!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makron, yoxsa Le Pen - Fransanın növbəti prezidenti kim olacaq?

!Reklam – Yazi

Fransada prezident seçkilərinin birinci turu başa çatdı. Nəticələrə gəldikdə gözlənildiyi kimi I yerə 23 faizdən bir qədər artıq səslə “İrəli” seçki blokunun namizədi Emanuel Makron çıxdı. II yeri isə 22 faiz səslə ultra-sağların lideri olan Marin Le Pen qazandı. Mayın 7-də olacaq II turda bu iki namizəd qarşılaşacaq. Bu fonda maraqlıdır görəsən, bütün dünyanın diqqətlə izlədiyi Fransada növbəti prezident olmağa kim daha şanslıdır? Rusiyaya qarşı sanksiyaları götürəcəyini deyən Le Pen, yoxsa, liberal baxışlara malik Makron?

Politoloq Elşən Manafov Yeniçağ.az-a açıqlamasında II turda Makronun qalib gələrək prezident seçilmək şansının daha böyük olduğunu söylədi:

“Fikrimcə, Fransada president seçkilərilə bağlı baş tutacaq II turda “İrəli” seçki blokunun namizədi Emanuel Makronun qalib gəlmək şansı daha güclüdür. Hərçənd son terror hadisələrindən sonra ultra-sağ və millətçi mövqeyində dayanan Marin Le Penin şansları da kifayət qədər artıb. Sadəcə olaraq, Makronun qalib gəlmək şansını ona görə yüksək qiymətləndirirəm ki, sağ mühafizəkar dairələri təmsil edən və keçmiş baş nazir Fransua Fiyon elektoratına müraciət edərək,

II turda məhz ilk turun qalibini dəstəkləməyə çağırıb. Bundan əlavə hazırki prezident Olland da I turda qalib gələn Makronu təbrik edib. Belədə sosialistlərin də seçkilərdə Makrona dəstək verəcəyi istisna deyil. Təəssüf doğuran məqam ondan ibarətdir ki, hər iki prezidentliyə namizədin Qarabağ məsələsilə bağlı seçkiqabağı kampaniyada səsləndirdiyi fikirlər Bakı ilə Parisin perspektivdə münasibətləri necə quracağı ilə bağlı məsələyə təsirsiz ötüşməyəcək.

Makron Qarabağın guya əzəldən erməni torpağı olması ilə bağlı tarixi və elmi faktlara söykənməyən mövqe sərgiləyib. Onun dediyinə görə guya Stalinin göstərişi ilə Dağlıq Qarabağ Ermənistandan alınaraq Azərbaycana verilib. Le Pen isə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin məqsədəmüvafiq olduğunu deyir.

Fransanın ATƏT-in Minsk qrupu həmsədr ölkələrindən biri olduğunu nəzərə alsaq, bu iki şəxsdən birinin prezident olması ilə Parisin sərgiləyəcəyi mövqe təbii ki, Azərbaycana danışıqlarda yaxşı heç nə vəd etmir. Amma ola da bilsin ki, hər iki namizəd seçiləndən sonra Azərbaycanla münasibətlərin daha perspektivli olacağını nəzərə alıb, seçkiqabağı fikirlərinin həyata keçməsi istiqamətində addım atmasınlar. Le Penin prezident olacağı təqdirdə, Parisin Avropa Birliyindən çıxması məsələsi də gündəmə gələ bilər. Bu isə birlik ölkələrini kifayət qədər narahat edir. Güman edirəm ki, bu hadisənin baş verməməsi üçün Fransanın əksər siyasi dairələri səslərini Makrona verəcəklər. Lakin Le Penin siyasətində islamafobiya ilə bağlı meyllərin, miqrantlarla əlaqədar daha kəskin addımlar atmaq niyyətinin olması onu göstərir ki, Avropanın mərkəzində artıq ultra-sağ millətçi güclərin mövqeləri də yüksəlib. Rusiya da Le Penin qələbə çalmasını arzulayır. Çünki o, Krımı Rusiya ərazisi kimi tanıyır. Lakin bütün hallarda Makronun II turda qalib gəlmək şansları daha böyükdür”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

705
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv