www.sinerjipro.net

SinerjiProWide
Reklam

pirallahi neftci (8)“Günəşli” yatağında baş verən faciə zamanı itkin düşən şəxslərin ailə üzvləri, yaxınları Pirallahı limanına gələrək neftçilərlə bağlı məlumat almağa çalışırlar.

Bu barədə AzVision.az-a hazırda Pirallahı limanında olan əməkdaşımız Hafiz Əhmədov bildirib.

Müxbirimiz məlumat verib ki, itkin düşən şəxslərin yaxınları dünəndən etirabərən limanda gözləyirlər. Onlara hələki heç bir məlumat verilməyib.

“Hazırda Pirallahıda itkin düşən neftçilərin yaxınları, ailə üzvləri məlumat almağa çalışırlar. Onlara bildirilir ki, hazırda axtarış davam edir, yeni məlumat olan zaman açıqlama veriləcək”.

Əməkdaşımızın bildirdiyinə görə, “Günəşli” yatağında iktin düşən neftçilərin iş yoldaşları da limanda onların yolunu gözləyir.

“Bu, bizim üçün böyük faciədir. Bir neçə gündən sonra biz növbəmizi dəyişib, işə başlayacaqdıq. Tale elə gətirdi ki, onlar faciə ilə üzləşdilər. Yataqda texniki cəhətdən indiyədək heç bir problem olmamışdı. Bura iş yoldaşlarımızdan məlumat almaq üçün gəlmişik. Onların çoxu ailəli idi, evdə uşaqları yollarını gözləyirdi”-deyə neftçilər qeyd ediblər.

Hazırda FHN tərəfindən axtarışların davam etdiyini deyən əməkdaşımızın sözlərinə görə, itkin düşən neftçilərin bir qismi Quba, Xaçmaz bölgəsindədir. Bu rayondan da xeyli insan Pirallahıya gəlib.

“İşçilərin dediyinə görə, SOCAR prezidenti Rövnəq Abdullayev bu gün səhər saatlarından indiyədək hadisə yerindədir. Həmin əraziyə heç kimi buraxmırlar”.

Sakinlərin sözlərinə görə, faciə nəticəsində Xaçmaz-Xudat bölgəsindən olan tanınmış bir həkimin oğlu da itkin düşüb. Həmin şəxsin kimliyi hələlik məlum deyil.

“Sakinlər bildirdilər ki, itkin düşən neftçinin atası məşhur həkimdir, onu Bakıya çağırıblar”-deyə əməkdaşımız qeyd edib.

Faciə baş verən yataqda mühəndis işləyən Cahangir Məmmədov 3-4 gün bundan öncə iş yerinə qayıtmaq istəsə də, hava şəraiti buna imkan verməyib.

“Uzun illərdir həmin yataqda çalışıram. 3-4 gün əvvəl işə qayıtmaq istədim, hava çox küləkli idi. Nə qədər çalışdım, gedə bilmədim. Allah elə bil, məni ölməyə qoymadı. Mən getsəydim ya ölmüşdüm, ya da itkin düşmüşdüm. Amma məni əvəz edən mühəndis itkin düşüb. Bu xəbəri eşidəndən özümüzə gələ bilmirik. Böyük faciədir”.

Limanda toplaşan neftçilər bildiriblər ki, hadisə baş verən gün küləyin istiqaməti Mərkəzi Asiya ölkələrinə doğru olub.

Qeyd edək ki, rəsmi məlumata görə, dekabrın 4-də Xəzərdəki “Günəşli” yatağında baş vermiş qəzada 32 nəfər xilas olulub, 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb.

Hadisə ilə bağlı Dövlət Komissiyası yaradılıb cinayət işi açılıb. Qəzada itkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 105
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."