!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Medianı yeyən “əjdaha”

!Reklam – Yazi

Son zamanlar mediada ortaya atılan milli kimlik məsələləri gündəmi dəyişməyə hesablanmış sifariş kimi görünür. Heç kimə sirr deyil ki, əhalinin sosial vəziyyəti ürəkaçan deyil. Kifayət qədər problem var. Hər gün eşitdiyimiz xəbərlər, bir-birindən qorxunc, əsassız cinayətlər gündəlik həyatımızın bir hissəsinə çevrilib. Ancaq bu da yetmirmiş kimi, çox vaxt məmur səriştəsizliyinin və özbaşınalığının nəticəsi olan faciələr baş verir.

Bina yanğınları, avtoqəzalar, neft buruqlarındakı faciələr… Vəziyyət, həqiqətən, kritikdir və hər an sosial partlayış baş verə bilər. Bir məqamı qeyd etmək kifayət edər ki, dünən avtoqəzada həlak olan gənclərdən biri neft buruqlarında həyatını itirən neftçinin yeganə övladı imiş. Deməli, ortalığa elə mövzu atılmalıdır ki, diqqəti ağırlaşmış sosial problemlərdən yayındıra bilsin.

Hər zaman bu işlər üçün ehtiyatda istifadəyə yararlı olan Rusiya və İrana meyilli kəslər mövcuddur. Onlar “sehirli çubuğ”un əmriylə növbəylə ortaya düşür və naqisliklərini nümayiş etdirirlər. Getdikcə dərinləşən mənəviyyatsızlıq, cəmiyyəti bürüyən etinasızlıq, robotlaşan və manqurtlaşan insan tərəfindən artıq normal qarşılanır. Çünki bir manqurtun mənəvi dünyası yoxdur. Manqurt üçün kök də yoxdur, özgə və özününkü də yoxdur, sadəcə, özü var. Mənəvi dəyərlərə önəm verməyən, öz kiçik məqsədləri üçün yaşayan bir tip. Üstəlik, bu tiplər yaşadıqları həyat tərzini daha doğru sayıb başqa türlü düşünənləri bəyənmirlər. Onların kimliyi və iç üzü hamıya məlumdur. Ancaq acınacaqlısı odur ki, bu gün Azərbaycan media orqanlarının əksəriyyəti bu kimi oyunlara alətdir. Bəziləri isə həm səriştəsiz, həm də bivecdirlər.

Öz xırda maraqlarını milli məsələlərdən üstün tutan, AzTV-nin diliylə desək, bu “ünsürlər” cəmiyyətə saçma-sapan fikirlər sırımaqdan utanmırlar. Gah tarixi şəxsiyyətləri gündəmə gətirirlər, gah da əsrlərdir bu torpaqlarda yerləşib, yaşayan Azərbaycan türklərinin milli kimliyinə şübhə edirlər. Burda yaşayan əhalinin təkcə türklərdən deyil, həm də başqa xalqlardan ibarət olduğunu deyirlər. Buna əsasən də iddia edirlər ki, Azərbaycan xalqı türk deyil. Anlamırlar və yaxud da görməzlikdən gəlirlər ki, bütün dünyadakı dövlətlər (bəzi istisnalar olmaqla) mono-etnik deyillər, yəni etnik cəhətdən bir mənşəyə mənsub deyillər. Lakin bir dövlətin qurulmasında iştirak edən sayca çox olan xalq həmin torpağın əsas sahibi və varisi kimi çıxış edir. Bu, Fransada da belədir, İngiltərədə də, Almaniyada da.

Bəyəm Fransada yaşayanlar və Fransa burjua inqilabını edənlər, bu ölkəni dəfələrlə işğaldan azad edən, bu yolda canını qurban verən insanlar yalnızca milli mənşəyinə görə fransızdırlar? Orda da kiçik azsaylı xalqlar mövcuddur və onların nümayəndələrinin də ən azı, çoxsaylı fransızlar qədər Fransanın Fransa olmasında əməkləri var. Lakin Fransa deyəndə, ilk növbədə, ağla fransızlar gəlir və dövlət dili kimi də fransız dili əsas ünsiyyət vasitəsidir. Bəs onda Fransa vətəndaşı olan zənci pasportunda milli kimliyi olaraq “fransız” yazdıranda niyə demir ki, mənim hüquqlarım əlimdən alındı? Pasportuna “Fransali” yazın fransız yox. Çünki Fransa vətəndaşı olan hər kəs pasportunda çoxsaylı fransızların milli kimliyini öz üzərlərinə götürürlər, ona görə ki, məsələ dövlətçilik məsələsidir. Və diqqət edin, onların milli kimliyi “fransalı” yox, “fransız” kimi yazılır.

Təsadüfi deyil ki, Atatürk də Türkiyə vətəndaşlarının milli kimliyindən asılı olmayaraq türk adlandırılmasını vacib bildi. Altını cızaraq yazıram, türkiyəli yox, TÜRK.

Bəli, Azərbaycanda da ana dilimiz türk dili olmalı və azərbaycanlıların da milli kimliyi “türk” yazılmalı idi. Bu, heç bir azsaylı xalqın hüququnun əlindən alınması demək deyildi. Əlbəttə ki, bütün normal hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da azsaylı xalqların öz dilində oxumaq, danışmaq, kitab çap etdirmək və digər hüquqları var. Lakin inkaredilməz faktdır ki, Azərbaycan dövlətinin bu torpaqlar da qurulmasında əsas rol çoxsaylı xalq olan türklərin xidmətidir. Bunu da inkar etmək olmaz ki, Azərbaycan dövləti hər kəsə öz haqqını tanıyan tolerant dövlətdir. Lakin bu, o demək deyil ki, bu torpaqlarda yaşayan türklərin milli mənliyi təhqir olunmalı və 21-ci əsrdə onlara “Siz kimsiniz?” sualı verilməlidir. Bu kimi söhbətlərlə xalqın üzərindən, manipulyasiyalar həyata keçirilməməlidir.

Yaşadığı hədsiz sayda problemin içində həm də milli mənliyi aşağılanan bir xalq dəyərlərini tamamilə itirə bilər. Bu riskə gedənlər sabah özləri bu dağıntının altından qalxa bilməzlər. Ona görə də, siz – media mənsubları, bu cahilliyə son qoyun. Yetişdirdiyiniz əjdaha sizi əzər və yeyər. Və nəhayət, sərsəm açıqlamaları ilə gündəmə gələn bəzi millət vəkili və yüksək statuslu şəxslər… Həllini tapa bilmədiyiniz çoxsaylı problemlərdən, cahilliyinizdən və səriştəsizliyinizdən doğan qorxu sizi gülünc duruma salır.

Yaxşı başa düşürsünüz ki, oturduğunuz yerə layiq deyilsiniz, yaşadığınız natamamlıq kompleksi sizi milləti, şəxsiyyətləri aşağılamağa vadar edir və siz bu vərdişi xalqa da sırımaq istəyirsiniz. İstəyirsiniz ki, bu xalq da sizin kimi özünü təhqir olunmuş və qorxu içində hiss etsin. Alınmayacaq, “cənablar”. Biz türklər bu dövlətin sahibləriyik, bəlkə, bir az zəifik, amma bəli, dövlətin məhz sahibiyik. Burda yaşayan bütün xalqlarla çiyin-çiyinə min bir əzabla bu dövləti qurmuşuq, qanla suvarılır bu torpaq. Hər gün şəhid verir bu dövət. Qanımızın rəngi milli kimliyimizin rənginə qarışıb, bayrağımız olub. Burdakı azsaylı xalqları da qorxu və təşvişə sala bilməzsiniz. Bu torpaqda biz türklərlə birgə yaşamaq onların milli marağına uyğundur. Sadə insanlar belə bunu sizdən yaxşı bilir. Sizin çürük beyninizin gücü nə onları qorxutmağa çatar, nə də bizi aşağılamağa!

www.yenicag.az

847
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv