Yazı İçi 468×60

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyunundakı mübahisəli penalti qərarı böyük müzakirələrə səbəb olub. Yeniçağ.az xəbər verir ki, bəziləri 73-cü dəqiqədə baş hakim Ramil Diniyevin “Neftçi”nin qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsini haqsız saysalar da, haqlı olduğunu deyənlər də var.

R. Diniyevin qərarını dəstəkləyənlərdən biri də keçmiş FİFA referisi Anar Salmanovdur. O, Yeniçağ.az-a danışarkən R. Diniyevin idarə etdiyi oyundan razı qaldığını deyib:

“Mən bunu hakim Ramil Diniyevin öhdəsinə buraxıram. Çünki hakim mövqeyi yaxşı idi. Bilirsiniz ki, qaydalarda da var ki, cərimə xəttinin üstü daxili sayılır. Diniyev düzgün təyin etdi. 70-ci dəqiqəni çıxmaqla isə oyunu pis idarə etmədi. 70-ci dəqiqədə “Qarabağ”ın qapısına penalti təyin etməli idi. Mövqeyi də pis deyildi. “Qaydaların yozumu və tətbiqi” deyə bir bənd var. Sadəcə, onu da düzgün yerinə yetirə bilmədi. 17 nömrəli futbolçunun yıxılmağı baş hakimi aldatdı. Amma orada ayağa toxunuş vardı, 11 metrlik zərbə təyin etməli idi. R.Diniyevi hamı yaxşı tanıyır. İstəmədən səhv edə bilər, amma qəsdən etməz”.

A.Salmanov AFFA Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədovun Ramil Diniyevə göstəriş verməsi ehtimalından danışıb. Həmçinin o, sosial şəbəkədə müzakirə olunan “X. Məmmədov nə vaxta qədər həmin komitənin sədridir, belə problemlər tez-tez olacaq” məsələsinə də toxunub:

“Onu düz deyirlər. Nə vaxta kimi ki o, kreslosunda oturacaq, bu problemlər də olacaq. Özünüz baxın, görün o komitəyə görə nə qədər söz-söhbətlər, problemlər var. Yəni həmin komitənin rəhbər postuna sağlam nəfəs, sağlam insan gəlməlidir. Təbii ki, əvvəllər də səhvlər olub, olacaq da. Amma bu qədər səhvlər olmaz. Həmişə demişəm, ona hakimlik lazım deyil. O, ancaq pul yığmaq haqda düşünür. Ona Diniyev və başqaları lazım deyil. Ona lazımdır ki, aldığı “paket” cibində olsun, gedib yaşasın. Onun ayrı problemləri var. Onu maraqlandırmır ki, Azərbaycan hakimliyi nə səviyyədədir, hansı səhvlər var, nə baş verir”.

Keçmiş FİFA referisi Ramil Diniyevin Xaqani Məmmədovun göstərişini yerinə yetirməsi mövzusuna da toxunub:
“Xeyr, inanmayın. Elə şey yoxdur. Ramil Diniyev o şəxslərdən deyil ki Xaqani Məmmədov kimi adamların tapşırığını yerinə yetirsin. O, sağlam düşüncəli, normal adamdır”.

Anar Salmanov Xaqani Məmmədovun postundan qovulmalı olduğunu da deyib. Həmçinin Salmanov hakimlərin məşq toplantısında Xaqani Məmmədovun nə iş gördüyünü, niyə getdiyini anlamadığını da deyib:

“Sual verərdim ki, Xaqani Məmmədov məşq toplantısına nəyə görə getmişdi? Orada nə işlə məşğul idi? Məşq toplanışında təcrübəli Əli Hüseynov var. Nəzəri dərsləri keçirdi. Həmçinin də yüksək səviyyədə fiziki hazırlıq keçən məşqçi belə var. Bütün hakimlərə tibbi yardım edən həkim də var. Onun orada olması gülünc vəziyyət idi. Bu, heç kimə lazım deyildi”.

“O zaman hansısa pul yeyintisi edirmi?” sualına Anar Salmanov belə cavab verib:

“O barədə dəqiq heç nə deyə bilmərəm. Bilirsiz, AFFA Hakimlər Komitəsi UEFA Konvensiyasına daxildir. Buna görə, 6 il ərzində UEFA-dan hər il 100 min pul alınır. İndi onu necə xərcləyir, necə bölür, mən bilmirəm. Həmin işin içində deyiləm. Buna müdaxilə edə bilmərəm, çünki o komitədə deyiləm.

Amma sırf onun işi göz qabağındadır. X. Məmmədov 8 il ərzində heç bir iş görməyib. O yalandan televiziyaya çıxıb, nağıl danışır. Ən böyük problemlərdən biri də onun efirə çıxıb “Hər bir hakim öz idarə etdiyi oyununda verdiyi səhv epizodu müzakirə edəcək” deməsidir. Hansı sivil ölkədə belə bir şey var? Heç bir ölkədə hakim klub rəsmiləri, tamaşaçılarla birlikdə verdiyi qərarı müzakirə etmir. Bu gülünc vəziyyət dünyanın heç bir yerində yoxdur. Ancaq belə hal mümkündür: Hakimlər Komitəsinin rəhbəri çıxıb hakimin epizodunu müzakirə edir. Hakimin buna ixtiyarı yoxdur. Səhvə görə kodeks var, cəza üsulu tətbiq edilir. Neçə oyun düşürsə, onun cəzasını ödəməlidir. Hakimi tamaşaçılar, klub rəsmilərinin qarşısına çıxarıb, üz-üzə qoymaq ən axırıncı variantdır. Burada bir əsas səbəb var, o, özünü sığortalamaq istəyir. “Mən kənarda dayanım, zərbə mənə dəyməsin” düşüncəsi… O, kreslosundan yapışıb”.

 

Aygün İlqarqızı

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."