www.sinerjipro.net

SinerjiProWide
Reklam

Elmeddin BehbudovFransa hökumətinin açıqladığı rəsmi rəqəmlərə görə noyabrın 13-də Parisdə törədilən terror aktlarının qurbanlarının sayı 129 nəfərdir. Bu məsələnin statistik tərəfinin ən əsas göstəricisidir. Ancaq sözügedən terror aksiyasından çıxarılmalı olan nəticələrin statistikası bu rəqəmdən dəfələrlə böyükdür…

Dünyanın 6-cı güclü iqtisadiyyatına malik olan ölkədə baş verən terror hadisəsi hər hansı dövlətin son iki əsrdə qlobal bəlaya çevrilən bu dəhşətli silaha qarşı immunitetinin olmadığını bir daha sübut etdi…
Nə qədər acı da olsa etiraf etməliyik ki, hazırda mənzərə bundan ibarətdir ki, dinc insanların kütləvi qətliamı ilə müşahidə olunan Parisdəki terror aksiyası incəsənətin aktyorluq sənəti növünün inkişafı üçün yeni üfüqlər açmış kimi görünür. ABŞ prezidenti Barak Obamanın Parisdəki hadisəylə bağlı reaksiyasına baxaq: “Bu, yalnız Fransa xalqına istiqamətlənmiş bir hücum deyil, paylaşdığımız bütün insanlıq və universal dəyərlərə qarşı hücumdur. Fransa xalqını bu hücumlarla qorxuda biləcəklərini düşünənlər yanılır”. İlk baxışdan tamami ilə normal, baş verən hadisənin miqyasına adekvat reaksiyadır. Ancaq sıralanmaqla bitməyən ritorik suallar olmasaydı…

Bəs bir neçə gün öncə Beyrutda baş verən partlayışda onlarla insanın öldürülməsi necə yalnız həmin şəxslərə olan münasibət idi?! 2011-ci ilin martınadək insanların əminamanlıq şəraitində yaşadığı Suriyada on minlərlə məsum uşağın öldürülməsi, valideynlərini itirməsi necə?! Adı hansı hərflərin birləşməsindən yaranmasından asılı olmayaraq ətrafa yalnız qan çiləyən terror təşkilatları görəsən illərdir ara vermədən vuruşmağa kifayət edəcək qədər sayda və növdə silahı hardan əldə edirlər?! Müxtəlif geosiyasi qütblərdə dayanan dövlətlərin İŞİD-ə silah, informasiya, qida, logistik və s. sahədə dəstək verməsi haqqında dünya mediasına sızan informasiyalarda həqiqət payı yoxdurmu heç?!
1988-ci ildən etibarən Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdiyi dövlət terrorunda heçmi havadarlarının payı yoxdur?! 15 noyabr 2015-ci ildə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə “Böyük İyirmiliyin” Sammitində iştirak edən cənab prezident İlham Əliyevin toplantı çərçivəsində keçirilən müzakirələrdə söylədiyi fikir məsələnin mahiyyətini kifayət qədər dolğunluğu ilə ifadə edir: “Terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir”!

Dəfələrlə beynəlxalq təşkilatların diqqətlərinə çatdırılan, 27 ildir dünyanın etiraf etməyə cığallıq etsədə, şahidlik etməyə utanmadığı Azərbaycan torpaqlarında törədilən erməni terroru faktlarını isə saymaqla bitirmək mümkün deyil.

1. 16 sentyabr 1989-cu il – Tbilisi-Bakı marşurutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.

2. 13 fevral 1990-cı il Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılmış, 13 nəfər azərbaycanlı yaralanmışdır.

3. 11 iyul 1990-cı il tarixdə Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobus və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilmiş, nəticədə 1 qadın, 7 kişi qətlə yetirilmiş, 23 nəfər isə ağır yaralanmışlar

4. 10 avqust 1990-cı ildə “Şamxor-Gəncə” avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF nömrəli avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır.

5. 10 avqust 1990-cı il – Tbilisi-Ağdam marşurutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır.

6. 30 noyabr 1990-cı ildə Əsgəran rayonundakı Ağa körpü adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aeroportuna aparan avtobus partladılmış, nəticədə 2 milis işçisi yaralanmışdır.

7. 14 mart 1991-ci ildə «Ağdam-Şuşa» marşrutu üzrə hərəkət edən avtobus partladılmış, 3 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

8. 8 sentyabr 1991-ci il tarixdə Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun partladılması nəticəsindən 6 nəfər qətlə yetirilmiş, 36 nəfər yaralanmışdır;

9. Cəmi Qaradağlı kəndinin 77 nəfər mülki sakini terror qurbanı olmuşdur; Həmin tarixdə ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, iki nəfər Qaradağlı kənd sakininin başını kəsmişlər.

10. 24 mart 1990-ci ildə «Noraşen-Bakı» yolunun 364-ci km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür.

11. 30 may 1991-ci il Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmışdır, 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.

12. 30 iyun 1991-ci il Dağıstan Respublikasının Temirtau stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

13. 28 fevral 1993-cü il – Dağıstan Respublikası ərazisində, Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

14. 2 iyun 1993-cü il – Bakı Dəmir yol vağzalında ehtiyat yolda dayanan sərnişin qatarının vaqonu partladılmışdır.

15. 1 fevral 1994-cü ildə – Bakı Dəmir yol vağzalında Kislovodsk-Bakı sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

16. 9 fevral 1994-cü ildə Xudat stansiyası yaxınlığında ehtiyat yolda dayanan yük vaqonu partladılmışdır.

17. 13 aprel 1994-cü il Dağıstan Respublikasının Daqestanskie Oqni stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

18. 12 dekabr 1988-ci il tarixində zəlzələdə zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş İL-76 təyyarəsi Ermənistanın Spitak rayonunun quqark şəhərinin yaxınlığında «Stinqer» raketi ilə vurulmuşdur. Nəticədə təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər sağ qalmışdır. Həmin gün erməni terrorçuları Türkiyəyə məxsus olduğunu düşünərək Yuqoslaviyanın An-12 təyyarəsini də vurmuşlar.

19. 20 noyabr 1991ci il Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyot vurulmuşdur. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər – AR Milli Məclisin deputatı, Dövlət katibi T.İsmayılov, Baş nazirin müavini millət vəkili Z.Hacıyev, Dövlət müşaviri millət vəkili M.Əsədov, Baş Prokuror İ.Qayıbov, millət vəkilləri V.Cəfərov və V.Məmmədov, AR Prezident Aparatının şöbə müdiri O.Mirzəyev, Meliorasiya və su təsərrüfat nazirinin birinci müavini Q.Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İ.Plavski, MTN-in DQMV üzrə İdarəsinin şöbə rəisi S.İvanov, DQMV Daxili İşlər İdarəsinin rəisi V.Kovalyov, DQMV Fövqəladə vəziyyət rayonunun komendantı N.Cinkin, AR Dövlət katibinin köməkçisi R.Məmmədov, Azərbaycan Respublikası Dövlət Tele-radio Şirkətinin əməkdaşları, A.Mustafayev, A.Hüseynzadə və F.Şahbazov, Rusiya federasiyasından olan müşahidəçilər general-mayor M.Lukaşov, və podpolkovnik V.Koçarov, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini S.Serikov və 3 nəfər ekipaj üzvü həlak olmuşdur.

20. 28 yanvar 1992-ci il Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulmuş, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olmuşdur…

Məgər etiraz səsini qaldırmaq və dünyada həyacan təbili çalmaq üçün terrorun episentrinin Avropa ölkələrinə keçməsini gözləmək lazımdır?! Bunun üçün hökmən terrorçuların hədəflərinin xristian və digər qeyri-müsəlmanlar olması vacibdir?!

Təkcə 2013-cü ildə dünyada törədilən terror hadisələrinin 2/3-sindən artığı yalnız 5 dövlətin – İraq, Suriya, Nigeriya, Əfqanıstan və Pakistanın payına düşür. Bu ölkələrin əhalisinin mütləq əksəriyyəti bildiyimiz kimi dini mənsubiyyət etibari ilə müsəlmandırlar. Və bu 5 ölkədə (Fələstinidə əlavə etsək 6) dinc, mülkü vətəndaşların ayrılıqda və kütləvi şəkilə xüsusi vəhşiliklə qətlə yetirilməsinə göstərilən laqeyidlik dünyada artıq insanlıq faciəsi kimi deyil, sanki gündəlik həyat norması kimi şüurlarda psixoloji qəbullanma yaratmağa gətirib çıxarıb.

Bunların hansı biri ilə bağlı başda ABŞ olmaqla dünyanın təhlükəsizlik sisteminin əsasını təşkil edən geosiyasi güclər diplomatik müstəvidə söz oyunundan kənara çıxan qətiyyətli siyasi iradə nümayiş etdiriblər?! “Terror” termininə verilən tərif və onu həyata keçirən təşkilatlara qarşı nümayiş etdirilməli olan münasibətlə bağlı hələ də vahid mövqeyin olmaması bu kabusun bir çox hallarda iri qlobal oyunçuların məqsədəçatma yolunda istifadə etdikləri “instrument” olduğunu göstərmirmi?!

Fransa və bəlli Avropa dövlətləri 1984-cü ildən Türkiyədə başlayan terror hərakatına müxtəlif yollarla dəstək olanda, 1988-ci ildən etibarən Qarabağdan uzaq məsafədə yerləşən yaşayış məntəqələri də daxil olmaqla Azərbaycanda törədilən çoxsaylı teror aktlarında kütləvi şəkildə dinc insanların qətlə yetirilməsini susqunla müşahidə edəndə bir gün “dəmir qapı”larının döyüləcəyi günün yetişəcəyini gözləməliydilər.

Hər hansı bir səbəbdən dinc insanların qətlə yetirilməsinə seyrçi qalmaq və onu müdafiə etmək mümkün deyil. Bütün vasitələrlə ona qarşı amansız və sistemli şəkildə mübarizə aparmaq zəruridir. Çünki dəfələrlə vurğulanıldığı kimi terrorun dili, dini, milliyəti yoxdur. Ancaq dünyanın qlobal təhlükəsizlik sistemini “şumlamaqda” olan bu qorxulu silaha qarşı mübarizə o zaman uğurla nəticələnər ki, bu sahədə uzun illərdən bəri göstərilən ikili yanaşmalardan imtina edilsin. Hələlik isə dünyada söz sahibi olan dövlətlərin terrora münasibəti, Obamanın açıqlamasının verdiyi psixoloji effekt kimi incəsənətin bir janrının siyasi səhnədə nümayişinin doğurduğu riyakarlıq hissindən o yana getmir…

Ümid edək ki, gecə Parisdə törədilən terror aksiyaları Fransada və bütövlükdə Avropada islamafobiyanın inkişafına yeni fürsətlər verməyəcək… Məsələyə “Hər zərərdə bir xeyir var” deyimiylə yanaşaraq miqranatlara qarşı göstərilən “xoş” münasibətin şiddətini artırmayacaqlar… Avropa ölkələrinin liderləri uzun illər Türkiyə və Azərbaycan başda olmaqla bir çox dövlətlərə münasibətdə çıxış etdikləri “Sənin terrorçun yaxşı, mənim terrorçum pisdir” məntiqinin zərərli nəticələrini heç olmasa Parisdə baş verən terror aktından sonra ciddi müzakirə edəcəklər… Əgər Qərb mədəniyyətinin simovolunu bu gün rahatlıqla terror kabusuna bürüyə bilirlərsə artıq bu məsləylə bağlı ölçülərin dəyişdirilməsi qaçılmazdır. Çünki laqeydlik və riyakarlıq hər zaman zövq bəxş etmir!

P.S. Bir qədər öncə Rusiya vәtәndaşları sosial şәbәkәlərdә həmvətənlərinə səslənərək “Parislilәr mәscidlәri yandırırlar, orda bizimkilәrdәn kimsә varsa tәrk etsin” deyә çağırış edib və şəkillər paylaşıblar…

Elməddin Behbud – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri – Dailykarabakh saytı üçün

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."