!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Malik Həsənov-Kərəm Həsənov üçün həm “prestij”, həm də “Qalxan”

!Reklam – Yazi

1444225125_1442493194_15 il Milli Məclisin üzvü olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov haqqında bu günə kimi yazılan xəbərlər, aparılan araşdırmalara baxmayaraq, Kərəm Həsənov min bir oyuna girərək Milli Məclisin bu “lal “deputatını yenidən hakim Yeni Azərbaycan Partiyasının sıralarından deputatlığa təkrar namizədliyini irəli sürdürə bildi.

Bu gün Azərbaycanda bəzi vəzifə sahiblərində sağalmaz adətə çevrilən görməmişlik elə bir həddə çatıb ki, müəyyən qədər maliyyə imkanları olan, müxtəlif biznes rıçaqlarına sahib şəxslər prestij xatirinə nəyə desən əl atırlar. Eyni zamanda bu xəstəlik onlara bir növ sığortalanma imkanı da verir. Bu xəstəliklər içərisində vəzifə sahibləri ilə qız alıb verməkdən tutmuş, ortaq biznes əlaqələri də mövcuddur. Həm də bu yolla kimin cibində nə var, kimin evində nə danışılır hər kəs agah olur. Yəni bu qohumluq münasibətləri bir növ ailələrarası xüsusi xidmət rolunu belə oynayır. Digər bir xəstəlik isə özünü nümayiş etdirməkdir, yəni Prestij. Kərəm Həsənov da Malik Həsənovu prestij xatirinə mandat sahibi etmək istəyir. Yəni müxtəlif yüksək səviyyəli qonaqlıqlarda öyünsün: “görürsünüz qardaşımı da deputat etdik”. O oturanlarda ona baxıb bir “Əhsən!” desinlər. Belə də Malik Həsənovun Milli Məclisdə cınqırını çıxarıb bu və ya digər bir məsələyə münasibət bildirdiyini nə görən olub, nə də eşidən. Amma Allah var, adam xeyrə-şərə yarıyandır. Onun Cəlilabad əhalisinə yarıyıb-yarımadığını deyə bilmərəm, millət vəkillərinin, tanınmış şəxslərin toyundan-yasından qalan deyil. Deyilənə görə, Malik Həsənov Həccə getmədən “hacı” kimi dostu-tanışı tərəfindən çağırılır. Bu da Azərbaycanda dəbdi, bəzi vəzifə sahibləri, onların yaxın qohum-əqrabaları bir-birlərinə “Həci” deyə səslənirlər. “Hacı” ilə “Həci”nin fərqi yəqin ki, burda qorunur. Həccə gedib Allahın buyurduğu adətləri yerinə yetirənlər “Hacı”-dırsa. Getmədən bu ali rütbəyə sahib olmaq istəyənlər isə “Həci”dir. Yəni Malik Həsənov bu gün “Həci” statusundadır.

Yəqin ki, Milli Məclisdə düymə basmaqdan yorulan barmaqlarını rahatlaşdırmaq üçün o da bir gün müqəddəs məkanın yolunu tutar. Bununla işimiz yoxdur. Amma Allah xatirinə, Malik Həsənov özü oturub fikirləşməlidir ki, 5 il Milli Məclisdə Cəliabadın millət vəkili üçün ayrılan kreslonu “Zanit”etməsi doğru deyil. Təbii ki, Malik Həsənov belə bir arqumetlə çıxış edib deyə bilər ki, mən millət vəkili kimi üzərimə düşən öhdəliyi yerinə yetirirəm və imkan daxilində seçicilərimin problemini həll edirəm. Amma MM-in iclaslarında bu və ya digər qanunların müzakirəsi zamanı danışmıram. Təbii ki, bu gün müəyyən deputatlar vardır ki,onlar davamlı olaraq belə bir arqumenti səsləndirirlər. Ancaq millət vəkilinin işi, ilk növbədə, parlamentin iclaslarında, müxtəlif komitələrdə hazırlanan qanunların müzakirəsində aktiv olmaq, həmin qanunlara öz təkliflərini çatdırmaqdır. Malik Həsənovun 5 illik deputatlığı dövründə biz bu səsləndirilən arqumentin birinə belə, rast gəlmədik. Yəni Malik Həsənovun işi yalnız və yalnız oturduğu kresloda “düymə” basmaq, bir də haqqında yazılan müxtəlif məlumatlardan qəzəblənmək oldu. Görünür Kərəm Həsənov məhz Malik Həsənovun bir millət vəkili olaraq belə susqun tərzinə aşiq olduğundan, onu yenidən mandat sahibi edib dost-tanış yanında qürurlanmaq istəyir.

67 saylı Cəlilabad şəhər Seçki Dairəsi seçiciləri isə nə ilə qürurlanacaq? – Bunu biz yox, onlar bilirlər. Allah “AZİNKO-Holdinq” prezidenti Malik Həsənovun bəxtindən bir çox cəlilabdlıya da qismət eləsin. Adam Qardaş şotuna görün necə bir sürət götürüb. Hələ seçkilərin keçirilməsi ilə bağlı rəsmi qərar verilməmişdən əvvəl mediada Malik Həsənovun adı YAP-ın “faydasızlar” siyahısında olduğu halda, birdən-birə naxışı döndü və “faydalılar” siyahısına düşdü. Malik Həsənovla bağlı mətbuatda dərc olunan məlumatlara, araşdırmalara nəzər saldıqda qeyd edilir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “AZINKO-Holdinq”in prezidenti, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputat olan Malik Həsənov beş ildir deputat olsa da, indiyə qədər seçiciləri ilə görüşməyib. O, rayona yalnız ara-sıra gedir və onda da heç kimin gözünə görünməməyə çalışır.

Bütün iş-gücünü özünün biznesinin genişlənməsinə yönəldən M.Həsənov mandat daşıdığını daha çox şəxsi xarici səfərlərində yadına salır və bundan qürrələnərək istifadə edir. “Hacı” kimi tanınan M.Həsənovla bağlı narazılığın olduğunu YAP-ın dairələrdə seçkiöncəsi apardıqları araşdırma da təsdiqləyib. M.Həsənovun deputatlığının hakim partiya üçün faydasızlığı YAP-ın yuxarı təbəqələrində də ciddi müzakirə mövzusudur. M.Həsənov isə yaxın ətrafına və dostlarına yenidən deputat olacağı barədə mesajlar verir və bu məsələdə, təbii ki, komitə sədri olan qardaşına güvənir. Sabiq nazir Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin ölkədən getməsi Malik Həsənovun rahat nəfəs almasına imkan versə də, məlumata görə, deputatın rayona gedəndə camaat üzünə çıxa bilməməsinin bir səbəbi də Əliyev qardaşlarına etdikləridir. İddia var ki, M.Həsənov hətta xarici səfərlərə tək getməkdən ehtiyat edir və bunu “Fərhadgildən nə desən çıxar” deyə izah edir. Mediada yayılan araşdırma xəbərlərdə o da yer alır ki, Kərəm Həsənovun bəzi hakimiyyətdaxili qruplaşmalarla münaqişə vəziyyətində olması ona yaxşı perspektiv vəd etmir. Hakimiyyət elitasında xüsusi söz sahibi olan nazirlərlə qarşıdurma, onların bəziləri ilə hətta məhkəmədə çözülən əmlak mübahisəsi komitə sədrinin mövqeyini xeyli dərəcədə laxladıb. Elə bu səbəbdən də qardaşını mandat sahibi edib, onu müxtəlif zərbələrdən qorumaq istəyir. Yəni bir növ Malik Həsənov Kərəm Həsnov üçün “prestij” sayılsa belə, digər tərəfdən özünümüdafiə qalxanıdır.

Redaksiyadan: Malik Həsənovun sahibi olduğu milyonluq varidatla bağlı ilginc məlumatlar daxil olub ki, bu məlumatları saf-çürük edib, həqiqət payını öyrəndikdən sonra, oxucularımıza təqdim edəcəyik(Vətəninfo)

www.yenicag.az

1893
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv