!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Kurtlar vadisi pusu"nun Hakanı: "Xocalı barədə filmə qəpik də ayrılmır" - ÖZƏL

!Reklam – Yazi

Azərbaycan-Türkiyə Evinin və Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə məşhur türk aktyoru Osman Albayrak Azərbaycanda qonaqdır.

Osman Albayrakın Yenicag.az-a müsabibəsini təqdim edirik:

– Azərbaycana ilk gəlişiniz deyil. Azərbaycan tamaşaçısı sizi “Qaranlıqlar çiçəyi” serialından da gözəl tanıyır…

– Bəli, mən ilk dəfə Azərbaycana 2010-cu ildə gəldim və burdakı dostlarımla qərar verdik ki, bir serial çəkək. Türkiyədən rejissor və aktyorlar dəvət etdik və bərabər bir serial ərsəyə gətirdik.

– Maliyyə xərclərini bəs kim çəkdi?

– Hamısını özümüz maliyyələşdirdik, kimsədən bir qəpik də almadıq. Biz bunu Azərbaycan üçün tam təmənnasız etdik. Eyni zamanda həyat yoldaşım da azəri qızıdır. Onunla Bakıda tanış oldum, evləndik. 7 yaşlı bir qızım da var, adı Ayseldir.

– Xanımınız hansı peşənin sahibidir?

– Bu barədə danışmaq istəmirəm. Onu deyə bilərəm ki, nə aktrisa, nə də modeldir.

– Azərbaycanda “Oğurlanmış arzular”, “Qaranlıqlar çiçəyi” və digər seriallar çəkdiniz, yerli aktyorlarımızla tanış oldunuz. Onları bəyəndinizmi?

– Qurban İsmayılov, Abbas Qəhrəmanov, Zaur Şəfiyev, İlqar Cahangir – burda o qədər böyük aktyorlar var ki… Amma təəssüf ki, sizdə film sektoru tam inkişaf etməyib. Söhbət maddiyyatdan da getmir. Əvvəl keyfiyyət, sonra maddiyyat…

– Rejissor işi, ssenarini nəzərdə tutursunuz?

– Yaxşı rejissorlar var, sadəcə olaraq, onlar ortaya istədikləri səviyyədə iş qoya bilmirlər. 6 il Bakıda yaşadım, üç serial, bir film çəkdim. Hələ də Türkiyədə Azərbaycan üçün ssenarilər yazıram.

– Bəs bu gün necə, yeni filmlər çəkməyi nəzərdə tutursunuz?

– Muğam və Xocalı haqqında ssenarilər yazıram, film çəkmək fikrindəyəm. Bu filmləri Türkiyədə çəkəcəm və Azərbaycanda kimdənsə bir qəpik də olsun, pul almayacam.

– Niyə?

-Çünki Azərbaycanda hansısa biznesmen o pulu mənə verməyəcək. Sizdə iş adamları film sektoruna sərmayə qoymur.

– Sizcə, Azərbaycan serialları nə zaman əcnəbi bazara daxil ola biləcək?

– İki ildir Azərbaycan seriallarını izləmədiyim üçün dəqiq fikir söyləyə bilmərəm.

– Sizcə tamaşaçı Osman Albayrağı hansı xüsusiyyətinə görə sevir?

– İşimizi sevirik və 25 ildir bu sahədəyəm. Hər zaman ekranda təbii oyun nümayiş etdirmişəm. Həmişə də öyrənməyə çalışıram. Mən Bakıda olarkən də belə Qurban İsmayılov, Abbas Qəhrəmanov və digər aktyorlardan nələrsə öyrənməyə çalışırdım və inanın ki, Azərbaycanda aktyorlardan çox şeylər öyrəndim.

– Sizin üçün rolun müsbət, ya mənfi olmasının fərqi varmı?

– Mən “Kurtlar vadisi pusu”da Hakan Yörük obrazını canlandırdım. Bu rol Türkiyədə “partlatdı”. Təkcə terrorçu roluna çəkilmərəm. “Diriliş Ertuğrul” filmindəki rolum da əslində, xain obrazı deyil.

– Yaratdığınız mənfi qəhrəman xarakterinə görə, heç insanların iradları ilə qarşılaşdınız?

– Hətta obrazlarıma görə real həyatda məndən qorxub çəkiniblər də. Anlamayıblar ki, bu, sadəcə olaraq bir roldur.

Bu məqamda sənət dostu Cem Uçan söhbətə qarışır:

– “Diriliş Ertuğrul” filmində Batuhan (Osman Albayrak) məni – yəni Aliyar bəyi yaralayır. Həmin seriyadan sonra insanlar küçədə bizi qoşa görəndə heyrətlənirdilər. Deyirdilər ki, niyə siz bir yerdəsiz, axı o səni yaralayıb? Daha anlamırlar ki, bu, sadəcə roldur.

– Arzusunda olduğunuz bir obraz varmı?

– Var. Xocalı dəhşətlərini yaşayan bir Xocalı sakininin obrazını yaratmaq istəyirəm.

– Bunun üçün hansısa Xocalı sakini ilə görüşüb, o müdhiş gecədə yaşananları öyrəndinizmi?

– Yox, ürəyim buna dözməz. Amma bu barədə yazılanları oxuyuram.

– Nə zamansa hansısa aktyora bənzəmək istəmisizmi?

– Niyə bənzəyim ki? Bənzətsəm, o zaman ona oxşayaram.

– Bəs bəyəndiyiniz aktyorlardan kimlərin adını çəkərdiniz?

– Dünya aktyorlarının “Top 5”-liyində Qurban İsmayılovun adını çəkərəm. Burda 5 il yaşadım və gördüm ki, sizin inanılmaz dərəcədə böyük aktyor və aktrisalarınız var. Onların qiymətini bilmək lazımdır.

Qeyd edək ki, O.Albayrak “Kurtlar vadisi pusu”, “Aşk zamanı”, “Aşk və cəza”, “Köpək” və digər filmlərdə çəkilib. O eyni zamanda, Azərbaycanda çəkilən “Oğurlanmış arzular”, “Qaranlıqlar çiçəyi”, “Yarımdünya” kimi serialların sponsorudur.

Cəvahir

www.yenicag.az

5904
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv