisadçı alimləri başda Əhməd Mahmudov olmaqla, kənd təsərrüfatının iqtisadiyyatı ilə bağlı dərin tədqiqatlar aparır, təsərrüfat, plan, hökumət orqanları ilə əlaqələri formalaşdırırdılar. Onlar tədqiqatlarında aqrar, torpaq, su, əmək ehtiyatlarından səmərəli istifadə, istehsalın intensivləşdirilməsi, ixtisaslaşma və s. aktual məsələlərə diqqəti artırırdılar. Bu gün aqrar iqtisad elmini çox dəyərli iqtisadçı alimlərimiz təmsil edirlər.
Əhməd Mahmudovun elmi təşkilatçılıq fəaliyyətinin ana xəttini respublika iqtisadiyyatının dirçəlişinə xidmət etmək təşkil edirdi və o bu istiqamətdə çox gərgin və məhsuldar iş aparırdı. Akademik Əhməd Mahmudov 70-ci illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafına kömək edən tövsiyələrin hazırlanması işində bilavasitə iştirak edirdi. Bu cəhəti xüsusilə vurğulamaq istəyirəm ki, Nazirlər Kabineti, Dövlət Plan Komitəsi ardı-arası kəsilmədən Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna tapşırıqlar verir, vacib problemlərin həllində bu elmi mərkəzin rəyini soruşurdu.
Onun rəhbərliyi ilə respublikanın müxtəlif şəhər və rayonlarında elmi konfranslar, seminarlar keçirilir, sosial-iqtisadi problemlərin elmi tədqiqi sahəsində əməli addımlar atılırdı.
Əhməd Mahmudov tez-tez müəssisələrə, rayonlara gedir, orada iqtisadçı alimlər və təsərrüfat işçilərinin iştirakı ilə görüşlər keçirir, aktual problemlərə dair “Dəyirmi masa”lar təşkil edir, respublikamızda iqtisad elminin qarşısında duran vəzifələr barədə ictimaiyyətə müntəzəm olaraq məlumat verirdi.
Akademik Əhməd Mahmudovun elmi yaradıcılığında 70-ci illərdə Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərin elmi təhlili göründüyü kimi mühüm yer tutur. Alim belə hesab edir ki, bu dövrdə respublikada yaradılmış elmi-texniki istehsal potensialı gələcəkdə iqtisadi inkişafın daha sürətli və səmərəli olmasını xeyli genişləndirmişdir. Bu baxımdan Əhməd müəllimin apardığı müqayisəli təhlil diqqəti cəlb edir (bax: Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri İqtisadiyyat seriyası 1982 ci il ¹3).
Akademik Əhməd Mahmudov Azərbaycanda iqtisad elminin inkişafında görkəmli alim-tədqiqatçı kimi də böyük iz qoyub getmişdir. Qeyd etmək lazımdır ki, iqtisadiyyatın inkişaf tarixi, bu istiqamətdə aparılan tədqiqatlarla tanış olarkən iqtisadçı alimlərin nə kimi çətinliklərlə üzləşdiyinin əyani şahidi olursan. O dövrlərdə iqtisadi proseslərin elmi tədqiqini vermək asan məsələ deyildi. Aşkar edilən nöqsanları, çətinlikləri olduğu kimi vermək böyük cəsarət tələb edirdi.
Akademik Əhməd Mahmudov aqrar iqtisad elminin formalaşmasında həlledici rol oynayan alim idi. Məhz Əhməd Mahmudovun əsərlərində ilk dəfə olaraq kənd təsərrüfatının intensivləşdirilməsinin zəruriliyi əsaslandırılmış, onun metodoloji aspektləri tədqiq edilmişdir. O, çox zəngin statistik, konkret materiallara əsaslanaraq Azərbaycan kənd təsərrüfatında intensivləşdirmənin amillərini, səviyyəsini təhlil etmiş, intensivləşdirmənin aqrar sektorun dinamik inkişafındakı rolunu elmi cəhətdən əsaslandırmışdır.
Dünyanın bütün sivil dövlətlərində aqrar elmi yüksək inkişaf edən bir sahədir. Akademik Əhməd Mahmudov bunun nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini cəsarətlə qeyd edir, böyük potensial imkanlara malik olan respublikamızda da bu elmin inkişafı üçün böyük əmək sərf edirdi.
Ə.Mahmudov öz tədqiqatlarında torpaqdan istifadə, onun iqtisadi münbitliyi, kənd təsərrüfatında torpağın başlaca istehsal vasitəsi kimi malik olduğu spesifik xüsusiyyətləri məsələlərinə hərtərəfli və dərindən yanaşır. O sübut edirdi ki, torpağın malik olduğu bu xüsusiyyətlər kənd təsərrüfatının intensivləşdirilməsinin əsasını təşkil edir və əlavə vəsait qoyuluşu nəticəsində istifadə edilən torpaq sahəsinin hər hektarından məhsul istehsalının artırılması mümkün və zəruridir. Eyni torpaq sahəsinə səmərəli investisiya qoyuluşunun nəticəsində onun təbii münbitliyi daim bərpa olunur və yeni iqtisadi münbitlik yaranır. Əhməd müəllimin tədqiqatlarında intensivləşmənin amilləri müəyyənləşdirilmiş və sistemləşdirilmişdir.
Müəllif öz tədqiqatlarında intensivləşdirmənin amilləri arasında yaranmış qeyri-mütənasibliyi aşkar etmiş və aradan qaldırılmasının konkret yolu və metodlarını vermişdir. Onun bir sıra elmi əsərlərində kənd təsərrüfatının intensivləşdirilməsinin ümumi xarakteristikası, torpaq və əkin sahələrinin quruluşu, istehsalın və əməyin texnika, enerji resursları ilə silahlanması problemləri aşkar və təhlil edilir.
Əhməd Mahmudovun əsərlərində texniki tərəqqi ilə əlaqədar olaraq istehsalın intensivləşdirilməsi mənbələri, amilləri və stimullaşdırılmasının tədqiqinə xeyli yer verilir. Heç də təsadüfi deyildir ki, onun tədqiqatları nəinki nəzəri, eyni zamanda praktiki əhəmiyyət kəsb edir və istehsalın inkişafına bilavasitə müsbət təsir edir.
Əhməd Mahmudov belə bir nəticəyə gəlmişdir ki, istehsalın intensivləşdirilməsi xammal və materialların emalının dərinləşdirilməsini, sadə məhsul istehsalından daha mürəkkəb məhsul istehsalına keçilməsini və onların emal formalarının artırılmasını tələb edir. Təbii ki, bu da yeni sahə və istehsalın meydana gəlməsinə, yeni texnikanın tətbiqi imkanlarının dərinləşməsinə və miqyasının genişlənməsinə, məcmu ictimai məhsulun tərkibində xammalın xüsusi çəkisinin azalmasına səbəb olur. Daha sonra əsərlərində göstərmişdir ki, geniş təkrar istehsalın intensiv tipi kapital qoyuluşunu modernləşdirməyə, yenidənqurmaya və fəaliyyətdə olan müəssisələrin texniki səviyyəsinin yüksəldilməsinə yönəldilən vəsaitlərin artmasını zəruri edir. Alimin bu fikirləri bu gün müstəqil Azərbaycan Respublikasının dünya sisteminə inteqrasiya etdiyi bir zamanda rəqabətə davamlı iqtisadiyyat yaratmaq baxımından qiymətli və aktualdır.
XX əsrin 60-cı illərindən başlayaraq keçmiş Sovetlər İttifaqında riyazi, o dövr üçün ən müasir sayılan informasiya texnologiyalarından istifadə olunması, çoxvariantlı inkişaf modellərinin hazırlanması sahəsində maraqlı işlər aparılırdı. Respublikamızda da bu sahədə tədqiqatlar geniş vüsət aldı ki, bu sahədə də akademik Əhməd Mahmudovun elmi təşkilatçılıq fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Məhz Əhməd müəllimin səyi nəticəsində bu qeyd etdiyim problemlə də əlaqədar alimlərimizin SSRİ Elmlər Akademiyasının nüfuzlu elmi mərkəzləri ilə əməkdaşlığı möhkəmləndi.
Əhməd Mahmudov 70-ci illərdə iqtisadi inkişaf, səmərəlilik problemlərinə dair geniş tədqiqatlar aparır, bu elmi istiqamətlərin gələcəkdə də vacib olduğunu xüsusilə vurğulayırdı.
Əhməd müəllim qeyd edirdi ki, iqtisadiyyatın idarə olunmasının səmərəli sistemi yaradılmalıdır. İslahatın mənası və istiqaməti əmək adamlarının işdə və cəmiyyətdə əsl sahib mövqelərini təmin etməkdən ibarətdir. Müəssisələrin müstəqilliyinin artırılması məsələsinə daha çox diqqət verilməlidir. O, 1988-ci ildə yazdığı bir məqalədə qeyd edirdi ki, mövcud idaretmə, planlaşdırma, qiymətqoyma, əmək haqqı və maddi həvəsləndirmə sistemində olan nöqsanlar insan amilinin gücləndirilməsini ləngidir, onu buxovlayır, “bütün sahələrdə rəhbərliyin inzibati metodlarından iqtisadi üsullara keçilməsi, idarəetmənin geniş surətdə demokratikləşdirilməsi və insan amili hər vasitə ilə fəallaşdırılmalıdır…”
İqtisad elminin nəzəri və praktiki problemlərinin həllinə xüsusi diqqət yetirən və burada ehkamçılığı törədən səbəbləri və onları aradan qaldırmaq yollarına xüsusi diqqət yetirən Əhməd müəllim 1988-ci ildə “Azərbaycan kommunisti” jurnalının redaksiyasında keçirilən “Dəyirmi masa”da iştirak etmiş və alim bu görüşdə olduqca maraqlı və düşündürücü ideyalar irəli sürmüşdür. O qeyd edir ki, ümumiyyətlə, ehkamçılıq nəzəriyyənin praktikadan ayrı düşməsi deməkdir. O, daha sonra deyir: “sirr deyil ki, siyasi iqtisadçılarımız uzun müddət real həyatla bağlı nəzəri məsələlərlə az məşğul olmuşlar. Bununla əlaqədar siyasi iqtisadın konkret iqtisadi fənnləri həm funksional, həm də sahə fənnləri ilə qarşılıqlı əlaqəsinə də yeni nəzəriyyələrlə baxmaq lazımdır. Təəssüflə etiraf etmək lazımdır ki, bizim respublikamızın bir çox siyasi iqtisadçıları konkret iqtisadiyyatı “ikinci dərəcəli” elm hesab edərək ona saymazyana yanaşırlar. Halbuki bu “ikinci dərəcəli” elm yüksək nəzəriyyələr ilə real həyat arasında əlaqələndirici vəsilədir. Həmin əlaqənin kəsilməsi ehkamçılığın həm səbəbləri, həm nəticələri və həm də təzahür formasıdır”.
Respublikada iqtisad elminin vəziyyəti barədə 1987-ci il “Azərbaycan kommunisti” jurnalında müsahibə dərc etdirən Əhməd müəllim deyirdi: “mənim fikrimcə ümumi iqtisad elmi respublikamızda iqtisadi inkişafın müasir şəraitdə qarşıya qoyduğu məsələlərə nə nəzəri, nə də əməli cəhətdən cavab verməyə hazır olmamışdır. Vəziyyəti əsaslı surətdə düzəltmək üçün birinci növbədə işimizin təşkili üslubunu və metodlarını yaxşılaşdırmalıyıq. Fəaliyyətdə qrup və dissertasiya mənafeyi qınına qapılıb qalmaq, yeknəsək problemlər, mövzu xırdalığı və təşkilatçılıq, aparılan tədqiqatların nəzəri və əməli cəhətləri arasındakı uyğunsuzluq və s. kimi problemlər aşkara çıxarılıb”. İqtisadçıların bir qrupu özünü nəzəriyyəçi sayır. Bu alimlərin sırf nəzəriyyəçilik meyli onları çox vaxt həyatla real xalq təsərrüfatı proseslərindən ayrı salır”.
Əhməd Mahmudovun 70-80-ci illərdə apardığı tədqiqatların mühüm istiqamətlərindən biri də iqtisadi mexanizmlərdən istifadə, həvəsləndirmə sisteminin təkmilləşməsi ilə bağlı idi. O dövrün ideologiyasını, idarəetmə sistemini başa düşən hər bir şəxs bilirdi ki, qeyd edilən istiqamətlərdə elmi fikir söyləmək asan məsələ deyildir. O, çox ustalıqla rəhbərlik etdiyi elmi kollektivi, eləcə də respublikanın iqtisadçılarını bu sahədə tədqiqatları genişləndirməyə çağırırdı. Çünki bu problemlərin tədqiqinin arxasında respublikanın maraqlarının qorunması dururdu.
Akademik Əhməd Mahmudovun respublikanın gələcək inkişafı ilə bağlı fikirləri çox düzgün və elmi cəhətdən əsaslı idi. 80-ci illərin ortalarında, biz bir qrup iqtisadçı alimlərlə birlikdə respublikamızın iqtisadi müstəqillik konsepsiyasını hazırlayırdıq. Çox çətin, mürəkkəb bir dövrdə bu barədə onunla söhbətlərim maraqlı və məhsuldar olurdu. Əhməd Mahmudov qeyd etdiyim taleyüklü problemə öz müsbət münasibətini bildirməklə yanaşı, konkret hesablamalar, təkliflər verir, respublikanın böyük imkanlara malik olduğunu göstərirdi.
Akademik Əhməd Mahmudov Azərbaycanın gələcəyini düşünən bir vətəndaş ziyalı idi. O, Qarabağ münaqişəsinin ilk günlərindən ürək ağrısı ilə erməni millətçilərinin mənfur siyasətinə öz nifrətini bildirən, xalqla bağlı olan bir vətənpərvər alim kimi çıxış edirdi. Əhməd Mahmudov keçmiş Sovetlər İttifaqında çox hörməti olan bir iqtisadçı – alim, mühüm elmi mərkəzin rəhbəri kimi tanınırdı.
Akademik Əhməd Mahmudovun SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, digər mühüm elmi mərkəzlərlə əməkdaşlığın formalaşması və inkişafında müstəsna rolunu biz heç vaxt unutmamalıyıq.
Əhməd Mahmudov kindən, qəzəbdən uzaq bir alim, təşkilatçı, rəhbər idi. İqtisadi problemlərin müzakirəsində gərginliyi o, çox məharətlə, müdrikliklə aradan qaldırır, insanlar arasında səmimiyyətin qorunmasını təmin edirdi.
Azərbaycan iqtisad elmi möhkəm sütunlar üzərində qurulmuşdur və bu sütunların, bu elmin formalaşmasında akademik Əhməd Mahmudov müstəsna rol oynamışdır. Akademik Əhməd Mahmudov və onun silahdaşlarının formalaşdırdığı, inkişaf etdirdiyi iqtisad elmi bu gün müstəqil Azərbaycan üçün çox vacibdir.
Azərbaycan iqtisad elmi yaşayır və bundan sonra da doğma respublikamızın dirçəlişinə kömək edəcəkdir. Çünki onun əsl vətəndaş alim, akademik Əhməd Mahmudov kimi ağsaqqalı olub.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."