“Lord” ləqəbli döyüşçü: “Sağ göstərib, sol əllə vurdum”

Müəllif: resul

Editor

15724098_1183239821764095_194128183_nAzərbaycanda “Lord” ləqəbi ilə tanınan professional kikboksçu Ramal Aslanov, bu günlərdə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən prestijli “The World Faith Fight” seriyasının super-finalında çıxış edib. Bir ay öncə Dünya Qran-Prisinin qalibi olan 24 yaşlı döyüşçümüz, super-finalda keçən ilin Dünya Qran-Prisinin sahibi, çinli Lee Yinggang üzərində möhtəşəm qələbə qazanaraq, turnirin əsas mükafatını – 8.000.000 Çin yuanını (200.000 ABŞ dolları) qazanıb. Beləliklə də, Ramal Aslanov Azərbaycanda ilk dəfə hər iki titula sahiblənən idmançı kimi də tarixə düşüb.

Çempionumuz keçirdiyi döyüş və qarşıdakı yarışlarla bağlı Yeniçağ.az-a müsahibə verib:

– Ramal bəy, ilk olaraq baş tutan bu yarış haqqında bir az məlumat verərdiniz.
– Ümumiyyətlə, mən bu il ərzində 9 döyüş keçirmişəm, hamısını da qələbə ilə başa vurmuşam. Bu döyüşə ilin əvvəlindən hazılaşırdım. Necə deyərlər, tam hazır idim.
Ötən ay Azərbaycan tarixində ilk dəfə dünya Qran-Pri turnirinin qalibi oldum. Bu il isə 2015- 2016-cı illərdə Qran-Pri qalibləri olanlar qarşılaşdı. Bu döyüş – “Çempionlar çempionu” adlanırdı. Şükürlər olsun ki, elə çempionu da özüm oldum.

– Rəqibiniz haqqinda əvvəlcədən məlumatınız var idi? Onun döyüşdüyü görüntüləri izləmişdiniz?
– Ötən ay çempion olandan sonra bildim ki, məni həmin çinli idmançı ilə döyüş gözləyir. Qran-prinin finalında qalib olandan sonra bu idmançıya qarşı hazırlaşmağa başladım. Rəqibimlə boy fərqimiz o qədər də çox deyildi. Həmçinin mənim stilimdə döyüşürdü deyə, yarış rahat oldu.

– Sizcə rəqibiniz bu döyüşə xüsusi hazırlaşmışdı, ya Ramal Aslanovu asan rəqib kimi düşünürdü? Bunu özünüz də onun döyüşməsindən və müdafiə olunmağından hiss etmiş olarsız.
– Bundan əvvəlki finalda o, rinqin kənarında oturub, mənim döyüşümü izləyirdi. Hətta rinqdən düşəndə məni təbrik etmişdi. O ki qaldı onunla baş tutan super- final döyüşümə, rəqibim bilirdi ki, mənim sağ əlim daha güclüdür. Ona görə də sağ əllə gələcək zərbənin müdafiəsinə köklənmişdi.
Mən də birinci raund başlayandan sağ əl göstərib, sol əllə vurdum. Yəni mən başqa taktika seçdim. Sol əldən daha çox istifadə etdim, zərbələrimin də çoxu dəqiq alınırdı.

– Qalib gəlməyinizdə səbəb nə oldu? Güc, ağıl ya texnika?
– İlk növbədə güc, sonra ağıl… Yəni ağılla düzgün texnika seçdik. Bu işdə də məşqçim Hakim Hacıyevin əməyi böyükdür. O, mənə məsləhət verdi ki, rəqibin sənin sağ əlinin güclü olduğunu bilir. Döyüşlərini izləyib, sol ələ üstünlük ver. Nəticə doğrudan da əla oldu. Yenə deyirəm əsas növbədə gücdür. İnanmıram ki, döyüşdüyüm çəkidə məndən güclü idmançı olsun. Çünki elə biri hələ qarşıma çıxmayıb.

– Çində sizin yumruqlarınızın izi də götürülüb.
– Bəli, bu, yarışın adətidir. Çempion olan idmançının yumruq izləri xatirə olaraq saxlanılır. O çempion da mən idim. Fəxr edirəm ki, Azərbaycandan bu yarışda qalib gələn tək mənəm. Sözün düzü, yumruq izinin sərgi üçün olduğunu bilmirdim. Yarışdan sonrakı tədbirdə imza atmaq üçün təqdim etdilər, dedilər ki, “Döyüş sənətləri” sərgisində istifadə olunacaq. Mən də imza atıb, ləqəbimi -“lord” yazdım. Bu, mənim üçün fəxrdir.

– Vətənə qayıtdıqdan sonra AKF-nin rəhbəri, millət vəkili Adil Əliyev sizi qəbul etdimi?
– Əlbəttə, Adil müəllimlə həm yarışdan əvvəl, həm də sonra görüşdük. Hətta yola düşəndə də federasiyamızın rəhbərinin xeyir-duası ilə yola düşdüm. Ona minnətdaram ki, nəinki məni, heç bir idmançını diqqətdən kənar qoymur. Problemlərimizlə maraqlanır, məşqçimlə mənim çəkdiyim əziyyəti qiymətləndirir.
Bu gün də cənab prezident İlham Əliyevlə görüşümüz oldu, mükafatlandırıldım. Bildiyiniz kimi, hər il ilin yekunu ilə bağlı tədbir keçirilir. Orada builki yaxşı nəticələrimə görə mən də iştirak etmişdim. Cənab Prezident uğurlarıma görə məni təbrik etdi.

– Qarşıda hansısa yarışlarınız var?
– Məşqlərimi davam etdirirəm. Hələ ki, gələn ilin mart ayına qədər heç bir yarış olmayacaq.

Aygün İlqarqızı

Yeniçağ.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır