“Krımda etdiyimiz xətanı Borçalıda yaşamamaq üçün hərəkətə keçməliyik” – Seyfullah Türksoy

“Krımda etdiyimiz xətanı Borçalıda yaşamamaq üçün hərəkətə keçməliyik” – Seyfullah Türksoy

Müəllif: Baş Redaktor

Baş Redaktor

ff_3983“Dünya Qarapapaqlar Birliyinin tədbirlərində bütün türk boy və dövlətləri, o cümlədən Osmanlı və Səfəvi bayraqları olub və olacaq”

 

Uzun illərdən bəri qardaş ölkənin telekanallarında Türk dünyasından hazırladığı reportajlarla tanıdıq Seyfullah Türksoyu. Bu gün Türk dünyası ilə bağlı hazırlanan əksər proqramlarda gördüklərimizi illər öncə o, tanıtdı bizə və Türkiyəyə. Seyfullah Türksoy artıq sadəcə jurnalist həmkarımız deyil. O, eyni zamanda Dünya Qarapapaq Türkləri Birliyinin başqanıdır. Seyfullah bəylə söhbətimizdə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da iştirak edirdi. S.Türksoyun Azərbaycandakı ən qədim dostlarından olan Tənzilə Rüstəmxanlıdan öyrənmək istədik öncə, Türk dünyasının könül elçisi adlandırdığı Seyfullah bəyi.  T.Rüstəmxanlı üçün Seyfullah Türksoyun kim olduğunu bu cümlələrlə bəyan etdi:

seyfullah_turksoy_kanal_7– Mənim türk dünyasında tanıdığım bir Seyfullah Türksoy var ki, gənclik illərindən üzü bəri uzun illərdir  onun obrazı gözlərimdə formalaşıb.  Tanıdığım Seyfullah Türksoy Azərbaycana ən ağır dönəmlərdə gələrək reportajlar hazırlayıb.  O dönəm ki, Azərbaycan müstəqilliyini yenicə qazanmışdı. Həmin dövrlərdə bir kiloqram şəkər tozu almaq üçün insanlar  5 saata yaxın növbələrdə dayanırdılar. Həmin ağır günlərimizdə Seyfullah Türksoy Azərbaycanla bağlı proqramlar hazırlayan, ölkəmizin Qarabağ problemini dünyaya çatdıran, özəlliklə Türkiyəmizdə haqq səsimizi yayan,  gözlərimin önündə Azərbaycanla bağlı bir çox işlərin ilkinə imza atana bir şəxs olub. Nuru Paşa, Nargin adasında əsir saxlanılan Sarıqamışdakı əsgərlərim haqqında ilk sənədli verilişləri hazırlayan Seyfullah Türksoydur.  Bizim gözümüzün önündə olduğu halda görmədiklərimizi bizə tanıdıb. Onlardan biri də bütün türk dünyasını ağladan Novruz Dədədir.  Uşaqlığından bu şəxs əziyyətlər görmüş, İkinci Dünya Savaşına qatılmış, burada əsir düşmüş, yenidən dönüb gəlmiş və xəyalındakı İstanbulu görmüşdür. Bir tək arzusu var idi ki, İstanbulu görsün. Onun arzusunu da gerçəkləşdirən Seyfullah Türksoy olub. Məni Novruz Dədə ilə tanışdıran və evinə aparan da Seyfullah Türksoydur.  Deyir igidi öldür, amma haqqını yemə. Seyfullah Türksoy haqqında bu gün söylədiklərim onun alın tərilə qazandığı haqqıdır. Seyfullah Türksoy özəlliklə Azərbaycanla bağlıdır.  Amma onu deyim ki, böyük işlər görənlərə əngəl olmaq xəstəliyinə tutulanlarımız çoxdur.  Bəzi məsələlərdə bir-birimizin ayağını çəkirik.  Seyfullah Türksoya da daş atanlar çox olub.  Onun haqqında haqsız, ədalətsiz fikirlər də səsləndiriblər.  Amma bunların heç biri ilə tanıdığım Seyfullah Türksoyun heç bir əlaqəsi yoxdur.  İndi döyüşlərdə şəhid veririk. İki il öncə də şəhid verdik. Həmin dövrdə Seyfullah Türksoy gələrək cəbhə bölgəsinə getmək istədiyini bildirdi.  O güllə səslərinin altında əsgərlərlə bərabər oldu, onları danışdırdı.  Dərhal da dönən kimi Azərbaycan əsgərinin haqq səsini televiziya kanallarında yaydı.  Burada əsgərlərimiz Azərbaycan ordusunun Qarabağı azad etmək iqtidarında olduğunu göstərdilər.  Bəziləri çox danışıb, az iş görür. Seyfullah Türksoyun  danışdıqları təqdim etdiyi əsərləridir. Xatırlayarsınız illər öncə Türkiyədə bəziləri  “hər birimiz erməniyik” deyə küçələrdə qışqırırdı.  Nə qədər türk düşməni var idisə, orada hərəkət etmişdi. Seyfullah Türksoy isə Azərbaycana gələrək  20 Yanvar, Qarabağ şəhidləri haqqında reportaj hazırladı.  Ən sonda Azərbaycanda türk əsgərlərinin ruhunun uyduğu qəbri üzərində dayanaraq “hər birimiz Xocalıdanıq, hər birimiz Qarabağlıyıq” dedi və bu mesajını Türkiyəyə çatdırdı. 13015505_10206092227737559_3499585529760182004_n Çünki Seyfullah Türksoy “hər birimiz erməniyik” deyənlərin Azərbayanda millət arasında nə cür acı yaratdığının fərqində idi.  Tanıdığım Seyfullah Türksoy Axıska  türklərinin problemlərinin Türkiyə gündəminə daşınması istiqamətində də bir nazirliyin gördüyü işlər qədər iş görüb. Tam zamanında keçirilən qurultayda Qarapapaq türklərinin birliyini qurdu.  Özəlliklə Gürcüstanda yaşayan türk qardaşlarımızla ilgili qonşu dövlətlərin bir sıra layihələri var. Seyfullah Türksoy isə ağlı və ürəyinin ona verdiyi bir fəhmlə zamanında o qurultayı çağıraraq Qarapapaq türkmənlərinin birliyini qurdu.  Onun başında daha böyük uğurlara imza atacağına da əminəm. Çünki o təkcə Türkiyə üçün deyil, Türkiyənin sağlığı üçün lazım olduğunu bilirdi. Seyfullah Türksoyun noqaylar, avarlarla bağlı da layihələri olub.  Şaman türklərinin adət-ənənələrini də Türkiyə gündəminə daşıyıb. Yəni türk millətinin ayaq izlərilə bərabər yürüyərək gələcək nəslə örnək olacaq çoxsaylı reportajlar hazırlayıb.  Seyfullah Türksoyun bu əməllərinin təməlində onun türk millətinə olan sevgisi dayanır.  Millətə və Vətənə sevgini kimsə nə ala bilər, nə də səmimidirlərsə sata bilərlər.  Türkdilli millətlərin tanıdılması  yolunda atdığı addımlara görə ona sağ ol deyənlər, ona küfr edənlərdən çox azdır.  Onun dərgilərinin qonağı oldum, təşkil etdiyi tədbirlərdə iştirak etdim.  Ona görə də Seyfullah Türksoyu ancaq qəzetçi kimi görmürəm, onu türk millətinin gələcəyindən təşvişə düşərək, onun yoluna  pis toxumlar səpmək kimi layihələri həyata keçirməyə çalışan böyük güclərə qarşı mübarizə aparan bir aydın kimi görürüm. Türkiyə hazırda PKK-ya qarşı savaş açıb.  15 il bundan öncə  paralelçilər Seyfullah Türksoyun türk dünyasına yolunu əngəlləmək üçün yol axtarırdılar.  Amma bu gün Seyfullah Türksoy az-az olan aydınlarımızdandır ki, PKK-ya qarşı Türkiyə dövlətinin başladığı mübarizədə  xainləri dəf edəcək savaşı ideoloji savaşa yönləndirənlərdən biridir.  Bu da çox cəsarət istəyən bir addımdır. Bunu həm də PKK ilə savaşda dövlətinin, millətinin yanında olduğunu göstərdi.   Seyfullah Türksoy savaşda özüylə, sözüylə dövlətinin və millətinin yanında olan adamdır.

 

603143_10205359976311731_333993622256938917_nDaha sonra Seyfullah Türksoyla dərdləşdik. Ömrünün ən rəngarəng zamanlarını Türk dünyası ilə bağlı lahiyələrə həsr edən bir ömürdü Seyfullah bəy. Onun üçün ilk sualda Türk dünyası ilə bağlı proqramları ilə oldu.

– Həyatımın son 30 ili tamamilə türk dünyasının həsr edilmiş bir ömürdür. Bütün türk xalqları ilə bağlı yüzlərlə proqramlarımız işıq üzü görüb. Başqırdıstan, Qafqazda kumıklar, noqaylar, karaçaylar haqqında məqalələr yazdım. Azərbaycan, qırğız, özbək, türkmən, axıska türkləri, Suriya, İraq türkmənləri, Balkan türkləri haqqında da yüzlərlə proqramlarımız oldu.  Batumda yaşayan Qara dəniz türkləri var 1944-cü ildə sürgün edildilər, kimsənin onlardan xəbəri yox idi.  Onları ortaya çıxarıb, Türkiyədə müəyyən insanlarla görüşdürdük Xristian qaqauzların Türkiyədəki rəsmi təmsilçisiyəm. Amma bu proqramlar içində ən çox üzərində durduğum  Azərbaycanla bağlı olanlardır. Türkiyənin bir çox kanallarında Azərbaycan, Xocalı, Qarabağla bağlı, ölkənin iqtisadiyyatı ilə bağlı bir necə reportaj hazırladım.  Prezident İlham Əliyevlə Antalyada və İmişlidə şəkər zavodunun açılışında görüşdüm. Heydər Əliyevlə bağlı bir sənədli film hazırladım ki, telekanallarda hələ də yayınmaqda davam edir. “İpək Yolu” adı altında  3500 müxtəlif proqramlar hazırlamışam.  Bunların hamısı türk dünyası ilə bağlı proqramlardır.  Ən azından 200-ə yaxın proqram Azərbaycana həsr olunub.  İlk dəfə bura 1991-ci ilin sonu 1992-ci ilin əvvəllərində gəldim. Azərbaycan mənim Vətənimdir, babalarımın yurdudur.  Bu gün internet əsridir və Azərbaycan informasiya blokadasını yara bilir. Amma bizim bu yola çıxdığımız zamanlarda Xocalı və Qarabağ məsələsi dünyada elə də tanınmırdı.  İlk dəfə bura 1991-ci ilin sonu 1992-ci ilin əvvəllərində gələrkən öncə Şəhidlər Xiyabanını ziyarət edib reportaj hazırlayarkən göz yaşlarımı saxlaya bilmədim.

– Açığı, indi Türk dünyası ilə bağlı verilən əksər verilişlər vaxtilə sizin cızdığınız yolla gedirlər, yəni xaricə çıxanlar başqa fərqli bir şeyi ortaya qoymayıblar.

– Əlbəttə ki, fərqli verilişlər hazırlayan olmayıb, ancaq təkrar edirlər. İfadələri də eyni ifadələrdir, üzərinə əlavə iki cümlə belə artırmırlar. Amma təkrar olan bu verilişləri öz müəllif proqramları kimi verirlər.  Versinlər, problem deyil. Amma bu məni üzür. Çünki  daşın üzərinə daş qoymaq lazımdır.  Mən 1918-ilin olaylarını, 1930-40-cı illərdə baş verənləri və s. gündəmə gətirmişəm. Siz də araşdırıb başqa məsələləri gündəmə gətirin.  Çünki bu istiqamətdə nə suallar, nə də türk toplumları bitməz.  Araşdırdıqca ortaya fərqli-fərqli məsələlər çıxır. Bu gün Altaya, Sibirə, Xakasiyaya, Tuvaya gedin, inanın ortaya o qədər yeni-yeni gözəl mövzular qarşınıza çıxacaq. Gündəmə gətirdiyim məsələlərdən biri də Qarapapaq türklərilə bağlıdır.

9173_10206009684594032_6094710059821792860_n– Çox gözəl mövzuya gəldik. Dünya Qarapapaq Türkləri Birliyini təsis etmək fikri haradan yarandı?

– Qarapapaqlar əsasən Gürcüstanın Borçalı mahalında yaşayan türklərdir. Amma böyük anlamda onlar Azərbaycan türklərinin ayrılmaz bir parçasıdırlar.  Amma Türkiyədə, xüsusilə Ərzurumda yaşayan türklərə dadaş dediyimiz kimi, Borçalıda yaşayanlara da qarapapaq deməklə onları tanıdırıq.  Oğuz, qıpçaq ənənələrini yaşadan bir türk boyudurlar.  Onları böyük Azərbaycan türklərindən əsla ayrı görmək doğru deyil. Ana tərəfim Borçalıdan, ata tərəfim isə Ağbabadandır.  Borçalıda 208 kənddə 608 minə yaxın qarapapaq türkü yaşayır. Onlar Türkiyə ilə Azərbaycan arasında çox önəmli bir körpü rolunu oynayırlar.  Bu rolu mədəni, iqtisadi, sosial fəaliyyətlə gücləndirmək lazımdır.  Bunu etməsək 5-10 ildən sonra iş-işdən keçəcək və dizimizi döyməli olacağıq. Dağıstanın da bir çox bölgəsində, xüsusən də Dərbənddə qarapapaqlar yaşayır. Onlar da Azərbaycanın bir parçasıdır. Oradakı insanlarla da işləri sağlam ruhda qurmaq gərəkdir. Türkmənçay müqaviləsindən sonra Borçalıda yaşayan qarapapaq türklərinin bir hissəsi Türkiyə və İranın şimalına getmək  məcburiyyətində qalmışdı. Bu insanlara da bir hədəf göstərmək lazımdır. Dünya Qarapapaq Türk Birliyini qurmaqda məqsədimiz də bundan ibarətdir.  Həm Türkiyənin 44 məntəqəsində yaşayan, həm də İran, Gürcüstan, Dağıstan, Rusiyanın müxtəlif yerlərində məskunlaşan qarapapaq türkləri arasında  dildə və işdə birliyi yaratmaq, canlandırmaq istəyirik.  Bunu edərkən də onlara böyük türk dünyasının bir parçası olaraq baxırıq. 29 noyabr 2015-ci ildə olan qurultayda və Bursada 19 mart 2016-cı ildə keçirilən şöləndə Türk dünyasının bütün boylarını təmsil etdik. Bütün  türk bayraqları ilə ilə salonu bəzədik və hər boyun nümayəndəsi öz bayrağı ilə təmsil olundu. Dolayısı ilə biz böyük türk dünyasına çatmağı hədəfləmişik. Bu birliyi yaradarkən öncə tərəddüd etdim, dünya türk birliyini, yoxsa qarapapaq birliyini yaradaq. Bu yöndə təklif gəldi və Dünya Türk Boyları Federasiyası yaradaq.  Ancaq belə bir birlik ətrafında insanları bir yerə yığmağın çətin olduğunu düşündüm. Çünki ona sahiblənən çox insan olmur. Türkiyədə isə 3 milyona qədər qarapapaq türkü yaşayır. Lakin ən önəmlisi Borçalıdakı qarapapaqlardır. Bilirsiniz, yaşanan problemlərdən dərs çıxarmadığımız üçün eyni məsələlər ikinci-üçüncü dəfə başımıza gəlir. Mən ilk dəfə Krıma 1989-cu ildə getdim. O dövrdə Krım tatarlarının Qazaxıstan çöllərindən vətənlərinə geri dönmələri başlamışdı.  Burada olarkən Mustafa Cəmillər görüşdüm. Daha sonra da Krıma dəfələrlə səfər etdim. Oradakı Krım türklərinin sayı yenə eyni səviyyədə, 300 min civarında qalmışdı. Burdakı türklərin sayını çoxalda bilmədik.  Halbuki Türkiyə Ukrayna ilə anlaşaraq Türkiyədəki Krım tatarlarına ikili vətəndaşlıq statusu verə bilərdi. Bu şəkildə Krımdakı tatarların sayını 1 milyona çatdırmaq mümkün idi. Lakin bunlar diqqətə alınmadı. Son olaraq isə Rusiya əhali çoxluğundan istifadə edərək Krımı işğal etdi. Qarabağda da eyni xətalar oldu. Əhali sayı əleyhimizə işləməyə başladısa, bu istiqamətdə fəaliyyəti gücləndirmək lazımdır.  O səbəbdən də Borçalıda eyni xətanın təkrarlanmasını istəmirik. Bəzi bölgə ölkələri də Borçalıda ciddi oyunlar oynamaq istəyir. Onlar buradakı türklər arasında məzhəb ayrı-seçkiliyi salmağa çalışırlar. Məzhəb davası türk dünyası üçün ən böyük təhlükədir.  26 ilə yaxındır ki, Azərbaycana gəlirəm.  Kimsədən məzhəbinin nə olduğunu soruşmamışam, məndən də sormayıblar. Onun məzhəbi özünə, mənim məzhəbim də özümə aiddir.  Əsas onun türklüyü, imanı və adamlığıdır. Məsələyə bu prizmadan yanaşmaq lazımdır.  Amma məzhəb davaları ilə bölgəni qarışdırmağa çalışan, onları Türkiyəyə qarşı yönəltmək istəyən qüvvələr var.   Biz bunun fərqindəyik. Bu güclər oradakı insanlar arasında nifaq sala bilərlər.  Gücümüzü parçalayan da elə məzhəbçilik faktorudur.  Borçalı isə bu məsələdə illərdir ki, dirəniş göstərir. Amma bəzi qüvvələr Borçalının da bu dirənişini qırmağa çalışır, orada məzhəb davası salmaq istəyirlər. Bu güclərin Türkiyənin dostu deyil. Biz bunun üçün məhz Qarapapaq türkləri üçün daha çox çalışmalıyıq.

–              Elə Türkiyə prezidenti də son çıxışlarında bu məqama işarə etdi və məzhəbçiliyə qarşı olduğunu sərgilədi…

–              Mən müsəlmanam, amma xristian Qaqauzların Türkiyədəki rəsmi təmsilçisiyəm. Şaman türklərinin də təmsilçisi ola bilərəm.  Məzhəb faktorundan istifadə edərək bunun üzərindən  Türkiyə ilə düşmənçilik edən qüvvələrə fürsət verilməməlidir.  Borçalı insanlarının birlik və bərabərlik içində olması lazımdır.  Bura ilə iqtisadi fəaliyyət və digər əlaqələr canlandırılmalıdır.  Bu işlər görülərsə, Borçalı türk dünyasının önəmli bir körpüsü olacaq.  Bunları edərkən biz heç də siyasi məqamları düşünmürük.  Gürcüstan dövləti bizim üçün  önəmli qonşudur, bu ölkə ilə Türkiyə arasında əlaqələr mükəmməl dərəcədədir.  Sadəcə, biz dost və qonşu Gürcüstanda yaşayan  türklərin iqtisadi, mədəni anlamda daha da xoşbəxt olmasını arzu edirik.  Bunu da  dostluq və qardaşlıq mesajları ilə həyata keçirmək istəyirik.  Şiddətə və dostluğa əngəl olacaq fikirlərə də qarşıyıq.  Türkiyə, Azərbaycan və Gürcüstanın hər anda birgə iş birliyi çox önəm daşıyır.  Bu istiqamətdə mühüm addımlar atıldı. Qarapapaqlar Birliyi yaradıldı.  Birliyin tərkibi çox qiymətli insanlardan ibarətdir ki, onlar arasında sahibkarlar, hərbçilər, şairlər,  diplomatlar, akademiklər də vardır.  Burada 120 adam Qurucular qurumunda təmsil olunub. Burada Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rumıniya və Avropadan olan dəyərli isimlər təmsil olunub.  Əksəriyyəti qarapapaq türkləridir, amma başqa türk boylarından da nümayəndələr var. Qarşıdakı dönəmlərdə iş adamları ilə birlikdə Borçalıda mühüm işlər görməyi planlaşdırmışıq.  Buradakı insanların mədəniyyətlərinin yaşadılaraq inkişaf etdirilməsinə zəmin yaradacağıq.  Belə bir birliyi yaratmaqla əslində bəzi radikal  düşüncələrin ayaq açmasını da əngəlləmiş oluruq.  Bəzi kiçik qruplar yanlış və radikal fikirləri yaymağa çalışır.  Onlara  fürsət verməyəcəyik. Məqsədimiz bölgənin barışığına, qardaşlığa xidmət etməkdir.  Bu anlamda gürcüləri və digər millətləri kənarda qoymağı düşünmürük.

– Bəzən bizə özümüzdən olanların vurduğu zərbələri düşmən istəsə belə vurmağı bacarmır. Bunu yaşayanlardan biri sizsiniz. İndi də Gürcüstan türkləri ilə bağlı böyük bir məsuliyyətin altına girmisiniz. Bu yöndə təxribatlar baş verərsə, qarşısını necə alacaqsınız?

– Bu istiqamətdə hazırlıqlarla bağlı geniş məlumatım var.  Millətimiz böyük qəhrəmanlar yetişdirmiş bir millətdir.  Amma təəssüf ki, xainlərimiz də çoxdur. Qarapapaqlar arasında da qəhrəmanlar var, lakin  ruslarla birlikdə bizi arxadan vuranlar da olub və var.  Onların sayının çox olub olmamasından asılı olmayaraq gördüyümüz işlərdən narahat olan və onu əngəlləməyə çalışan bəzi insanların olduğunu görür və bilirik. Onlar soyu, keçmişi bəlli olmayan, keçmişdə bizi ruslara satanların nəvələridir.  Amma onların da bizim davam etdiyimiz yolda qərarlı olduğumuzu, gördüyümüz işlərin uğur qazandığını gördükcə geri addımlar atdığını da görürük. 7-8 il öncə Çeçenistan prezidenti Ramzan Kadırovla çəkdirdiyim bir şəklimi götürərək bəziləri belə yalan fitnələr yaydılar ki, guya mən onun adamıyam.  Seyfullah Türksoyun Çeçenistanda kumık və axıska türkləri üçün gördüyü işləri bu yalanı uyduranlar görəsən bilirmi, bilməzlər.  Onlar sadəcə görüntüyə baxırlar. Kadırovun Türkiyə əleyhinə olan son açıqlamalarının mən də əleyhinəyəm, bu doğru açıqlama deyildi.  Amma bir fotodan istifadə edərək insanları yanlış dəyərləndirmək  yaxşı düşüncə deyil. İkincisi mən mətbuat işçisiyəm. Bu fonda Kadırovla da görüşmüşəm, görüşə bilsəm, Putinlə, Obama ilə də görüşərdim.  Olaya bu şəkildə baxmaq əvəzinə biriləri mənə ləkə yaxmaq yolunu tutdular.  Lakin onların bu əməlləri məni maraqlandırmır. 1993-ci ildə Heydər Əliyevlə haqqında da reportaj da hazırlamışam.  TGRT-nin 10 qurucusundan  biri olaraq Naxçıvanda olan Heydər Əliyevlə görüşüb reportaj hazırlamışdıq.  O zamanda biriləri məni təhqir edirdilər. Vaxtilə məni Əliyevə yaltaqlıqda suçlayanlarar indi Azərbaycana gəlmək, bu ölkənin prezidentilə görüşmək üçün 40 qapı döyüblər.  Kadırovla bağlı da həmin ləkə atanlar da indi ona yaxınlaşmaq üçün 80-ə yaxın qapını döyüblər.  O zaman qarşıma Kadırovla görüşdürmələrini istəyən bir sürü saxtakar da çıxdı. Deməli, məni Kadırovun adamı olmaqda suçlayıb, söyür, daha sonra mənlə əlaqə yaradaraq, Çeçenistanda onlara iş üçün şərait yaratmağımı istəyəcək qədər ikiüzlülər tanıdım. Mən hücumlardan çəkinmirəm. Əksinə, onlar iftira atdıqca, mən daha çox motivasiyalı olur, güclənirəm.  Belə də həmin hücumlardan sonra birliyi daha da gücləndirməyi qərara aldım.  Dünya Qarapapaq türklərinin bir məqsədi var, bu yolda atacağımız işlər bəllidir.  200-yə yaxın türkmən dərnəyi, 150-dən çox Azərbaycan dərnəkləri var. Sayın çoxluğu önəmli  deyil, iş görmək lazımdır.  Ona görə də bizim təşkilatın Türkiyənin ən güclü qurumu olduğunu düşünürəm. Bu il Xocalı qətliamı ilə bağlı ən vacib və əhəmiyyətli açıqlamanı Dünya Qarapapaq Birliyi verdi.  Burada mesaj verdik ki, Xocalıda türk qətliam yaşanıb. Qarapapaq türkləri olaraq  bu qətliamı törədən erməniləri və onun havadarlarını lənətləyir və Xocalı üçün hər cür fədakarlığı etməyə hazırıq.  Son günlər Qarabağ cəbhəsində döyüşlər oldu. Hamıdan öncə ilk açıqlamanı yayaraq maddi, mənəvi, pul, qan, can baxımdan hər şeyi verməyə hazır olduğumuzu bəyan etdik.  Qarabağ, Azərbaycan bizim ata yurdumuzdur.  Qarapapaq Birliyi türk dünyasının harasında bir ağrılı yer, problem varsa, hər zaman oranın səsi olacaq, türk elinin harasında göz yaşı varsa orada olacağıq.  Qarabağ, Xocalı heç zaman gündəmizdən düşməyəcək. Onun kimi bütün türk soyları bizim can qardaşlarımızdır.  Bu istiqamətdə fəaliyyətlərimizi genişləndirməyi düşünürük. Çalışmalarımızı da ancaq iqtisadi və mədəni tellər üzərində qurmuşuq.   Hər toplantımızda bütün türk millətləri və boylarının bayraqları dalğalanacaq.  Hətta burada keçmişdəki bütün türk dövlətlərinin, o cümlədən Səfəvi və Osmanlıların da bayraqlarını görəcəklər. Heç bir ölkənin daxili işlərinə qarışmırıq. Təşkilatımız ancaq iqtisadi və mədəni əlaqələrin qurulması üzərində çalışır.

– İllərdən bəri Türk dünyası üçün proqramlar hazırlamış və ata torpaqlarımızı qarış-qarış gəzmiş birisi olaraq bu anda Türk dünyasının  başlıca problemləri nələrdir və bunların aradan qaldırılması üçün nə edilməlidir?

– Türk  dünyasının ən böyük sıxıntısı öz aralarında ortaq əlifbanın olmamasıdır.  Tarix birliyi də yoxdur.  Fikrimcə, ən önəmlisi əlifba birliyinin olmasıdır . İkincisi, türk dünyası alim və tarixçiləri bir araya gəlib ortaq tarix yaratmalıdır.  Onların bir-birini çox yaxından tanıması lazımdır. Yayıncılıq fəaliyyəti artırılmalıdır.  Bu sahədə görülən işlər lazımı səviyyədə deyil.  Bu əsasda Türkiyə dövləti TRT Avaz kanalını yaratdı. Amma burada verilişlərdə ancaq mədəni əlaqələr və tədbirlər yer alıb. Bu səbəbdən də yeni yollar axtarılmalıdır. Bölgənin danışdığı ortaq dil rus dilidir.  Mütləq bir xəbər kanalının da olması lazımdır, özü də rus dilində.  Təəssüf ki, Orta Asiyada son zamanlardakı təyyarə olayı ilə bağlı olaraq da ancaq Rusiya kanallarından gələn xəbərləri eşidirlər. Halbuki bizim də belə bir xəbər kanalımız olsaydı, insanlara öz mesajlarımızı çatdıra bilərdik.  Prosesləri realist olaraq, düşünmək lazımdır.  Eyni zamanda, türk xalqları arasında turizm əlaqələrinin də önəmli ola biləcəyini düşünürəm. Amma bu ölkələr arasında turizm fəaliyyətləri demək olar ki, yox səviyyəsindədir.  Ona görə də onlar arasındakı turizm fəaliyyətlərini canlandırmaq lazımdır.  İnsanların, toplumların bir-birini yaxından tanıması lazımdır. Bu baş verərsə, onlar arasındakı dostluq daha da möhkəmlənər.  O zaman ortaq məsələlərə qarşı ortaq mövqelər də sərgilənəcək. İndi isə Orta Asiyadakı insanın Qarabağ deyə bir dərdi yoxdur.  Türkmənistan  xalqı Suriyadakı türkmənlərin dərdlərindən xəbərsizdir. Bunları açmaq lazımdır.  Ümumiyyətlə, türk dünyasının başlıca problemi bir-birilərini yaxşı tanımamalarıdır. Biz bir-birimizi yaxşı tanımalıyıq.

Söhbətləşdi: A.ƏLƏSGƏR

Qələmə aldı: Elçin

Cəmiyyət, Manşet, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti