Lujkov üçün papaq tikən Vaqif usta: oğlum mənim sənətimi bəyənmir... - Reportaj + FOTOLAR

XX əsrin əvvəllərinə qədər Azərbaycanda papaq kişilər arasında populyar milli baş geyimi olub. Digər Qafqaz xalqları arasında da geniş yayılıb. Ölkəmizdə papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanır. Onların müxtəlif formaları və yerli adları mövcuddur. Papaq baş geyimi olmaqla yanaşı, həm də simvol sayılırdı. Cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Hətta bir kişinin papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi. Keçmiş zamanlarda kişilər istənilən halda papağı başlarından çıxarmırdılar. Çünki ictimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq kimi dəyərləndirilirdi.

O vaxtlar ataların dediyi “get, papağını qabağına qoy, yaxşı fikirləş” sözünü indi kiməsə demək olmaz. Çünki əksər kişilərimiz papaqsızdır, bu məsəlin onlara aidiyyatı yoxdur. İndi nə papağa, nə də ki, papaqçıya əhəmiyyət verən var. Başına tək-tək papaq qoyan insanların az olduğu kimi, elə papaq tikənlərin də sayı azalıb. Sayı azalan papaq tikənlərin sorağı ilə əslən Bakıdan olan 72 yaşlı papaqçı Vaqif Bağırovun emalatxanasına yollandıq.

Vaqif usta ilə bir neçə gün bundan öncə zəngləşmişdik. İlk zəngimizdə elə bilmişdi ki, müştəri kimi papaq sifariş etmək üçün zəng etmişik. Sonuncu zəngimizdə emalatxananın ünvanını dəqiqləşdirmək üçün zəng edəndə onunla həmsöhbət olacağımızı bildirdim. O da razılaşdı… Beləcə papaqçı Vaqif ustanı görmək üçün mənzil başına çatdıq.

– Vaqif usta, salam. Neçə ildir papaqçılıqla məşğulsunuz?

– Salam, xoş gəlmisiniz. 25 ildir bu sənətdəyəm. Ancaq əvvəllər başqa yerlərdə də işləmişəm.

– Siz yalnız sifarişli papaq tikirsiniz?

– Çox vaxt sifarişli olur. “Zakaz” (sifariş red) olmayanda satış üçün tikirəm. İşə baxır da.

– Satdığınız ən bahalı və ucuz papaq neçəyədir?

– Ən ucuzu 5 manata, ən bahası 15 manata…

– Bəs sifarişli papaq?

– 50 manatdan 300 manata qədər. Çünki o papaqları quzu, ceyran və norka dərisindən tikirəm. Mən elə tikirəm ki, camaatın imkanı çatsın almağa. Hər adam bahalı papaq ala bilmir axı.

Yenicə söhbətə başlamışdıq ki, cavan bir oğlan içəri girib başına qoyduğu papağın ölçüsünü kiçiltmək istədiyini dedi. Vaqif usta da etiraz edib, geri qaytardı…

– Bax, görürsünüz, “kitayski” papaq qoyub başına, indi mənə deyir ölçüsünü balacalaşdır. Alardın milli papaq, heç bir problemin də olmazdı (zarafat etdiyini bildirib, əlin-əlinə vurub gülür).

– Buradakı hazır papaqların adlarını deyə bilərsiniz?

– “Çoban” papağı, “buxara” papaq, “milli dakka”, “qoqlevka”… nə bilim o qədər papaq var ki…
Vaqif ustanın həyat yoldaşı Tatyana xanım da onunla birlikdə çalışır. O, ustaya həm papaq tikməkdə kömək edir, həm də təmirə verilən kürkləri tikib düzəldir. Ara-sıra kənardan söhbətimizə də müdaxilə edir:

– Baxın, bu papağı da Vaqif mənim üçün tikib. Quzu dərisindəndir (papağını göstərir).

– O vaxtdan bu vaxta papaq alan çoxalıb, yoxsa?

– (gileylənir) Çox dəyişiklik və fərq var. İndi papaqları satmaq çox çətindir. Bilmirəm ya insanların pulu azalıb, ya papaq qoyan yoxdur. Çoxusu xarici papaqları sevir. Türkiyə, İran, Çin “etiketkalı” papaqları alırlar, heç milli papaqlarına tərəf çönüb baxmırlar da. Əksər cavanlarımız papaq geyməyə belə utanır. Bizim milli papaqlar çox ağır satılır. Onları da yaşlı kişilər alır. Həm bizim qışımız da zəifdir, elə də soyuq keçmir. O vaxtlar kişilər papağı özlərinə fərəh bilərdi. Papağı namus-qeyrət simvolu bilərdilər, utanmazdılar. İndikilər milli papağımızı zarafata salıb lağ edirlər, gülürlər, maraq göstərmirlər. Avropasayağı olublar lap.

“Aerodrom” papağı göstərir:

– Bu “aerodrom” papağı indi kiminsə başında görmüsünüz heç? Yox, əlbəttə ki. Ancaq qabaqlar bunu kişilər başına qoyub, şəhərdə fərəhlə gəzərdilər. İndi şəhərdə onu geyinən yox dərəcəsindədir. Bu papağı indikilər yalnız filmə çəkiləndə istifadə edirlər (gülür).

– Deyirsiniz ki, papağı namus-qeyrət simvolu bilərdilər…

– Bilirsiniz niyə? Ona görə ki, o vaxtlar deyərdilər “get, papağını qabağına qoy, yaxşı fikirləş”. Çünki papaq başa geyilir, düşünmək üçün deyilərdi. İndiki cavanlara o sözü demək olar? Yox… Deyir, “dost başa baxar, düşmən ayağa”. Papaq bineyi-qədimdən namus-qeyrət simvolu sayılıb.

– Siz necə, bu sənəti seçəndə papağınızı qarşınıza qoyub, yaxşıca fikirləşdinizmi?

– Əlbəttə, bir az maraq göstərib fikirləşdim və bu gün də papaqçılıqla məşğulam. Ancaq indiki cavanlarda maraq yoxdur.

– Oğlunuzun digər cavanlardan fərqli olaraq papaqçılığa marağı var?

– (Gülür)… Yox, onun da nə marağı, nə də həvəsi var. Mən çox istəyirəm onu öyrədim, ancaq o özü istəmir. Məcbur etməklə deyi ki… Deyir, mənim xoşuma gəlmir. Açığı, bu işdən utanır. Mənə deyir ki, görmürsən, şəhərdə papaqçılıq azalıb, yox dərəcəsindədir. Əslində, oğlum da düz deyir, tək-tük yerdə tapa bilərsən papaqçını.

– Sizdə bu sənətə maraq necə yaranıb, kimdən əmanət qalıb?

– Qardaşım papaqçı olub. Mən də onun yanına gedib-gəlib maraq göstərmişəm: həm öyrənmişəm, həm işləmişəm. Mən uşaq vaxtlarından bu işi mənimsəmişdim. Sonralar bir müddət uzaqlaşdım, 20 il nəqliyyatda çalışdım. Elə dövr gəldi ki, mən işsiz qaldım. Və yenidən papaqçılığa möhtac oldum. (gülür, eynəyini aşağı salıb həyat yoldaşının üzünə baxır). İnanın ki, indiki dövrü belə görürəm, ehtiyacım olmasaydı, bəlkə də papaqçılıq etməzdim. Təsəvvür edin ki, həmin 20 ili də papaqçı işləsəydim, indi 45 il olacaqdı.

– Peşmansınız papaqçı olmağınıza?

– Yox, peşman deyiləm. Sənət belədir ki, gərək, işlədəsən. Bu yaşdan sonra gedib fəhlə işləyən deyiləm ki.

– Bəs valideynləriniz necə?

– Mənim 20 yaşım olanda atam cavan rəhmətə getdi. Anam da papaqçılıqla məşğul olmağımıza mane olmadı. Anam deyirdi ki, əgər marağın varsa işlə, yox yarıda qoyacaqsansa işləmə.

Vaqif usta çox zarafatcıl insandır. Arada həyat yoldaşının məsləhəti ilə bizə papaqları göstərir. Bəzən də söhbət edə-edə papaqlara baxır. Qəlibin üstünə qoyub düzəliş edir.

– Yarımçıq papaqçı olmaqdansa…

– Bəli… Mən elə ona görə də çalışmışam ki, həmişə bu sənəti hərtərəfli öyrənim. İndi də müştərilərim mənə qiymət verir. Gərək, zəhmət çəkəsən, müştərini başa düşəsən. Onun nə istədiyini biləsən.

– Nə istədiyini bilmədiyiniz müştəriləriniz olub?

– Yox, olmayıb. Papaq xoşuna gəlməyəndə pulunu qaytarıb, sonra başqasına satmışam. Həm də mən heç vaxt işi tam hazır etməmiş müştəridən nağd pul almıram. Elə olub ki, papaq üstümdə qalıb. Gec də olsa sata bilmişəm. Bir də onu deyim ki, gərək, papaq onu geyinənə yaraşsın. Elə adam var ki, papaq ona yaraşmır, ancaq geyinir.

– “Nisyə dəftəri”niz olmamış olmaz… Borclu qalan müştəriləriniz olubmu?

– Çox olub… Ən çox da tanış adamlar. Elə olub ki, deyib, “gətirib verəcəm”, ancaq gətirməyib. Özüm də bilmişəm ki, verməyəcək, amma heç nə deməyib vermişəm. Hətta bəzilərinə hədiyyə də etmişəm. Çünki bilirdim də pulu gəlib çatmayacaq (gülür və gözləri yaşarır). Olmayan yerdə əl uzatmaq lazımdır.

– Tikdiyiniz papağın artıqlaması ilə pulunu verən olub?

– Yalan nə deyim ki, olub; o da tək-tük hallarda… Elə müştərilərim var ki, papaq həvəskarıdır. Hər papaqdan bir dənə varıdır. Gəlib burda nə papaq görürsə, ondan da sifariş verib tikdirir.

– Məşhurlardan papaq sifariş edən olub?

– Bəli. Xalq artisti xanəndə Arif Babayevə, rəhmətlik Ağaxan Abdullayevə, tarzən Ramiz Quliyevə papağı mən tikmişəm. Ağaxan Abdullayevin papağının qiyməti 300 manat idi, həm də quzu dərisindən tikmişdim. Quzu dərisi də çox bahalıdır. Ramiz Quliyev dostumdur. Ondan pul götürməmişdim, ancaq 5-10 manat hörmət etmişdi. Musiqiçilərin çoxu bura gəlib, papaq sifariş verirlər. Hələ sovet dövründə Filarmoniyanın ansamblının papaqlarını mən tikmişdim. Hətta ölkəmizdə keçirilən “Avroviziya”nın da milli papaqları mənim əlimin zəhmətidir. O vaxt Heydər Əliyevin dövründə Naxçıvandan hansısa ansambl konset üçün gəlmişdi, onların papaqlarını da mən tikmişdim.

Üst rəfdə ayrıca qoyulmuş qara rəngli bir papağı götürür:

– Heydər Əliyev bu papaqdan qoyardı. Açığını deyim ki, onun papağından xoşum gəlirdi. Bir gün eynən onun papağından, yəni bunu tikdim və saxladım. Həmişə fikirləşirdim ki, nə vaxtsa qismət olsa, rəhmətlik Heydər Əliyevlə hardasa görüşüm baş tutsa, bu papağı ona hədiyyə edəcəm. Qismət olmadı… Ancaq bunu heç kimə satmadım. Hələ də xatirə kimi saxlamışam. Bəzən elə müştərim olur ki, gözü bu papağa sataşır. Elə bilir ki, satılır… (papağın sağ-soluna baxıb, fikrə dalır).

Tatyana xanım da həyat yoldaşının sözlərini təsdiqləyir və papağı onun əlindən alıb, öz yerinə qoyur. Vaqif ustanın fikrini yayındırmaq üçün mövzunu dəyişib, növbəti suallara keçid edirəm:

– Müştəriləriniz daha çox turistlər olur, yoxsa…

– Turistlər. Onlar bizimkilər kimi qiymət öldürmürlər. Nə qiymət desəm, onu da verirlər (gülür). Onlar bizim milli papaqlarımızı çox bəyənir.

Tatyana xanım xarici dilləri yaxşı bilir, bura gələn turistlərlə o danışır, mən də onları əl hərəkətləri ilə başa salıb, papaqlarımı satıram. Onu da deyim ki, elə bir gün olub ki, xanımım yanımda olmayıb, turistə papaq satası olmuşam. Dil bilməmişəm, çıxılmaz vəziyyətdə qalmışam (eynəyini çıxarıb gülümsəyir). Ancaq onu da deyim ki, turistlərin əksəriyyəti Azərbaycan dilini bilir (təəccüblə deyir).

– Ən çox hansı ölkənin turistləri papaq alır?

– Avstraliyadan, İngiltərədən, Amerikadan gələnlər… Dünən 200 manata “buxara” bir papaq satdım. Həmin papağı “Çexeslovakiya”ya aparırdılar. Bax, onların pulu var, alırlar. Heç qiymət də danışmadı. Çıxarıb həmin dəqiqə pulu verdi. Bu, papağı görürsüz? (“Çoban” papağını göstərir). Bu yaxınlarda Moskvadan biri gəlmişdi, mənə bu papaqdan sifariş verdi. Dedi ki, bu papağı Moskvanın keçmiş meri Yuri Luşkov üçün hədiyyə alır. Luşkovun “Çoban” papağından xoşu gəlir, həvəskarıdır. Mən də hazırladım, gəlib apardı.

– Dəriləri haradan alırsız?

– “Qaragül” dərisi mənə Özbəkistandan gəlir. O birilərini də tapşırıram gətirirlər. Onu da deyim ki, indi dərilər də bahalaşıb axı.

– Ucuz alıb, baha satırsınız?

– Yox (gülür). 60-70 manata dərini alıram. Uzaqbaşı papağı hazır vəziyyətdə 100-120 manata satıram. Zəhməthaqqım qalır. Vəssalam…

– Vergi ödəyirsiniz?

– Əlbəttə… Hər 3 aydanbir 60-70 manat ödəyirəm. Qazancımın 4 faizini ödəməliyəm (narazı olsa da, biruzə vermir).
Söhbət zamanı alıcının az olmağından, həm də gənclərdən gileylənirdi.

– Gənclərdən yaman narazı görünürsünüz…

– Bilirsiniz, gənclərdən həm bu sənəti öyrənmək istəmədikləri, həm də papaq geyinmədikləri üçün narazıyam. Sənətə nə maraq, nə də qiymət vermirlər. Elə gənclərdən biri mənim oğlum. Mənə tez-tez deyir ki, “neynirəm, nəyimə lazımdır axı”. Ancaq başa düşmür ki, bəzən ac qalmamaq üçün sənət öyrənmək lazımdır, gələcəkdə ondan istifadə edəsən. Oğlum Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib, özü də futbolçudur. Mənə qulaq asmır ancaq (gülür)

Tatyana xanım da kənardan oğlu haqda deyir ki, “qocalanda möhtac qalıb işləyəcək” (gülümsəyir).

– Tatyana xanım neçə ildir sizinlə işləyir?

– O, artıq illərdir mənimlə bir “voyevat” edir (ikisi də gülür). Artıq 30 ildir ki, bir yerdə işləyirik.

– İllərdir sizinlə birlikdə “voyevat” edən xanımla necə tanış olmusunuz?

– O uzun məsələdir… Biz onunla əvvəl də bir yerdə işləmişik. Mən ona sevgimi etiraf etdim. Ancaq özünə demişdim ki, səni oğurlayacam. Və oğurladım. Özü də mənimlə qaçmağa razılaşmışdı. İndi də iş-işdən keçib (gülür).

– Niyə məhz oğurlamaq?

– O bir az ucuz başa gəlirdi (həyat yoldaşına baxır gülür).

Tatyana xanım isə Vaqif ustanın töküb-dağıtdığı papaqları səliqə ilə yerinə yığır. Dəriləri ayırır, tikiləcək papaqları ayrıca sıra ilə kənara qoyur.

– Oğurladığınız xanımla iş prosesində anlaşa bilirsiniz?

– Bəzən sözümüz düz gəlmir. Mən onun sözünə baxmayanda peşmançılığın çəkirəm. Baxıram ki, o nə deyirsə düz deyir. Mənim işimə də çox məsləhət verir, köməklik edir. Çox nadir hallarda onun sözünə baxmıram, ancaq həmişə qulaq asıram. Çünki onun dediyi sözdə xeyir görürəm. Məsələn, bir papağı tikəndə deyir ki, “Vaqif, bunun burasını belə tik”. Mən o dediyi kimi tikməyəndə zərərini görürəm. Gec də olsa sonradan onun dediyi kimi edirəm ki, könlünü ala bilim. Həm də döyər axı məni, onun sözünə baxmasam. Ancaq onu çox küsdürmüşəm (Tatyana xanım tərəfə baxır, gülüb başını yelləyir).

Tatyana xanım isə həyat yoldaşının onun barəsində danışdığı sözlərə diqqətlə qulaq asır və hiss edirəm ki, qürurlanır. Ancaq elə davranır ki, guya heç nə eşitmir.

– Tatyana xanım bilirdi Vaqif usta papaqçıdır?

– Yox, bilmirdi. Əvvəllər ondan gizlədirdim. 20 ildən sonra papaqçılıq sənətinə dönüş etdikdə o bildi ki, mən papaqçı olmuşam.

Tatyana xanım danışır:

– O vaxtlar biz heç nəyi düşünmürdük. Həyatdan zövq alardıq, ancaq indi elə deyil. Problemlərlə yüklənirik. İndi yaşamaq çətindir. Yəni kapitalizmdə yaşamaq, sosializmdən çətindir. O vaxtlar daha yaxşı yaşayardıq. Bu qədər ehtiyaclarımız olmazdı, təlabat da indikindən az idi (gileylənir).

Vaqif usta da xanımının fikirlərini dəstəkləyir:

– Bəli, düz deyir. Mən şəxsən balaca oğlumu indi evləndirə bilmirəm. Evləndirmək asandı, onu saxlamaq var axı. Fikirləşirəm ki, o evlənsə, sabah öz ailəsini saxlaya biləcək? Ailədə söz-söhbət nədən düşür, yoxsulluqdan düşür də. Mən də bu gün varam, sabah yoxam.

Vaqif usta sözünü bitirib, qəlibdə papağın ölçüsünü götürür. Xanımı isə bizə görə əlində saxladığı işi yekunlaşdırmaq istəyir. Yer geniş olmadığı üçün mane oluruq. Söhbəti yekunlaşdırıb, “işiniz avand olsun” – deyib sağollaşırıq.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 126
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."