Yazı İçi 468×60

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nı təsdiq edib.

Bu, bakalavrların və digər ali təhsilli şəxslərin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (elmi təşkilat) magistraturalarına qəbul qaydalarını müəyyən edir.

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü və 26.6-cı maddələrinə əsasən hazırlanmışdır və bakalavrların və digər ali təhsilli şəxslərin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (bundan sonra – elmi təşkilat) magistraturalarına qəbul qaydalarını müəyyən edir.
1.2. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bundan sonra – bakalavrlar) malikdirlər.
1.3. Magistraturada təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.
1.4. Dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq, təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
1.5. Magistraturalara qəbul “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bakalavrların müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
1.6. Ali təhsil müəssisələrində və elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.
1.7. Müsabiqədə iştirak ödənişlidir.

2. Ərizələrin qəbul edilməsi

2.1. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün bakalavrlar Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar Mərkəzin rəsmi internet səhifəsində “Bakalavrın elektron ərizəsi”ni dolduraraq özləri təsdiq etməlidirlər. Digər bakalavrlar aşağıdakı sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra – SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər:
2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
2.1.2. ali təhsil haqqında sənədi və ona əlavəni;
2.1.3. xarici ölkələrdə ali təhsil almış şəxslərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri.
2.2. Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

3. Qəbul imtahanı

3.1. Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir:
3.1.1. bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanı;
3.1.2. ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı.
3.2. Birinci mərhələdə bakalavrların imtahan verəcəyi xarici dil aşağıdakı qaydalar nəzərə alınmaqla, bakalavr tərəfindən müəyyənləşdirilir və “Bakalavrın elektron ərizəsi”nə daxil edilir:
3.2.1. tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman, fransız və ya rus dilini seçə bilərlər;
3.2.2. tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini seçə bilərlər;
3.2.3. tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis (alman) dilini seçməlidirlər;
3.2.4. filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər;
3.2.5. filologiya (xarici dil və ədəbiyyat), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər;
3.2.6. regionşünaslıq (Amerikaşünaslıq), regionşünaslıq (ABŞ və Kanada üzrə), ölkəşünaslıq (Böyük Britaniyaşünaslıq) ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini, ölkəşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar yalnız alman dilini, ölkəşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar isə yalnız fransız dilini seçməlidirlər.
3.3. Bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanının nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.
3.4. Bakalavrın bitirdiyi ixtisasdan asılı olaraq, imtahan aparılan ixtisas fənləri ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının təklifləri əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Bakalavrlar test tapşırıqları və ya yazı işi yerinə yetirməli, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyənlər isə yalnız qabiliyyət imtahanı verməlidirlər.
3.5. “ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistra¬turalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.
3.6. İmtahanların məzmunu, forması, aparılması texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfin¬dən müəyyən edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyənləşdirilir.
3.7. Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) bakalavrlara fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır.

4. İxtisaslaşma seçimi

4.1. Magistraturaya qəbul ol¬maq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisaslaşma seçiminə bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladığı balı da Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılır¬lar.
4.2. Bakalavr bitirdiyi ixtisasa müvafiq olan ixtisaslaşmalardan istəyinə uyğun olanlarını seçərək, onları istədiyi ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyir.
4.3. Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların imtahanın birinci mərhələsində ingilis (alman) dili üzrə topladıqları ballar Mərkəz tərəfindən tədrisi ingilis (alman) dilində olan ixtisas¬laşmalar üçün müəyyən edilən müsabiqə şərtinə uyğun olmalıdır.
4.4. Elmi təşkilatın magistraturasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl Mərkəz tərəfindən müəyyən edilən vaxtda Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçməli və həmin təşkilatda müsahibədə iştirak etməlidirlər. Yalnız müsahibədən “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı elmi təşkilatın magistratura ixtisaslaşmalarını seçə bilərlər.
4.5. Ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları və jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarını yalnız Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.
4.6. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yerləşdirilir.

5. Müsabiqənin keçirilməsi

5.1. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.
5.2. Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı və dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla, ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir.
5.3. Ümumi balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
5.3.1. ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
5.3.2. ixtisas üzrə biliyin qiymətləndirilməsi imtahanından toplanılan bal;
5.3.3. ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;
5.3.4. xarici dil üzrə testdən toplanılan bal.
5.4. Ümumi balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisaslaşmaya yerləşdirilir.
5.5. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, bakalavrlar tərəfindən bu Qaydaların 4.1-4.5-ci bəndlərinə uyğun olaraq ixtisaslaşma seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır.

6. Yekun müddəalar

6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə və ya elmi təşkilata təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində və ya elmi təşkilatda qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir.
6.2. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.
6.3. Bakalavr Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
6.4. Bakalavrın aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
6.4.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək;
6.4.2. imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;
6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;
6.4.4. imtahanın başlanması elan olunan andan 1,5 saat (birinci mərhələdə) və 1 saat (ikinci mərhələdə) müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində səbəbindən asılı olmayaraq imtahan zalından çıxmaq;
6.4.5. imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
6.4.6. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
6.4.7. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
6.4.8. cavab kartını və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.
6.5. Bakalavrın bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."