Leyla Əliyeva əkizləri ilə sərgidə-Fotolar

Müəllif: Redaktor

Editor

fonleyla_aliyeva2_261115_(1)Heydər Əliyev Mərkəzində uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun dəstəyi ilə reallaşan sərginin açılışında iştirak edib.

Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir. İstedadlı uşaqların “Xəyallarla dolu qəlblər” adlı sərgisi də belə layihələrdəndir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və sərgi iştirakçıları Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi, “Qayğı” Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Bakıdakı və regionlardakı uşaq evləri və uşaq bağçalarından olan istedadların rəsm və digər əl işləri ilə tanış oldular.

Uşaqlara qayğı Heydər Əliyev Fondunun prioritet məqsədlərindən biridir. Fondun fəaliyyəti əhalinin ən zəif, xüsusi müdafiəyə ehtiyacı olan təbəqələrinə, ilk növbədə, xəstə uşaqlara, eləcə də dünyada ən qiymətli nemətdən – valideyn məhəbbətindən və qayğısından məhrum olmuş balalarımıza kömək göstərilməsinə yönəlib. Heydər Əliyev Fondunun himayəsi altında həyata keçirilən aksiyalar sırasına məcburi köçkün ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evləri və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair proqram, Azərbaycanda, əsasən kənd yerlərində yeni məktəb binalarının inşası, müxtəlif xeyriyyəçilik aksiyalarının keçirilməsi daxildir. Bu tədbir də istedadlı uşaqların yaradıcılığına dəstək, onların bacarığının inkişaf etdirilməsi məqsədi daşıyır.

Sərgi ilə tanışlıqdan sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlar barədə film nümayiş etdirildi. Balacaların ifa etdikləri rəqslər tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.

Tədbirin sonunda uşaqların əl işlərinin satışı təşkil edildi. On beş əsər yerindəcə satıldı. Toplanan vəsait kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə məqsədilə sərf ediləcək. Dörd yüzədək əsərin nümayiş olunduğu “Xəyallarla dolu qəlblər” sərgisi iki gün davam edəcək.

Noyabrın 26-da Heydər Əliyev Mərkəzində Latviya rəssamlarının “Müxtəlif dənizlər. Bir dünya” adlı sərgisi də açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Sərgi Azərbaycanda “Latviyanı duyun” devizi altında keçirilən Latviya günləri çərçivəsində təşkil edilib. Sərgidə tanınmış latviyalı rəssamlar Aleksey Naumov, Kristaps Zarins və Andris Vitolinsin əsərləri nümayiş olunur.

Açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli çıxış edərək bildirib ki, indiyədək Mərkəzdə 30-dək sərgi keçirilib. Latviyanın üç rəssamının 30-dan çox əsərinin yer aldığı budəfəki sərgi ölkənin incəsənətini təqdim etmək baxımından da əhəmiyyət daşıyır. A.Kərimli sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən Latviyanın İqtisadiyyat Nazirliyinə, bu ölkənin Azərbaycandakı səfirliyinə və Latviya Rəssamlıq Akademiyasına təşəkkürünü bildirib.

Latviyanın iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozola təmsil etdiyi nazirliyin adından qonaqları salamlayaraq deyib: “Sərginin adından məlum olduğu kimi, “Müxtəlif dənizlər. Bir dünya” mövzusu bir-birindən fərqli olan iki müxtəlif ölkəni, yəni, Baltik dənizi sahilində yerləşən və onun incisi olan Latviyanı və Xəzər dənizi sahilində yerləşən və onun incisi olan Azərbaycanı bir araya gətirəcək. Düşünürəm ki, incəsənət hər bir yerdə onu dərk edən adamlar üçün maraq doğurur. Ümidvaram ki, insanlar bu peyzaj janrında əsərlərə baxanda rahatlıq tapacaqlar. Bilirəm ki, azərbaycanlılar çox dinamik insanlardır. Onlar bu rəsm əsərlərinə baxanda həm rahatlıq, eyni zamanda, bir qədər olsa da həyəcan duyacaqlar”. Latviyalı nazir sərginin xoş təəssürat yaradacağına ümidvar olduğunu deyib.

Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs sərginin Heydər Əliyev Mərkəzində təşkilindən qürur duyduğunu bildirib. Azərbaycanda üç aydır ki, səfir kimi fəaliyyət göstərdiyini bildirən latviyalı diplomat Mərkəzdə ilk dəfə olmasını və bu ecazkar məkanın onda böyük təəssürat yaratdığını vurğulayaraq deyib: “Gündəlik həyatımızda biz bir çox proseslərin şahidi oluruq. Lakin düşünürəm ki, biz incəsənəti unutmamalıyıq. Bu sərgi azərbaycanlıları Latviya rəssamlarının əsərləri ilə daha yaxından tanış edəcək. Belə sərgilərin sayı çox olacaq”.

Sərgidə əsərləri nümayiş olunan rəssamlardan biri, Latviya Rəssamlıq Akademiyasının rektoru Aleksey Naumov çıxış edərək diqqətə çatdırıb ki, böyük həcmdə əsərlərin yer aldığı bu sərgi artıq Avropa ölkələrində, ABŞ-da və Honq-Konqda olub. O, sərgidəki əsərlərin azərbaycanlılara xoş təəssürat bağışlayacağına ümidvar olduğunu deyib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Aleksey Naumov tanınmış peyzaj ustası və müasir Latviya plener rəngkarlığının görkəmli nümayəndəsidir. Hazırda o, Latviya Rəssamlıq Akademiyasının rektorudur. Onun 60-dan artıq fərdi sərgisi keçirilib, 40-dan çox birgə sərginin iştirakçısı olub.

Kristaps Zarins Latviya Rəssamlıq Akademiyasının prorektoru və professorudur. Latviya və digər ölkələrdə bir sıra fərdi sərgiləri keçirilib, birgə sərgilərdə iştirak edib. Onun əsərləri Latviya və Rusiyanın müxtəlif muzeylərində, Avropa ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.

Andris Vitolins sənaye rəngkarlığının təmsilçilərindən biri kimi tanınır. Əsasən insan tərəfindən yaradılmış obyektlərin rəsmini çəkir, lakin yaradıcılığında təbiət mənzərələrinə də yer ayırır. İndiyə qədər 10-dan artıq fərdi sərgisi açılıb, 40-dan çox birgə sərginin iştirakçısı olub. Latviya Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasının dosentidir.

Latviya rəssamlarının sərgisi 2016-cı il fevralın sonunadək davam edəcək.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir