!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mehriban Əliyevanın şəxsi dosyesi…

!Reklam – Yazi

107393_res_01…Bu gün Azərbaycanın birinci xanımının ona yaxın insanların köməyi ilə açıb vərəqləyəcəyimiz həyat səhifələri bizi uşaq evindəki xəstə körpə ilə birgə ağlamağa və dünyanın görkəmli siyasətçiləri ilə danışıqlar aparmağa qadir olan bu incə, eyni zamanda çox güclü qadının şəxsiyyətinə yeni baxış bucağından nəzər salmağa məcbur edəcək.

Bu yazılanlar Mehriban Əliyevanın Moskvada keçən gənclik illərindən bir “yarpaq” və bizim – virtualaz.org və haqqin.az saytlarının birinci lediyə kiçicik hədiyyəsidir.

 

Birinci ledinin özü sovet paytaxtında keçən tələbəlik illərini belə xatırlayır: qeyri-adi dərəcədə məzmunlu, bütün günü dərslər, məşğələlər, peşə vərdişlərinin mənimsənilməsi, uşaqların ilk sözləri, ilk addımları, gözəl sərgilər, dahi ifaçıların konsertləri, yeni dostlar, ən əsası isə gəncliyə xas nikbinlik ruhu.

Abituriyent Mehriban xanım (onda hələ Paşayeva idi) 1982-ci ildə qəbul imtahanlarında əla nəticələr göstərərək Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur. Lakin Bakıda bir müddət oxuyandan sonra, necə deyərlər, ailə vəziyyəti ilə əlaqədar və özü də bu dəfə artıq Mehriban Əliyeva kimi məşhur ali məktəbə – M.Seçenov adına I Moskva Dövlət Tibb İnstitutuna (MDTİ) (indi universitetdir) köçürülür.

Postsovet məkanının ən qədim ali məktəblərindən olan və əsası 1758-ci ildə qoyulan MDTİ bütün dövrlərdə ən məşhur həkimlər və alimlər yetişdirmiş təhsil ocağı sayılıb. Bakıdan gəlmiş tələbə qızın qabiliyyət və istedadı, çalışqanlığı burada həm müəllimlər, həm də tələbə yoldaşları tərəfindən tezliklə yüksək qiymətləndirilir. Mehribanın şəxsi xarakteri, dostcanlı, səmimi və sadə olması da onun özünü ən yaxşı tərəfdən göstərməsində böyük rol oynayır. Halbuki həmin vaxtlar o, SSRİ-nin nüfuzlu siyasi liderlərindən birinin gəlini idi.

Mehriban Əliyeva 1988-ci ildə MDTİ-ni fərqlənmə diplomu ilə bitirir və Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda ilk peşəkar addımlarını atır. Mehriban xanım bütün dünyada tanınan bu məşhur klinikada görkəmli oftalmoloq alim, akademik Mixail Krasnovun rəhbərliyi altında çalışır.

Mehriban xanım özü də etiraf edir ki, ondan ötrü çox məhsuldar olan bu illəri heç vaxt unutmur.

Bəs Mehriban xanım taleyin onu Moskvada görüşdürdüyü insanların xatirəsində, yaddaşında necə qalıb?

Virtualaz.org və haqqin.az saytlarının məxsusi olaraq bu mövzu ilə bağlı Moskvaya ezam olunmuş müxbiri Rusiya paytaxtında Mehriban xanımı o, hələ Azərbaycanın birinci ledisi olmamışdan xeyli əvvəl tanıyan insanlarla görüşüb.

Tələbə Mehribanın zaçot kitabçası

Müxbirimiz öncə MDTİ-nin rektorluğuna baş çəkib. Mehriban Əliyevanı bu ali təhsil ocağı ilə çox şey bağlayır: dünya səviyyəli mütəxəssislərin rəhbərliyi altında həkimlik peşəsinin sirlərinin öyrənilməsi, məşhur professorların dərin məzmunlu və dolğun mühazirələri, təbiblər arasındakı məşhur deyimlə ifadə edəsi olsaq, adamı qorxudan anatomiya, metal skalpelə ilk toxunuşda hiss edilən soyuqluğu…

Mehriban xanım Seçenov adına Moskva Tibb Universitetinin fəxri professoru adının ona təqdim olunması mərasimindəki çıxışında nostalgiya hisslərini gizlətmədən belə deyirdi: “Bu, qarşında tamamilə yeni biliklər dünyasının açıldığı, gələcək sənətin müəyyənləşdiyi, intellektual potensialın yaranıb formalaşdığı dövrlər idi”.

M.Əliyeva bu ali məktəbə, ona doğma olan bu təhsil ocağına bu gün də sonsuz ehtiram və minnətdarlıq hissi ilə yanaşır. Birinci ledi həmin ali məktəbin necə dərin biliklər verdiyini başqalarından eşitməyib. Özü də onun divarları arasında püxtələşib.

Buna görə də Mehriban Əliyeva həmin ali məktəbdə daha çox azərbaycanlının təhsil ala bilməsi üçün maksimum səylər göstərdi. Azərbaycan prezidenti İlham Əliyev bu ilin mayında I Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialının yaradılması haqda sərəncam imzaladı. Bu universitetdə təhsil alan 200-300 azərbaycanlı tələbələrin sıralarına bu ilin sentyabrında artıq daha 100 azərbaycanlı gənc qoşulacaq. Onlar universitetin Bakı filialında təhsil alacaqlar. Bunun Azərbaycan üçün tibbi təhsilin inkişafı və təkmilləşdirilməsi, tibb sahəsinin inkişafı, dünyanın aparıcı tibb təhsili ocaqları və klinikaları ilə əlaqələrin genişləndirilməsi baxımından çox böyük əhəmiyyəti, əvəzsiz dəyəri var.

I MDTU-nun rektoru Pyotr Vitalyeviç Qlıboçko haqqin.az saytının müxbirini qəbul edib (buna yardımçı olmuş Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna xüsusi təşəkkür düşür).

Doğrudur, rektor özü də azərbaycanlı jurnalistin səfərinin məqsədini öyrənən kimi Mehriban Əliyeva haqda fikirlərini bildirmək üçün bütün işlərini bir kənara qoymuşdu.

İşin avandlığından akademik Qlıboçko Bakı səfərindən yenicə qayıtmışdı. O, Azərbaycana universitetin Bakı filialının açılışı ilə bağlı son hazırlıq işləri ilə tanış olmaq üçün gəlmişdi.

P.Qlıboçko söhbətə özü başlayır:

-Sizdə hamının Azərbaycanın birinci ledisinin bizim universitetin məzunu olması ilə necə fəxr etdiklərini təsəvvür edə bilməzsiniz. Mehriban xanım burada təhsil alanda onunla görüşmək mənə qismət olmamışdı. Onunla sonra tanış oldum. Amma Mehriban xanımla bir yerdə oxuyan və ya işləyən əməkdaşlarımızdan onun haqqında çox yaxşı fikirlər eşitmişdim. Mehriban xanım bizim ali məktəbi 1988-ci ildə fərqlənmə diplomu ilə bitirib və haqlı olaraq universitetimizin fəxridir. Xüsusi qeyd etmək istəyirəm ki, Mehriban xanım öz doğma institutunu bu gün də yaddan çıxarmır. Bizimlə çox səmimi münasibətlər saxlayır, problemlərimizə böyük diqqət və anlayışla yanaşır.

I MDTU-nun Elmi Şurası Mehriban Əliyevanın insanların sağlamlığının, ətraf mühitin, sülhün və humanizmin qorunması və müdafiəsi sahəsindəki qlobal problemlərin həllinə verdiyi töhfələri nəzərə alaraq ona fəxr professor adının verilməsinə dar qərar qəbul etdi. Qərar yekdilliklə qəbul olundu. Elmi Şuranın tərkibinə isə 178 nəfər – aparıcı professorlar, akademiklər, dosentlər daxildir.

Bu da onu sübut edir ki, bizim məzuna ən yüksək qiymət verilib. Yeri gəlmişkən, indiyədək bizim universitetdə cəmi iki nəfərə fəxri professor adı verilib. Onlardan biri dünya şöhrətli kardioloq, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Yevgeni Çazov, digəri isə daha bir dünya şöhrətli cərrah-kardioloq, akademik Leo Bokeriyadır. Onları da bizim institutun məzunlarıdır.

İndi mənim Mehriban xanımla şəxsən danışmaq, ünsiyyət qurmaq imkanlarım var. İnanın, onunla işləmək, sadəcə söhbət etmək həmişə çox rahat və maraqlıdır. Mehriban xanım həmişə öz ölkəsinin qayğı və ehtiyacları haqda düşünsə də Azərbaycanın birinci ledisinin məzunu olduğu ali məktəb haqda da hər şeyi bildiyini görəndə buna təəccüblənməmək olmur. Heç də hər bir məzun öz universitetinə və müəllimlərinə qarşı belə diqqətcil olmur.

P.Qlıboçko sonda M.Əliyevaya təbriklərini də çatdırdı: “Fürsətdən istifadə edərək Mehriban xanımı doğum günü münasibətilə təbrik edirəm. Ona can sağlığı və uğurlar arzulayıram. Bizim ali məktəbin qapıları onun üzünə həmişə açıqdır. Biz onu öz universitetimizdə görməyə həmişə şadıq”.

