www.sinerjipro.net

SinerjiProWide

Maliyyə Nazirliyi “SOVETSKİ” sakinlərini aldadır – “Bizə imza atdığımız məbləği vermirlər” - İTTİHAM

Reklam

Artıq bir müddətdir ki, keçmiş “Sovetski” deyilən ərazidə məhəllələrin bir hissəsi sökülür. Hətta Akademik Milli Dram Teatrının yanından salınan yeni yol xətti də tamamlanmaq üzrədir. Qeyd edək ki, sözügedən ərazidə əhalinin köçürülməsi prosesi hələ də davam edir və bəzi sakinlər öz evlərindən çıxmaq istəmirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var. Görünür veriləcək kompensasiya onlara sərf etmir.

Uçurulmuş həyətlər, dağıdılmış evlər, köçən sakinlərin qoyub getdiyi köhnə əşyalar və zibil qalıqları… “Sovetski”nin hazırkı siması belədir. Köhnə məhəllədəki evlərin 80 faizi köçürülüb. Sökülmüş hasarların əhatəsində qalan evlərin üzərində isə “burda hələ də yaşayanlar var” yazılıb. Sakinlər verilən kompensasiyanın məbləği ilə razılaşmırlar. Bəziləri evinin əvəzinə mənzil, bəziləri isə kvadrata görə 2-3 min manat pul istəyirlər.

Yeniçağ.az olaraq “Sovetski”də qalan əhalinin narazılığını öyrənmək üçün dar küçələri gəzdik və qarşımıza çıxan sakinlərlə söhbətə başladıq…

Sakinlərdən Xanımana Fərhad qızı Hüseynbəyovanın sözlərinə görə, Maliyyə nazirinin müavini onlara qarşı haqsızlıq edir:

“Mən II qrup Qarabağ əlilinin ailəsiyəm. Nə əlilə, nə körpəyə, nə də yaşlıya hörmət etmirlər. Sovetski kimi yerdə 7 uşaq 14 kv.m-də böyüyüb. İndi də deyirlər ki, vaxtında tikərdiniz. Vaxtında daşı daş üstə qoymağa imkan verirdilər ki? İndiki dövr kimi deyil ki, hərə istədiyini tikəydi. Mənə 21 min manat pul verirlər. Mən o pulla neyləyim? (kövrəlir) Bu küçədə – Abdulla Şaiq 213-də anadan olmuşam. Bugünkü günə qədər bizə olan haqsızlıqdan yer-göy də lərzəyə gəlib. Özüm “Moskva” univermağında xadimə işləyirəm. Təsəvvür edin də indi mənim günümü. Əlillərə, körpələrə, yaşlılara, ümumən Sovetski sakinlərinə qarşı olunan haqsızlığın həddi-hüdudu yoxdur. Bizə haqsızlıq edənlərdən ən birincisi Maliyyə nazirinin müavini Cavanşir müəllimdir.

MİS-in rəisi bir arayışı verməyə can çəkir. 161 qaynar xəttə, Prokurorluğa zəng vurub, bunların qeyri-qanuni əməllərindən artıq şikayət də etmişəm. Bunların hamısı birləşib başımıza oyun açırlar. Camaata qol çəkdirib, pulu vermək əvəzinə oyun qururlar. İnsan həyatı ilə bu qədər oynamaq olmaz. Bazarda alver edən adam bunlardan qeyrətlidir. Komissiya sədrinin yanında oldum; mənə dedi ki, “get hara bacarırsan şikayət et. Hələ Allaha şükür et ki, sənə 1000 manat pul veririk”. Bu qədər milləti küçələrə töküblər. Xahiş edirəm, bu haqsızlığa son qoyulsun. Hər birimiz öz haqqımızı tələb edirik”.

Demək olar ki, aləm bir-birinə dəymişdi. Ətrafda söküntü işləri gedirdi. Uşaqların səsi böyüklərə, böyüklərin səsi isə buldozerə qarışmışdı. Hamı da bir nəfər kimi uçuq-sökük evlərdən çıxıb, küçələrə tökülmüşdülər. Kənardan ağlaya-ağlaya digər qonşusuna şikayət edən qadın gözümə dəydi. Sevda Balahüseyn qızı Aslanova imza atdığı pulun ona tam şəkildə verilməməsindən şikayətçidir:

“Cavanşir müəllim (Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov – red.) 73 min manata qol çəkdirib. İndi də mənə deyir ki, “sənə 61 min manat pul verəcəyik”. Başa düşmürəm mənim 12 minim hanı? Mənim yaşayış sahəm 59 kv.m-dir. Bunlar 43 kv.m elədilər, sonradan 3 kv.m guya bizə yaxşılıq edirmişlər kimi əlavə etdilər. İndi də 40 kv.m-in pulunu verirlər. Bu qədər haqsızlıq olar? Mən bu körpələri harda saxlayım, o pula hardan ev alım? 6 nəfər harda məskunlaşaq? Cavanşirə deyirəm ki, “bu qədər haqsızlıq olmaz, şikayət edəcəm”. Deyir, “hara gedirsən get. Mən heç kimdən qorxmuram”. Camaatı alçaldır, özünü çox pis aparır. Mən də gedəcəm icra başçısının yanına görüm o nə deyəcək. Artıq qəbula yazılmışam. MİS-in rəisi aləmi qatdı bir-birinə. Ağzına nə gəldi danışdı, başımızı bəlaya saldı”.

Digər şikayətçi Zemfira Baba qızı Həbibova bildirdi ki, yaşadıqları ərazini söküb dağıdırlar, ancaq onlara hələlik heç kim heç nə deməyib:

“Baxın da toz-torpaq içində qalmışıq. Su yox, qaz yox, işıq yox. Dəqiqəbaşı işığı kəsirlər. Ətraf bütün zibilxanadır. Biz nə edək? Evimiz də sökülməlidir, ancaq hələ naz edirlər”.

Kənardan bizi görüb, iti addımlarla yaxınlaşıb, qonşularının şikayətinə qoşulan Zərnişan Ağabəyova qeyd etdi ki, Nazirliyin əməkdaşı onun imza atdığı pulu tam şəkildə vermək istəmir:

“Mən yaşlı adamam, hər gün işə bu cür kələ-kötür söküntülərin arası ilə yıxıla-yıxıla gedib-gəlirəm. Bu cür vəziyyətdə yaşamaq olar?! Evimizin pulunun miqdarını azalda-azalda qol çəkdirdilər, heç nə demədik, razılaşdıq. İndi də qol çəkdiyimiz “summanı” tam vermirlər. Gedirəm qol çəkdiyim pulu almağa; deyirlər ki, “səhv etmişəm, vermirəm o qədər pulu”. Nazirlik də səhv edər? 65 min manata qol çəkmişəm, indi 58 min manat pul verirlər. Bəs mənim çəkdiyim o imza hara yazılır? Biz bəyəm, qaraçıyıq, bizi bu kökə salırlar?”

P.S. Məsələni tam aydınlaşdırmaq üçün sakinlərin narazı olduğu Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovla əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, cəhdlərimiz boşa çıxdı. Daha sonra Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyevlə danışmaq istədik. O da Azərbaycandan kənarda olduğunu bildirdi. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 393
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."