Lelya Əliyeva film təqdimatında -Fotolar

Müəllif: Redaktor

Editor

12bd6fb7e0d07a7254aa7d4e851465b0Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimatı keçirilib.

Tədbirdə layihənin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Qeyd edək ki, təqdimatdan əvvəl Leyla Əliyeva layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanovu qəbul edib, yaradıcı heyəti premyera münasibətilə təbrik edib.

Layihənin prodüseri Yeqor Mixalkov-Konçalovski bildirib ki, “Bakı, mən səni sevirəm” layihəsinin təqdim olunmasından məmnundur: “Mən Bakını çox sevirəm və şadam ki, belə bir kino layihəsini bu gözəl şəhərə həsr etdik. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edirəm ki, bizə hər zaman yaxından dəstək verdilər. Filmlər sizin qarşınızdadır. Ümid edirəm, layihəmiz sizdə xoş təəssürat yaradacaq, filmləri sevəcəksiniz. Layihədə bizimlə birgə əziyyət çəkən bütün yaradıcı heyətə minnətdarlığımı bildirirəm. Azərbaycan tərəfdən peşəkar heyətlə bir yerdə çalışdıq və nəticə göz qabağındadır”.

Tədbirdə qeyd olunub ki, ekran əsəri “Mosfilm” kinokonsernində istehsal olunub. “Bakı, mən səni sevirəm” layihəsi 10 novella əsasında ekranlaşdırılmış qısametrajlı filmlərdən (“Aziya”, “Görüş”, “Rəssam”, “Həyət”, “Bəhram Gur”, “Xəzər Atlantidası”, “Lotereya bileti”, “Sevgi haqqında”, “Aysel”, “Hadisə”) ibarətdir.

Filmlərin rejissorları Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya), Andre Badalo (İspaniya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevdir (Azərbaycan). Novellaların ssenari müəllifləri isə Nadir Maçanov, Yavər Rzayev, İlqar Safat, Samir Kərimoğlu, Nərgiz Bağırzadə və Aleksandr Novotoskidir.

Filmin hazırlıq prosesinə 2011-ci ilin noyabrında start verilib. Çəkiliş prosesi isə 2012-ci il martın 12-dən başlayıb. Çəkilişlər 2 sessiyadan ibarət olub. Mart-aprel və iyun-iyul aylarını əhatə edən yaz, yay sessiyalarının hər birində 5 film çəkilib. Kinoalmanaxın çəkiliş heyəti 138 nəfərdən ibarət olub. Kütləvi səhnələr də nəzərə alınmaqla “Bakı, mən səni sevirəm” layihəsində 150-dən artıq aktyor və aktrisa rol alıb.

Ekran əsərində Azərbaycanın xalq artistləri Rasim Balayev, Məbud Məhərrəmov, Laləzar Mustafayeva, əməkdar artistlər Şamil Süleymanlı, Bəhram Bağırzadə, Ayşad Məmmədov, Sənubər İsgəndərli və digər sənətkarlarla yanaşı, İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Litva və Özbəkistandan dəvət olunmuş aktyor və aktrisalar da çəkiliblər. Onların arasında Alessandro Bertoluççi, Aziya Arcento, Nadirə Myurrey, Aqniya Ditkovskite, Vadim Tsallati, Vyaçeslav Razbeqayev və Tatyana Rujavskaya kimi tanınmış simalar var.

Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir. Film həm də aktyor və rejissorların nəzərində Bakıya bir sevgi etirafıdır.

İndiyə qədər dünyada “Paris, mən səni sevirəm”, “Nyu-York, mən səni sevirəm”, “Moskva, mən səni sevirəm” kimi analoji kinolayihələr həyata keçirilib. Nümayişdən sonra yaradıcı heyət səhnəyə dəvət olunub. Çıxış edənlər bildirdilər ki, belə bir layihədə iştirak etmək onlar üçün çox xoşdur. Layihənin həyata keçməyinə dəstək verdiyinə, bu bayramı onlara yaşatdığına görə Leyla Əliyevaya təşəkkürlərini bildirdilər. Filmlə bağlı təəssüratlarını bölüşən Böyük Britaniya rejissoru Aleksander Fodor Bakıda olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, bu layihə onun həyatında mühüm əhəmiyyət daşıyır: “Bundan sonra da Bakıda böyük həvəslə film çəkərdim”(APA).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir