!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Küçə musiqiçisi: “İstəmirəm sevdiyim qız mənim bu yolla pul qazandığımı bilsin…” – Reportaj (FOTOLAR+VİDEO)

!Reklam – Yazi

Küçə musiqiçilərinə dünyanın böyük şəhərlərində olduğu kimi, bizim ölkədə də rast gəlmək mümkündür. Azərbaycanda bu sahə kifayət qədər inkişaf etməyib. Lakin Avropada və Amerikada, xüsusən də Latın Amerikası ölkələrində küçə musiqisi müstəqil bir sahə kimi tam fəaliyyət göstərir. Hətta dünyanın bir çox tanınmış səs sahibləri məhz küçə musiqisindən böyük səhnəyə gəliblər. Hətta bu cür insanları birləşdirən “Dünyanın Küçə Sənətçiləri” (World Street Music) adlı layihə də var.

Bizim ölkədə isə bu sahədəki vəziyyət tam fərqlidir. Xüsusilə küçədə pul yığmaq məqsədilə musiqi ifa edən gəncləri cəmiyyətimiz heç də birmənalı qarşılamır. Bəziləri onlara qeyri-ciddi, hətta avara kimi baxır. Bəziləri isə onların küçədə musiqi ifa etməsinə lağ etməklə mane olurlar. Əslində bu, qarşısına çıxana əl açıb, kömək dilənmək deyil. Küçə musiqiçiliyi zəhmətlə pul qazanmaqdır.

Dünyanın bütün ölkələrində “küçə musiqiçiləri” adlanan bu insanların hər birinin öz həyat hekayəsi var.

Onlarla tez-tez Bakının mərkəzi küçələrində rastlaşırıq; xüsusən də “Tarqovı” adlanan ərazidə daha çox olurlar. Bəziləri illərdir ki, küçələrdə gitara, qarmon, kamança çalırlar. Doğrusu, artıq məşhurlaşıblar da…

Onlardan biri də Nizami küçəsi, Nəsimi heykəlinin yaxınlığındakı yeraltı piyada keçidində skripkada ifa edən 19 yaşlı Tural Məmmədzadədir.

Təsadüfən yearltı keçiddən keçərkən ariq, sarıbəniz və uzunboy oğlanın skripkada “Sarı gəlin”i ifa etməsi diqqətimi çəkdi. Kənara çəkilib, musiqi bitənə qədər onun incə barmaqları ilə həzin və sızıltılı alətdə ifa etdiyi əsrarəngiz musiqini dinlədim. Diqqətim həm musiqidə, həm də keçiddən keçən bəzi insanların onun skripkasının qutusuna atdığı pullarda idi. İnsanlar pulları sakitcə atır və Turala mane olmadan yollarına davam edirdilər. Kimisi manatlıq, kimisi isə qəpik atırdı… Bir neçə dəqiqədən sonra o, musiqini bitirib, digər ifaya keçid etmək istəyirdi. Ona imkan verməyib, tez yaxınlaşıb salamlaşdım.

Tural ona qəfl yaxınlaşdığım üçün üzümə təəccüblə baxıb dilləndi:

– Salam… Buyurun, nə lazımdı?

Bəlkə də o elə düşündü ki, mən ondan hansısa musiqini ifa etməsini xahiş edəcəm. Amma tam əksini etdim və onunla həmsöhbət olacağımı bildirdim:

– Bəlkə musiqini ifa etməyi yarım saatlıq dayandırıb, qollarına dinclik verəsən.

– Mən yorulmuram, skripkada ifa etməkdən, əksinə, hamının diqqətini cəlb etdiyim üçün özüm də rahatlıq tapıram.

Çox hazırcavab oğlandır. Görür ki, ondan əlçəkən deyiləm, sorğu-suala tutacam, stulda əyləşir və üzümə baxır:

– Siz niyə mənimlə maraqlanırsız, bilmək olar kimsiniz?

– Sənin “Sarı gəlin”i ifa etmən məni səninlə həmsöhbət olmağa cəlb etdi. Sadəcə, səni tanımaq istəyirəm. Musiqiyə olan bu qədər həvəsin haqda maraqlanıram, başqa heç nə…

Keçiddəki səs-küy söhbətimizə mane olurdu, çünki bir-birimizi rahat eşidə bilmirdik. Amma Tural məni diqqətlə dinləyir və musiqiyə olan həvəsindən danışmağa başlayır:

– Mən tələbəyəm. Azərbaycan Kooperasiya Universitetinin III kursunda oxuyuram. Əslində, skripka sənətim üzrədir. Çünki mən yeddiillik musiqi məktəbini bitirmişəm. Mənə xoşdur öz xalqıma sənətimi nümayiş etdirmək.

– Niyə məhz küçə musiqiçisi?

– Başqa əlacım yoxdur… Harda gedib ifa edim?… Onsuz da polislər burda da qoymur, onlardan qaçamağa çalışıram. Çünki tutsalar 81 manat cərimə edəcəklər. Mənim də o imkanım yoxdur. Düzünü desəm, pulda çox gözüm yoxdur. Mən burdan 1 manat da qazansam, evə çörəkpulu apara bilirəm və bu da mənim xeyrimədir. Ən əsas da bundan zövq alıram.

– Tural, səndən başqa ailədə işləyən yoxdur?

– Var… Amma bilirsiniz də indiki dövr üçün pul əsasdır. Mənim təhsilim ödənişlidir. Burdan hər axşam qazandığım pulu həm ödənişim üçün yığıram, həm də az da olsa evə dəstək oluram.

– Zövqündən əlavə həm də ehtiyacın var…

– Bəli, var… (susur-red)

– Hər axşam bura gəlirsən?

– Bəli. Hər axşam Universitetdən çıxıb bura gəlirəm. Təqribən saat 6-dan 10-11-ə qədər burda oluram.

– 5-6 saat ərzində nə qədər pul qazana bilirsən?

– Onu demək çətindir (öncə gizlədir-red). Baxır da indi kim nə qədər atsa.

– Artıq saat 8-dir… Nə qədər pul qazanmısan?

Skripkanın qutusuna atılan pullara baxır və dilinin altında hesablamağa başlayır:

– 3 manata yaxın…

– Tural, ağzına maska taxmısan, başına da kurtkanın papağını keçirtmisən. Deyəsən, utanırsan?

– İstəmirəm kimsə məni tanısın.

– Niyə utanırsan, sən axı eyib bir iş görmürsən?

– Əslində elə də utanmıram, sadəcə ehtiyac görmürəm. Belə olması daha yaxşıdır. Bunun da səbəbləri var.
(hiss edirəm ki, deməkdə tərəddüd edir – red) Səbəb sevdiyim qızdır… Küçədə ifa etməyə başlayanda istəmirdim o bilsin ki, mən ehtiyac üzündən bu işlə məşğul olmağa başlamışam. Düşünürdüm ki, nə vaxtsa dərsdən sonra iş tapıb işləyərəm, amma alınmadı… Bir dəfə sevdiyim qız məni küçədə ifa edəndə görmüşdü. Hətta kənardan şəklimi də çəkmişdi. Həmin axşam mən onunla yazışanda çox sorğu-sual etdi. Mənsə onun suallarından yayınmağa çalışsam da alınmadı. Çəkdiyi şəkli mənə atıb , “məndən uzaq ol, mən sənə görə utanıram”, yazdı. Bununla da hər şey bitti…

– “Hər şey” dedikdə, nəyi nəzərdə tutursan?

– Onunla ayrıldıq. O vaxtdan bu vaxta skripkada daha çox həzin və qəmli mahnıların notunu kökləyirəm. Artıq bir ildən çoxdur ki, maska taxıram və əvvəlki yerimi dəyişib, burda ifa etməyə başlamışam.

– Bəlkə o, səni burda da gördü. Onda necə?

– Artıq onun məni görüb-görməməsi maraqlı deyil. Nə istəyir etsin… Həm o, məndən utanır, amma mən utanmıram. Çünki halal pulumu qazanıram. Əslində, ifalarımda daha çox sizin diqqətinizi çəkən “Sarı gəlin” musiqisini səsləndirirəm. Çünki o, bu mahnını çox sevirdi. Heyf, səhv tanımışam…

-Əgər o, səni daha maraqlandırmırsa niyə maska taxırsan?

– İstəmirəm, məni görəndə utansın. Mən onu yalnız ifamla utandırmaq istəyirəm.

– Bəs dostların və ya tələbə yoldaşlarınla heç rastlaşırsan?

– Çox rastlaşıram. Hətta onların arasında yanımda dayanıb, saatlarla məni dinləyənlər də var. Azərbaycanda küçə musiqiçilərinə yaxşı baxmırlar. Bəziləri qınayır, mane olmağa çalışırlar, bəziləri lağ edir, bəziləri isə sakitçə pul atıb gedirlər. Amma mən onlara fikir vermirəm, başımı aşağı salıb, pulumu qazanıram.

– Musiqi sahəsində dünyanın bir çox tanınmış sənətkarları məhz küçədən böyük səhnəyə gəliblər. Sən necə, böyük səhnələrdə çıxış edib, tanınmışlar sırasında olmaq istərdinmi?

-Xeyr, istəmirəm. Səbəb yenə o qızıdır. Nə zamansa mən tanınmış olsam o deyəcək ki, vaxtı ilə küçələrdə musiqi ifa edib pul qazanan, bu gün tanınmış olub. Haqqımda ətrafa mənfi fikir səsləndirməsini və keçmişimi danışıb, insanlarda mənə qarşı pis münasibət yaratmasını istəmirəm.

– Hər kəsin bir keçmişi və bir gələcəyi var….

-Doğrudur… (fikirə gedir- red)

Turalın fikri yığdığı pula və gələn-gedən insanlara yönəlir. Onun vaxtını çox alıb, çörəkpulundan etməmək üçün sağollaşır, onu skripkası ilə baş-başa buraxırıq…

Gülnarə Eynullaqızı
Yeniçağ.Az

www.yenicag.az

1778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv