www.sinerjipro.net

SinerjiProWide
Reklam

mehriban  3459_res_00Avqustun 26-sı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ad günüdür.

Mehriban Əliyeva Bakıda tanınmış ailədə anadan olub. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.

Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib və Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə akademik Krasnovun rəhbərliyi altında Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib. Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də digər sahələrdə – musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində də şedevrlər yaratmış ölkə kimi tanınmağa başlayıb.

Mehriban Əliyeva Heydər Əliyev Fonduna onun yaradıldığı gündən – 10 may 2004-cü ildən rəhbərlik edir. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Bura valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərinin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir. Birinci xanım statusu və Fonddakı işi Mehriban xanıma bu işi sistemləşdirmək, layihələrin miqyasını genişləndirmək, onların həyata keçirilməsi üçün əlavə resurslar cəlb etmək imkanı verir.

Mehriban Əliyeva 2005-ci və 2010-cu illərdə Azərbaycan parlamentinin deputatı seçilib.

Mehriban Əliyeva hakim Yeni Azərbaycan Partiyasının 2013-cü il iyunun 7-də keçirilən V qurultayında partiyanın sədr müavini seçilib.

2013-cü il yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama görə, komitənin sədri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva təyin edilib.

I Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixində Azərbaycanda keçirilib. I Avropa Oyunları çərçivəsində 20 idman növü (16 Olimpiya, 4 qeyri-olimpiya idman növləri) üzrə yarışlar təşkil olunub.

Oyunların hazırlığı və keçirilməsi proseslərində 20 min könüllü iştirak edib. Yarışlar Bakının 20 idman obyektində keçirilib. Möhtəşəm açılış və bağlanış mərasimləri izləyici ilə dolu 70 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionunda olub.

İdmançılar üçün Atletlər kəndi inşa edilib, Olimpiya hərəkatı tarixində ilk dəfə olaraq KİV-in fəaliyyəti üçün Media kəndi açılıb.

Avropa ölkələri Oyunlarda 6 min idmançı ilə təmsil olunub. İdmançılar 253 dəst medal uğrunda mübarizə aparıblar. 42 ölkə təmsilçisi bu mübarizələrdə mükafatçı adına layiq görülüb.

300-ə yaxın azərbaycanlı idmançı Oyunlarda iştirak edib. Onlar 56 (21 qızıl, 15 gümüş və 20 bürünc) medal qazanıblar ki, bunun sayəsində Azərbaycan medal hesabına görə yarışlarda ikinci olub.

Avropa Oyunları yarışları dünyanın 145 ölkəsində geniş işıqlandırılıb. Yalnız açılış mərasimi 140 ölkədə yayımlanıb. Bütün dünyada 1100 saatdan çox yayım hazırlanıb. Ümumilikdə Avropa Oyunlarının tamaşaçı auditoriyası təqribən 823 milyon nəfərə çatıb. Hər gün təxminən 5-6 milyon insan yarışları Avropa Oyunlarının rəsmi internet səhifəsindən izləyib.

7 medal qazanmış azərbaycanlı gimnastlar bu Oyunlarda möhtəşəm uğura imza atıblar. İlk Avropa Oyunlarında azərbaycanlı gimnastların uğurunun əsasında Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın diqqəti və qayğısı dayanır. Milli Gimnastika Arenasında yaradılan müasir standartlara cavab verən şəraitə əcnəbi atletlər də heyran qalıblar.

“Bakı 2015” bütün növbəti Avropa Oyunları üçün qızıl standart olub. Oyunların açılış və bağlanış mərasimləri də daxil olmaqla, hər şey yüksək səviyyədə təşkil olunmuşdur. Bunu bütün dünya etiraf edir. I Avropa Oyunları Təşkilat Komitəsinin sədri kimi Mehriban Əliyeva Oyunların keçirilməsinə böyük töhfəsini vermişdir.

2015-ci il iyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüşü zamanı Prezident İlham Əliyev bildirmişdir: “Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var”.

Mehriban Əliyeva Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Azərbaycan mədəniyyətinin populyarlaşdırılması və təbliği məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan iyulda yenidən bütün dünyadan olan çoxsaylı qonaqları VII Qəbələ Beynəlxalq Musiqi Festivalında qəbul edib.

Heydər Əliyev Fondu görkəmli Azərbaycan ifaçılarının musiqi albomlarının buraxılmasına böyük diqqət yetirir. Fond, həmçinin dünyanın məşhur mütəfəkkiri, görkəmli alim, ensiklopedik biliyə malik Nəsirəddin Tusinin “Əxlaqi-Nasir” əsərini latın qrafikasında yenidən nəşr etdirib, “Azərbaycan” kitab-fotoalbomu və əksər türk ölkələrində populyar olan “Qabusnamə” kitabının Azərbaycan və rus dillərində variantlarını hazırlayıb, “Azərbaycan muğamı” multimedia məcmuəsi və “Muğam dünyası” kitabını nəşr etdirib. Bakıda Mehriban Əliyevanın təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi açılıb və fəaliyyət göstərir.

Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir. Belə ki, dünya irslərinin siyahısına daxil olan Parisin Versal sarayının parkında zamanın və iqlimin təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Fond Strasburq Kafedral kilsəsinin vitrajlarının təmir edilməsinə də maddi kömək göstərib. 2012-ci ilin iyun ayında Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli saziş” imzalanıb. 2014-cü il iyunun 2-də Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası arasında “2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması”na dair müqavilə imzalanıb. Növbəti gün Heydər Əliyev Fondu tərəfindən Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılmasına dair iki saziş imzalanıb.

2015-ci il martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin görüşündə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Münasibətlərin yaxşı perspektivlərinin olduğu vurğulanıb. Vatikanın Azərbaycan ilə əlaqələrə yüksək qiymət və mühüm əhəmiyyət verdiyi bildirilib.

Mədəniyyətlərarası və dinlərarası münasibətlərə Azərbaycanın verdiyi önəmin dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb. Roma katakombalarının, Vatikan Apostol Kitabxanasının bir neçə nadir əlyazmalarının bərpası və rəqəmsallaşdırılması, həmçinin Azərbaycanın müsəlman ölkəsi olaraq qəbul etdiyi mühüm tarixi addım kimi digər layihələrin reallaşdırılmasında Mehriban Əliyevanın xidmətləri yüksək qiymətləndirilib.

Bu ilin aprel ayında Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.

Heydər Əliyev Fondunun xətti ilə Azərbaycanda bir çox məscid, sinaqoq və kilsələr bərpa olunub.

Mehriban Əliyeva Azərbaycan xalqının rifahına xidmət edən humanitar proqramların səmərəliliyinin gücləndirilməsi üçün bütün mövcud imkanlardan istifadə etməyi ümdə vəzifəsi hesab edir.

Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların çatdırılmasıdır. Həyata keçirilmiş layihələr arasında bir neçə dildə nəşr edilmiş, Ermənistanın Azərbaycana təcavüzünün tarixini əks etdirən “Qarabağ reallıqları” bukletlər toplusunu, erməni vəhşiliyindən bəhs edən “Müharibə və mədəni-tarixi abidələrimiz”, “Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında” kitablarını qeyd etmək olar. Bundan başqa, Fond dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və video sərgilər təşkil edir.

2013-cü il sentyabrın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Quba rayon mərkəzində inşa edilmiş Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.

Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqının qəhrəmanlığını yaddaşlarda yaşatmağı, azərbaycanlıların faşizm üzərində qələbəyə töhfə verməsini əhəmiyyətli məsələ hesab edir. 2015-ci il mayın 4-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı keçirilib. Faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunan bu layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot) olub.

Mehriban Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasıdır. Bu il iyulun 9-da “Milan Expo 2015” Ümumdünya sərgisində Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə yaradılmış Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub. “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Tədbirə, həmçinin İtaliya hökumətinin nümayəndələri, ictimai xadimlər, bu ölkədəki diplomatik korpusun təmsilçiləri və digər nüfuzlu qonaqlar da qatılıblar. Bu il iyulun 14-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak edib.

İyulun 15-də Kannda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü, dünyada geniş yayılması barəsində ziyarətçilərə ətraflı məlumat verilib.

2004-cü ilin avqustunda Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə yorulmaz səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri elan olunub. İki il sonra birinci xanım müxtəlif sahələrdəki genişmiqyaslı və fədakar fəaliyyətinə, o cümlədən geniş sivilizasiyalararası dialoq, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin və təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESKO-nun (İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı) xoşməramlı səfiri seçilib. Belə nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq çox şərəfli və məsuliyyətli missiyadır. Həm YUNESKO, həm də İSESKO, nizamnamələrində qeyd olunduğu kimi, bu təşkilatlar qeyri-siyasi institutlardır. Eyni zamanda, bu, Mehriban Əliyevanın öz ölkəsini təmsil etdiyi beynəlxalq arenadır. Bu, müasir Azərbaycanın, qədim tarixi və mədəni köklərə malik xalqımızın, incəsənətimiz, musiqimiz və ədəbiyyatımızın nailiyyətlərinin bütün dünyaya çatdırılması üçün fürsətdir. 2010-cu il iyulun 30-da Mehriban Əliyevaya YUNESKO-nun “Qızıl Motsart” medalı təqdim olunub.

Xoşməramlı səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil vasitəsilə İslam dünyasının malik olduğu bütün imkanları, Qərbin və Şərqin, eləcə də müxtəlif sivilizasiyaların bir-birinə nə qədər maraqlı və faydalı ola bilməsini göstərməkdir.

2015-ci il martın 11-də Pakistan İslam Respublikasının Prezidentinin Azərbaycana səfəri çərçivəsində Məmnun Hüseyn tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı – “Hilal-e-Pakistan” ordeni təqdim edilib. Mükafat Pakistanın müxtəlif humanitar, təhsil və tibb layihələrində aktiv iştiraka görə təqdim olunub.

Bu il iyunun 11-də Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Serbiya Respublikasının yüksək dövlət mükafatı – “Sreten” ordenini təqdim edib.

2005-ci il iyunun 9-da mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban xanım Əliyeva Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni ilə təltif olunub.

Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilmiş 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva “Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi işində müstəsna xidmətlərinə görə” xüsusi mükafatı ilə qiymətləndirilib. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə görə Mehriban Əliyeva 2007-ci ildə “Qızıl Ürək” beynəlxalq mükafatına layiq görülüb.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğunun nəticələrinə görə, Mehriban Əliyeva “İlin qadını” fəxri adını alıb.

Ölkəmizin təhsil sisteminin inkişafı, dünyada milli-mədəni irsin qorunması və təbliği ilə bağlı xidmətlərinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmləndirilməsi üzrə görülən işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatına hazırlığa və onun respublikada yüksək səviyyədə keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan edib.

2006-cı ilin mart ayında Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunmasında verdiyi töhfəyə görə, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) qızıl medalına layiq görülüb.

2013-cü ilin fevralında Mehriban Əliyeva türk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə “Türk mədəniyyətinin hamisi” adına layiq görülüb. Mehriban Əliyeva “Türküstan” qəzetinin təşəbbüsü və 20-yə yaxın təşkilatın dəstəyi ilə keçirilən rəy sorğusunun nəticələrinə görə bu mükafata layiq görülüb.

2013-cü il dekabrın 27-də Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatına layiq görülüb. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə irimiqyaslı layihələr həyata keçirilib.

Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Mehriban Əliyeva “2014-cü ilin ən nüfuzlu qadını” adına layiq görülüb. Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə bu ada layiq görülüb. Azərbaycanın birinci xanımının xidmətləri sırasında, həmçinin Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsi və digər çoxsaylı xeyriyyə aksiyaları qeyd edilib.

2014-cü il mayın 12-də Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada Türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının İdarə heyətinin qərarı ilə qurumun Fəxri mükafatına layiq görülüb.

2014-cü il mayın 14-də Bakıda “The Business Year: Azerbaijan-2014” nəşrinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Mehriban Əliyevanın Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanılması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görüldüyü elan edilib.

2014-cü il iyunun 15-də ELPIDA – Xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasının prezidenti Marianna Vardinoyannis “ELPIDA” mükafatını Mehriban Əliyevaya təqdim edib. Ötən dövrdə bir çox uğurlu layihələr həyata keçirən ELPIDA bu sahədə model tibb bölməsinin yaradılmasına nail olub, sümük iliyi nəqli, uşaqlarda müxtəlif şişlərin, talassemiya və digər irsi xəstəliklərin müalicəsi istiqamətində mühüm irəliləyişlər əldə edib, ixtisaslaşmış uşaq xəstəxanası açıb. Ən əsası isə ELPIDA ölkədə və dünyada xərçəng xəstəsi olan uşaqların cəmiyyətdə sosial təcridinin aradan qaldırılması kimi mühüm problemin həllinə güclü dəstək verib.

2014-cü il avqustun 14-də Rusiya Federasiyasının Həştərxan vilayəti Dumasının deputatları Mehriban Əliyevanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilməsi haqqında vilayət qubernatoru Aleksandr Jilkinin təqdimatını dəstəkləyiblər. Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi altında Həştərxan vilayəti ərazisində bir sıra iri sosial əhəmiyyətli layihələr həyata keçirir.

2014-cü ilin avqust ayında Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək mükafatına layiq görülüb. İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Mehriban Əliyeva Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub. Bu, Küveyt qadınları adından xarici ictimai-siyasi xadimə verilən ilk mükafatdır.

2004-cü il dekabrın 28-də Azərbaycan Milli Olimpiya Komitəsinin IV Baş Assambleyasında Mehriban xanım Əliyeva MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib. Mehriban Əliyeva 2013-cü il aprelin 3-də keçirilən Milli Olimpiya Komitəsinin (MOK) VI Baş Məclisində qurumun İcraiyyə Komitəsinə yenidən üzv seçilib.

2014-cü il iyunun 16-da Afinada Mehriban Əliyevaya Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı təqdim olunub. Mükafatı Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.

14 sentyabr 2009-cu ildə Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.

10 fevral 2010-cu il tarixdə Fransa Prezidentinin sərəncamı ilə Mehriban Əliyeva “Fəxri legionun böyük xaç komandoru” ordeni ilə təltif edilib.

24 iyun 2011-ci il tarixdə Brüsseldə Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub. Krans Montana Forumunun Qızıl medalı dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Mehriban Əliyevanın Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiq edir.

2005-ci ildə Mehriban Əliyeva fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. 2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adına layiq görülüb.

2012-ci il aprelin 13-də Mehriban Əliyeva MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının (HƏŞ) və MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) “Birliyin Ulduzları” mükafatı ilə təltif edilib.

2012-ci il iyunun 29-da Mehriban Əliyeva Krans Montana Forumunun “Prix de la Foundation” mükafatına layiq görülüb. Forumun bu ali mükafatı öz fəaliyyəti ilə fərqlənən və beynəlxalq səviyyədə rəğbət qazanan şəxslərə təqdim edilir.

Heydər Əliyev Fondu Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində iştirakının təşəbbüskarı olub. Azərbaycanın bu müsabiqədə iştirak etdiyi dövr ərzində ölkə nümayəndələri həmişə müsabiqənin liderləri arasında olublar. 2011-ci ilin mayında Azərbaycanın gənc müğənniləri Eldar və Nigar “Eurovision 2011”-in qalibi olublar(trend).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 52
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."