Leyla Əliyeva Oksford Universitetinin professorunu qəbul edib

Müəllif: Redaktor

Editor

020c9cb85f6400fad88805d1bc16f05fIDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Oksford Universitetinin Zoologiya Departamenti nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının (WildCru) direktoru professor Devid Makdonald və həmin təşkilatın elmi işçisi Don Burnhemi qəbul edib.

Birlikdən verilən məlumata görə, görüş zamanı Leyla Əliyeva IDEA İctimai Birliyinin fəaliyyəti, xüsusilə də Azərbaycanın endemik fauna növlərinin mühafizəsi və bərpası sahəsində təşəbbüsləri barədə geniş məlumat verib. Qeyd olunub ki, IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Ceyranların tarixi yaşayış məskənlərinə re-introduksiyası” layihəsi çərçivəsində 150 baş ceyran Azərbaycan və Gürcüstan ərazilərindəki təbii yaşayış areallarına buraxılıb.

Bundan əlavə, IDEA İctimai Birliyi beynəlxalq və yerli tərəfdaşları ilə birlikdə Azərbaycanda bəbirlərin sayının bərpası layihəsi üzərində çalışır. Leyla Əliyeva bu ilin oktyabr ayının əvvəlində Astara rayonu ərazisində bəbir öldürülməsi xəbərindən məyus olduğunu bildirib. Sözügedən hadisə bu nadir fauna növünün mühafizəsinin gücləndirilməsi zərurətini bir daha sübut edib.

Nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvanların mühafizəsi ilə yanaşı, IDEA İctimai Birliyi biomüxtəlifliyimizin zənginləşdirilməsi məqsədilə, yoxa çıxmış növlərin reintroduksiyasını da planlaşdırır.

Öz növbəsində, professor Makdonald IDEA-nın fəaliyyətini izlədiyini və təqdir etdiyini bildirib. D. Makdonald qeyd edib ki, WildCru dünyanın 6 qitəsində yox olma təhlükəsi ilə üzləşən heyvan növlərinin tədqiq edilməsi və mühafizəsi layihələri həyata keçirir. Fəaliyyət göstərdiyi 30 il ərzində WildCru vəhşi təbiət sahəsində dünyanın ən qabaqcıl elmi-tədqiqat mərkəzinə çevrilib.

Görüş zamanı IDEA və Oksford Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu xüsusda, bir Azərbaycanlı tələbənin gələn il Oksford Universitetində biomüxtəliflik ixtisası üzrə təhsil alması üzrə razılıq əldə olunub(APA).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir