www.sinerjipro.net

SinerjiProWide
Reklam

DSC_0170Rauf Mirqədirovla bağlı ittihamda adı çəkilən Laura Baqdasaryanla hüquq müdafiəçisi birgə lahiyə həyata keçiriblər

 Həbsdə olan jurnalist Rauf Mirqədirovun vəkili bu gün mətbuat konfransı keçirilib.

 Tədbirdə çıxış edən vəkil Fuad Ağayev bildirib ki, bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında işi aparan müstəntiqlə və Rauf Mirqədirovla görüşüb. O deyib ki, R.Mirqədirovla bağlı Nəsimi Rayon Məhkəməsində 3 ay müddətinə həbs-qətimkan tədbiri də seçilib: “Rauf Mirqədirov ifadə verməkdən imtina elədi”.

Vəkil deyib ki, istintaq R.Mirqədirovun Ermənistan xüsusi xidmət orqanları ilə maddi maraq qarşılığında əməkdaşlıq etdiyini bildirir: “Guya 2008-2009-cu illərdə Azərbaycanda hərbi vəziyyət, strateji dövlət obyektləri barədə Ermənistana məlumat ötürüb. Rauf Mirqədirov bir çox beynəlxalq tədbirlərdə iştirak edib, onun masa arxasında kiminləsə şəklini çəkmələri mümkündür. İttihamda Laura Baqdasaryan adlı şəxsin və daha bir nəfərin adı keçir. Həmin Laura Baqdasaryanla 2001-ci ildə hüquq müdafiəçisi Leyla Yunusun layihəsi olub, 2005-ci ildə birgə internet jurnal buraxıblar. Onların müştərək layihəsi var, yəni partnyordurlar. Burdan da görünür ki, bu həbsin davamı olacaq ”.

Vəkil bildirib ki aprelin 19-a keçən gecə Rauf Mirqədirov Gürcüstana getmək istəyib: “Ankara yaxınlığında onun içində olduğu avtobus saxlanılıb. Onu polis bölməsinə aparıblar, amma müdafiəçi ilə təmin olunmayıb. Sonra da deportasiya olunduğunu bilib. Ona qarşı işgəncə faktı olmayıb, fiziki zor tətbiq edilməyib. Mənə də bildirdi ki, onunla kifayət qədər nəzakətlə rəftar ediblər. Saxlanma şəraitindən narazılığını bildirmədi” (APA).

*        *         * 18:08

“Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb”.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, R.Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib.

R.Mirqədirov tutulduğu andan hüquq və vəzifələri izah edilməklə müdafiəçi ilə təmin olunub.

Cinayət işi üzrə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və hazırda zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

 

*       *       * 15:31

“Rauf Mirqədirov haqda hələ həbs-qətimkan tədbiri seçilməyib”.

Bu barədə virtualaz.org saytına Baş Prokurorluqdan bildirilib. Xəbərdə o da deyilir ki, jurnalist barədəki rəsmi məlumat az sonra yayılacaq

*   *   * 12:53

“Rauf Mirqədirov 2001-ci ildən etibarən hər il mənim rəhbərlik etdiyim Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistanda keçirilən tədbirlərdə iştirak edir”.

Bunu modern.az-a açıqlamasında Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus “Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirovun həbsinə münasibət bildirərkən deyib. O bildirib ki, R.Mirqədirovun həbsində heç bir məna yoxdur. L.Yunus hüquq-mühafizə orqanlarını jurnalisti həbsdən azad etməyə çağırıb.

“Rauf Mirqədirovu niyə tutublar anlamıram. Gəlib məni həbs etsinlər”. İnstitut rəhbəri bu vaxta qədər Ermənistanda keçirilən tədbirlərin NATO-nun Qafqaz ofisinin sponsorluğu ilə gerçəkləşdiyini bildirib.

“Biz həmin tədbirlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bəyan edirik. Həmişə Gürcüstan və Azərbaycan nümayəndə heyəti birgə bəyanatla çıxış edir. İndi buna görə Rauf Mirqədirova dövlətə xəyanət maddəsi ilə cinayət işi açmaq çox gülməlidir. Mən ermənilərlə hər gün ünsiyyətdə oluram. Mən və ya Rauf Mirqədirov onlara hansı məlumatlar verə bilərəm?! Bizdə hansı dövlət sirri var ki?!”,-deyə L.Yunus qeyd edib.

Xatırladaq ki, “Ayna-Zerkalo”nun Türkiyədə işləyən siyasi şərhçisi R.Mirqədirovun akkreditasiyası dayandırılıb. Azərbaycana deportasiya olunandan sonra isə onu həbs ediblər. Hazırda onun MTN təcridxanasında olduğu bildirilir.

L.Yunus jurnalistin həbs edilməsini pisləyən bəyanat da yayıb. Bəyanatda R. Mirqədirovun cinayət tərkibi ola biləcək hər hansı addım atmadığı bildirilib.

Nəzərə alsaq ki, vəkil Fuad Ağayev həbslərina davamının olacağını bildirib, o zaman həbs olunması ehtimal olunan şəxslərin sırasında Leyla Yunusun adı gəlir. İllərdən bəri hətta bəzi hüquq müdafiəçilərinin də erməni kəşfiyyatına işləməkdə ittiham etdiyi Leyla Yunusu iqtidarla da münasibəti bərbaddır. O səbəbdən də R.Mirqədirovdan sonra onun da həbs olunma ehtimalı yüksəkdir. Lakin hüquq müdafiəçisinin həbsinin beynəlxalq aləmdə ciddi fəsadları da ola bilər. Bu səbəbdən də növbəti qurbanın kimliyi sual doğurur.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."