I MDTU-nun rektoru həm özünün, həm də bizim birgə sürprizimiz olaraq tələbə Mehriban Əliyevanın şəxsi işindən bir neçə səhifənin fotosunu çəkməyimizə icazə verdi. Nə demək olar?! Belə qiymətlərlə öyünməyə hər tələbənin haqqı çatır. Tələbə Mehriban 57 fənn üzrə bütün imtahan və zaçotlardan “əla” alıb…

“O, bütün tələbələrim arasında seçilirdi…”

M.Əliyevanın həyatının Moskva dövrünün bir hissəsi də Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu ilə bağlıdır. O, bir müddət burada işləyib.

Öyrənirik ki, institutun keçmiş əməkdaşları Mehriban xanımla indi də dostluq münasibətləri saxlayırlar. Onlardan biri də Yelena Borisovna Petrovadır. Yelena Borisovna Mehriban Əliyevanın elmi rəhbəri təyin edilsə də onlar tezliklə dosta çevriliblər.

Yelena Borisovna həmin günləri belə xatırlayır:

-Mehriban Seçenov adına institutu bitirəndən sonra bizim instituta ordinaturaya gəlmişdi. Mən orada 1977-ci ildən işləyirəm. Mən Mehribanın müəllimi idim. Məsələ burasındadır ki, ali məktəbi bitirəndən dərhal sonra müstəqil həkim kimi fəaliyyətə başlamaq mümkün deyil, gərək iki illik ordinatura mərhələsini keçəsən. Mehribanla çox tez dil tapdıq, ünsiyyət qurduq, hətta dostlaşdıq. Mehriban çox xeyirxah, dürüst adamdır. Bizi oftalmologiya ilə yanaşı çox şey bağlayırdı. Əvvəla, biz praktiki olaraq qonşu idik, ikincisi isə bizim uşaqlar da dostlaşmışdılar.

Mehribanın təhsilə və işə həddən artıq böyük maraq göstərməsi məni çox sevindirirdi. Buna görə də ona hər məsələdə kömək etməyə çalışırdım. Mehriban bütün tələbələrim arasında yaxşı mənada seçilirdi. İşdən sonra bəzən onun evinə gedirdik. Həmişə görürdüm ki, göz xəstəliklərinə dair dərslik açıq halda stolun üstündədir. Mehriban onda iki qız anası olsa da özü üzərində işləməkdə, öz təhsilinə diqqət yetirməkdə davam edirdi.

Bilirsinizmi, mən indiyədək bir az ona heyfsilənirəm ki, Mehriban təbabət sahəsini tərk etdi. Ondan gözəl həkim çıxardı. Mehribanın sonradan qazanılması mümkün olmayan gözəl keyfiyyətləri var. O, xeyirxahdır, şəfqətlidir, başqalarının problemlərinə qarşı həssasdır.

Mən onların evində Heydər Əliyevlə də görüşmüşəm. Məsələn, Leyla ilə Arzunun ad günlərində. Heydər Əliyev çox gözəl baba idi. Onun nəvələri ilə necə oynadığını, onları necə əzizlədiyini sadəcə görmək lazım idi, sözlə deyiləsi deyil. Sizə bir şeyi də deyim. Əgər Mehribanın Heydər Əliyevin gəlini olduğunu biz özümüz bilməsəydik və ya bunu bizə başqası desəydi, belə olduğuna heç vaxt inanmazdıq. Çünki Mehriban bunu heç vaxt büruzə vermirdi, özü üçün heç bir güzəşt tələb etmirdi.

Biz indi Mehribanla əlbəttə ki, nadir hallarda görüşürük. Hər halda onun üzərində ictimai-siyasi fəaliyyət yükü var. Bununla belə Mehriban Moskvaya gələndə onunla mütləq görüşürük. Mən I MDTU-nun fəxri professoru diplomunun Mehribana təqdim olunması mərasimində, I Avropa Oyunlarının Bakıdakı təqdimat mərasimində də iştirak etmişəm. Tez-tez zəngləşirik. Başqa sözlə, bizi birləşdirən yaxşı nə varsa, onları unutmuruq.

Yəqin avqustun 26-da da Mehribanla əlaqə saxlayacağam. Amma istəyirəm ki, mənim bu sözlərimi sizin saytınız vasitəsilə də oxusun: “Mən sevimli Mehriban xanımı ad günü münasibətilə ürəkdən təbrik edirəm. Ona və bütün ailəsinə can sağlığı, xoşbəxtlik və uğurlar arzulayıram. Qoy onun evinə, ocağına yalnız sevinc hissləri hakim olsun!”

“Pasiyentlər Mila Arif qızının gedişinə təəssüflənirdi…”

Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun daha bir elmi işçisi uzun illərdir ki, Mehriban Əliyeva ilə dostluq edir. Bu, İrina Vladimirovna Kozlovadır.

İrina Vladimirovna onunla nə haqda danışmaq istədiyimizi bilən kimi görüş təyin etdi.

-Mehribanla Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun ordinaturasında bir yerdə oxumuşuq. Sonra da demək olar ki, eyni gündə institutun nəzdindəki poliklinikada işləməyə başlamışıq. Biz təkcə bir yerdə oxuyub-işləməmişik, həm də sonradan xəstələri də bir yerdə qəbul etmişik.

Sizə tam səmimi deyirəm ki, Mehriban Əliyevanın Siyasi Büronun ən nəhəng və qüdrətli üzvlərindən birinin (hətta keçmiş üzv olsa da) gəlini olduğunu onunla ünsiyyətdə heç vaxt hiss etməzdin. Mehriban ünsiyyətdə, dostluqda çox sadə və səmimidir. Yeri gəlmişkən, bizim institutda kifayət qədər tanınmış siyasi xadimlərin xeyli qohumu işləyirdi. Məsələn, mənim müəllimim və birbaşa elmi rəhbərim Leonid İliç Brejnevin qohumu idi.

Biz Mehriban Əliyevanı “Mila” deyə çağırırdıq. Çünki onun adını tələffüz etmək bizim pasiyentlər üçün bir qədər çətin idi. Ona görə də xəstələr ona beləcə də müraciət edirdilər – Mila Arifovna…

Niyə Mila? Çünki o, əslində doğrudan da çox mehriban (rusca “milıy” sözündən-red.), həssas, qayğıkeş insan idi.

Bizim xəstələr Mehriban xanıma böyük hörmət və rəğbətlə yanaşırdılar. Onlar əsasən xroniki xəstəliyi olan yaşlı insanlar idi. Mehriban xanım isə onlara şəfqət və mərhəmət hissi ilə, qayğıkeşliklə yanaşırdı. Bu isə nadir qabiliyyətdir. Yaşlı xəstəni qəbul edib yola salanda onu əlindən tutub liftə qədər ötürmək Mehriban üçün adi iş idi. Hər həkim belə olmur. Mehriban Əliyeva Moskvadan gedəndə bizim xəstələr buna çox təəssüflənmişdilər. Bir il keçəndən sonra da onlar poliklinikaya gələndə “Bəs Mila Arifovna hanı?” deyə maraqlanırdılar. Bilirsinizmi, xəstələrinin ona belə səmimi münasibəti ilə heç də hər həkimə qismət olmur.

Mən Mehribangilin evində də qonaq olmuşam. Oturub çay içmişik. Belə görüşlərdə Azərbaycanın gələcək prezidenti İlham Əliyev də bizimlə bir masa arxasında tez-tez oturardı. Biz adi gənc insanların adi həyatını yaşayırdıq.

Mehriban Moskvaya gələndə indi də onunla müntəzəm görüşürük. Bu ilin aprelində Mehriban məni Bakıya – Avropa Oyunlarının təqdimat mərasiminə dəvət etmişdi. Mən Bakıda xeyli müddətdən sonra Leyla ilə Arzunu da gördüm. Onlar mənim yaddaşımda çox balaca uşaqlar kimi – Moskvadan getdikləri yaşda olduqları kimi qalmışdılar. İndi isə böyük, gözəl qızlar olublar.

İrina Vladimirovna da öz sevimli tələbə yoldaşını və həmkarını saytımız vasitəsilə təbrik etdi: “Əziz Mehriban xanım, ad gününüz mübarək! Bütün ailənizə can sağlığı, başladığınız bütün nəhəng işləri tam başa çatdırmaq üçün tükənməz güc və enerji arzulayıram! Bura, bizim yanımıza tez-tez gəl. Səninlə görüşməyə həmişə şad olarıq!”

P.S. Virtualaz.org saytının redaksiyası da Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir. Həm birinci lediyə, həm də prezident İlham Əliyevə Azərbaycanda söz azadlığının qarantı kimi güvənir. Çox yaşayın ki, sizin sayənizdə azad mətbuat, o cümlədən bizim sayt da yaşasın. Əks halda məmurlar bizi sadəcə olaraq didərlər!

Bununla yanaşı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna da birinci ledinin həmkarları və müəllimləri ilə müsahibələrin təşkilində göstərdiyi yardıma görə dərin təşəkkürünü çatdırır.

Yenicag.az

www.yenicag.az

3556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv