Litvalı jurnalistlər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Müəllif: Redaktor

Editor

2T5A3691Litvalı jurnalistlər Quba Soyqırımı Memorial Kompleksini və Qırmızı qəsəbəni ziyarət ediblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə Azərbaycana səfər edən Litva Respublikası Jurnalistlər İttifaqının vitse-prezidenti, “Alkas.lt” internet portalının redaktoru – Audris Antanaytis və həmin media orqanının fotoqrafı Arunas Sartanaviçüs Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Onlara məlumat verilib ki, kompleks 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. Burada 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. Kompleksdə qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər də sərgilənir.

Müxtəlif qəzalarda baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırılıb, dənizə, quyulara atılıb və bu səbəbdən onları dəfn etmək mümkün olmayıb. Zalın mərkəzində belə qurbanların xatirəsinə qara mərmər daş ucaldılıb. Muzeydə hər bir qəzanın tarixi faciəsi ayrı-ayrı bölmələrdə zəngin foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla verilir.

Muzey kompleksini ziyarət etməkdən təsirlənən Litva Respublikası Jurnalistlər İttifaqının vitse-prezidenti, “Alkas.lt” internet portalının redaktoru Audris Antanaytis kompleksdəki xatirə kitabına ürək sözlərini yazıb. O, bu faciənin insanlığa utanc verdiyini və bu faciənin öz tarixi qiymətini almasının vacib olduğunu bildirib.

Daha sonra litvalı jurnalistlər Quba rayonundakı Qırmızı Qəsəbəni ziyarət ediblər. Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov qonaqlara bildirib ki, uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub. Litvalı jurnalistlər yerli əhali ilə ünsiyyət quraraq onların adətləri haqqında məlumat toplayıb, qəsəbədəki tarixi əraziləri ziyarət ediblər.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır