Yazı İçi 468×60

 

Banklar kasıb əhalini necə özlərinə möhtac salmaq istəyirlər?

YENİCAG_LOMBARDDevalvasiyadan sonra gündəmdə olan mövzulardan biri lombardların fəaliyyətidir. Demək olar ki, bu sahədən xəbəri olan da, olmayan da lombardların tənqidi üzərində qurulan təbliğatı gündəmdə saxlayır.

Doğrudanmı lombardlar deyildiyi qədər zərərlidir, yoxsa sehirli bir əl bu xidmət sahəsini qaralayıb?  Həqiqətənmi, lombardların fəaliyyəti heç bir qanunla tənzimlənmir və bu sahədə anarxiya hökm sürür?

Öncəliklə, qeyd edək ki, “Lombard” kommersiya təşkilatıdır. Əsas fəaliyyəti vətəndaşlara girov qarşılığında qısamüddətli kreditlərin təmin edilməsindən ibarətdir. Tarixçəsinə gəlincə, əmlak ilə təmin kreditlərin verilməsi ilk dəfə XV əsrdə Fransada Lombardiya adlı yerdə yaradılıb və bu ad da oradan gəlməkdədir. XVII-XVIII əsrlərdə bələdiyyə lombardları “sosial dəstək orqanları” rolunu oynayıb, vətəndaşları müflis olmaqdan xilas edib, əhalinin oğurluqla pul qazanmaq yolundan çəkindirib.

Azərbaycana lombard Çar Rusiyası dönəmində gəlib. 1906-cı ildə Bakıda ilk lombard açılıb. Rusiyada isə ilk lombard 1888-ci ildə Şəhər Dumasının dəstəyi ilə iş adamı və xeyriyyəçi X. S. Ledensov tərəfindən açılıb. Onun nizamnaməsi digər lombardların da yaranması üçün bir nümunə olub. Tarixçəsi uzun olsa da, bu günə-Lombardların tənqid hədəfinə çevrildiyi zamana qayıtmaqda fayda var.

 

Banklar lombardları “vurdurur”

 

Lombardlarla bağlı yazılar kəskin şəkildə artmaqla birlikdə bir məqam da diqqətimizi cəlb edir. Son aylarda yazılan xəbərlərdə “əhali banklardan lombardlara axışır” diqqət çəkməkdədir. Son vaxtlar Azərbaycanda banklardan kredit götürmək istəyənlərə qarşı tələblərin sərtləşməsi lombardların müştərilərinin sayını artırıb.

Lombardların faiz dərəcəsinin banklara nisbətən çox olmasına baxmayaraq, əhali məhz bu mərkəzlərə üz tutmağa üstünlük verir. Xüsusən də son zamanlar manatın devalvasiyasından sonra əhali banklardan manatla pul götürməyə çətinlik çəkir. Bu baxımdan lombardlara tələbat artıb.

Ekspert Samir Əliyev isə hesab edir ki, lombardlar 2014-cü ildən bankları üstələməyə başlayıblar: “2014-cü ilin əvvəlində Mərkəzi Bank arayışsız kredit verilməsini qadağan elədi. Söhbət təminatsız kreditlərdən gedir. Hansı ki, girov müqabilində götürülmür. Bankın tələb etdi ki, əgər girov qoyulmursa, iş yerindən arayış olmalıdır. Xeyli insan var ki, aylıq gəlirlərini göstərəcək rəsmi sənəd ala bilmirlər. Bu insanlar bankdan pul götürə bilmədikləri halda lombardlara üz tutmalı oldular. Beləliklə, lombardların həcmi, sayı artdı. İkincisi, manatın devalvasiyasından sonra bankların krediti manatla deyil, dollarla kredit verməsidir. İnsanlar isə əksinə, manatla kredit götürmək istəyir və məcbur qalıb lombardlara gedirlər. Bundan əlavə lombardlardan pul götürmək daha asandır. İstənilən şəxs girov müqabilində 1-2 saat ərzində lombarddan pul götürə bilər. Halbuki banka müraciət etsə, 1-2 gün çəkəcək”. Ekspert 1-2 saat desə də, şahidlər lombard əməliyyatının 5-20 dəqiqə arasında olduğunu bildirir. Yəni, bank süründürməçiliyi qarşısında normal lombardlar həm də vaxt qənaəti baxımından irəlidirlər.

Yəni, əslində ekspert lombardlar əleyhinə təbliğatın arxasındakı qüvvəni işarə edir: Banklar.

Bəzi yazılarda bankları da lombardlarla birlikdə vursalar da, bu əslində gözəl bir iz azdırmadır. Çünki bank sektoru özünün yaratdığı böhrandan çıxa bilmədiyi kimi, bu məsələdə xalqın onların tamahkarlığı səbəbindən üz tutduğu lombardları qaralamaqla məşğuldurlar.

Lombardların hamısı “süddən çıxmış ağ qaşıqdır”?  Əsla. Əhali bu məsələdə ehtiyatlı olmalı və köklü lombardlarla iş görməlidir. Metroların üstündə bir gecədə tikilən “gecəqondu”larda çalışan “lombard”lara əsla etibar edilməməlidir. Onlara etibar edən elə verdiyi qızıl-gümüşü də unutmalıdır.

İllərdən bəri tanıdığınız lombard varsa, sırf bir-iki faizə görə, ona deyil, “gecəqondu”ya müraciət edilirsə, risk etdiyini də nəzərə almalıdır. Yəni, məşhur atalar sözündə deyildiyi kimi, üç qəpiklik adama beş qəpik verərsənsə, o əlavə iki qəpiyə səni satar.

 

Lombardların fəaliyyəti qanunvericiliklə tənzimlənmir?

 

Bu gün lombard əleyhinə danışanların, xüsusilə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun keçmiş rezidentlərinin bu məsələdə qabartdığı məqam lombardların lisenziya məsələsidir. Doğrudur, “Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 20 aprel tarixli, 89 nömrəli qərarı ilə lombardlara lisenziya verilməsi nəzərdə tutulurdu. Lakin bəzi hərşeyşünaş “ekspertlər”in iddia etdiyi kimi bu qərar 5-6 ay öncə deyil, Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 173 nömrəli qərarı ilə bu ləğv edilib.

Yəni, lombardlar üçün tətbiq olunan lisenziya rüşvət və bürokraik əngəllərə yol açdığından, məhz Ulu Öndər Heydər Əliyevin təlimatı ilə Nazirlər Kabineti tərəfindən ortadan qaldırılmışdır. Lisenziyalı dönəmdə isə qeydiyyatdan keçən lombardların əksəriyyətinin o dönəm on minlərlə dollar rüşvət verdikləri söylənilir. Elə bu günki dələduzların bu sahəyə də məhz həmin dövrdə ayaq açdıqları vurğulanmaqdadır.

Qanunvericiliyə gəlincə, lombardların başıpozuq şəkildə çalışdığını iddia edənlər ya qanunu bilmir, ya da bilmək istəmirlər. Çünki lombard işçiləri bildirirlər ki, onlar fəaliyyətini müvafiq qanunlara uyğun şəkildə qururlar. Bəzi hərşeyşünas ekspertlər lombardlar üçün əlavə bürokratik əngəllər gətirilməsini təklif edərkən, qanuni boşluq olduğunu qeyd edirlər. Lombard əməkdaşları isə fəaliyyətlərini illərdən bəri ayrı-ayrılıqda Girov və Müəssisələr haqqında qanunlar və Mülki Məcəlləyə müvafiq qurduqlarını, Vergilər Nazirliyi, Sosial Müdafiə Fondu kimi qurumlarda qeydiyyatda olduqlarını bildirirlər.

 

Lombardları boğaq, boğmayaq?

 

Nəzərə almaq lazımdır ki, lombard müstəqillik dönəminin məhsulu, yəni yeni fəaliyyət sahəsi deyil. Yuxarıda qeyd etdiyimiz kimi, Çar Rusiyası dövründən qalan və Sovet dönəmində əhalinin qısa müddətdə problemlərini həll etmək, məsələn, əhalinin hansısa xeyir və ya şər məclisini həyata keçirmək üçün müraciət etdiyi əsas ünvan idi. Siz heç sovet dönəmində lombardlarla bağlı şikayətin olduğuna şahid olmuşdunuzmu? Xeyr. O dövrlə bağlı nəinki qəzetlərdə, heç bədii ədəbiyyatda da lombard probleminə toxunulmur. “Kirpi”nin hansısa sayında lombarda sataşıldığının şahidi olmusunuzmu? Əsla! Çünki indi problem lombardda deyil, lombard adı altında “gecəqondu”lara meydan verilməsindədir.

Sovet dönəmindən qalan bu sahə o zaman da pullu xidmət sahəsi sayılıb və bu barədə hələ də qüvvədə olan bir sıra təlimatlar var. Yəni, bərbərlər və ya küçə biznesi ilə bağlı ayrı-ayrılıqda qanun olmadığı kimi lombardlar da fəaliyyətlərini yuxarıda göstərilən qanunlarla tənzimləyirlər. Onsuz da əhalinin son anda müraciət etdiyi, bankların da lombard fəaliyyəti göstərdiyi üçün zəifləməkdə olan sahəni əlavə qanunlarla buxovlamaq bu sahədəki ciddi sahibkarları boğmağa hesablanıb. Azərbaycan prezidenti sahibkarlara dəstək verdiyi bir dönəmdə xalqa xidmət göstərən və əvəzində qazandığı qəpik-quruşla neçə-neçə ailə saxlayan iş adamlarını iflasa sürükləməkdən başqa bir şey deyil. Nəzərə alaq ki, lombard sahəsində islahat qanunvericiliklə bu sahəni boğmaq deyil, təsadüfi adamları təmizləməklə olar. Əhalinin kasıb, banka müraciət etmək imkanı olmayan təbəqəsinin əlindən tutan sahəni bankların daha da azğın şəkildə əhalini soymasına rəvac vermək üçün bağlamağa çalışmaq yoxsul insanlara qarşı ədalətsizlikdir. Əlində olan beş qramlıq nişan üzüyünü lombarda girov qoyaraq, uşağı üçün dərman alan adama bu vaxta qədər hansı bank qucaq açıb? Heç bir bank. Yəni, bəzi “ekspertlər” yoxsul əhalinin son ümid yerini də bu şəkildə baltalamaqla, kimin əmisi oğlu olduqlarını ortaya qoyurlar.

Əlbəttə, fəaliyyətini qanuna müvafiq şəkildə qurmayan “gecəqondu”larla bağlı maarifləndirici iş aparılsa, daha yaxşı olar, nəinki bankların işinə yarayan “lombard düşmənçiliyi” aparmaq. Nəzərə alaq ki, bank bürokratizmindən fərqli olaraq, lombardlar qısa müddətdə xalqın aztəminatlı ailələrinin dərdinə dərman ola bilirlər. Bu səbəbdən də, onların boğulmasına deyil, safçürük edilməsinə ehtiyac var.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 76
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."