Mədət Quliyev Qırmızı Xaç Komitəsinin direktorunu qəbul etdi – Foto

Müəllif: Baş Redaktor

Baş Redaktor

41370Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin edilmiş direktoru cənab Patrik Vialın ölkəmizə rəsmi səfəri çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində görüş keçirilib.

Yenicag.az xəbər verir ki, BQXK-nin Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin edilmiş direktoru cənab Patrik Vial, onun müavini xanım Severin Şappa, BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Dəniz Duran və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri xanım İlahə Hüseynovadan ibarət nümayəndə heyətini ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev qəbul edib. Nazir müavini ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun adından nümayəndə heyətini salamlayaraq Azərbaycanın penitensiar sistemində aparılan islahatlar, Penitensiar xidmətin hal-hazırkı fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülən işlər barəsində məlumat verib.

BQXK-nın ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirən M.Quliyev komitənin Ədliyyə Nazirliyi ilə əməkdaşlığın səmərəliliyini xüsusi ilə vurğulayıb. Qeyd edilib ki, BQXK-nin nümayəndələri mütəmadi olaraq Penitensiar müəssisələrdə və istintaq təcridxanalarında monitorinqlər keçirir, cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olur, fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədi ilə müvafiq tövsiyələr təqdim edirlər. Monitorinqlərin nəticələri ilə bağlı BQXK-nin tövsiyələri Penitensiar xidmət tərəfindən diqqətlə öyrənilir, təhlil aparılır və müvafiq tədbirlər görülür. Məhz əməkdaşlığın səmərəliliyi nəzərə alınaraq BQXK ilə AR Ədliyyə Nazirliyi arasında mövcud Sazişin müddəti uzadıllıb.

BQXK-nin Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin edilmiş direktoru cənab Patrik Vial qəbula, missiyanın məqsədinin regionla ümumi tanışlıqdan ibarət olduğunu, müəssisələrə baş çəkilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən lazımi şəraitin yaradılmasına və monitorinqlərin nəticələrinə dair hesabatlara xüsusi diqqətlə yanaşıldığına görə minnətdarlığını ifadə edib.

Görüşdə BQXK nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

Ədliyyə general-leytenantı Mədət Quliyev BQXK-nin nümayəndələrindən çatışmazlıqların müəyyən edilərək diqqətə çatdırılmasını xahiş edərək, belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır