!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kürdlərin 25 sentyabr referendumu: “Azərbaycan və Türkiyə sinxron hərəkət edəcək” - Politoloq  

!Reklam – Yazi

İraqın şimalındakı kürd muxtariyyatında sentyabrın 25-nə təyin olunmuş referenduma münasibətdə Bakı ilə Ankaranın vahid mövqedən çıxış edəcəyi bildirilir.

Yenicag.az xəbər verir ki, İraq kürdləri müstəqillik referendumunu təyin etməklə Yaxın Şərq regionunda sərhədlərin dəyişdirilməsi təhlükəsinin xeyli aktuallaşdığı bir şəraitdə Türkiyə və Azərbaycanın koordinasiyalı fəaliyyət göstərmək zərurətini xeyli artırıb.

ABŞ başda olmaqla, Qərbin və İsrailin Yaxın Şərq siyasəti dalğasında təşkilatlandırılaraq, səhnəyə çıxarılan kürdlər İraqın şimalındakı ərazilərdə müstəqil dövlət elan etmək ərəfəsindədirlər.

Bu məqsədlə sentyabrın 25-nə müstəqillik referendumu təyin edən İraqın kürd muxtariyyatının rəhbərliyi region dövlətlərinin, ilk növbədə Türkiyə ilə İranın sərt münasibətinə baxmayaraq, verilmiş qərara yenidən baxmağa hələ ki hazırlaşmır.

Əksər təhlilçilər kürd muxtariyyatı liderlərinin referendum məsələsində belə “qətiyyətli” davranmalarını məhz Qərbdən aldıqları dəstək və təminatla əlaqələndirirlər.

Ancaq bir sıra ekspertlər kürdlərin referendum qərarından imtina etmək ehtimalının aradan qalxmadığını düşünürlər. Onların fikrincə, kürd muxtariyyatının rəhbərliyi İraqın mərkəzi hökuməti ilə “bazarlıq” sayəsində istədiyini əldə etdikdən sonra geri addım ata bilər.

Bütün hallarda isə görünən budur ki, Yaxın Şərq “tamaşasının”, xüsusilə də Suriya böhranının əsas aktyorları kürdlərin müstəqillik məsələsinə münasibətdə də “cəbhələşiblər”.

Yəni Türkiyə, İran və əlbbəttə ki, İraq sərt şəkildə məlum referendumun əleyhinə çıxırlar. Qərb və İsrail isə əksinə, regional siyasətlərinin uğurlu icrasında mühüm alət kimi gördükləri bölgə kürdlərinin dövlət formasında təşkilatlanmaları üçün hərtərəfli dəstəklərini əsirgəmirlər.

Rusiyaya gəldikdə isə Kreml bu məsələdə ümumi diplomatik mövqe bildirməklə kifayətlənir. Moskva prinsip etibarilə, müstəqil kürd dövləti yaradılmasının əleyhinə olmasa da, yeni “ölkə”ni öz nüfuz dairəsinə sala biləcəyindən əmin deyil. Ona görə də mövqeyini qətiləşdirməyə tələsmir.

Kremli belə ehtiyatlı davranmağa vadar edən amillərdən biri isə sözsüz ki, Türkiyə ilə münasibətlərdir. Qərblə kəskin konfrontasiya vəziyyətində olan Rusiya “kart”larını vaxtından əvvəl açaraq, Türkiyə ilə münasibətləri pozmaq istəmir.

Yaxın Şərqdə cərəyan edən bu proseslərin Azərbaycan üçün də həssaslığını nəzərə alsaq, rəsmi Bakının indiki vəziyyətdə tərəzinin hansı gözünü ağırlaşdıracağı maraqlı görünür. Etiraf edək ki, qlobal güclərin maraqlarının toqquşduğu bir məsələyə konkret mövqe bildirmək asan olmasa da, Azərbaycanın belə həssas mövzuda səssiz qalması mümkün deyil. Bakının hansı mövqedən çıxış etməli olduğuna dair sual isə ritorikdir. Azərbaycanın bütün ciddi məsələlərdə olduğu kimi bu mövzuda da Türkiyə ilə eyni mövqedən çıxış etməsinin vacibliyi aksiom qismində qəbul edilir.

Müzakirə olunan bu həssas mövzunu Yenicag.az-a dəyərləndirən politoloq Aydın Quliyev bildirdi ki, böyük dövlətlər beynəlxalq hüquqa hörmətlə yanaşaraq, separatizm meyillərini dəstəkləməkdən imtina etməlidirlər:

“Öncə onu qeyd edim ki, İraq kürdlərinin müstəqillik referendumu keçirtmək təşəbbüsünə deklorativ bir addım kimi yanaşmaq, bunu ciddi saymamaq qətiyyən düzgün deyil.

Bu cəhd Yaxın və Orta Şərq regionunda sərhədlərin yenidən cızılmasına yönələn olduqca neqativ, hətta təhlükəli presedent yarada, separatizm meyillərini daha da gücləndirə bilər.

Təbii ki, İraq kürdlərinin bu təşəbbüsü irəli sürmələri üçün bölgədə maraqları olan bəzi ölkələr tərəfindən müəyyən zəmin yaradılıb. O baxımdan, kürdlərin sentyabr referendumuna münasibətdə əsas dövlətlərin mövqeləri fərqlənir. Yəni bu aksiyaya loyal yanaşanlar və onu dəstəkləyənlərlə yanaşı, qəti surətdə bunun əleyhinə çıxan ölkələr var.

Yenidən o fikrimə qayıdıram ki, bu referendum təşəbbüsünü əhəmiyyətsiz məsələ saymaq olmaz. Hər halda, Dağlıq Qarabağ erməniləri də 1991-ci ildə “müstəqillik referendumu” keçirəndə, bu cəhdə ciddi yanaşmamağın ağır nəticələrini sonrakı illərdə gördük.

Ona görə də böyük dövlətlərin beynəlxalq hüququn əsas prinsiplərindən biri olan ərazi bütövlüyünün toxunulmazlığı müddəasının aliliyini təmin etmələri zəruridir. Əks halda, proseslər təhlükəli yön alacaq”.

A. Quliyevin fikrincə, Azərbaycan və Türkiyə bütün mühüm məsələlərdə olduğu kimi İraq kürdlərinin referendum qərarına münasibətdə də eyni mövqedən çıxış edəcəklər:

“Doğrusu, Azərbaycanın bununla əlaqədar rəsmi mövqe bildirməsinin şahidi olmamışam. Lakin aydın məsələdir ki, separatizmdən əziyyət çəkən, bunun nəticəsində ərazisinin bir hissəsi işğal edilmiş ölkə olan Azərbaycan belə cəhdlərin əleyhinədir.

Türkiyənin də bununla bağlı mövqeyi qətidir – Ankara kürdlərin bu təşəbbüsünü kəskin pisləyib və təyin olunmuş referendumun ağır nəticələr doğuracağını bəyan edib. Azərbaycan və Türkiyə bütün mühüm məsələlərdə sinxron davranır və vahid mövqedən çıxış edir. Bu məsələ də istisna deyil. Şübhə yoxdur ki, Bakı və Ankara sözügedən referendumla əlaqədar koordinasiyalı fəaliyyət göstərəcəklər.

Ancaq çox yaxşı olardı ki, regiondakı proseslərə təsir imkanlarına malik ölkələr beynəlxalq hüquqa uyğun davransınlar və bu referendum avantürasını aradan qaldırsınlar”.

A.Zeynalov
Yenicag.az

www.yenicag.az

1258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv