“Kütləvi çıxarış” kampaniyası Sabunçu rayonunda

Müəllif: Redaktor

Editor

unnamedAzərbaycan Respublikası Prezidentinin xidmətlərdə şəffaflıq və operativlik, eləcə də vətəndaş məmnunluğunun təmin olunması barədə tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi ardıcıl tədbirlər həyata keçirir. Belə ki, komitə digər sosialyönümlü tədbirlərlə yanaşı, xidmətləri birbaşa vətəndaşların ünvanına çatdıran “Kütləvi çıxarış” kampaniyasını da uğurla davam etdirir. Kampaniya regionlarla yanaşı, bir neçə gün əvvəldən başlayaraq artıq Bakı şəhərində də keçirilməkdədir. Səbail rayonunda start götürən kampaniya “bir pəncərə” prinsipi əsasında bu dəfə 04 noyabr 2015-ci il tarixində Sabunçu rayonunda baş tutub. Belə ki, rayonun Bakıxanov qəsəbəsində yerləşən 88 mənzilli binada yaşayan sakinlər kampaniyadan faydalanıb. Binadakı 30 mənzil sahibinə dövlət reyestrindən çıxarışlar təqdim olunub. Həmçinin, 50-dən çox vətəndaşdan mənzillər üzərində mülkiyyət hüququnu təsdiq edən ilkin hüquqi sənədlər qəbul olunub.

Qeyd olunduğu kimi, ötən ildən başlayaraq kampaniya ilk mərhələdə regionlarda keçirilirdi. İndiyədək respublikanın 20-dən çox şəhər və rayonunda birbaşa ünvanlarda keçirilən kampaniyaya paytaxt sakinləri də cəlb olunmağa başladı. Komitənin mobil ofisləri vasitəsilə (xüsusi avadanlıqlarla təchiz olunmuş nəqliyyat vasitələri) həyata keçirilən kampaniya çərçivəsində paytaxtdakı çoxmərtəbəli binalarda yaşayan mənzil sahiblərinə qeydiyyat xidmətləri göstərilir. Bu xidmətlərə dövlət reyestrindən çıxarışların təqdim olunması, eləcə də, sakinlərdə olan mülkiyyətə dair ilkin sənədlərin qəbulu aiddir. Eyni zamanda, kampaniya çərçivəsində vətəndaşlara qeydiyyatla bağlı hüquqi məsələlər izah olunur, hüquqi yardımlar göstərilir.
Xatırladaq ki, kampaniya çərçivəsində yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında çıxarışlar verilir.

Komitə tərəfindən keçirilən belə kampaniyalar ilk növbədə xidmətlərin daha şəffaf, çevik və əlverişli şəraitdə vətəndaşlara təqdim olunması məqsədini daşıyır. Mülkiyyət hüquqlarının və qanunçuluğun daha yüksək səviyyədə təmin olunmasına səbəb olur. Bu isə insanların xidmətlərdən daha rahat və optimal faydalanması ilə nəticələnməkdədir. Xidmətlərin birbaşa ünvanlarda vətəndaşlara çatdırılması vətəndaşların əvvəllər məruz qaldıqları vaxt itkisini aradan qaldırıb. “Bir pəncərə” prinsipinin tətbiqi ilə daşınmaz əmlakın qeydiyyatı üçün bir neçə ünvana müraciət etməyə ehtiyac qalmayıb. Həm evlərin, mənzillərin, daşınmaz əmlak obyektlərinin, həm də torpaqların qeydiyyatı yalnız bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində həyata keçirilir.

“Kütləvi çıxarış” kampaniyasının geniş formatda keçirilməsi ölkədə daşınmaz əmlak bazarının aktivliyinin artmasına, alqı-satqı proseslərinin stimullaşmasına səbəb olur. Daşınmaz əmlakların iqtisadi proseslərə cəlb olunması, investisiya obyektinə çevrilməsinə təkan verir.
Qeyd edək ki, kampaniya zamanı bina sakinləri dövlət başçısının mülkiyyət hüquqlarının təmin olunmasında göstərdiyi diqqət və həyata keçirdiyi islahatlardan razılıqlarını bildiriblər. Eyni zamanda, daşınmaz əmlakların və torpaqların qeydiyyatında “bir pəncərə” sisteminin tətbiqindən və komitənin tətbiq etdiyi yeniliklərdən razı qaldıqlarını söyləyiblər.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir