Mehman Hüseynov niyə tutulmuşdu, niyə buraxıldı? - Şərh

Mehman Hüseynov niyə tutulmuşdu, niyə buraxıldı? – Şərh

Müəllif: Redaktor

Editor

Bloger Mehman Hüseynovun yanvarın 9-da polis əməkdaşları tərəfindən saxlanılması, ertəsi gün isə məhkəmənin qərarı ilə azadlığa buraxılmasının mümkün səbəblərinə dair müxtəlif ehtimallar irəli sürülür.

Yeniçağ.Az xəbər verir ki, yanvarın 9-da axşam saatlarında Nəsimi rayon 22-ci polis bölməsinin əməkdaşları bir vətəndaşın şikayəti əsasında Mehman Hüseynovu saxlayıblar. Məlumata görə, şikayətçi vətəndaş M. Hüseynovun onu çiyni ilə itələdiyini, bunun səbəbinin soruşduqda isə təhqir etdiyini bildirərək, polis çağırıb. Bölməyə aparılan bloqerə qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi-polisin qanuni əmrinə tabe olmamaq ittihamı irəli sürülüb və iş məhkəməyə göndərilib. Yanvarın 10-da Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesin yekununda isə M.Hüseynov 200 manat cərimə edilərək, məhkəmə zalından azadlığa buraxılıb.

Azadlığa çıxan bloger isə həm saxlanıldığı vaxt, həm də bölmədə olduğu zaman polislərin fiziki təzyiqinə məruz qalıb.

“Məni 3 saat başımda torba, üzüaşağı tutdular. Ayağıma elektroşok verdilər, vurdular, hiss edirdim ki, burnumdan qan gəlir. Mən dözürdüm. Nəfəsim kəsilirdi. Məni sözlə təhqir edirdilər”.

M.Hüseynovun polis tərəfindən saxlanılmasına media və sosial şəbəkələrdə münasibət bildirənlərin əksəriyyəti blogerə qarşı bu addımı onun fəaliyyəti ilə əlaqələndiriblər. Xatırladaq ki, M. Hüseynov son vaxtlar bəzi nazirlərə məxsus olan əmlaklarla bağlı silsilə videomateriallar hazırlayaraq, yayıb. Blogerin həbsinin də məhz bununla bağlı olduğunu düşünənlər M. Hüseynovun saxlanılmasında məmur sifarişi amilini önə çəkiblər. Bununla belə, o da qeyd olunur ki, hakimiyyətin daha üst səviyyədə məsələyə müdaxiləsi M. Hüseynovun azadlğa buraxılmasına yol açıb. Hesab edilir ki, hakimiyyət dövlətin beynəlxalq nüfuzunu nəzərə alaraq, bu və ya digər məmurun öz qisas aksiyasını reallaşdırmasına imkan verməyib.

M.Hüseynovun saxlanılması və daha sonra məhkəmənin qərarı ilə azadlığa buraxılmasını Yeniçağ.Az-a şərh edən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, burada məhkəmənin blogerlə bağlı məlum qərarına kənardan təsir göstərildiyi barədə ehtimallar əsaslı deyil:Əliməmməd Nuriyev ile ilgili görsel sonucu

“Əvvəla, qeyd olunmalıdır ki, məhkəmə Mehman Hüseynov barəsində müəyyən cəza qərarı verib və o, 200 manat məbləğində cərimə olunub. Onun azadlığa buraxılmasında hansısa siyasi amilin rol oynaması ehtimalı da qəbuledilən deyil. Mən bu mülahizə ilə razılaşmıram. Düşünürəm ki, məhkəmə Mehman Hüseynovun azadlıqdan məhrum edilməsi üçün qanuni əsas tapsaydı, müvafiq addım atardı.

O ki qaldı blogerin saxlanıldığı şərait, bölmədə üzləşdiyi davranışlara… Bildirdiyinə görə, polislər həm onu saxlayanda, həm də bölmədə zorakılığa yol veriblər. Bu məsələlər mütləq araşdırılmalıdır. Mən bu barədə geniş danışmaq istəmirəm. Mehman Hüseynovun təcrübəli vəkilləri var və onlar bu işlə məşğul olacaqlar. Bir məqam xüsusi nəzərə alınmalıdır ki, saxlanılan vətəndaşa qarşı zorakılığın tətbiqi, ona işgəncə verilməsi yolverilməzdir və qanunla qadağandır”.Vəkil İradə Cavadova ile ilgili görsel sonucu

Vəkil İradə Cavadova da Yeniçağ.Az-a açıqlamasında əsas məsələnin saxlanılan blogerin azadlığa buraxılması olduğunu deyib:

“İndi Mehmanın niyə və hansı amilin təsiri ilə azad olunmasından danışmaq yersizdir.

Əsas məsələ budur ki, məhkəmə Mehmanın azadlığa buraxılmasına qərar verdi və bu da müsbət qiymətləndirilməlidir. Şübhə yoxdur ki, Mehman məhz hazırladığı tənqidi videomateriallara görə saxlanılmışdı. Özünün də açıqladığı kimi, bu zaman polislərin ciddi zorakılığına məruz qalıb.

Bu məsələlər mütləq təhqiq edilməli, günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar”.

 

 

 

 

A.Zeynalov
Yeniçağ.Az

Xəbərlər, Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti